Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-187/2021 09.03.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «paylı mülkiyyətdə olan mənzilin tərəflərin paylarına uyğun naturada ayrılması, bu mümkün olmadıqda, mənzilin açıq hərrac vasitəsi ilə satılaraq paylara mütənasib surətdə pulun bölünməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «paylı mülkiyyətdə olan mənzilin tərəflərin paylarına uyğun naturada ayrılması, bu mümkün olmadıqda, mənzilin açıq hərrac vasitəsi ilə satılaraq paylara mütənasib surətdə pulun bölünməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi S.Orucov küçəsi 15 saylı evin 9 saylı mənzilinin onun payına məxsus 1/3 hissəyə uyğun olaraq naturada ayrılması, bu mümkün olmadıqda mənzilin açıq hərrac vasitəsi ilə satılması və satışdan əldə olunan məbləğin 1/3 hissəsində pulun ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi S.Orucov küçəsi 15 saylı evin 9 saylı mənzili mərhum atası Novruzəli Bəyəli oğluna məxsus olmuşdur. Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 13 dekabr 2019-cu il tarixli 2(002)-2647/2019 saylı qətnaməsi əsasında mübahisəli mənzilə dair onun 1/3 hissədə vərəsəlik payı müəyyən edilmişdir. 13 fevral 2020-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrindən Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi S.Orucov küçəsi 15 saylı evin 9 saylı mənzili 1/3 hissədə onun adına qeydiyyatdan keçmişdir. Hazırda o, mübahisəli mənzildə paylı mülkiyyətçisi olsa da, faktiki olaraq həmin mənzildə cavabdeh olan qardaşı ailə üzvləri ilə birlikdə yaşayır, onun mənzildən istifadə etməsinə imkan vermir. Nəticədə onun mənzildən istifadə hüququ faktiki olaraq pozulur. Onun miras əmlaka paylı mülkiyyətçisi olsa da, faktiki olaraq öz payından istifadə edə bilmir. Belə ki, mübahisəli mənzildən cavabdeh istifadə etməklə onu mənzilə yaxın buraxmırlar. Hazırda mübahisəli mənzilin 1/3 hissəsi onun mülkiyyətindədir. Mülki Məcəllənin 220.3, 220.4, 220.5, 220.6-cı maddələrinə və Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsinin 04.04.2014-cü il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə istinad edən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Cavabdeh məhkəməyə ərizə təqdim edərək, qeyd etdi ki, mülki iş 15 sentyabr 2020ci il tarixdən məhkəmənin icraatındadır. İddiaçı heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlmir. Bu səbəbdən, mülki işə iddiaçının iştirakı olmadan baxılmasını və yekun məhkəmə qərarının çıxarılmasını xahiş etdi. Məhkəmə qeyd olunan ərizəni nəzərə alaraq, mülki işə İddiaçı iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclasında iddianı qəbul etmədi və məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 13.12.2019-cu il tarixli, 2(002)-2647/2019 saylı qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh qarşı «vəsiyyətnamə üzrə daşınmaz əmlaka olan vərəsəlik payının müəyyən edilməsi» tələbinə dair iddiası təmin edilmiş, İddiaçı atası Novruzəli Bəyəli oğlundan vəsiyyətnamə üzrə miras qalmış Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi S.Orucov küçəsi 15 saylı evin 9 saylı mənzilinə dair 1/3 hissədə vərəsəlik payı müəyyən edilmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin müvafiq ərazi idarəsi tərəfindən verilmiş 13 fevral 2020-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi S.Orucov küçəsi 15 saylı evin 9 saylı mənzili 1/3 hissədə paylı mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmişdir. Mülki Məcəlləyə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər (220.1). Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər (220.2). Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir (220.3). Bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər (220.4). Mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir (220.5). Bu Məcəllənin 220.3- 220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər (220.6). Göründüyü kimi, mülki qanunvericilik paylı mülkiyyətin bölünməsi ardıcıllığının imperativ qaydasını müəyyən etmiş və bunu riayət olunması zəruri olan bir neçə mərhələyə ayırmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 04.04.2014-cü il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə əmlakın açıq hərracdan satılaraq bölünməsindən əvvəl Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl edilməlidir. Həmin qaydalar paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılmasının mərhələli formada tənzimlənməsini nəzərdə tutur. İlk növbədə, əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Məhkəmə Mülki Məcəllənin 220-ci maddəsinin tələblərini və Konstitusiya Məhkəməsinin həmin maddə ilə bağlı hüquqi mövqelərini nəzərə alaraq hesab edir ki, qanunvericilik paylı mülkiyyətin bölünməsi mərhələlərinin mülkiyyətçilərlə bir icraat çərçivəsində müzakirə edilməsini istisna etmir. Sadəcə qanunun tələbi ondan ibarətdir ki, hər bir növbəti mərhələ üzrə tələbin təmin olunması üçün həmin icraat çərçivəsində daha əvvəlki mərhələlərin qeyri-mümkün olduğu müəyyən edilməlidir. Hazırki iş üzrə tərəflərin ümumi mülkiyyətində olan mübahisəli mənzilə payları müəyyən edilmişdir. İşin məhkəmə baxışı zamanı təyin edilmiş məhkəmə tikinti texniki ekspertizası ilə mənzilin real bölgüsünün texniki cəhətdən mümkün olmadığı müəyyən edilmişdir. Belə ki, iş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 23 fevral 2021-ci il tarixli 10/3506 saylı ekspert rəyindən göründüyü kimi, Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi S.Orucov küçəsi 15 saylı yaşayış evinin 9 saylı mənzilinin İddiaçı payına düşən 1/3 paya uyğun olaraq təcrid mənzillər şəklində bölünməsi, İnşaat Norma və Qaydaları 2.08.01.89-un 1.1, 2.1, 2.2, 2.4, 2.7, 2.9 bəndlərinin və metodik tövsiyənin tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkün deyildir. Ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. Göründüyü kimi, iddia - paylı mülkiyyətdə olan mənzilin tərəflərin paylarına uyğun naturada ayrılması tələbinə dair hissədə təmin edilə bilməz. İddia tələbinin digər hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, işin faktiki hallarından göründüyü kimi, iddiaçının payının dəyərinin cavabdeh tərəfindən ona ödənilməsi təklifi edilməmişdir. İddiaçı bu cür təklifin cavabdehə verilməsini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Göründüyü kimi, ayrılan mülkiyyətçinin payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçisi tərəfindən ona ödənilməsinin qeyri-mümkün olduğu hazırda müəyyən edilmir. Bu baxımdan, paylı mülkiyyətin açıq hərracda satılaraq satış pulunun paylara uyğun bölünməsi barədə iddia tələbi hazırda əsassızdır və təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı «paylı mülkiyyətdə olan mənzilin tərəflərin paylarına uyğun naturada ayrılması, bu mümkün olmadıqda, mənzilin açıq hərrac vasitəsi ilə satılaraq paylara mütənasib surətdə pulun bölünməsi» tələbinə dair iddiası rədd edilməlidir. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. 100 manat ekspertiza xərci İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesaba ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı «paylı mülkiyyətdə olan mənzilin tərəflərin paylarına uyğun naturada ayrılması, bu mümkün olmadıqda, mənzilin açıq hərrac vasitəsi ilə satılaraq paylara mütənasib surətdə pulun bölünməsi» tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. 100 manat ekspertiza xərci İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesaba ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim:Kamran Əsədov
Məhkəmə qərarları › İş №2(002)-187/2021
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-187/2021
09.03.2021 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver