Məhkəmə qərarları › İş №2(002)-1755/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-1755/2021

21.06.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Nikahın etibarsız sayılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-1755/2021 21.06.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həşimova Günay Rövşən qızının sədrliyi, Məhkəmə iclasının katibi Muxtarov Nurlan Nurəddin oğlunun katibliyi, İddiaçı Cavabdeh qarşı nikahın etibarsız hesab edilməsi tələbinə dair iddiası üzrə mülki işə Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı nikahın pozulmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə aralarında bağlanmış 01.10.1992-ci il tarixli 356 saylı nikah qeydinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 01.10.1992-ci il tarixdə rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuşdur. Birgə nikahdan uşaqları olmamış və məhkəmə qaydasında nikahları ləğv edilmişdir. 25 aprel 2009-cu il tarixdə o, rəsmi nikah qeydiyyatından keçməklə X2 ilə ailə qurmuşdur və bu barədə nikahın bağlanması haqqında akt qeydi kitabında həmin tarixdə 284 nömrə ilə qeydiyyat aparılmış və həmin vaxt onun birinci nikahı pozulmuşdur. Hazırda o, şəxsiyyət vəsiqəsinin vaxtı keçməsi səbəbindən dəyişdirililməsi üçün müraciət edəndə bildiriblər ki, məndə iki nikah göstərilir.. mənim birinci nikahım ləğv ediləndən sonra mən üç dəfə şəxsiyyət vəsiqəmi dəyişdirmişəm, hazırda da ikinci dəfə ailə qurduğum Mənsimov Eminağanın soyadını daşıyır. X1 ilə birgə nikahdan 09 yanvar 2009-cu il tarixdə X3 adlı bir uşaqları doğulmuşdur. Lakin cavabdehlə olan nikah sistemdə qaldığından ondan hansı səbəbdənsə aidiyyəti orqan tərəfindən qeydiyyat aparılmamışdır..O, bu barədə qeydiyyat şöbəsinə müraciət etsə də onlar bu barədə düzəliş aparmaq istəməmiş və imtina etmişlər. Göründüyü kimi onun cavabdehlə nikahı formal xarakter daşıyır və bu səbəbdən də etibarsız hesab edilməlidir. Cavabdeh də ikinci dəfə ailə quraraq rəsmi nikah qeydiyatından keçmiş və cavabdehin də ikinci nikahdan uşaqları doğulmuşdur. Daha sonra iddiaçı 16.06.2021-ci il tarixdə keçirilmiş məhkəmə iclasında iddianın dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, iddia ərizəsinin xahiş etdi hissəsinə dəqiqləşdirmə verərək, Cavabdeh ilə aralarında bağlanmış 01.10.1992-ci il tarixli 356 saylı nikah qeydinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Növbəti məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etdi. İddiaçı 16.06.2021-ci il tarixdə keçirilmiş məhkəmə iclasında ərizə təqdim edərək, növbəti məhkəmə iclasına onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Cavabdeh16.06.2021-ci il tarixdə keçirilmiş məhkəmə iclasında ərizə təqdim edərək, iddiaçının ona qarşı olan iddiasını qəbul etdiyni etiraf etdi və iddianın təmin edilməsinə heç bir etirazı olmadığını bildirdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan, iddia təmin edilməlidir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş Abşeron rayon qeydiyyat şöbəsinin 15.04.2021-ci il tarixli 05/Q-600/15 nömrəli arayışdan görünür ki, tərəflər arasındakı nikah qeydinin ləğv edilməsi üçün kifayət qədər əsaslar olmadığı üçün nikahın pozulması üçün məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Məhkəmə iclasında müəyyən edildi ki, tərəflər faktiki olaraq ayrı yaşayırlar. Nikah formal xarakter daşıyır. Birgə nikahdan övladları yoxdur. Qeydiyyat şöbəsi tərəfindən nikah qeydinin pozulmasından imtina edilmişdir. İddiaçı iddiasını müdafiə edir. Cavabdeh iddia tələbini qəbul edərək, etiraf etmişdir. Ailə Məcəlləsinin 17.1-ci maddəsinə əsasən ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olmadıqda, nikaha onların razılığı əsasında müvafiq icra hakimiyyəti orqanında xitam verilə bilər Ailə Məcəlləsinin 19.2-ci maddəsinə əsasən ər-arvadın razılığı olduqda, lakin onlardan biri müvafiq icra hakimiyyəti orqanında nikahın pozulmasından yayındıqda (ərizə verməkdən imtina etdikdə, nikahın pozulmasının dövlət qeydiyyatı üçün gəlmədikdə və s.) nikahın pozulması məhkəmə qaydasında həyata keçirilir. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayan ümumi uşaqları olan ər-arvadın nikahın pozulmasına qarşılıqlı razılığı olduqda, eləcə də bu Məcəllənin 19.2-ci maddəsində göstərilən hallarda nikah onun pozulma səbəbləri məhkəmə qaydasında araşdırılmadan pozulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Məhkəmə hesab edir ki, iş üzrə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.5-ci maddəsində göstərilən hallar – iddianın etirafının qanuna zidd olması və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozması kimi hallar müəyyən edilmədiyindən cavabdehin iddianın etirafı ərizəsi məhkəmə tərəfindən qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.4-cü maddəsinin tələbinə görə, cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər Məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh ilə İddiaçı aralarında bağlanmış 01.10.1992-ci il tarixli 356 saylı nikah qeydi pozulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən ödənilmiş 20 (iyirmi) manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh ilə İddiaçı aralarında bağlanmış 01.10.1992-ci il tarixli 356 saylı nikah qeydi pozulsun. Ödənilmiş 20 (iyirmi) manat məbləğində dövlət rüsumu iddiaçıya aid aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günay Həşimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar