Məhkəmə qərarları › İş №2(002)-1844/2022

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-1844/2022

19.10.2022 · Sair mülki iş - Maneənin aradan qaldırılması - Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-1844/2022 19.10.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, Salmanova Könül Xasay qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «torpaq sahəsindən istifadə edilməsi və tikililərin tikilməsinə yaradılan maneənin aradan qaldırılması» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «torpaq sahəsindən istifadə edilməsi və tikililərin tikilməsinə yaradılan maneənin aradan qaldırılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Qaradağ rayon İcra Hakimiyyəti başçısının «Fərdi yaşayış evlərinin tikintisi məqsədi ilə həyətyanı torpaq sahələrinin ayrılması haqqında» xx.xx.1996-cı il tarixli 633 saylı sərəncamı ilə 600 m2 torpaq sahəsində hasarın və digər tikililərin tikilməsinə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və digərləri tərəfindən yaradılan maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Qaradağ rayon İcra Hakimiyyəti başçısının «Fərdi yaşayış evlərinin tikintisi məqsədi ilə həyətyanı torpaq sahələrinin ayrılması haqqında» xx.xx.1996-cı il tarixli 633 saylı sərəncamı ilə 600 m2 torpaq sahəsi atası X6 ayrılmışdır. Atası 2012-ci ildə vəfat etmiş və həmin torpaq sahəsi vərəsəlik qaydası ilə onun mülkiyyətinə verilmişdir. Həmin torpaq sahəsi məftildən və ağaclardan çəkilmiş hasarla hasarlanmış və və dörd tərəfi sarmaşıq kolları əkilmişdir. Sonradan onun vaxtı olmadığı üçün, torpaq sahəsinin sənədləşdirilməsinin aparılması, torpaq sahəsinin hasarlanması və digər işlərin görülməsi üçün qonşusu X2 70 illik etibarnamə vermişdir. xx.xx.2022-ci il tarixdə ona məlumat verilmişdir ki, onun torpaq sahəsinin ətrafındakı sarmaşıq kollarını və illərlə qulluq edib bitirilən bir neçə meyvə ağaclarını kimlərsə yandırmışdır. Bununla əlaqədar Qaradağ rayonu Əzimkənddə yerləşən yanğınsöndürənlər torpaq sahəsinin ətrafına əkilmiş sarmaşıq kollarının və ağacların tam yanmasının qarşısını almışlar və yanğını söndürmüşlər. Bu barədə xx.xx.2022-ci il tarixli yanğın haqqında ilkin akt tərtib edilmişdir. Eyni zamanda torpaq sahəsində qəsdən yanğın törədənlərin məsuliyyətə cəlb edilməsi üçün aidiyyatı orqanlara şikayət edilsə də, bu vaxta kimi heç kim məsuliyyətə cəlb edilməmişdir. xx.xx.2022-ci il tarixdə etibarnamə üzrə nümayəndəsi V.Məmmədov torpaq sahəsində hasarlama işləri görmək istəyərkən, qonşuluqda yerləşən evlərin sakinləri Cavabdeh1 və Cavabdeh2 torpaq sahəsinə hasar çəkilməsinə mane olmuşlar. Hətta cavabdehlərin aqressivliyi o dərəcədə olmuşdur ki, nümayəndəsi V.Məmmədovun həyatdan köçən valideynlərini söyüb təhqir etmişlər, sonuncunu ölümlə hədələmişlər və bununla xırda xuliqanlıq etmişlər. V.Məmmədov cavabdehlərə hüquq-mühafizə və ya icra hakimiyyətinə öz şikayətlərini təqdim etməyi məsləhət görsə də, buna məhəl qoymayan qonşular öz xuliqanlıq hərəkətlərinə davam etmişlər. Bu hadisə videogörüntüyə alınaraq polis sahə müvəkkilinə təqdim edilmişdir. Bu səbəbdən, Qaradağ rayon Polis İdarəsinin 11-ci Polis Bölməsinin əməkdaşları cavabdehlərin əməllərinin qeyri-qanuni olduğunu bildirsələr də, Cavabdeh1 polis əməkdaşının sözlərinə əhəmiyyət verməmişdir. Qaradağ rayon Polis İdarəsinin 11-ci Polis Bölməsinin sahə inspektoru X3 xx.xx.2022-ci il tarixdə MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol tərtib edərək, Cavabdeh1 Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə 100 manat cərimə edilmişdir. Hazırda cavabdehlər onun öz torpaq sahəsinə hasar çəkməsinə və tikinti işləri görməsinə maneə yaradırlar. Halbuki, çəkilən çəpər heç bir qonşunun rəsmi sənədi olmayan evinə, həyətyanı sahəsinə maneəçilik törətmir. İddiaçının nümayəndəsi və vəkili X4 məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehlərin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan təmin edilə bilməz. Belə ki, Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, istinad olunan maddənin mənasından göründüyü kimi sübutetmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. Avropa İnsan Hüquqları Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına» qarşı 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Eyni zamanda «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir (§93). İddiaçı tərəfindən iddia tələbinin əsası kimi istinad etdiyi hallara (cavabdehlərin ona hasar çəkməsinə və digər tikinti işlərinin aparılmasına maneə yaratmalarına) dair sübutlar məhkəməyə təqdim edilməmişdir. Məhkəməyə təqdim edilmiş sənədlər - Bakı şəhəri Qaradağ rayon İcra Hakimiyyəti başçısının «Fərdi yaşayış evlərinin tikintisi məqsədi ilə həyətyanı torpaq sahələrinin ayrılması haqqında» xx.xx.1996-cı il tarixli 633 saylı sərəncamı ilə qeyd olunan torpaq sahəsinin iddiaçının atası X6 ayrılması; Bakı şəhəri 45 saylı Notaoriat Ofisinin 31 oktyabr 2021-ci il tarixli məktubu ilə xx.xx.2012-ci il tarixdə vəfat etmiş X5 adına vərəsəlik işi açıldığı və X5 adına olan torpaq sahəsinə dair reyestrdən çıxarış verilməsinin DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsindən xahiş edilməsi; 14 mart 2022-ci il tarixli yanğın haqqında ilkin aktla ərazidə yanğın hadisəsinin baş verməsi; İnzibati xəta haqqında protokol və inzibati tənbeh vermə haqqında qərarla Cavabdeh1 Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində qeyd olunan inzibati xətanı törətməsi təsdiqini tapsa da, iddiaçı yanğın hadisəsinin məhz cavabdehlər tərəfindən törədilməsi, həmçinin ona torpaq sahəsinin kənarlarına hasar çəkməyə və atasına ayrılmış torpaq sahəsində digər tikinti işlərinə maneə yaratmalarına dair mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. İkincisi, iddia tələbinin bir hissəsində müəyyənlik olsa da, tələbin digər hissəsi qeyrimüəyyəndir. Belə ki, iddia ərizəsində cavabdehlərdən başqa digər şəxslərin də hasar çəkilməsi və digər işlərin görülməsi vaxtı iddiaçıya maneələrin yaradılmasının aradan qaldırılması xahiş olunur. Lakin həmin şəxslərin dairəsi aydınlaşdırılmır, soyad, ad, ata adı, qeydiyyatda olduqları ünvan göstərilmir və tələb həmin hissədə mahiyyət etibarı ilə mücərrəddir. Göründüyü kimi, iddia əsassızdır və təmin edilə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublİkasının Qanununun 100-cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «torpaq sahəsindən istifadə edilməsi və tikililərin tikilməsinə yaradılan maneənin aradan qaldırılması» tələbinə dair iddiası təmin edilməməlidir. Bundan başqa Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilmədiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İddiaçıya izah edilməlidir ki, hazırkı mülki iş üzrə iddianın təmin edilməməsi (mötəbər sübutların təqdim edilməməsi əsası ilə) ona həqiqətən hər hansı maneə yaradılması halı ilə üzləşəcəyi təqdirdə, müvafiq sübutları təqdim etməklə məhkəməyə iddia ərizəsi ilə müraciət etməsinə maneə yaratmır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «torpaq sahəsindən istifadə edilməsi və tikililərin tikilməsinə yaradılan maneənin aradan qaldırılması» tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Kamran Əsədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar