Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-175/2021 27.10.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Fuad Ələsgər oğlunun sədrliyi, Mirzəliyev Amil Rəfayıl oğlunun katibliyi, iddiaçı Bank "xxxx" ASC-nin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X3 və Cavabdeh iştirakı ilə, iddiaçı Bank "xxxx" ASC-nin Cavabdeh qarşı kredit müqaviləsinin ləğv edilməsi, kredit müqaviləsi üzrə borcun ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi, ipoteka predmeti olan əmlakın açıq hərracdan satılması və fərdi yaşayış evinin boşaldılması tələblərinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Bank "xxxx" ASC Cavabdeh qarşı kredit müqaviləsinin ləğv edilməsi, kredit müqaviləsi üzrə borcun ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi, ipoteka predmeti olan əmlakın açıq hərracdan satılması və fərdi yaşayış evinin boşaldılması tələblərinə dair iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, iddiaçı Bank "xxxx" ASC-nin “Promo” filialı ilə Cavabdeh arasında bağlanmış 27.03.2019-cu il tarixli, DEN-0048-05/19A saylı əsas kredit müqaviləsinin, 27.03.2019-cu il tarixli DEN-A0048-05/19A saylı əlavə kredit müqaviləsinin ləğv edilməsi, 27.03.2019-cu il tarixli, DEN-0048-05/19A saylı əlavə kredit müqaviləsindən irəli gələn 14.06.2021-ci il tarixinə olan 25569,17 manat əsas borc, 197 manat faiz borcu, 8870,51 manat dəbbə borcu, ümumilikdə 34636,68 manat məbləğində borcun, iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun və 0,40 manat bank xidməti haqqının, həmçinin 30 manat ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş rüsumun Cavabdeh Bank "xxxx" ASC-nin xeyrinə tutulması, Cavabdeh ilə bağlanan 27.03.2019-cu il tarixli, DENG-00048-05/19A saylı ipoteka müqaviləsi əsasında tam mülkiyyət hüququ üzrə Cavabdeh məxsus olan 0,04 ha torpaq sahəsinə və onun üzərində yerləşən Bakı şəhəri, Xətai rayonu, Şahin Səmədov küçəsi, 1-ci döngə, 14A saylı fərdi yaşayış evinə tutmanın yönəldilməsi, fərdi yaşayış evinin açıq hərracda satılması və həmin ipoteka ilə təmin edilmiş kredit borcunun ipoteka predmetinin açıq hərracda satışından əldə edilmiş pul vəsaiti hesabına ödənilməsi, ipoteka predtmeti olan əmlak satıldıqdan sonra əldə edilən vəsait kredit borcunu ödəməzsə qalan məbləğin Cavabdeh tutulması vəı fərdi yaşayış evinin boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı iddiaçı Bank "xxxx" ASC-nin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X6 izahat verərək bildirdi ki, iddiaçı Bank "xxxx" ASC-nin “Promo” filialı ilə Cavabdeh arasında 27.03.2019-cu il tarixli, DEN-00048-05/19A saylı əsas kredit müqaviləsi bağlanmış və bank tərəfindən cavabdehə 60 (altmış) ay müddətinə 27.03.2024-cü il tarixinədək əlavə müqavilələr bağlanmaqla 90000 manat məbləğində kredit limiti çərçivəsində kredit verilə biləcəyi razılaşdırılmışdır. Bank "xxxx" ASC-nin “Promo” filialı ilə cavabdeh Cavabdeh arasında bağlanmış 27.03.2019-cu il tarixli, DEN- 0048-05/19A saylı əlavə kredit müqaviləsinə əsasən bank tərəfindən cavabdehə şəxsi istifadə məqsədi ilə 24 ay müddətinə illik 23 faiz ödəmək şərti ilə 40000 manat məbləğində aylıq əsasla qaytarılmaq şərti ilə kredit verilmişdir. Kreditin təminatı qismində Cavabdeh 27.03.2019-cu il tarixdə iddiaçı ilə DENG-00048-05/19A saylı sonrakı ipoteka müqaviləsi bağlayaraq tam mülkiyyət hüququ ilə özünəməxsus olan 0,04 ha torpaq sahəsini və onun üzərində yerləşən Bakı şəhəri, Xətai rayonu, Şahin Səmədov küçəsi, 1-ci döngə, 14 A saylı fərdi yaşayış evini ipotekaya qoymuşdur. Cavabdeh kredit müqaviləsinin müddəti ərzində öz öhdəliklərini pozaraq ödəniş müddətini dəfələrlə ötürmüş və kredit müqaviləsi üzrə borc öhdəliklərini yerinə yetirməmişdir. Borcluya dəfələrlə şifahi, telefon bağlantısı və rəsmi bildirişlər ilə edilən xəbərdarlıqlara baxmayaraq kredit müqaviləsi üzrə öhdəliklərin icrasında gecikmə əmələ gəlmişdir. Nəticədə iddiaçı məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Cavabdehin 14.06.2021-ci il tarixinə 25569,17 manat əsas borc, 197 manat faiz borcu, 8870,51 manat dəbbə borcu olmaqla, ümumilikdə 34636,68 manat məbləğində borcu vardır. Cavabdehə edilmiş xəbərdarlıqlar nəticə verməmiş, iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hazırda o, məhkəmədən iddia tələblərinin təmin olunmasını xahiş edir. Məhkəmə baxışı zamanı Cavabdeh izahat verərək bildirdi ki, həqiqətən onunla iddiaçı təşkilat arasında 27.03.2019-cu il tarixli, DEN-00048-05/19A saylı əsas kredit müqaviləsi bağlanmış və bank tərəfindən ona 60 (altmış) ay müddətinə 27.03.2024-cü il tarixinədək əlavə müqavilələr bağlanmaqla 90000 manat məbləğində kredit limiti çərçivəsində kredit verilə biləcəyi razılaşdırılmışdır. Bank "xxxx" ASC-nin “Promo” filialı ilə onun arasında bağlanmış 27.03.2019-cu il tarixli, DEN-0048-05/19A saylı əlavə kredit müqaviləsinə əsasən bank tərəfindən ona şəxsi istifadə məqsədi ilə 24 ay müddətinə illik 23 faiz ödəmək şərti ilə 40000 manat məbləğində aylıq əsasla qaytarılmaq şərti ilə kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə 0,04 ha torpaq sahəsini və onun üzərində yerləşən Bakı şəhəri, Xətai rayonu, Şahin Səmədov küçəsi, 1-ci döngə, 14A saylı fərdi yaşayış evini ipotekaya qoymuşdur. Bankn daimi müştərisi olmuş, lakin pandemiya, işsizlik və maddi vəziyyətinin ağırlığı səbəbindən borcu vaxtında ödəyə bilməmişdir. Eyni zamanda hesab edir ki, iddiaçı təşkilat tərəfindən əsas borc, faiz borcu, cərimə məbləğləri həddən artıq şişirdilmişdir. Qeyd olunanlara əsasən, iddianın qismən təmin edilməsinə etiraz etmir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən X7 məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericiliklə müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının MPM-nin 185-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə izahatları dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 27.03.2019-cu il tarixli, DEN-00048-05/19A saylı əsas kredit müqaviləsindən görünür ki, Bank "xxxx" ASC-nin “Promo” filialı ilə Cavabdeh arasında bağlanmış həmin kredit müqaviləsinə əsasən iddiaçı təşkilat tərəfindən Cavabdeh 60 ay müddətinə 27.03.2024cü il tarixinədək əlavə müqavilələr bağlanmaqla 90000 manat məbləğində kredit limiti çərçivəsində kredit verilə biləcəyi razılaşdırılmışdır. İş materiallarında olan 27.03.2019-cu il tarixli DEN-A0048-05/19A saylı əlavə kredit müqaviləsindən və ödəniş cədvəlindən görünür ki, Bank "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış həmin əlavə kredit müqaviləsinə əsasən iddiaçı təşkilat tərəfindən Cavabdeh illik 23% olmaqla 24 ay müddətinə 40000 AZN məbləğində kredit verilmişdir. İş materiallarında olan 27.03.2019-cu il tarixli sonrakı ipoteka müqaviləsindən görünür ki, həmin müqavilə əsasında Cavabdeh məxsus 0,04 ha torpaq sahəsi və onun üzərində yerləşən Bakı şəhəri, Xətai rayonu, Şahin Səmədov küçəsi, 1-ci döngə, 14A saylı fərdi yaşayış evi kredit müqaviləsi üzrə cavabdehin öhdəliklərinin icrasının təminatı olaraq iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan Bakı şəhəri 54 saylı notariat kontorunun xüsusi notariusu tərəfindən təsdiq edilmiş 18.03.2019-cu il tarixli ərizənin surətindən görünür ki, X1 Allahverən Dəmir oğlunun mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin və 0,04 ha torpaq sahəsinin ipoteka qoyulmasına etiraz etməmişdir. İş materiallarında olan Vİ-JQ seriyalı, 437093 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X9 03.09.1994-cü il tarixdə rəsmi nikah qeydiyyatından keçərək ailə qurmuşlar və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında Bakı şəhəri Səadət sarayında 1360 nömrəsi ilə qeydiyyat aparılmışdır. Nikah bağlandıqdan sonra arvada “Qasımova” soyadı verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin "xxxx" ASC-nə ünvanladığı 11.06.2020-ci il tarixli məktubdan görünür ki, Cavabdeh məxsus ünvan 1 saylı fərdi yaşayış evinə dair tutmanın yönəldilməsi haqqında bildiriş qeydə alınmışdır. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Şahin Səmədov küçəsi, 1-ci döngə, ev 14A Cavabdeh xüsusi mülkiyyətindədir və bu barədə 325 nömrəli reyestr kitabının 30352 nömrəli vərəqində 02.06.2016-cı il tarixdə qeydiyyat aparılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların X5 Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı, ******* saylı çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Şahin Səmədov küçəsi, 1-ci döngə, ev 14A X4 xüsusi mülkiyyətindədir və Bank "xxxx" ASC Promo filialının xeyrinə yüklü edilmişdir, bu barədə 325 nömrəli reyestr kitabının 30352 nömrəli vərəqində ********** nömrəsi ilə 29.03.2019-cu il tarixində qeydiyyat aparılmışdır. İş materiallarında olan "xxxx" MMC-nin 211/E nömrəli, 15.05.2021-ci il tarixli ekspert rəyindən görünür ki, Cavabdeh məxsus Bakı şəhəri, Xətai rayonu, Şahin Səmədov küçəsi, 1-ci döngədə yerləşən fərdi yaşayış evi 241,5 kv.m ümumi sahədən ibarət olan Cavabdeh məxsus 14A saylı fərdi yaşayış evinin bazar dəyərinə uyğun likvid qiyməti 183500 manat müəyyən edimişdir. İş materiallarında olan 14 iyun 2021-ci il tarixli maliyyə arayışından görünür ki, kredit müqaviləsi üzrə borclu Cavabdeh banka 25569,17 manat məbləğində əsas borc, 197 məbləğində faiz borcu, 8870,51 manat dəbbə pulu olmaqla, cəmi 34636,68 manat məbləğində borcu vardır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 29 sentyabr 2021-ci il tarixli, 9/6563 nömrəli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Cavabdeh tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları və 27 mart 2017-ci il tarixli, DEN-00048-05/19A nömrəli kredit müqaviləsinin şərtləri əsas götürülməklə Cavabdeh 14.06.2021-ci il tarixə banka olan borcu 22243,90 manat əsas borc, 3709,17 manat faiz borcu olmaqla, cəmi 25953,07 manat müəyyən olunmuşdur. Məhkəmə iş üzrə sübutlara məcmu halında hüquqi qiymət verərək müəyyən edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən, icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Sadalanan hüquq normalarının tələblərinə əsasən məhkəmə müəyyən edir ki, cavabdeh borclu iddiaçı təşkilatdan aldığı kredit üzrə əsas və faiz borcunu iddiaçıya vaxtında ödəmək öhdəliyinin daşıyıcısı olmuşdur. Lakin cavabdeh müqavilə öhdəliklərini icra etməyərək, iddiaçı təşkilat qarşısında həmin pul öhdəliyini yerinə yetirməmişdir. Ona görə də ekspert rəyi və Azərbaycan Respublikası MPMnin 218.3-cü maddəsinin tələbləri nəzərə alınmaqla, müqavilənin ləğvi, faiz borcunun tutulması tələbləri tam, əsas borc ilə bağlı iddia tələbi isə qismən - 29 sentyabr 2021-ci il tarixli, 9/6563 nömrəli ekspert rəyi ilə müəyyən edilmiş həddə təmin edilməlidir. Bununla yanaşı, məhkəmə hesab edir ki, iddia tələbi cərimə hissəsində də qismən əsassızdır. Belə ki, müqavilədə cərimənin hesablanması qaydası yüksək həddə müəyyən edilmiş və borclunun maddi vəziyyəti nəzərə alınmamışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə müəyyən edilmiş yüksək dəbbə pulunu azalda bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Odur ki, məhkəmə borclunun və kreditorun əmlak mənafelərini, ümumi borc məbləğini nəzərə alaraq, mövcud müqavilə üzrə dəbbə pulu tələbinin azaldılmasını və 800 manat həddində təmin olunmasını ağlabatan və ədalətli hesab edir. Məhkəmə, tutmanın ipoteka predmeti olan əmlaka yönəldilməsi, həmin əmlakın açıq hərracda satılması, satışdan əldə edilmiş vəsait borcun ödənilməsinə kifayət etmədikdə qalan məbləğin borcludan ümumi qaydada tutulması, satıldıqdan sonra evin boşaldılması ilə bağlı iddia tələblərini araşdıraraq müəyyən edir ki, həmin tələblər ilkin satış qiyməti kimi 15.05.2021-ci il tarixli, 211/E saylı ekspert rəyi ilə müəyyən edilmiş məbləğ əsas götürülərək təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 317.1-ci maddəsinə əsasən, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Həmin Məcəllənin 319.6-cı maddəsinə əsasən, ipoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 33-cü maddəsinə əsasən, borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin Qanunun 34.1-ci maddəsinə əsasən, əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anıdır. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 39.1-ci maddəsinə əsasən, ipoteka saxlayan ipoteka müqaviləsi üzrə tələbinin ödənilməsi üçün iddia ilə məhkəməyə müraciət edə bilər. Həmin Qanunun 39.3-cü maddəsinə əsasən, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. Həmin Qanunun 59.3-cü maddəsinə əsasən, ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o, satıldıqda, ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən gec bir ay ərzində tərk etməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya və Mülki Kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair 06.08.2020-ci il tarixli Qərardadına əsasən, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir. Məhkəmə iddianın dövlət rüsumlarının və bank xidməti haqqının tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, həmin tələb təmin olunmalıdır. Həmçinin, məhkəmə hesab edir ki, iddia qismən təmin olunduğundan, ekspertiza xərci tərəflər arasında bərabər bölünməlidir. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək və sadalanan hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 216-220-ci, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. İddiaçı Bank "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 27.03.2019-cu il tarixli, DEN-00048- 05/19A saylı əsas kredit müqaviləsi, 27.03.2019-cu il tarixli DEN-A0048-05/19A saylı əlavə kredit müqaviləsi ləğv edilsin. Cavabdeh 27.03.2019-cu il tarixli DEN-A0048-05/19A saylı əlavə kredit müqaviləsi üzrə 22243,90 manat məbləğində əsas borc, 197 manat məbləğində faiz borcu, 800 manat dəbbə pulu olmaqla, ümumilikdə 23240,90 manat (iyirmi üç min iki yüz qırx manat doxsan qəpik) məbləğində borc pul vəsaiti, 30 manat dövlət rüsumu, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 30 manat dövlət rüsumu və 0,40 manat bank xidməti haqqı tutularaq iddiaçı Bank "xxxx" ASC-nin xeyrinə ödənilsin. Tutma Cavabdeh məxsus, ipoteka predmeti olan 0,04 ha torpaq sahəsinə və onun üzərində yerləşən Bakı şəhəri, Xətai rayonu, Şahin Səmədov küçəsi, 1-ci döngə, 14A saylı fərdi yaşayış evinə yönəldilsin, həmin fərdi yaşayış evi ilkin satış (likvid) qiyməti 183500 manat müəyyən edilməklə açıq hərracda satılsın və tutulmalı məbləğ həmin evin açıq hərracda satışından əldə olunacaq vəsait hesabına iddiaçı Bank "xxxx" ASC-nin xeyrinə ödənilsin. Satışdan əldə edilmiş vəsait borcun ödənilməsinə kifayət etmədikdə qalan məbləğ Cavabdeh ümumi qaydada tutulsun. Fərdi yaşayış evinə tutma yönəldikdən və o, satıldıqdan bir ay sonra fərdi yaşayış evi boşaldılsın. İddia qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş ekspertiza xərcinə görə Cavabdeh 100 manat manat, iddiaçı Bank "xxxx" ASC-dən 100 manat məbləğində pul tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin aşağıdakı hesabına ödənilsin: Büdcə təsnifatının kodu:142595, büdcə səviyyəsinin kodu:3, ekspertiza xərci, SAP (XİİS) hesabı: X2, kodu:210005, VÖEN:**********, müxbir hesab:AZ41NABZ********************, SFİFT BİK:CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi: VÖEN:**********, hesab:AZ34CTRE********************. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : Fuad Hüseynov
Məhkəmə qərarları › İş №2(002)-175/2021
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-175/2021
27.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver