Məhkəmə qərarları › İş №2(002)-1744/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-1744/2021

28.07.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-1744/2021 28.07.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Fuad Ələsgər oğlunun sədrliyi, Salmanova Könül Xasay qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qarşı mənzilə istifadə hüquqlarına xitam verilməsi tələbi barədə iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qarşı mənzilə istifadə hüquqlarına xitam verilməsi tələbi barədə iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 yetkinlik yaşına çatmayan uşaqları 2005-ci il təvəllüdlü X1 və 2015-ci il təvəllüdlü X2 ilə birlikdə iddiaçıya məxsus Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, B.Niftəliyev küçəsi 41 saylı evin 30 saylı mənzilindən istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı izahat verərək bildirdi ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, B.Niftəliyev küçəsi 41 saylı evin 30 saylı mənzili daşınmaz əmlakın dövlət reyestrində onun adına qeydiyyatdan keçmişdir və xüsusi mülkiyyətindədir. Cavabdehlərdən Quliyev Allakşükür onun oğlu, Cavabdeh2 onun qızı, Cavabdeh3 onun nəvəsi, Cavabdeh4 keçmiş gəlinidir. Cavabdehlər ona məxsus mənzildə qeydiyyatda olsalar da, faktiki olaraq 4-5 ildir ki, həmin mənzildə yaşamırlar, 4-5 il əvvəl həmin mənzildən əşyalarını da götürüb daimi olaraq köçüb getmişlər, faktiki olduqları yeri bilmir, əlaqələri kəsilmişdir. Cavabdehlərin ona məxsus mənzildə formal olaraq qeydiyyatda qalmaları onun üçün bir sıra problemlər yaradır. Belə ki, bu hal onun mənzil üzərində sahiblik, sərəncam və istifadə hüquqlarının pozulmasına səbəb olur, həmçinin əlavə kommunal xərclər ödəmək məcburiyyətində qalır ki, bu da onun maddi vəziyyətini çətinləşdirir. Bu səbəbdən məcburiyyət qarşısında qalaraq iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Hazırda o, məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş edir. Cavabdehlərin faktiki olduğu yer məlum olmadığından və onların məlum olan sonuncu yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanının məhkəmə bildirişini aldığını təsdiq edən qeyd yazılmış məhkəmə bildirişi məhkəməyə daxil olduğundan, məhkəmə Azərbaycan Respublikasının MPM-nin 147-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X6 ifadə verərək bildirdi ki, o, iddiaçının iş yoldaşı olmaqla 2014-cü ildən yaxın dostluq münasibətində olmuşlar. O, dəfələrlə iddiaçının evində olmuşdur, iddiaçı tək yaşayır, cavabdehlərin həmin mənzildə yaşadığını, mənzildə onların hər hansı əşyasını görməmişdir. Uşaqların harada olması ilə bağlı soruşduqda, uşaqların onunla maraqlanmadığını və başqa ünvanda yaşadıqlarını bildirmişdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X10 ifadə verərək bildirdi ki, iddiaçı ilə 22 ildir ki, qonşudur. İddiaçının ailə üzvləri olan cavabdehlər 4-5 il əvvəl bütün əşyalarını da götürüb mənzildən köçüb getmişlər, iddiaçı ilə əlaqə saxlamırlar. Məhkəmə, izahatı və şahidlərin ifadələrini dinləyib, iş materiallarında olan sənədləri tədqiq edərək belə qənaətə gəlir ki, iddia tələbi aşağıdakı əsaslara görə əsaslı hesab edilərək təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların X5 Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı, ******* saylı çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, B.Niftəliyev küçəsi, 41 saylı evin 30 saylı mənzili İddiaçı xüsusi mülkiyyətindədir və bu barədə 2433 nömrəli reyestr kitabının 226508 nömrəli vərəqində ********** nömrəsi ilə 22.01.2016-cı il tarixdə qeydiyyat aparılmışdır. İş materiallarında olan Qaradağ rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi 152 saylı Mənzil- Kommunal İstismar Sahəsi tərəfindən verilmiş 479 saylı Forma-2 arayışından görünür ki, İddiaçı Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, B.Niftəliyev küçəsi 41 saylı evin 30 saylı mənzilində yaşayır. Həmin mənzildə İddiaçı, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, X1, X2 qeydiyyatdadırlar. İş materiallarında olan X10, X3, X7 tərəfindən imzalanmış aktdan görünür ki, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, X1, X2 Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, B.Niftəliyev küçəsi 41 saylı evin 30 saylı mənzilində qeydiyyatda olsalar da, həmin mənzildə yaşamırlar. İş materiallarında olan X10, X9, X7 tərəfindən imzalanmış və Qaradağ rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi 152 saylı Mənzil-Kommunal İstismar Sahəsi tərəfindən təsdiq edilmiş aktdan görünür ki, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, X1, X2 Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, B.Niftəliyev küçəsi 41 saylı evin 30 saylı mənzilində qeydiyyatda olsalar da, həmin mənzildə yaşamırlar. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyaya Əlavə 1 saylı Protokolun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz əmlakından məhrum edilə bilməz. Beləliklə, məhkəmə izahatlara, şahidlərin ifadələrinə və iş materiallarında olan yazılı sübutlara əsasən müəyyən edir ki, cavabdehlər iddiaçının mülkiyyətində olan mənzildə formal olaraq qeydiyyatdadırlar, faktiki olaraq orada yaşamırlar. Cavabdehlər mənzildə formal olaraq qeydiyyatda qaldıqlarından, iddiaçı onların əvəzinə kommunal xidmətlərə görə xərc çəkir, eyni zamanda bu vəziyyət mülkiyyətçi kimi onun hüquqlarını məhdudlaşdırır. Məhkəmə iclasında həmçinin müəyyən edildi ki, iddiaçıların ailə üzvü olan cavabdehlərin daşınmaz əmlakın dövlət reyestrində hər hansı hüququ qeydə alınmadığından və onlar həmin mənzildə iddiaçı ilə birgə yaşamadığından, onların hüquqi vəziyyəti Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.5-ci maddələrində nəzərdə tutulmuş qanuni şərtlərə uyğun deyildir, bu səbəblərdən iddia tələbi əsaslı hesab edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.1-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27.05.2008-ci il tarixli Qərarına əsasən, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.5-ci maddəsinin mənasına görə mülkiyyətçi ilə birgə yaşayan əri, arvadı, valideynləri və uşaqlarının onunla bərabər yaşayış sahəsindən istifadə hüququ, onların mülkiyyətçinin icazəsi ilə yaşayış binasının tərkib hissəsinə köçərək orada daimi yaşamasından asılıdır. Bu mənada, nəzərə alınmalıdır ki, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri ilə bağlı MM-in 228.5-ci maddəsinə nisbətdə həmin Məcəllənin 228.1-ci maddəsi daha geniş xarakter daşıyır. Belə ki, MM-in 228.1-ci maddəsində mülkiyyətçinin ailə üzvlərindən bəhs edildiyi təqdirdə, həmin Məcəllənin 228.5-ci maddəsi yalnız mülkiyyətçi ilə birgə yaşayan ailə üzvlərinə aiddir. Göründüyü kimi, mülkiyyətçi ilə birgə yaşamayan ailə üzvləri Mülki Məcəllənin 228.5-ci maddəsinin dairəsinə düşmür. Digər tərəfdən, cavabdehlərin yaşamadıqları halda, iddiaçıya məxsus mənzildə qeydiyyatda qalması “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun tələblərinə də ziddir. Belə ki, həmin Qanunun 5-ci maddəsinə əsasən, yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 (on) gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət etməlidir. Beləliklə, məhkəmə mülki iş üzrə sübutlara məcmu halında hüquqi qiymət verərək və sadalanan hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 yetkinlik yaşına çatmayan uşaqlar - 2005-ci il təvəllüdlü X1 və 2015-ci il təvəllüdlü X2 ilə birlikdə İddiaçı məxsus Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, B.Niftəliyev küçəsi, 41 saylı evin 30 saylı mənzilindən istifadə hüquqlarına xitam verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : Fuad Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar