Məhkəmə qərarları › İş №2(002)-1698/2024

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-1698/2024

31.07.2024 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-1698/2024 31.07.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində qeyd edilməklə) qarşı «əmək müqaviləsinə xitam verilmiş hesab edilməsi və əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində qeyd edilməklə) qarşı «əmək müqaviləsinə xitam verilmiş hesab edilməsi və əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında qeydiyyata alınmış X3 tərəfindən təsis edilmiş Cavabdeh MMC ilə arasında bağlanmış əmək müqaviləsinin qüvvədən düşmüş hesab edilməsi, əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan, İddiaçı Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh MMC arasında bağlanmış əmək müqaviləsinin etibarsız hesab edilməsi və həmin əmək müqaviləsinə xitam verilməsi barədə bildirişin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Bakı şəhəri Qaradağ rayonunda yerləşən Cavabdeh MMC-də usta vəzifəsinə işə qəbul edilmişdir. Bununla bağlı onunla əmək müqaviləsi bağlanmış və əmək müqaviləsinin bağlanması barədə bildiriş elektron hökümət portalı vasitəsi ilə elektron informasiya sisteminə elektron imza vasitəsi ilə daxil edilmişdir. Lakin bir müddət sonra öz istəyi ilə işdən azad edilmişdir. İşlədiyi şirkət də bir müddət fəaliyyət göstərdikdən sonra ləğv edilmişdir. Lakin sonradan ona məlum olmuşdur ki, əmək müqaviləsinə xitam verilməsinə baxmayaraq, bu barədə nə əmək kitabçasına qeyd edilmiş, nə də mərkəzləşmiş informasiya sisteminə daxil edilməmişdir. Hazırda belə bir şirkət mövcud deyil. Bu barədə 12 sentyabr 2023-cü il tarixdə X2 müqavilənin ləğv edilməsi barədə müraciət etmişdir. Müraciətinə 19 oktyabr 2023-cü il tarixdə baxılaraq imtina edilmişdir. X4 Xidməti tərəfindən verilən imtina məktubunda müraciətdə qeyd edilən məsələ ilə bağlı Cavabdeh MMC-yə rəsmi məktub yazılmasına baxmayaraq, məktuba cavab verilməmişdir. «Əmək müqaviləsi bildirişinin elektron informasiya sistemindən çıxarılması» tələbinə dair Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir, Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə iddia tələbi rədd edilmişdir. Qərarda qeyd olunan məsələ ilə bağlı aidiyyəti rayon məhkəməsinə müraciət etmək hüququ izah edilmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin və 3-cü şəxsin nümayəndələri məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin və 3-cü şəxsin nümayəndələrinin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, Cavabdeh MMC müvafiq qaydada qeydiyyata alınmış, MMC-yə ********** saylı VÖEN verilmişdir. Hüquqi ünvanı AZ1063, ünvan 2ni təmsilçisi X1r. İddiaçı ilə Cavabdeh MMC arasında əmək müqaviləsi bağlanmış, buna dair müvafiq bildiriş mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilmişdir. Bir müddət sonra İddiaçı Cavabdeh MMC-dən faktiki olaraq işdən çıxsa da, onunla bağlanmış əmək müqaviləsinə xitam verilməmiş, bununla bağlı bildiriş mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməmiş, eləcə də, əmək kitabçasında müvafiq qeydlər aparılmamışdır (işdən azad olunması barədə əmrin tarixi, nömrəsi, Əmək Məcəlləsinin müvafiq maddəsi və bəndi kimi məlumatlar öz əksini tapmamışdır). İddiaçı mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi üçün Cavabdeh MMC-yə pretenziya məktubu ünvanlasa da, bunun heç bir nəticəsi olmamışdır. İddiaçı yaranmış çətinliyin həll edilməsi üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinə də məktub ünvanlamışdır. Lakin problem öz həllini tapmamışdır. Yuxarıda qeyd olunanlardan göründüyü kimi, yuxarıda qeyd olunan əmək müqaviləsinə xitam verilməməsi və əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməməsi nəticəsində iddiaçının real olaraq başqa işəgötürənlə əmək müqaviləsi bağlamaq və əmək fəaliyyəti ilə məşğul olmaq hüququ məhdudlaşdırılmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinə əsasən əmək fərdi və ictimai rifahın əsasıdır. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Əmək Məcəlləsinin 42-ci maddəsinin 1-ci bəndinə əsasən əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. «Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişikliklər edilməsi haqqında» Azərbaycan Respublikasının 27 dekabr 2013-cü il tarixli 875-İVQD nömrəli Qanunu əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sisteminin yaradılmasının hüquqi əsasını müəyyən etmiş və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 12-ci maddəsinə edilən dəyişiklikliyə əsasən, əmək müqaviləsi bildirişini müvafiq elektron informasiya sisteminə daxil etmək işəgötürənin vəzifələrinə aid edilmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 49-cu maddəsinin birinci bəndinə əsasən əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 6 iyun tarixli 183 nömrəli qərarı ilə «Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı Qaydalar» təsdiq edilmişdir. Əmək Məcəlləsinin 3-cü maddəsinə əsasən əmək müqaviləsinin bağlanılmasının, ona dəyişiklik edilməsinin və ya xitam verilməsinin müvafiq icra hakimiyyəti orqanının elektron informasiya sistemində elektron qaydada qeydiyyata alınması məqsədi ilə işəgötürən tərəfindən həmin elektron informasiya sisteminə elektron sənəd – yəni əmək müqaviləsi bildirişi daxil edilməlidir. Bunun üçünsə işəgötürənlərin və ya onların səlahiyyət verdiyi şəxslərin gücləndirilmiş e-imzası olmalıdır. E-imza işəgötürənin işçi ilə imzaladığı və möhür ilə təsdiq etdiyi əmək müqaviləsinin sistemə daxil edilərkən eyni hüquqi qüvvəni saxlamasını təmin edir. Sistemdə işəgötürən tərəfindən təsdiq edilmiş hüquqi qüvvəyə malik əmək müqaviləsi yerləşdirilir. E-imza vasitəsilə sistemə daxil edilən əmək müqaviləsi bildirişi eynilə kağız üzərində olduğu kimi, hər iki tərəfin hüquqlarını müdafiə edərək, məsuliyyətdən yayınmanın qarşısını alır. Bu sistem işçilərin əmək hüquqlarının pozulmamasına, habelə işəgötürən-işçi münasibətlərinə nəzarəti gücləndirməklə, inkişaf edən və ya inkişafdan qalan fəaliyyət sahələrin ayırd edilməsinin asanlaşmasına, iqtisadi inkişafın tənzimlənməsi üzərində işlərin keyfiyyətinin artmasına, dolayısıyla da sosial rifahın yüksəldilməsinə müsbət təsir göstərir. Göründüyü kimi, qeyd olunan sistemdə əmək müqaviləsi barədə məlumatın olması iddiaçının hüquqlarını pozur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış əmək müqaviləsi etibarsız hesab edilməli və əmək müqaviləsinə xitam verilməsi barədə bildirişin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinə həvalə edilməlidir. Bu qəbildən olan işlər üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad edilmişlər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış əmək müqaviləsi etibarsız hesab edilsin. Əmək müqaviləsinə xitam verilməsi barədə bildirişin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə («Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Kamran Əsədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar