Məhkəmə qərarları › İş №2(002)-1859/2020

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-1859/2020

28.09.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-1859/2020 28.09.2020 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Fuad Ələsgər oğlunun sədrliyi, Əsədov Cavid Həbib oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mənzilə olan istifadə hüquqlarının itirilməsi tələbi barədə iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı mənzilə olan istifadə hüquqlarının itirilməsi tələbi barədə iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, cavabdehin Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsi, 1-ci Massiv, 1 saylı evə istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı izahat verərək bildirdi ki, Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsi, 1-ci Massiv, 1 saylı ev (hazırda ev nömrəsi 24B kimi qeyd olunur) mərhum atasına məxsus olmuş, atası 2009-cu ildə vəfat etmiş, anası evin sənədləşməsi üçün ona etibarnamə vermiş, lakin 2013-cü ildə anası da vəfat etmiş, atası vəfat etdiyi gündən mirası faktiki qəbul edərək evə sahibliyi və evlə bağlı bütün xərcləri özü həyata keçirmişdir. Belə ki, evlə bağlı bütün kommunal xərclər, bələdiyyə vergiləri onun tərəfindən ödənilir. 2018-ci ildə atasının adına çıxarışın alınmasına nail olmuşdur. Həmin evdə özü və ailə üzvləri ilə yanaşı, 2003-cü ildən daimi yaşamaq üçün Rusiyaya köçmüş bacısı Cavabdeh da qeydiyyatdadır. Cavabdeh 17 ildən artıqdır ki, evdən köçüb getmişdir, onunla heç bir əlaqə və dəqiq ünvanı barədə məlumat yoxdur. Cavabdehin həmin evdə formal olaraq qeydiyyatda qalması onun hüquqlarını məhdudlaşdırır, eyni zamanda cavabdehin əvəzinə artıq məbləğdə kommunal xidmət haqları ödəyir ki, buna görə maddi vəziyyəti çətinləşir. Həmçinin, evlə bağlı zəruri sənədləşmələrdə iştirak etmədiyindən, cavabdehin formal qeydiyyatı problemlər yaradır. Cavabdehin 2003-cü ildən həmin evdə yaşamadığını qəsəbə nümayəndəliyi tərəfindən təsdiq edilmiş və digər bacısı tərəfindən imzalanmış akt da təsdiq edir. Bundan əvvəl, evdə yaşamadığı halda, qeydiyyatda qalmış qardaşı oğluna qarşı da iddia qaldırmış, həmin iddia tələbi təmin edilmişdir. Qeyd olunanlara əsasən, məcburiyyət qarşısında qalaraq cavabdehə qarşı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Hazırda o, məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş edir. Cavabdeh faktiki olduğu yer məlum olmadığından və onun məlum olan sonuncu yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanının məhkəmə bildirişini aldığını təsdiq edən qeyd yazılmış məhkəmə bildirişi məhkəməyə daxil olduğundan, məhkəmə Azərbaycan Respublikasının MPM-nin 147-ci maddəsinə əsasən işə həmin cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarında olan sənədləri tədqiq edərək belə qənaətə gəlir ki, iddia tələbi aşağıdakı əsaslara görə əsaslı hesab edilərək təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsi, 1-ci massiv, ev 24B X6 xüsusi mülkiyyətindədir və bu barədə 454 nömrəli reyestr kitabının 42552 nömrəli vərəqində xx.xx.2018-ci il tarixində qeydiyyat aparılmışdır. İş materiallarında olan Qaradağ rayon İcra Hakimiyyəti Başçısının Səngəçal qəsəbəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 401 saylı Forma-2 üzrə arayışdan görünür ki, Məmmədov X10 qəsəbəsi, massiv 1, ev 24B (əvvəlki ünvan üzrə ev nömrəsi 1 olmuşdur) ünvanında yaşayır. Həmin ünvanda özü, X17, X18, X12, X3, Cavabdeh və X4 qeydiyyatdadırlar. İş materiallarında olan Qaradağ rayon İcra Hakimiyyəti Başçısının Səngəçal qəsəbəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 399 saylı arayışdan görünür ki, Məmmədov X10 qəsəbəsi, massiv 1, ev 24B ünvanında yaşayır (əvvəlki ünvan üzrə bu yaşayış evinin nömrəsi 1 olmuşdur). İş materiallarında olan Qaradağ rayon İcra Hakimiyyəti Başçısının Səngəçal qəsəbəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 400 saylı arayışdan görünür ki, Cavabdeh Səngəçal qəsəbəsi, massiv 1, ev 24B ünvanında qohumlarının təsdiq etdiyi akta əsasən 2003-cü ildən yaşamır, Rusiyanın Moskva şəhərində yaşayır. İş materiallarında olan İddiaçı, X7 və X5 tərəfindən tərtib edilmiş və Qaradağ rayon İcra Hakimiyyəti Başçısının Səngəçal qəsəbəsi üzrə Nümayəndəliyi tərəfindən təsdiq edilmiş aktdan görünür ki, Cavabdeh Səngəçal qəsəbəsi, massiv 1, ev 24B ünvanına 2003-cü ildə qeydiyyata düşsə də, həmin tarixdən bu günə kimi həmin ünvanda yaşamamışdır. İş materiallarında olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli, 2(002)- 1812/12 saylı qətnaməsinin surətindən görünür ki, X8 Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsi, massiv 1, ev 1-ə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi qət edilmişdir. İş materiallarında olan AZ-İ No 356488 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X13 xx xxxxxx 2009-cu il tarixdə Bakı şəhərində vəfat etmişdir. Bu barədə Bakı şəhəri Qaradağ rayon Qeydiyyat şöbəsində ölüm haqqında akt qeydləri kitabında 09 nömrəsi ilə qeydiyyat aparılmışdır. İş materiallarında olan xx.xx.2012-ci il tarixli etibarnamənin surətindən görünür ki, X1 qəsəbəsi, massiv 1, ev 24B-nin özəlləşməsi ilə bağlı sənədləri toplayaraq dövlət reyestrinə təqdim etmək barədə İddiaçı etibarnamə vermişdir. İş materiallarında olan AZ-İ No 626858 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx xxxxxxx 2013-cü il tarixdə Bakı şəhərində vəfat etmişdir. Bu barədə Bakı şəhəri Qaradağ rayon Qeydiyyat şöbəsində ölüm haqqında akt qeydləri kitabında 501 nömrəsi ilə qeydiyyat aparılmışdır. İş materiallarında olan məişət tullantılarının daşınması üçün mədaxil qəbzlərinin, kommunal xidmətlərlə (işıq, su, telefon) bağlı ödəniş qəbzlərinin, torpaq və əmlak vergiləri üzrə tədiyyə bildirişinin surətlərindən aydın olur ki, qeyd olunan xərclər İddiaçı tərəfindən ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququsubyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 158.2-ci maddəsinə əsasən, əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Həmin Məcəllənin 1255-ci maddəsinə əsasən, qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. xx xxxxxxx 2009-cu ilədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsinə əsasən, icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. Məhkəmə, iş üzrə sübutlara əsasən müəyyən edir ki, cavabdeh 2003-cü ildən mübahisəli evdə formal olaraq qeydiyyatdadır, faktiki olaraq orada yaşamır. Cavabdeh evdə formal olaraq qeydiyyatda qaldığından, hazırda iddiaçı onun əvəzinə kommunal xidmətlərə görə xərc çəkir, bu da onun maddi vəziyyətini çətinləşdirir, eyni zamanda hüquqlarını məhdudlaşdırır. Məhkəmə iclasında həmçinin müəyyən edildi ki, cavabdehin qeyd olunan evdə qeydiyyatda qalması “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun tələblərinə də ziddir. Belə ki, həmin Qanunun 5-ci maddəsinə əsasən, yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət etməlidir. Ona görə də cavabdehin həmin evin yaşayış sahəsindən istifadə hüquqları itirilmiş hesab olunmalı və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinə əsasən cavabdeh həmin evdən qeydiyyatdan çıxarılmalıdır. Beləliklə, məhkəmə iş üzrə sübutlara məcmu halında hüquqi qiymət verərək və sadalanan hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsi, 1-ci Massiv, 1 saylı evə istifadə hüquqları itirilmiş hesab edilsin. Qətnamədən rəsmi qaydada verildyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : Fuad Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar