Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-1852/2021 15.07.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, Cavabdeh1 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh1 və mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən 3-cü şəxs Bakı şəhəri Qaradağ rayonu 45 saylı Notariat Ofisinə qarşı «vərəsəliyin müəyyən olunması, vərəsələr arasında pay bölgüsü və Notariusun qərarının etibarsız sayılması» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh1 və mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən 3-cü şəxs Bakı şəhəri Qaradağ rayonu 45 saylı Notariat Ofisinə qarşı «vərəsəliyin müəyyən olunması, vərəsələr arasında pay bölgüsü və Notariusun qərarının etibarsız sayılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 45 saylı Notariat Ofisinin notariusunun qərarının ləğv edilməsi və onların Bakı şəhəri Qaradağ rayonu Sahil qəsəbəsi E.Quliyev prospekti 64 saylı evin 41 saylı, X5 miras qalmış mənzilindən vərəsəlik paylarının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsini onunla əsaslandırmışlar ki, məhkəməyə müraciət etmələrinin səbəbi Bakı şəhəri 45 saylı Notariat Ofisinin 05.03.2021-ci il tarixli 58 nömrəli qərarını qanunsuz hesab etmələridir. Belə ki, o (İddiaçı2), bildirmək istəyir ki, X2 qardaşı X6 ölümündən sonra da, ünvan 1 ünvanda yerləşən evdə yaşamışdır. X2 ona məxsus olan mənzili oğluna bağışlamışdır. X3 15 fevral 2018-ci il tarixdə vəfat etmişdir. Belə ki, anası oğlundan sonra həmin mənzildə yaşamışdır. Belə ki, anası həmin evin mülkiyyətçisi olmuşdur. Odur ki, anasının həmin mənzildə payı vardır. Ölmədən öncə anası 15 iyul 2020-ci il tarixdə vəsiyyətnamə ilə bütün əmlaklarını ona vəsiyyət etmişdir. O, övladı olaraq, hüquqi vərəsədir və həmin payı tələb edir. O, vərəsəlik şəhadətnaməsinin alınması üçün 45 saylı Notariat Ofisinə müraciət etmişdir. Notarius öz qərarında qeyd edir ki, anası hüquqi vərəsə deyil və mirası qəbul etməmişdir. Faktiki olaraq anası həmin evdə yaşayıbsa mirası qəbul edib. Bakı şəhəri 45 saylı Notariat Ofisi öz qərarında bildirir ki, X2, oğlunun ölümündən sonra mirası qəbul etməsi barədə heç bir hərəkət ifadəsi göstərməmişdir. Belə ki, anası 26.10.2020-ci il tarixədək, yəni ölən günədək həmin evdə yaşamışdır. Bu günə qədər də, anasının əşyaları həmin ünvandadır. Anası qardaşı X6 ölümündən sonra həmin mənzildə yaşaması faktiki olaraq mirasa sahiblənməsini ifadə edir. Bağışlayan bağışlanandan sonra vəfat edirsə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 671-ci maddəsinə (rsetitusiya) əsasən hədiyyə verən hədiyyə alanın ondan qabaq ölməsi halı üçün bağışlanmış əşyanın restitusiya hüququnu özündə saxlaya bilər, restitusiyaya əsasən, yəni həmin mənzil üzərində mülkiyyət hüququnu öz üzərində saxlayır. Belə olan halda, notariusun qərarı qanunsuzdur. Belə ki, həmin mənzil barədə vərəsəlik şəhadətnaməsi veriləndə anasının payı açıq saxlanmalı və bundan sonra anasının vərəsələri arasında bu məsələ öz həllini tapmalıdır. 45 saylı Notariat Ofisi tərəfindən gəlinləri X11 və onun övladı X7, qardaşı X6 ölümündən sonra onlara vərəsəlik açılmışdır. Anası həmin evdə yaşamasına baxmayaraq, ona vərəsəlik açılmamışdır. Bakı şəhəri Qaradağ rayon 45 saylı Notariat ofisi tərəfindən qanunsuz qərar verilmişdir. Onun, (İddiaçı1) məhkəməyə müraciət etməsinin səbəbi odur ki, atası X5 miras qalmış evdə ona vərəsəlik şəhadətnaməsi verilməsi ilə bağlıdır. X14 onun doğma atasıdır və ondan miras qalmış ünvan 1 ünvanda yerləşən evdə qeydiyyatdadır və həmin ünvanda onun da payı var. Atası 15 fevral 2018-ci il tarixdə vəfat etmişdir. Vəfatından sonra bibisi İddiaçı2 bu yaxın günlərdə ona bildirmişdir ki, atasından qalan miras evin vərəsələri kimi ikinci həyat yoldaşı X9 və onun övladı X7 vərəsəlik açılmışdır. Belə ki, bu günə qədər o, həmin evdə qeydiyyatdadır. X1 sağ ikən heç bir problem yox idi, nənəsi hər zaman bildirirdi ki, «sənin bu evdə payın var və onu verəcəyik». Hal-hazırda atasının ikinci həyat yoldaşı onun payını mənimsəyib. Atasının ölümündən sonra, bu günə qədər notariusa və məhkəməyə ərizə ilə müraciət etməməsinin səbəbi həmin ünvanda qeydiyyatda olduğu üçün idi. Həmçinin, nənəsi sağ olduğu üçün fikirləşmişdir ki, heç bir problem olmaz. Notariusun qərarını isə bibisi bu yaxın günlərdə ona bildirmişdir. İddiaçılar İddiaçı1 və İddiaçı2 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişlər. Cavabdeh1 məhkəmə iclasında ərizə təqdim edərək, mülki işə iddiaçıların iştirakı olmadan mahiyyəti üzrə baxılaraq yekun məhkəmə aktının çıxarılmasını xahiş etdi. Məhkəmə qeyd edilən ərizəni nəzərə alaraq, mülki işə iddiaçıların iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Cavabdeh1 məhkəmə iclasında iddia tələbini qəbul etmədi və məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən 3-cü şəxs Bakı şəhəri Qaradağ rayonu 45 saylı Notariat Ofisinin xüsusi notariusu Tofiq Şükürov məhkəməyə iddiaya etiraz göndərərək, qeyd etmişdir ki, iddianı əsassız hesab edir. Belə ki, məlum olduğu kimi X6 15.02.2018-ci il tarixdə ölümü ilə miras açılmışdır. Mülki Məcəllənin 1145, 1159.1.1, 1243, 1246, 1248.1, 1262, 1273-1-ci maddələrinə istinadən bildirir ki, Eynulla Hüseynovun ölümündən sonra onun arvadı Cavabdeh1 və övladı X12 06.03.2018-ci il tarixdə qanunvericilikdə nəzərdə tutulmuş qaydada Bakı şəhəri 45 saylı notariat ofisinə ərizə verməklə mirası qəbul etmişlər. «Elektron notariat» informasiya sistemində yoxlama nəticəsində İddiaçı1 tərəfindən mirasın qəbuluna dair qanunvericilikdə nəzərdə tutulmuş müddətdə notariat ofisinə ərizə verilməsinə dair notariat hərəkətləri aşkar edilməmişdir. Həmçinin onun doğum akt qeydi tək ananın ərizəsi əsasında rəsmiləşdirilmişdir və miras qoyan E.Hüseynovun övladı olduğunu təsdiqləyən atalığın müəyyən edilməsi aktının qeydə alınması aşkar edilməmişdir. Ailə Məcəlləsinin 44.3, 45, 46.2-ci maddələrinə istinadən qeyd edir ki, Eynulla Hüseynovdan qalmış mirasdan pay almaq üçün qanunvericiliyə uyğun olaraq İddiaçı1 miras qoyanın övladı olduğunu təsdiqləyən (atalığın tanınması faktı), eləcə də, onun mirası qanunvericilikdə nəzərdə tutulmuş müddətdə qəbul etdiyinə dair sübutlar olmadığından İddiaçı1 mirasdan pay verilə bilməz. İddiaçı2 isə vərəsəlik şəhadətnaməsinin verilməsindən imtina olunması haqqında qərar çıxarılmışdır və həmin qərarı, eləcə də vərəsəlik işinə dair sənədləri hazırkı iddiaya etiraza əlavə edir. Məhkəmə qeyd olunan etiraz ərizəsini nəzərə alaraq, mülki işə Bakı şəhəri Qaradağ rayonu 45 saylı Notariat Ofisinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan sənədlərdən görünür ki, X13 15 iyul 2020-ci il tarixdə Bakı şəhəri 45 saylı notariat ofisində təsdiqlənmiş vəsiyyətnamə üzrə ölən günədək ona məxsus olan bütün əmlakını övladı İddiaçı2 vəsiyyət etmişdir. Şura Hüseynova 26.12.2020-ci il tarixdə vəfat etmişdir. Anasının ölümündən sonra vəsiyyət üzrə vərəsəlik şəhadətnaməsi almaq üçün notariusa müraciət edən İddiaçı2 təklif edilmişdir ki, miras qalan əmlaka hüquq müəyyənedici sənədi təqdim etsin. Cavabında o, 15.02.2018-ci il tarixdə vəfat etmiş qardaşı X5 miras qalmış ünvan 2 ünvanda yerləşən 41 saylı mənzildən mərhumun anası Şura Hüseynovaya düşən miras payı üçün vəsiyyət üzrə vərəsəlik şəhadətnaməsi verilməsini xahiş etmişdir. İddiaçı2 izah edilmişdir ki, Eynulla Hüseynovun ölümündən sonra onun arvadı Cavabdeh1 və yetkinlik yaşına çatmayan 26.10.2009-cu il tarixdə doğulmuş övladı X12 06.03.2018-ci il tarixdə qanunvericilikdə nəzərdə tutulmuş qaydada Bakı şəhəri 45 saylı notariat ofisinə ərizə verməklə mirası qəbul etmişlər. Miras qoyan X6 X2 mirasın qəbuluna, vərəsəlik şəhadətnaməsinin verilməsinə dair notariat ofisinə ərizə verməmiş, mirası qəbul etdiyinə dair iradə ifadə etməmiş və vərəsəlik hüququnu rəsmiləşdirməmiş, miras əmlaka mülkiyyət hüququnu dövlət qeydiyyatına aldırmamışdır. X8 barəsində miras açılanadək, yəni öldüyü 26.12.2020-ci il tarixədək onun övladı X5 miras qalmış əmlak birincinin mülkiyyətində olmamışdır. Göstərilənlərlə bağlı mirası qəbul etmiş vərəsələr miras qoyanın arvadı Cavabdeh1 və yetkinlik yaşına çatmayan 26.10.2009-cu il tarixdə doğulmuş övladı X7 bərabər paylarla hər birinə mirasdan 1/2 hissədə qanun üzrə vərəsəlik şəhadətnaməsi verilmişdir. Miras qoyanın birinci növbəli vərəsələrinin – arvadı və uşağının mövcudluğu onun bacısı İddiaçı2 vərəsəliyini istisna etdiyindən, Eynulla Hüseynovdan miras qalmış əmlaka dair İddiaçı2 vərəsəlik şəhadətnaməsinin verilməsindən imtina edilmişdir. Bu barədə, Bakı şəhəri Qaradağ rayonu 45 saylı Notariat Ofisinin xüsusi notariusu Tofiq Şükürov tərəfindən 05 mart 2021-ci il tarixdə notariat hərəkətlərinin aparılmasından imtina edilməsi barədə əsaslandırılmış 58 saylı qərar çıxarılmışdır. İddiaçılar hazırkı iddia ərizəsi və iddia ərizəsinə əlavə etdikləri sənədlərlə (şəxsiyyəti təsdiq edən sənədlər, doğum, ölüm, nikah haqqında şəhadətnamələr, vəsiyyətnamələr, mülkiyyət hüququnu təsdiq edən sənədlər və s.) məhkəməyə müraciət edərək, qeyd olunan qərarın ləğv edilməsini, onların Bakı şəhəri Qaradağ rayonu Sahil qəsəbəsi E.Quliyev prospekti 64 saylı evin 41 saylı, X5 miras qalmış mənzilindən vərəsəlik paylarının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Lakin, məhkəmə qeyd edir ki, Bakı şəhəri Qaradağ rayonu 45 saylı Notariat Ofisinin xüsusi notariusu Tofiq Şükürovun notariat hərəkətlərinin aparılmasından imtina edilməsi barədə 05 mart 2021-ci il tarixli, 58 saylı qərarı əsaslıdır və qərarın ləğv edilməsi üçün heç bir əsas yoxdur. İddiaçı iddia tələbinin əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 671-ci maddəsinə istinad etmişdir. Həmin maddi hüquq normasından görünür ki, hədiyyə verən hədiyyə alanın ondan qabaq ölməsi halı üçün bağışlanmış əşyanın restitusiyası hüququnu özündə saxlaya bilər. Torpaq sahələri və ya onlara əşya hüquqları bağışlanarkən bu cür restitusiya hüququ daşınmaz əmlakın dövlət reyestrində qabaqcadan qeydə alına bilər. İş materiallarından göründüyü kimi, X13 mülkiyyətində olmuş mənzili övladı X10 bağışlayarkən, bağışlanmış əşyanın restitusiya hüququnu özündə saxlamamış, bu barədə vəsiyyətnamədə xüsusi qeyd etdirməmiş, restitusiya hüququ daşınmaz əmlakın dövlət reyestrində qeyd olunmamışdır. Bundan başqa, xüsusi notariusun qərarında qeyd edildiyi kimi, X8 barəsində miras açılanadək, yəni öldüyü 26.12.2020-ci il tarixədək övladı X5 miras qalmış əmlak onun mülkiyyətində olmamışdır. Həmçinin, notariusun qərarında qeyd olunduğu kimi, həmçinin Mülki Məcəllənin 1159-cu maddəsinin tələbinə görə, İddiaçı2 mərhum qardaşının ikinci növbə vərəsəsidir, birinci növbə vərəsələr sağ olduğundan və mirası qəbul etdiklərindən, onun miras əmlakdan pay alması istisna olunur. İddiaçı1 iddia tələbinə münasibətdə məhkəmə qeyd edir ki, o, mirasın qəbul edilməsi üçün qanunla müəyyən edilmiş müddəti üzürsüz səbəblərdən ötürmüşdür. Bu səbəbdən, iddia tələbi İddiaçı1 münasibətdə də təmin edilə bilməz. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, istinad olunan maddənin mənasından göründüyü kimi sübutetmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. Avropa İnsan Hüquqları Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına» qarşı 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Eyni zamanda «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir (§93). Göründüyü kimi, iddiaçılar iddia tələbinin əsası kimi istinad etdikləri hallara dair mötəbər sübutları məhkəməyə təqdim etməmişlər. Bu səbəbdən, iddia əsassız olduğundan təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh1 və mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən 3-cü şəxs Bakı şəhəri Qaradağ rayonu 45 saylı Notariat Ofisinə qarşı «vərəsəliyin müəyyən olunması, vərəsələr arasında pay bölgüsü və Notariusun qərarının etibarsız sayılması» tələbinə dair iddiası rədd edilməlidir. Ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh1 və mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən 3-cü şəxs Bakı şəhəri Qaradağ rayonu 45 saylı Notariat Ofisinə qarşı «vərəsəliyin müəyyən olunması, vərəsələr arasında pay bölgüsü və Notariusun qərarının etibarsız sayılması» tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Kamran Əsədov
Məhkəmə qərarları › İş №2(002)-1852/2021
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-1852/2021
15.07.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver