Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-1796/2022 01.08.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, İddiaçı, Cavabdeh Bakı şəhəri 8 saylı Notariat Ofisinin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri 8 saylı Notariat Ofisinə qarşı «vəsiyyət üzrə vərəsənin tanınması» tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri 8 saylı Notariat Ofisinə qarşı «vəsiyyət üzrə vərəsənin tanınması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun 19 yanvar 2009-cu il tarixdə vəfat etmiş X13 vəsiyyət üzrə vərəsəsi kimi tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Qaradağ rayonu Sahil qəsəbəsi M.Seyidov küçəsi 3 saylı evin 2 otaqlı 12 saylı mənzili ana xətti ilə onun anası X3 xalası qızı olan X10 mülkiyyətində olmuş və bu barədə Tİ və MHQİ tərəfindən ÖM seriyalı 003546 saylı xx.xx.1999-cu il tarixli qeydiyyat vəsiqəsi verilmişdir. X17 Borisovna 19 yanvar 2009-cu il tarixdə vəfat etmiş, lakin 03 iyun 2008-ci il tarixdə şahidlərin iştirakı ilə Qaradağ rayonu Sahil qəsəbəsi M.Seyidov küçəsi 3 saylı evin 12 saylı mənzilini vəsiyyətnamə əsasında ona vəsiyyət etmişdir. Xalasının iki oğlu olmuşdur: X11, 2009-cu ildə vəfat etmişdir; X16, 2017-ci ildə vəfat etmişdir. Xalası övladlarının davranışından narazı olmuş və mənzili sonuncuların adına çevirməmişdir ki, sonuncular mənzili satar və sair. Bu səbəbdən, vəsiyyətnamədə xalası qeyd etmişdir ki, oğulları bu mənzildə daimi olaraq yaşamalıdır. Cavabdehə bu barədə lazımi sənədlər təqdim edilsə də, ona imtina edilmişdir. Bu səbəbdən, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edir ki, Kokreva Elena 2 nəfər şahidin imzası ilə vəsiyyətnamə saxlasa da, lakin 8 saylı Notariat ofisi bu vəsiyyətnaməyə düzgün hüquqi qiymət verməmiş və onu vərəsə kimi tanımamış, vəsiyyət üzrə ona şəhadətnamə verilməsindən imtina etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh Bakı şəhəri 8 saylı Notariat Ofisinin nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia tələbini qəbul etmədi və məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə, iddiaçının və cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş xx.xx.1998-ci il tarixli orderdən və Bakı şəhəri Tİ və MHQİ tərəfindən verilmiş 22 aprel 1999-cu il tarixli ÖM seriyalı 003546 saylı qeydiyyat vəsiqəsindən görünür ki, Bakı şəhəri Qaradağ rayonu Sahil qəsəbəsi M.Seyidov küçəsi 3 saylı evin 12 saylı mənzili X4 adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçmiş və bu barədə müvafiq reyestr kitabının 154454 saylı səhifəsində 30/154454 saylı qeydiyyat aparılmışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 1 saylı Bakı Ərazi İdarəsinin 25 iyul 2022-ci il tarixli məktubundan görünür ki, Bakı şəhəri Qaradağ rayonu Sahil qəsəbəsi M.Seyidov küçəsi ev 3, 12 saylı mənzil xx.xx.1999-cu il tarixdə X4 adına ilkin qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. X14 tərəfindən 03 iyun 2008-ci il tarixdə X1 və X2 iştirakı (şahidliyi) ilə tərtib etdiyi vəsiyyətnamədən görünür ki, o, Bakı şəhəri Qaradağ rayonu Sahil qəsəbəsi M.Seyidov küçəsi 3 saylı evin 12 saylı mənzilini oğulları Denis və Vladislavın daim həmin mənzildə yaşayacaqları şərti ilə İddiaçı vəsiyyət etmişdir. Arxiv sənədləri arasında yer alan Mənzil Kommunal İdarəsinin 13 aprel 1999-cu il tarixli 200 saylı 2 nömrəli forma üzrə arayışından görünür ki, X14 3 nəfər ailə üzvü (özü, övladları Vladislav və Denis) ilə yuxarıda qeyd olunan mənzildə yaşamışdır. xx.xx.2018-ci il tarixdə Qaradağ rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı, 914002 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, X14 19 yanvar 2009-cu il tarixdə Bakı şəhərində vəfat etmiş, bu barədə ölüm haqqında akt qeydləri kitabında 17 fevral 2018-ci il tarixdə 85 saylı akt qeydi aparılmışdır. xx.xx.2017-ci il tarixdə Qaradağ rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı, 913851 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, X15 09 noyabr 2017-ci il tarixdə Bakı şəhərində ağ ciyər vərəmi və s. xəstəliyindən vəfat etmiş, bu barədə ölüm haqqında akt qeydləri kitabında 28 noyabr 2017-ci il tarixdə 563 saylı akt qeydi aparılmışdır. Sahil Bələdiyyəsinin 19 iyul 2022-ci il tarixli, SB-05/69 saylı arayışından görünür ki, X5 18 oktyabr 2009-cu il tarixdə Qaradağ rayonu Sahil qəsəbəsi Sahil qəbristanlığında dəfn olunmuşdur. Bakı şəhəri 8 saylı Notariat Ofisinin 23 may 2022-ci il tarixli, 1084 saylı məktubundan görünür ki, İddiaçı xx.xx.2009-cu il tarixdə vəfat etmiş X6 miras qalmış əmlaka dair mirasın qəbulu ilə bağlı Bakı şəhəri 8 saylı notariat ofisinə müraciət etmiş və ərizə əsasında 100/2022 nömrə ilə vərəsəlik işi açılmışdır. Mülki Məcəllənin 1133-cü maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Bildirilmişdir ki, vərəsəlik işinin açılması ilə əlaqədar təqdim edilmiş sənədlər araşdırılmış və iddiaçının qanun üzrə vərəsə olmadığı məlum olmuşdur. İddiaçının təqdim etdiyi vəsiyyətnamə notariat qaydasında tərtib edilmədiyi, həmçinin qanunvericilikdə nəzərdə tutulan müddəti ötürdüyünə görə ona vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi mümkün deyildir. Xahiş edilmişdir ki, vəsiyyətnamənin X14 tərəfindən imzalanmasının təsdiq edilməsini, qanun üzrə vərəsələrin olub-olmamasını, o cümlədən qanunvericilikdə nəzərdə tutulan müddətin ötürülməsini bərpa etməsi üçün müvafiq məhkəməyə müraciət etdikdən sonra təkrar notariat ofisinə müraciət etsin. Məhkəmə mülki işə obyektiv, tam və hərtərəfli baxılması üçün iş üzrə müvafiq ekspertiza təyin etmiş və ekspert qarşısında cavablandırılması zəruri olan suallar qoymuşdur. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 08 iyul 2022-ci il tarixli, 4/994 saylı rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, mülki işin 6-cı vərəqində olan 03 iyun 2008-ci il tarixli «vəsiyyətnamə»nin aşağı hissəsində «2. X12» yazılarının aşağısında olan imza – X7 tərəfindən icra olunmuşdur. Mülki işin 6-cı vərəqində olan 03 iyun 2008-ci il tarixli «vəsiyyətnamə»nin aşağı hissəsində «1. X8» yazılarının aşağısında olan imza – X9 tərəfindən icra olunmuşdur. Mülki işin 6-cı vərəqində olan 03 iyun 2008-ci il tarixli «vəsiyyətnamə»nin aşağı hissəsində «Kokoreva E.B.» yazılarının qarşısında olan imza ilə mülki işin 41-ci vərəqində olan xx.xx.2007-ci il tarixli «Ərizə»nin aşağı hissəsində «Kokrova» yazısının qarşısında olan imza öz aralarında eyni şəxs tərəfindən icra olunmuşdur. Ekspertiza tədqiqatının dəyəri 124 manat təşkil edir. Məhkəmə qeyd edir ki, Bakı şəhəri 8 saylı Notariat Ofisinin 23 may 2022-ci il tarixli, 1084 saylı məktubunda iddiaçının vəsiyyət üzrə vərəsə kimi tanınmasına maneə yaradan aşağıdakı hallar göstərilmişdir: - iddiaçının təqdim etdiyi vəsiyyətnamənin notariat qaydasında tərtib edilmədiyi, vəsiyyətnamənin X14 tərəfindən imzalanmasını təsdiq edən sübutların təqdim edilmədiyi; - qanun üzrə vərəsələrin olub-olmaması barədə məlumatın verilməməsi; - qanunvericilikdə nəzərdə tutulan müddəti ötürdüyü. Məhkəmə imtinanın birinci əsası ilə bağlı vurğulayır ki, Mülki Məcəllənin 1179.1-ci maddəsinə əsasən vəsiyyətnamə yazılı formada tərtib edilməlidir. Həm də notariat formasında və ya bunsuz yazılı vəsiyyətnaməyə yol verilir. Mülki Məcəllənin 1186-cı maddəsinə əsasən vəsiyyət edən vəsiyyətnaməni öz əli ilə yazıb imzalaya bilər. Məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutlarla, həmçinin ekspert rəyi ilə müəyyən olunmuşdur ki, yuxarıda qeyd olunan vəsiyyətnamə əllə yazılaraq, vəsiyyət edən X14 tərəfindən imzalanmışdır. Məhkəmə imtinanın ikinci əsası ilə bağlı qeyd edir ki, miras qoyanın iki övladı olmuş, onlardan biri analarının vəfatından bir müddət sonra, 2009-cu il tarixdə, digəri isə 2017-ci ildə vəfat etmişdir. Vəfat etdikləri günədək miras qoyanın qanun üzrə vərəsələri həmin mənzildə yaşamışlar və iddiaçı vəsiyyətnamə şərtinə riayət edərək, miras qoyanın oğullarının mənzildə yaşamasına birbaşa və dolayı yolla hər hansı maneə yaratmamışdır. Miras qoyanın qanun üzrə vərəsələri yaşadıqları dövrdə notariat orqanına mirasın qəbulu ilə bağlı ərizə ilə müraciət etməmişlər. Digər qanun üzrə vərəsələr barədə məlumat yoxdur. Miras qoyanın iki oğlu vəfat edəndən sonra, həmin mənzili digər şəxslər faktiki olaraq qəbul etməmiş, bu barədə, yaxud qanun üzrə vərəsə kimi tanınmaları barədə notariat ofisinə ərizə təqdim etməmişlər. Mənzili həm vəsiyyətnamə üzrə, həm də faktiki olaraq 2017-ci ildə iddiaçı qəbul etmişdir. Məhkəmə imtinanın üçüncü əsası ilə bağlı qeyd edir ki, iddiaçı vəsiyyətnaməni uzun müddət tapa bilməmişdir. Notariat ofisinə müraciət etməmişdən az öncə miras qalmış mənzildə təmir işləri aparmağa başlamışdır və mənzildəki əşyalar yığışdırılarkən vəsiyyətnaməni əşyaların arasında tapmışdır. Tapdıqdan dərhal sonra isə notariat ofisinə müraciət etmişdir. Göründüyü kimi, iddiaçı mərhum X6 miras qalmış əmlakı (mənzili) qəbul etmək üçün qanunla müəyyən edilmiş müddəti üzürlü səbəbdən ötürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1145 və 1146-cı maddələrinə əsasən miras fıziki şəxsin ölümü və ya məhkəmə tərəfındən ölmüş elan edilməsi ilə açılır. Miras qoyanın öldüyü gün və ya fıziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. 1157-ci maddəsinə əsasən əgər bir neçə vərəsə vardırsa, miras vərəsələr arasında bölüşdürülənədək vahid əmlak şəklində bütün vərəsələrə mənsubdur. Bu əmlakdan sonuncu xəstəliyi zamanı miras qoyana qulluq və onun müalicəsi, dəfn, mirasın mühafizəsi və idarə edilməsi, əmək haqqı verilməsi və vəsiyyətin icrası üçün lazımi xərclər ödənilə bilər. Bu tələblər mirasın dəyərindən, həm də bütün başqa tələblərə, o cümlədən ipoteka və digər girovla təmin edilmiş tələblərə nisbətən üstün qaydada ödənilməlidir. 1159.1.1-ci maddəsinə görə ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı birinci növbədə bərabər pay hüquqlu vərəsələr sayılırlar. 1159.1.3-cü maddəsinə əsasən bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. 1159.1.4-cü maddəsinə əsasən sonuncuların nəvələri, nəticələri və uşaqları, əgər onların valideynləri mirasın qəbulundan imtina etmişlərsə, vərəsə ola bilməzlər. 1160-ci maddəsinə əsasən əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Mülki Məcəllənin 1248.1-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. «Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 oktyabr 2020-ci il tarixli Qərarında qeyd edilmişdir ki, mirasın qəbulu şəxsin iradəsi ilə bağlı olan hüquqi hərəkət olmaqla, vərəsə tərəfindən miras əmlakın əldə edilməsinə razılığın ifadə edilməsidir. Vərəsənin mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verməsi mirasın qəbul edilməsinin formal üsuludur. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıqaşkar təsdiqlənməsi və sübut edilməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun (Konstitusiya Məhkəməsi Plenumunun G.Qəhrəmanovanın şikayəti üzrə 2014-cü il 18 iyul tarixli Qərarı). Həmçinin həmin Qərarda qeyd edilmişdir ki, mülki prosessual qanunvericiliyin xüsusi icraat qaydasında işlərə baxılmasının xüsusiyyətlərini tənzimləyən normalarına nəzər yetirdikdə, hüquqi əhəmiyyəti olan faktların belə qaydada təsdiq edilməsi üçün bir neçə şərtin zəruri olduğu qənaətinə gəlmək olar. Bu şərtlərə aşağıdakılar aiddir: həmin faktın qanuna əsasən hüquqi nəticələr doğurması; hüquqi əhəmiyyəti olan faktın başqa qaydada müəyyən edilməsinin qeyri-mümkün olması; hüquq haqqında mübahisənin olmaması və s. Həmin şərtlərdən hər hansı birinin olmaması işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Qanunvericinin tələbindən göründüyü kimi, vəsiyyət üzrə vərəsəlik zamanı vəsiyyət edən edən özünə məxsus əmlakı evdə vəsiyyətnamə tərtib edərək, imzalamaqla hər hansı şəxsə vəsiyyət edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 157.1-ci maddəsinə əsasən, mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. 157.8-ci maddəsinə əsasən, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da bu məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. «Notariat haqqında» Azərbaycan Respublikası Qanununun 41-ci maddəsinə əsasən aparılmış notariat hərəkətlərindən və ya notariat hərəkətlərini aparmaqdan imtina edilməsindən maraqlı şəxs bu barədə dövlət notariat ofisinin, xüsusi notariusun, müvafiq icra hakimiyyəti orqanının, bu Qanunun 39-cu maddəsinin birinci hissəsində sadalanan vəzifəli şəxslərin iş və ya qulluq yerinin, yaxud gəminin qeydiyyat limanının yerləşdiyi yerin məhkəməsinə şikayət verə bilər. Beləliklə, müəyyən edildi ki, Bakı şəhəri Qaradağ rayonu Sahil qəsəbəsi M.Seyidov küçəsi 3 saylı evin 12 saylı mənzilinin mülkiyyətçisi X14 sağlığında 03 iyun 2008-ci il tarixdə iddiaçının adına vəsiyyətnamə tərtib etmiş, 19 yanvar 2009-cu il tarixdə Bakı şəhərində vəfat etmiş, İddiaçı mənzili təmir etdirərkən həmin vəsiyyətnaməni aşkar etmiş və dərhal – 2022-ci ilin may ayında Bakı şəhəri 8 saylı notariat ofisinə ərizə ilə müraciət edərək, X14 tərəfindən təsdiq edilmiş vəsiyyətnaməyə əsasən ona vərəsəlik haqqında şəhadətnamə verilməsini xahiş etmiş, lakin cavabdeh ona vəsiyyət üzrə vərəsəlik haqqında şəhadətnamənın verilməsindən imtina etmiş, vərəsəlik hüququnun tanınması ilə bağlı notariat ofisinin yerləşdiyi yer üzrə məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. Göründüyü kimi, iddiaçının miras qalmış mənzilin qəbul edilməsi üçün qanunla müəyyən olunmuş müddəti üzrlü səbəbdən buraxmışdır, həmin müddət uzadılmalıdır. Ödəniş qəbzindən görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, İddiaçı 19 yanvar 2009-cu il tarixdə Bakı şəhərində vəfat etmiş X4 vəsiyyət üzrə vərəsəsi kimi tanınmalı; 19 yanvar 2009-cu il tarixdə Bakı şəhərində vəfat etmiş X6 miras qalmış Bakı şəhəri Qaradağ rayonu Sahil qəsəbəsi M.Seyidov küçəsi 3 saylı evin 12 saylı miras mənzilinin İddiaçı tərəfindən qəbul edilməsi vaxtı üzrlü hesab edilərək uzadılmalıdır. 124 manat ekspertiza xərci İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesaba ödənilməlidir. Ödənilmiş 100 manat dövlət rüsumu tələb edilmədiyindən İddiaçı aid edilməlidir. Hazırki qətnamə X6 miras qalmış Bakı şəhəri Qaradağ rayonu Sahil qəsəbəsi M.Seyidov küçəsi 3 saylı evin 12 saylı miras mənzilinə dair İddiaçı adına vəsiyyət üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı 19 yanvar 2009-cu il tarixdə Bakı şəhərində vəfat etmiş X4 vəsiyyət üzrə vərəsəsi kimi tanınsın. 19 yanvar 2009-cu il tarixdə Bakı şəhərində vəfat etmiş X6 miras qalmış Bakı şəhəri Qaradağ rayonu Sahil qəsəbəsi M.Seyidov küçəsi 3 saylı evin 12 saylı miras mənzilinin İddiaçı tərəfindən qəbul edilməsi vaxtı üzrlü hesab edilərək uzadılsın. 124 manat ekspertiza xərci İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesaba ödənilsin. Ödənilmiş 100 manat dövlət rüsumu tələb edilmədiyindən İddiaçı aid edilsin. Hazırki qətnamə X6 miras qalmış Bakı şəhəri Qaradağ rayonu Sahil qəsəbəsi M.Seyidov küçəsi 3 saylı evin 12 saylı miras mənzilinə dair İddiaçı adına vəsiyyət üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Kamran Əsədov
Məhkəmə qərarları › İş №2(002)-1796/2022
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-1796/2022
01.08.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver