Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-1859/2021 17.06.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Gülnar İnqilab qızının sədrliyi, X5 qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Cavabdeh qarşı «mənzilə istifadə hüququna xitam verilməsi » tələbinə dair iddiası üzrə mülki işə Qaradağ rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Cavabdeh qarşı «mənzilə olan istifadə hüquqlarının itirilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddianı təmin edib, Cavabdeh Bakı şəhəri, Sahil qəsəbəsi, Əliyar Gülbabayev küçəsi, ev 30C, 26 saylı mənzilə olan istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş edirəm. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Sahil qəsəbəsi, Əliyar Gülbabayev küçəsi, ev 30C, 26 saylı mənzili (sahəsi 82,75 kv.metr olmaqla) 2006-cı ildə almışam. Mənzil yenitikilən binada yerləşir və 31 iyul 2019-cu il tarixdə verilmiş ********** saylı çıxarışa əsasən mənim şəxsi mülkiyyətimdədir. Mən bu mənzildə 2006-cı ildən bu günə qədər annam ilə birlikdə yaşayıram. Cavabdeh mənim doğma oğlumdur. O, 2020-ci ildən mənə məxsus mənzili tərk edərək ailə qurub və həmin vaxtdan da ailəsi ilə birlikdə köçüb Ukrayna Respublikasında yaşayır. Cavabdeh bir dəfə də olsun mənimlə, nənəsi ilə maraqlanmayıb, qeydiyyatda olduqu mənzilə gəlməyib. Cavabdehin mənzildə formal olaraq qeydiyyatda qalması ucbatından mən onun yerinə artıq kommunal xidmət xərcləri ödəyirəm. Özüm heç yerdə işləmirəm və bu səbəbdən artıq kommunal xərcləri ödəmək bizim üçün çətinlik yaradır. Eyni zamanda cavabdehin qeydiyyatda olması mənzil üzərində mənim mülkiyyət hüquqlarımın həyata keçirilməsinə maneçilik törədir və nəticədə bizim hüquqlarımız pozulur. Cavabdehə məxsus əmlak mənzildə yoxdur. Cavabdehin uzun müddət mənzildə yaşamamasını qonşular da təsdiq edə bilər. Qeyd olunan halların nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, oğlunun 2006-cı ildə qeydiyyata düşdüyünü, oğlunu bu evdən qeydiyyatdan çıxartmaq istəməsində məqsədi evi satmaq olduğunu, evi ipoteka ilə satdığını, bank isə oğlunun mütləq özünün burada olmasını istədiyini, oğlunun isə xarici ölkədə gəmidə olduğunu gələ bilmədiyini, hətta o biri oğlunun adına baş etibarnamə versə də, notariusda yazılmış yazılı ərizədə bank tərəfindən qəbul eidlmədi, nəticədə o evini sata bilmir, hüquqları pozulur, özünün başqa veinin də olduğunu, oğlunu ora qeydiyyata salmağa razı olsa da, yenə də oğlunun qeydiyyata çıxardılmaısna nail ola bilməmiş, bunun yalnız məhkəmə vasitəsilə mümkün olduğunu dediklərini bildirərək, bu halların nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh “vatsap” online video görüntü vasitəsilə məhkəmə ilə əlaqə saxlayaraq, iddiaçının onun anası olduğunu, 6 ildir ailəsi ilə birlikdə Kiyev şəhərində yaşadıqlarını, ailəsinin hazırda da orada yaşadığını, özünün isə gəmidə işlədiyini, işi ilə əlaqədar hazırda Çin Respublikasında gəmidə olduğunu, qardaşının adına baş etibarnamə veridyini, onunla onun qeydiyyatdan çıxarılmaısnın mümkün olduğunu bildiyini, lakin həmin etibarnamədə məhkəmə ilə bağlı səlahiyyətin də yazılmalı olduğunu bilmədiyini, gəmidə olduğundan isə yeni bir etibarnamə göndərə bilmədiyini, bu halların nəzərə alınaraq, evdən qeydiyyatdan çıxmağa, istifadə hüququna xitam verilməsinə razı olduğunu, heç bir kompensasiya tələbinin olmadığını qeyd edərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Sahil qəsəbəsi, Əliyar Gülbabayev küçəsi, ev 30C, 26 saylı mənzil xüsusi mülkiyyət kimi İddiaçı məxsus olmaqla, bu hüquq daşınmaz əmlakın dövlət reyestrində 31.07.2019-cu il tarixdə qeydiyyata alınmışdır. İş materiallarına əlavə olunmuş AR X2 ******* nömrəli arayışdan görünür ki, İddiaçı həqiqətən Bakı şəhəri, Sahil qəsəbəsi, Əliyar Gülbabayev küçəsi, ev 30C, 26 saylı mənzildə yaşayır və mənzilin mülkiyyətçisidir. Cavabdeh həmin mənzildə qeydiyyatdadır. İş materiallarına əlavə olunmuş X3, X4, X6 oğlu tərəfindən tərtib edilən 24.05.2021-ci il tarixli aktdan görünür ki, Cavabdeh həqiqətən Bakı şəhəri, Sahil qəsəbəsi, Əliyar Gülbabayev küçəsi, ev 30C, 26 saylı mənzildə uzun müddətdir yaşamır. Göründüyü kimi tərəflər arasında mövcud mübahisənin predmeti qismində mənzilə olan istifadə hüququna xitam verilməsi ilə bağlı hüquq münasibətləri təşkil edir. Məhkəmə ilk növbədə onu qeyd etməyi zəruri hesab edir ki, hazırki mülki iş üzrə tərəflrə arasında yaranmış mübahisəli hüquq münasibətləri məhz Mülki Məcəllənin 228-ci maddəsinin normaları əsasında həll edilməlidir. Belə ki, Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli qərarına əsasən, 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. İşin mübahisəsiz hallarından görünür ki, cavabdeh mübahisə predmeti olan mənzildə 2006-ci il tarixdə qeydiyyata düşdüyündən, iddiaçının oğlu olmaqla, onun ailə üzvi qismində çıxış etdiyindən, Konstitusiya Məhkəməsinin yuxarıda qeyd olunan qərarına uyğun olaraq hazırki mübahisə üzrə qeyd edilən cavabdehin mənzilə dair istifadə hüququna malik olub-olmaması məsələsi Mülki Məcələllənin 228.5-ci maddəsinin normalarına uyğun həll edilməlidir. Məhkəmə hazırki iş üzrə aşağıdakı bir sıra hüquq normalarının qeyd olunmasını zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin İ və İİ bəndlərinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azaldıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən «hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz». “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 17-ci maddəsinə əsasən,hər bir insan təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşınalıqla məhrum edilməməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi “Sporroq və Lonnrotun İsveçrəyə qarşı” məhkəmə işində belə bir hüquqi mövqe müəyyən etmişdir ki, Konversiyanın 1 saylı Protokolunun 1-ci maddəsi özündə 1) mülkiyyətçinin öz mülkiyyətindən maneəsiz istifadə prinsipi, 2) mülkiyyətindən məhrumetmənin yolverilməzliyi, 3) mülkiyyətdən istifadəyə nəzarəti itirmənin qadağan edilməsi imkanlarını ehtiva edir. «F.Ə.Hüseynov və A.Ə.Qasımovun şikayətləri ilə əlaqədar məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstiutsiyasının və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19.11.2004-cü il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu şikayətlərlə bağlı qeyd edir ki, mülkiyyət hüququnun tam həcmdə müdafiəsi hüquqi dövlətə xas olan ali dəyərlərdən biri kimi qiymətləndirilir. Azərbaycan Respublikası Konstiutsiyası bu hüququ təsbit etməklə onun effektiv vasitələrlə təmin olunmasına zəmanət verir. Məhz buna görə də mülkiyyət hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında göstərilmişdir. Bu hüquqi mövqelərə əsaslanaraq qeyd olunmalıdır ki, yaşayış sahəsinə mülkiyyət hüququnun qanunverici tərəfindən tənzimlənməsi yaşayış sahəsinin mülkiyyətçisinin ailə üzvləri də daxil olmaqla müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir. Bu konstitusiya məqsədinə çatmaq üçün belə tənzimləmə həm də məhkəmələr tərəfindən konkret işin faktiki hallarının müəyyənləşdirilməsi və araşdırılması, bu halların əsasında yaranan və ya yarana biləcək müxtəlif halların nəzərə alınması və nəticə etibarilə konstitusiya hüquq və azadlıqlarının əsassız və həddən artıq məhdudlaşdırılmaması məqsədilə differensasiyalaşdırılmış (fərqli) yanaşmanın tətbiq edilməsini mümkün etməlidir. Bundan əlavə, müvafiq hüquq münasibətlərinin iştirakçılarının maraqlarının ədalətli və ağlabatan tarazlaşdırılması qüvvədə olan hüquqi tənzimetmə sisteminin əsasında, bütün hüquq sahələrinin normaları nəzərə alınmaqla həyata keçirilməlidir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” 8 oktyabr 2013-cü il tarixli Qərarı). Göstərilən qanunvericilik normalarının tələblərini rəhbər tutmaqla qeyd olunur ki, mülkiyyət hüququ insana məxsus təbii və fundamental hüquq olmaqla dövlətin maddi əsasını təşkil edən təməl elementlərdən biridir və Azərbaycan Respublikasının qanunvericiliyi ilə qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər Həmin Məcəllənin 228.4-cü maddəsinə əsasən yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir. Həmin Məcəllənin 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Qanunvericiliyin qeyd olunan normalarının təhlilindən aydın olur ki, mülkiyyətçinin onunla birgə yaşayan ailə üzvlərinin, yəni mülkiyyətçinin əri (arvadı), valideynləri və uşaqlarının müvafiq yaşayış sahəsinə dair mülkiyyətçi ilə bərabər istifadə hüququ yaranır və bu hüququn yaranmasının əsasında onlar arasında mövcud olan etibarlı ailə əlaqələri çıxış edir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, NƏ.Gülbabayev küçəsi ev 30C mənzil 26 xüsusi mülkiyyət hüququ əsasında İddiaçı məxsus olmaqla, həmin hüquq 31.07.2019-cu il tarixdə müvafiq qaydada dövlət qeydiyyatına alınmışdır. Həmçinin, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh iddiaçının oğlu olmaqla, 2006-ci il tarixdən həmin mənzildə pasport qeydiyyatındadır və həmin mənzildə yaşamış, 6 ildir ailəsi ilə birlikdə həmin mənzili daimi tərk etmişdir. Qeyd edilən hallar hər iki tərəf təsdiq etməklə, həmin hallar işin mübahisəsiz hallarıdır. Bu halda, məhkəmə mülki qnaunvericiliyin tələbini əsas götürərək, hesab edir ki, cavabdeh iddiaçının oğlu olmaqla, onun ailə üzvi qismində çıxış etdiyindən və onunla birgə həmin mənzildə yaşadığından onun həmin mənzilə diar istifadə hüququ yaranmışdır. Həmçinin, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdeh iddia tələbini qəbul edərək, hər hansı kompensasiya tələbi olmadan mənzilə dair sitifadə hüquqlarına xitam verilməsinə razı olduğunu bildirmişdir. Bu halda, məhkəmə qeyd edilən halları əsas götürərək, hesab edir ki, iddia tələbi əsaslı olmaqla, təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Həmin Məcəllənin 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, cavabdeh Cavabdeh İddiaçı məxsus olan Bakı şəhəri, Sahil qəsəbəsi, Əliyar Gülbabayev küçəsi, ev 30C, 26 saylı mənzilinə dair istifadə hüquqlarına xitam verilməli, ödənilmiş 10 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh Cavabdeh İddiaçı məxsus olan Bakı şəhəri, Sahil qəsəbəsi, Əliyar Gülbabayev küçəsi, ev 30C, 26 saylı mənzilinə dair istifadə hüquqlarına xitam verilsin. Ödənilmiş 10 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilsin. Qətnamədən, qətnamənin tərəfə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Gülnar Əhmədova
Məhkəmə qərarları › İş №2(002)-1859/2021
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-1859/2021
17.06.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver