Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-1765/2021 26.07.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Gülnar İnqilab qızının sədrliyi, X5 qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili X1, Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı mənzildən çıxarılma və mənzilin boşaldılmaqla təhvil verilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı mənzildən çıxarılma və mənzilin boşaldılmaqla təhvil verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 ona məxsus olan ünvan 1 ünvanda yerləşən mənzilindən çıxarılması və mənzilinin boşaldılaraq ona təhvil verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 30,82 kv.m olan mənzil 20 may 1995-ci il tarixli, 039382 saylı order əsasında ona verilmişdir və həmin ünvanda da qeydiyyatdadır. Ona məxsus olan ünvan 1 ünvanda yerləşən mənzilindən istifadə edə bilmir. Qeyd edilən mənzil onun olmaqla cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X3 (Cəbrayıl rayonundan olan məcburi köçkünlər) tərəfindən qanunsuz zəbt edilmişdir. Hal-hazırda cavabdehlər ona məxsus olan mənzildən çıxmaq istəmirlər və ona məxsus mənzili məşğul etməklə boşaltmaqdan imtina edirlər. Bundan başqa cavabdehlər heç bir səbəb olmadan ailəsinin həmin mənzildə yaşamasına maneələr yaratmaqla hüququnu pozur. Bu səbəbdən ona məxsus olan mənzilindən istədiyi kimi istifadə etmək hüququndan məhrum olunmuşdur. O, dəfələrlə cavabdehlərə mənzildən çıxmağı, mənzilini boşaltmağı təkidlə tələb etsə də, onlar heç bir əsaslı səbəb gətirmədən mənzildən çıxmayacaqlarını və mənzilini boşaltmayacaqlarını bildirirlər. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bir mənzil sahibi kimi hüquqlarını müdafiə etməklə məhkəmə cavabdehlərin ona məxsus olan mənzildən çıxarılması və mənzilin boşaldılmaqla ona təhvil verilməsinə dair qətnamə qəbul etməlidir. Qeyd olunan halların nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili məhkəmə iclasında iddia tələbinin dəlillərinə uyğun izahat verərək, iddia tələbini müdafiə edərək, məhkəmədən iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh2 məhkəmə iclasında izahat verərək, iddia tələbini qəbul edərək, öz izahatında həmin mənzilin iddiaçıya məxsus olduğunu, indəyədək və hazırda da onların ailə üzvləri ilə bilrikdə həmin mənzildə yaşadıqlarını, başqa yaşayış yerlərinin olmadığını, əgər onlara yaşamaq üçün yaşayış yeri verilərsə, həmin mənzili tərk edib iddiaçıya təhvil verməyə hazır olduqlarını, lakinn indiki halda, onların yaşamaq üçün başqa yaşayış yerlərinin olmadığını,digər cavabdehin onun həyat yoldaşı və uşaqları olduğunu, onların məhkəməyə gələ bilmədiyini bildirərək, bütün bu halların nəzərə alınmasını məhkəmədən xahiş etdi. Digər cavabdehlərə və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının Qaçqınların və X2 üzrə Dövlət Komitəsinin nümayəndəsinə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə digər cavabdehlərin və üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iddiaçının nümayəndəsi və vəkilinin və Cavabdeh2 izahatını dinləyib, iddia tələbinin dəlillərini, məhkəmə baxışında araşdırılmış sübutları və iş materiallarını tədqiq edərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan 039382 № li 20.05.1995-ci il tarixli Orderin məzmunundan yadın olur ki, ünvan 2ünvanında yerləşən mənzil İddiaçı arvadı və qızı olmaqla, 2 nəfər ailə tərkibi ilə bilrikdə yaşmaq üçün verilmişdir. İş materiallarına əlavə olunmuş Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin Qaradağ rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi tərəfindən 22.04.2021-ci il tarixli, 616 nömrəli arayışın məzmunundan görünür ki, İddiaçı ünvan 1 ünvanda qeydiyyatdadır.həmin mənzil 1993-cü ildə Cəbrayıl r-dan gəlmiş məcburi köçkün Cavabdeh1 ailəsi ilə birlikdə zəbt edilib və qeydiyyatsız müvəqqəti yaşayırlar. İş materiallarına əlavə olunmuş AR Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında 3732030№-li arayışdan görünür ki, ünvan 1 ünvanında İddiaçı qeydiyyatdadır və qeydiyyatda başqa şəxslər yoxdur. Məhkəmə hesab edir ki, iddiaçının mübahisəli mənzil üzərindəki hüquqları mülkiyyət hüquqlarının müdafiəsi kontekstindən qorunmalıdır. Azərbaycan Respublikasının Konstitusiyasının 33-cü maddəsinə əsasən hər kəsin mənzil toxunulmazlığı hüququ vardır. Qanunla müəyyən edilmiş hallar və ya məhkəmə qərarı istisna olmaqla mənzildə yaşayanların iradəsi ziddinə heç kəs mənzilə daxil ola bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəllənin 152-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən də, “hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. “Broniovski Polşaya qarşı” işdə Avropa Məhkəməsi qeyd etmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsindəki "mülkiyyət" anlayışı müstəqil mənaya malikdir, həmin anlayış daxili qanunvericilikdə verilən formal tövsifdən asılı deyil. Maddi əşyalar kimi, əmlak təşkil edən müəyyən hüquq və maraqlar da "mülkiyyət" hüquqları sayıla bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Önəryıldız Türkiyəyə qarşı” iş üzrə 30 noyabr 2004-cü il tarixli qərarında göstərmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin 1-ci hissəsində “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: məsələ bütövlükdə nəzərdən keçirilən işin halları ilə həmin maddə əsasında müdafiə olunan əhəmiyyətli mənafelər üzərində titulun ərizəçiyə təqdim edilib-edilməməsinin müəyyənləşdirilməsindən ibarətdir. Müvafiq olaraq bu müddəanın məqsədləri üçün fiziki mallarla yanaşı, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “əmlak hüquqları” və beləliklə, “mülkiyyət” kimi qiymətləndirilə bilər. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və ərizəçinin maraqlarını, o cümlədən mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinin əldə olunmasına ən azı əsaslı və “qanuni gözləntiyə” malik olduğuna dair tələblərini də əhatə edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “V.Q.Teryoxinin şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi mülki işlər üzrə kollegiyasının 02 iyun 2009-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanmasına dair” qərarında göstərilmişdir ki, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə zəruri şərt həmin əşyaya mülkiyyət hüququnun tam həcmdə əldə edilməsi, xüsusilə də şəxsin onun barəsində sərəncam vermək hüququnun yaranması baxımından mühüm əhəmiyyət kəsb edir. Lakin daşınmaz əmlaka mülkiyyət hüququnun yaranmasının və dövlət tərəfindən müdafiə olunmasının dövlət qeydiyyatı ilə əlaqələndirilməsi belə əmlakı qanunvericiliyə müvafiq olaraq əldə etmiş şəxslərin mülkiyyət hüququnun tərkib hissəsi olan sahiblik və istifadə hüquqlarına malik olmasını istisna etmir. Mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarınıntəmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Sahiblik və istifadə hüquqlarını həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanının mövcud olması əmlak sahibinin hüquqlarının da mülkiyyətçinin hüquqları ilə bərabər həddə müdafiə olunması zərurətini doğurur. Belə ki, Mülki Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, Mülki Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Əks yanaşma mülkiyyət hüquqlarının müdafiəsi ilə bağlı konstitusiya prinsiplərinin, mülki qanunvericiliyin bir sıra prinsip və müddəalarının, eləcə də Azərbaycan Respublikasının beynəlxalq müqavilələrə əsasən üzərinə götürdüyü öhdəliklərin pozulması ilə nəticələnə bilər. Avropa İnsan Hüquqları Məhkəməsi «Akimova Azərbaycana qarşı» işi üzrə 2007-ci il 27 sentyabr tarixli qərarında bir daha xatırlatmışdır ki, İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin 1-ci hissəsindəki «mülkiyyət» anlayışı müstəqil mənaya malikdir, o, təkcə fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmır və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: əmlak təşkil edən bəzi digər hüquqlar və maraqlar da mülkiyyət hüququ sayıla və həmin maddənin məqsədləri üçün «mülkiyyət» kimi qəbul edilə bilər. Məhkəmə həmin qərarla bir daha şərh edilən 1 saylı Protokolun 1-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, hazırkı iş üzrə iddiaçının da tələbi mülkiyyət hüququnun müdafiəsinə yönəldiyindən tərəflər arasındakı münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. İşin mübahisəsiz hallarından görünür ki, mübahisə predmeti olan mənzil order əsasında İddiaçı 2 nəfərdən ibarət ailəsi ilə birlikdə köçüb yaşaması üçün verilmiş, yalnız iddiaçı hazırda həmin mənzildə pasport qeydiyyatındadır, cavabdehlər məcburi köçkün olmaqla, həmin mənzili zəbt etməklə, müvəqqəti olaraq, orada məskunlaşmışlar, hazırda həmin mənzildə yaşayırlar. Məhkəmə hesab edir ki, iddiaçı həmin mənzildə yaşamaq hüququna malilk olmaqla, mənzilin sahibi qismində çıxış etməklə, həmin mənzilə dair mülkiyyətçi qismində qanuni gözlənti hüququna malik olmuşdur. Cavabdehlərin isə həmin mənzildən istifadə etmək hüququna malik olmasının heç bir qanuni və ya hüquqi əsasının olması halı aşkar edilməmişdir. Deməli, onlar həmin mənzildən mülkiyyətçi qismində çıxış edən iddiaçının iradəsinin ziddinə olaraq istifadə edirlər. İddiaçı isə hazırda həmin mənzildən istifadə edə bilmir, bununla da, o, öz mülkiyyətindən faktiki olaraq məhrum edilmişdir. Hüquqi nəticə etibarı ilə cavabdehlərin bu hərəkətləri nəticəsində qanuni gözlənti hüququna malki olan iddiaçının konstitusion hüququ olan mülkiyyət hüququ pozulmuşdur. Ona görə də məhkəmə hesab edir ki, iddiaçı belə bir tələb irəli sürməkdə haqlı olmuşdur. Qeyd edilənləri əsas götürərək, məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olmaqla, təmin edilməli, cavabdehlər həmin mənzildən çıxarılmalı, mənzil boşaldılaraq, iddiaçıya təhvil verilməlidir. «Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında» Azərbaycan Respublikasının 21 may 1999-cu il tarixli Qanununun 5-ci maddəsinə əsasən məcburi köçkünlərin məskunlaşdırılması müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. Məcburi köçkünlərin müstəqil olaraq müvəqqəti məskunlaşmasına o halda yol verilə bilər ki, bu digər şəxslərin hüquqlarını və qanuni maraqlarını pozmasın. Belə hallar mövcud olduqda müvafiq icra hakimiyyəti orqanları məcburi köçkünlərin həmin yaşayış məntəqəsi daxilində başqa yaşayış sahəsinə köçürülməsini təmin etməlidirlər. Bu Qanunun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 08 iyul 1999-cu il tarixli 149 saylı Fərmanına əsasən «Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti, Qaçqınların və X2 üzrə Dövlət Komitəsi və yerli icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində həyata keçirirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24.12.1999-cu il tarixli 200 saylı qərarı ilə təsdiq edilmiş «Məcburi köçkünlərin başqa yaşayış sahəsinə köçürülməsi Qaydası»-nın 4-cü bəndinə əsasən müvəqqəti məskunlaşmış məcburi köçkünlər digər şəxslərin mənzil hüququnu pozduqda, onlar həmin yaşayış məntəqəsi ərazisində zəruri tələblərə cavab verən başqa yaşayış sahəsi ilə təmin olunurlar. “Qayda”-nın 5-ci bəndinə əsasən məcburi köçkün ailələrinin başqa yaşayış sahəsinə köçürülməsi Qaçqınların və X2 üzrə Dövlət Komitəsi ilə razılaşdırılır. Həmin normalar tələb edir ki, məcburi köçkünlər özlərinə müstəqil surətdə yaşayış yeri taparkən digər şəxslərin mənzil hüquqlarını pozarlarsa, dövlət hakimiyyəti orqanları onları başqa yaşayış yerlərinə köçürməlidirlər («Akimova Azərbaycana qarşı» işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin (Birinci Bölmə) 2007-ci il 27 sentyabr tarixli qərarı) Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 ünvan 1-dən çıxarılmaqla, mənzil boşaldılmalı,iddiaçıya təhvil verilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 başqa yaşayış sahəsinə köçürülmələrinin təmin olunması Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsinə həvalə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Caavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 ünvan 1-dən çıxarılmaqla, mənzil boşaldılmaqla, mənzil İddiaçı təhvil verilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 başqa yaşayış sahəsinə köçürülmələrinin təmin olunması Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsinə həvalə edilsin. Qətnamədən, qətnamənin tərəfə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Gülnar Əhmədova
Məhkəmə qərarları › İş №2(002)-1765/2021
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-1765/2021
26.07.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver