Məhkəmə qərarları › İş №2(002)-1884/2024

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-1884/2024

15.08.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-1884/2024 15.08.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, İddiaçı X1, İddiaçının nümayəndəsi və vəkili X3 iştirakı ilə, İddiaçı X1 cavabdehlər Cavabdeh1, Cavabdeh2, X11 və X9 qarşı «mənzildən çıxarılma» tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X4 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X11 qarşı «mənzildən çıxarılma» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X10 ona məxsus ünvan 1 ünvanda yerləşən 26 saylı mənzilindən çıxarılmaları və mənzilin boşaldılaraq ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan, iddiaçı X4 Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, X10 və X6 ona məxsus ünvan 1 ünvanda yerləşən 26 saylı mənzilindən çıxarılmaları və mənzilin boşaldılaraq ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı X4 iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, xx.xx.1978-ci il tarixdən Neftçilər xəstəxanasında işləmiş və ev növbəsində olmuşdur. Ailə tərkibi böyük olduğu üçün 5 otaqlı mənzil veriləndə çox sevinmişdir ki, nəhayət o, ailə üzvləri ilə rahat yaşaya biləcək. Xətai rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1993-cü il tarixli Sərəncamı (iş yeri üzrə mənzil verilməsi haqqında) ilə ona 5 nəfər ailə üzvü ilə birlikdə (özü, 4 övladı) Lökbatan qəsəbəsi Cənub hissə 4 nömrəli evin 3-cü giriş 3-cü mərtəbəsində sahəsi 59,39 m2 olan 5 otaqlı 26 nömrəli mənzil verilmişdir. Məlum hadisələrlə əlaqədar ona məxsus mənzil Füzuli şəhərindən gəlmiş məcburi köçkün olan yuxarıda qeyd etdiyi cavabdehlər tərəfindən zəbt edilmişdir və cavabdehlər hal-hazırda da mübahisəli mənzildə yaşayırlar. Məlum hadisələrlə əlaqədar məcburi köçkünlərin vəziyyətini başa düşərək uzun müddət sonuncuların ona məxsus mənzildə yaşamasına dözsə də, artıq özlərinin də vəziyyəti yaxşı olmadığından və cox hörmətli dövlət başçısının davamlı olaraq məcburi köçkünlərin həyat, mənzil-məişət şəraitinin yaxşılaşdınlması istiqamətində gördüyü tədbirləri, məcburi köçkünlərin mənzillə təmin olunmasını nəzərə alaraq hesab edir ki, sonuncular ona məxsus mənzildən çıxarılmalıdırlar. Mübahisəli mənzil qanuni əsaslarla ona verilsə də, o, uzun illərdi mənzildən istifadə edə bilmir. Cavabdehlər isə ona məxsus mənzildə heç bir hüquqi əsas olmadan yaşayırlar. Həmin dövrdə mübahisəli mənzilə dair adına müvafiq qeydiyyat şəhadətnaməsi almaq istəsə də, mənzildə məcburi köçkünlər yaşadığından əlavə problemlərin yaranmaması üçün onlara şəhadətnamə verilməsini təxirə salmışlar. Buna görə də hesab edir ki, mənzilə dair hüquqları hələlik daşınmaz əmlakın dövlət reyesterində qeydə alınmasa belə, hamin mənzil tam qanuni əsaslarla ona verildiyindən, həmin mənzilə olan hüquqları «qanuni gözləntiyə» malik hüquqdur. Mübahisəli mənzil müvafiq qaydada dövlət reyestrində qeydə alınmasa belə məlum Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin təsiri altına düşür və onun mülkiyyəti hesab olunur. Bu səbəbdən, iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İş üzrə cavabdeh X13 yetkinlik yaşına çatmadığına görə Cavabdeh1 onun qanuni nümayəndəsi kimi işə cəlb edilmişdir. İddiaçı X4 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçının nümayəndəsi və vəkili X5 məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddiaçının izahatına əlavəsinin olmadığını bildirdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehlər məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehlər Cavabdeh1, Cavabdeh2, X10 və X6 iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının və iddiaçının nümayəndəsinin izahatlarını dinləyib, mülki iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Xətai rayon İcra Hakimiyyəti başçısının 13 aprel 1993-cü il tarixli m618 saylı sərəncamından görünür ki, X2 ailə üzvləri (övladları) ilə birlikdə Lökbatan qəsəbəsi Cənub hissə 4 nömrəli evin 3-cü giriş 3-cü mərtəbəsində sahəsi 59,38 m2 olan 5 otaqlı 26 nömrəli mənzilin verilməsi haqqında Neft Kəşfiyyatçılarının birləşmiş xəstəxanasının müdiriyyəti və HK-nın xx.xx.1993-cü il tarixli 8 nömrəli birgə protokolu təsdiq edilmiş, ona order verilməsi, orderə özünün və övladlarının adlarının daxil edilməsi qərara alınmışdır. 1125 saylı MKİS tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, X4 xx.xx.1993-cü il tarixli m618 saylı sərəncama əsasən Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi 1594-cü keçid, 32 saylı evin 26 saylı mənzilinin sahibi olsa da, həmin mənzildə yaşamır. Mənzil Füzuli şəhərindən gəlmiş məcburi köçkünlər Cavabdeh1 və onun ailə üzvləri tərəfindən zəbt olunmuşdur. Mənzildə pasport qeydiyyatında heç kim yoxdur. Göründüyü kimi, hazırkı iş üzrə cavabdehlər Füzuli rayonundan məcburi köçkün olmaqla, iddiaçıya ailə üzvləri ilə verilmiş mənzil üzərində hər hansı hüquqları yoxdur, iddiaçının ailə üzvü deyillər, özbaşına olaraq mənzilə köçməklə, mənzili zəbt etmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin olan mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən «hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Maddi nemətlərin fərdi mənsubiyyətini təsbit edən mülkiyyət hüququ Azərbaycan Respublikası Konstitusiyasında (13 və 29-cu maddələr) və ölkəmizin qoşulduğu beynəlxalq-hüquqi aktlarda (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsi, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya 1 saylı əlavə protokolun 1-ci maddəsi və s.) nəzərdə tutulmuş fundamental insan hüquqları sırasında mühüm yer tutur. Mülkiyyət hüququ hamılıqla qəbul edilmiş ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl daşlarından biri hesab edilir. Yuxarıda qeyd olunan qanunvericilik müddəalarının mənasına görə mülkiyyət hüququ təbiət etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlak hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Bundan əlavə, «F.Ə.Hüseynov və A.Ə.Qasımovun şikayətləri ilə əlaqədar məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstiutsiyasının və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2004-cü il tarixli Qərarında qeyd edilir ki, mülkiyyət hüququnun tam həcmdə müdafiəsi hüquqi dövlətə xas olan ali dəyərlərdən biri kimi qiymətləndirilir. Azərbaycan Respublikası Konstiutsiyası bu hüququ təsbit etməklə onun effektiv vasitələrlə təmin olunmasına zəmanət verir. Məhz buna görə də mülkiyyət hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında göstərilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 33-cü maddəsinin 2-ci hissəsinə əsasən, qanunla müəyyən edilmiş halla və ya məhkəmə qərarı istisna olmaqla, mənzildə yaşayanların iradəsi ziddinə heç kəs mənzilə daxil ola bilməz. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı» insan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və insan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının iştirakçısı və onu ratifikasiya etmiş dövlət kimi 2002-ci ilin aprel ayının 15-dən konvensiya və onun protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiyyətini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr Konvensiya müddəalarını rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgənin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 158.1-ci maddəsinə əsasən, əmlakdan istifadə hüququ mülkiyyət hüququ ilə yanaşı əmlak hüququ sayılır. 17 iyun 1999-cu il tarixli Qaçqınların və Məcburi Köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) haqqında Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən qaçqın və məcburi köçkünün müvəqqəti və ya daimi yaşayış sahəsi ilə təmin edilməsi mövcud qanunvericiliklə müəyyən edilmiş Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən, məcburi köçkünlərin məskunlaşdırılması müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabineti, Qaçqınların və X8 üzrə Dövlət Komitəsi və yerli icra hakimyyəti orqanları öz səlahiyyətləri daxilində, məskunlaşdırma məqsədi ilə yaşayış üçün yararlı olan və ya yararlı hala salınmışq salınması mümkün olan yaşayış, inzibati və yardımçı binalardan, habelə digər binalardan istifadə edilir. Məcburi köçkünləri belə binalarda məskunlaşdırmaq mümkün olmadıqda və ya müəyyən yaşayış məntəqələrində əhali sıxlığı buna imkan vermədikdə onlar məcburi köçkünlər üçün xüsusi olaraq təşkil edilmiş düşərgələrdə məskunlaşdırılırlar. Məcburi köçkünlərin müstəqil olaraq müvəqqəti məskunlaşmasına o halda yol verilə bilər ki, bu digər şəxslərin hüquqlarını və qanuni maraqlarını pozmasın. Belə hallar mövcud olduqda müvafiq icra hakimiyyəti orqanları məcburi köçkünlərin həmin yaşayış məntəqəsi daxilində başqa yaşayış sahəsinə köçürülməsini təmin etməlidir. İşin faktiki hallarından göründüyü kimi, cavabdehlər müstəqil olaraq müvəqqəti məskunlaşmamışlar, işğal faktı baş verən vaxtdan sonra uzun illər ərzində həmin mənzili zəbt etmişlər və iddiaçının hüquqları və qanuni maraqları pozulmuşdur. Cavabdehlərin məcburi köçkün olub-olmaması, məcburi köçündürlərsə hansı ərazi üzrə qeydiyyatda olmaları, Füzuli rayonundan məcburi köçkün düşərkən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müvəqqəti evlə təmin olunub-olunmamalarına dair sübutlar məhkəməyə təqdim olunmamışdır. Göründüyü kimi, iddiaçıya verilmiş mənzil cavabdehlər tərəfindən zəbt olunmuşdur və iddiaçının hüquqları davamlı şəkildə pozulur. Bu səbəbdən, iddia əsaslı olmaqla təmin edilməlidir. Ödəniş qəbzindən göründüyü kimi, məhkəməyə iddia ərizəsi təqdim olunması üçün iddiaçı tərəfindən 100 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2, X14 və X13 iddiaçı X2 verilmiş ünvan 1 ünvanda yerləşən 26 saylı mənzildən çıxarılmalı, mənzil boşaldılaraq iddiaçıya təhvil verilməlidir. Ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, X14 və X13 iddiaçı X2 verilmiş ünvan 1 ünvanda yerləşən 26 saylı mənzildən çıxarılsınlar. ünvan 1 ünvanda yerləşən 26 saylı mənzil boşaldılaraq iddiaçıya təhvil verilsin. Ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə («Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Kamran Əsədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar