Məhkəmə qərarları › İş №2(002)-1886/2024

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-1886/2024

29.10.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - İş stajı faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-1886/2024 29.10.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Aslanova Gülnar Faiq qızının sədrliyi, X5 oğlunun katibliyi, Ərizəçi, Maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə mübahisələri ilə iş üzrə Mərkəzi Filialının nümayəndəsi Nümayəndə iştirakı ilə, Ərizəçi «iş stajının müəyyən edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi Ərizəçinin tələbi

1. Ərizəçi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində DSMF-in X7 Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialını maraqlı şəxs qismində qeyd etməklə məhkəməyə müraciət edərək, onun 01 yanvar 1990-cı il tarixdən 1993-cü ilin avqust ayınadək Cəbrayıl rayonunda yerləşən “Cəfər Cabbarlı adına” soxvozda işləməyi hüquqi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Ərizə bununla əsaslandırılmışdır ki, o xx.xx.1952-ci il tarixdə Cəbrayıl rayonunda anadan olmuş və ona yaşa görə əmək pensiyası təyin edilmişdir. Qeyd olunmalıdır ki, o 1969cu ildən əmək fəaliyyətinə başlamış və 1969-cu ildə kolxoza üzv qəbul edilmişdir. Fasiləsiz olaraq Cəbrayıl rayonu işğal olunanadək, 1993-cü ilin avqust ayınadək Cəfər Cababrlı adına sovxozda işləmişdir. 1993-cü ildə məlum hadisələrlə bağlı məcburi köçkün düşmüşlər. Bu səbəbdən 1990-cı ildən 1993-cü ilin avqust aymadək olan müddətdə işlədiyi illər əmək kitabçasında yazılmamışdır. O Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına ərizə ilə müraciət edərək təyin edilmiş əmək pensiyasının yenidən hesablanaraq həmin illərin də iş stajına hesablanmasını xahiş etmiş, verilmiş cavabda əmək pensiyasının məbləği xx.xx.2021-cı il tarixindən 361,02 manata, xx.xx.2022-ci il tarixindən 373,30 manata çatdırılmışdır. Eyni zamanda Qanunun 37.3.1-ci maddəsinə əsasən xx.xx.2022-ci il tarixində işdən azad olduğu üçün xx.xx.2017-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış 1786,32 manat pensiya kapitalı əsasında ərmək pensiyanın məbləği yenidən hesablanaraq xx.xx.2022-ci il tarixindən 398,11 manat müəyyən edilmişdir. Əmək pensiyasının məbləği xx.xx.2023-cü tarixindən 414,77 manata (398,11+16,66-414,77), eyni zamanda Qanunun 29.1-0 maddəsinə uyğun indeksləşdirilərək həmin tarixdən 475,74 manata çatdırılmışdır. Əlavə olaraq bildirir ki, xx.xx.2022-ci il tarixindən xx.xx.2023-cü il tarixinədək fərdi hesabının sığorta hissəsində 40,78 manat pensiya kapitalının qeydə alınmasına baxmayaraq sözügedən dövrdə əmək müqaviləsi və aktiv vergi uçotu qeydə alınmadığından həmin kapital əsasında pensiya məbləğininin yenidən hesablanması mümkün olmamışdır. Qanunun 39.1-ci maddəsinə əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Məlumat üçün bildirir ki, xx.xx.2023-cü il tarixli müraciətinin araşdırılması zamanı məlum olmuşdur ki, ilkin təyinat zamanı xx.xx.2006-cı il tarixinədək faktiki sığorta stajı 31 il 1 ay 19 gün olduğu halda 39 il nəzərə alınaraq hesablanmışdır. Bu səbəbdən Qanunun 39.1-ci maddəsi tətbiq edilməklə əmək pensiyasının məbləğində xx.xx.2020-ci il tarixindən (xx.xx.2023-cü il tarixli müraciətinizdən əvvəlki 3 nəzərə alınmaqla) xx.xx.2023-cü il tarixinədək artıq ödəmə müəyyən edilməsi göstərilmişdir. Cəbrayıl rayonu həmin vaxt işğal olunduğundan arxiv məlumatları əldə etmək mümkün deyildir. Həmin tarixlərdə iş stajımın bərpa edilməsi onun gələcəkdə sosial hüquqlarının həyata keçirilməsi, əmək pensiyasının yenidən hesablanması üçün vacibdir. Qeyd olunan halların nəzərə alınaraq iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir.

3. Ərizənin hüququ əsası kimi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1, 308, 309-cu maddələrinə istinad etmişdir. Etiraz

4. Maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində DSMF-in X7 Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının nümayəndəsi Nümayəndə iddia tələbinə yazılı etiraz verərək iddianın rədd edilməsini xahiş etmişdir.

5. Etiraz belə əsaslandırılmışdır ki, Ərizəçi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına müraciət etmişdir. Lakin Ərizəçi müraciəti ilə əlaqədar aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, ilkin təyinat zamanı xx.xx.2006cı il tarixədək faktiki sığorta stajı 31 il 1 ay 19 gün olduğu halda 39 il nəzərə alınaraq hesablanmışdır. Bu səbəbdən Qanunun 39.1-ci maddəsi tətbiq edilməklə əmək pensiyasının məbləğində xx.xx.2020-cİ İl tarixdə (xx.xx.2023-cü il tarixli müraciətindən əvvəlki 3 il nəzərə alınmaqla) xx.xx.2023-cü tarixədək artıqödəmə müəyyən edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 1.2-cİ bəndinə əsasən Hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Sözügedən qərarın 13.4-cü bəndinə əsasən "əmək stajı məhkəmə qaydasında müəyyən edilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinin tələblərinə əsasən yalnız ərizəçinin tələblərini müəyyən edən faktlarla və -allarla əlaqədar olan sübutlar qəbul edilib nəzərə alınmalı, yazılı sübutların olub- clmamasına, ifadə verən şahidlərin ərizəçi ilə eyni müəssisə yə ya təşkilatda birlikdə sləməsinin zəruri sübutlarla (məsələn, əmək kitabçası ilə) təsdiq edilib-edilməməsinə xüsusi diqqət yetirilməlidir. 2) Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli Qəran ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə" Əsasnamənin 17-ci bəndinə əsasən İş stajı barədə sənədlər olmadıqda və idarə, təşkilat və müəssisənin tam ləğvi ilə əlaqədar olaraq, yaxud həmin əsasnamənin 16-cı bəndində göstərilən səbəblərdən başqa digər səbəblər üzündən arxiv sənədlərinin saxlanılmamağı "əticəsində onlan almaq mümkün olmadıqda, pensiya təyin edilməsi üçün çatışmayan iş stajı ərizəçini bir idarə, müəssisə, təşkilat, kolxoz və ya sistemdə birgə işdən tanıyan və ərizəçinin işini təsdiq etdikləri müddətdə özlərinin işləmələri barədə sənədləri olan iki nəfərdən az olmayaraq şahidlərin ifadələrinə əsasən müəyyən edilir. Həmçinin həmin Əsasnamənin 17-ci bəndində qeyd edilir ki. şahid ifadələrinə əsasən müəyyən olunan əmək stajı dövrü bu hallarda pensiya təyinatı üçün tələb olunan iş stajının yarısından artıq ola bilməz (o cümlədən, imtiyazlı şərtlərlə). Normativ sənədin də məzmunundan göründüyü kimi şahidlər ərizəçini birgə işdən tanımalı (eyni dövrdə işləməli) və ərizəçidən fərqli olaraq, iddia olunan müddətlər ərzində özlərinin (şahidlərin) İşləmələri barədə sənədləri olmalıdır. Bu müddəa Bildiririk ki, Ərizəçi məxsus № ******* nömrəli əmək kitabçasında Cəbrayıl rayonunda yerləşən "Cəfər Cabbarlı adına” sovxozda işlədiyi illər üzrə müvafiq qeydlər mövcud deyildir. Həmçinin işlədiyi "X2 Zavodu (AMAKA)” tərəfindən əmək kitabçasında "Əmək kitabçası açılan günə kimi heç bir yerdə işləməmişdir” kimi qeydi aparılmış və möhürlə təsdiq edilmişdir. Bundan sonra xx.xx.1993-cü il tarixdən "X2 Zavodunda (AMAKA11 saylı sexə 2-ci dərəcəli ştamplayıcı vəzifəsinə qəbul edilməsi barədə qeydi vardır. Odur ki, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş edir.

6. Qarşılıqlı iddia ərizəsi verilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları

7. Ərizəçi məhkəmə baxış iclasında ərizəni müdafiə edərək bildirdi ki, özü texnikum bitirmişdir. 1978-1990-cı illərdə C.Cabbarlı adına zavodda mühasib işləmişdir. 3 il staj müddəti diqqətsizlik və müharibə olması ucbatından qeyd edilməyib. Əmək kitabçasında olan möhürdə “heç bir yerdə işləməyib” cümləsi səhvən yazılıb. O zaman vəziyyət çətin olduğuna görə həmin səhvi düzəldə bilməmişdir. 01 yanvar 1990-cı il tarixdən 1993-cü il avqust ayınadək Cəbrayıl rayonunda yerləşən “Cəfər Cabbarlı adına” sovxozda çalışmış, daha sonra Kosmik Cihazqayırma zavodunda işləmişdir. Hazırda 529 manat təqaüd alır. Göstərilənlərə əsasən, ərizənin təmin edilməsini xahiş etmişdir.

8. Maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə mübahisələri ilə iş üzrə Mərkəzi Filialının nümayəndəsi Nümayəndə məhkəmə iclasında iştirak edərək, etiraz ərizəsini müdafiə etdiyini, ərizəçinin əmək kitabçasında olan möhürdə ərizəçinin heç bir yerdə işləmədiyinin qeyd edildiyini, 3 il stajın təsdiqlənməsi halında belə ərizəçinin peniyasında 3-5 manat artım olacağını, ərizəçinin iş stajı əvvəl 39 il olaraq qeyd edildiyini bildirmiş və iddianın rədd edilməsini xahiş etmişdir. Prosesin digər iştirakçılarının ifadələri

9. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifadə verərək bildirdi ki, Nazilə ilə birlikdə Cəbrayıl rayonunda yerləşən “Cəfər Cabbarlı adına” sovxozda işləmişdir. Orada 18 yaşından rayondan məcburi köçkün olana qədər fəhlə işləmişdir. Hər il üç bacı 45 ton üzüm yığırdılar. Nazilə həmin sovxozda mühasib işləyib. Sovxozdan başqa heç bir yerdə işləməmişdir. Onun da əmək kitabçası yoxdur. Məcburi köçkün olduğuna görə əmək kitabçası almağı ilə maraqlana bilmədi.

10. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadə verərək bildirdi ki, 1971-ci ildən 15 avqust 1993-cü ilə qədər Cəbrayıl rayonunda yerləşən “Cəfər Cabbarlı adına” sovxozda iqtisadçı işləmişdir. 1990-cı ildə həmin sovxoz kolxoza çevrildi. İddiaçı həmin sovxozda 1990-1993-cü illərdə mühasib işləyib. Rayon işğal olunduğuna görə heç biri əmək kitabçalarını və digər sənədlərini ala bilmədilər. Onun da əmək kitabçası yoxdur. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:

11. 9.1-ci maddəsinə əsasən, ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir.

12. 9.3-cü maddəsinə əsasən, hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır.

13. 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;

14. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

15. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;

16. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.

17. 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

18. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

19. 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

20. 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir.

21. 309.1-ci maddəsinə əsasən, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir.

22. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təstiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın.

23. 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin:

24. 87-ci maddəsinə əsasən, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun:

25. 21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin Qanunun 23.2-ci maddəsinə əsasən, 1992-ci ilin yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 11 dekabr 2017-ci tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları"nın:

26. 3.2-ci bəndinə görə, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası əsasında müəyyən edilir. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Kollegiyasının 2007-ci il 24 sentyabr tarixli, 6 nömrəli qərarı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin olunması üçün sosial sığorta stajının müəyyən edilməsi və hesablanması qaydalarının 2.5-ci maddəsinə əsasən əmək fəaliyyəti barəsində sənədlər üzürlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və ya həmin sənədləri bərpa etmək mümkün olmadıqda sığortaolunanların (o cümlədən, qaçqın və məcburi köçkünlərin) sosial sığorta stajı məhkəmə qaydasında müəyyən edilir. Hazırda məhkəmələr tərəfindən yuxarıda qeyd olunan qaydalara əsasən əmək fəaliyyəti barəsində sənədlər üzürlü səbəbdən təqdim edilə bilmədikdə və ya həmin sənədləri bərpa etmək mümkün olmadıqda sosial sığorta stajı ən azı iki şahidin ifadələrinə əsasən və onların iddia edilən dövrdə göstərilən müəssisədə işləmələrini təsdiq edən sənədlər əsas götürülməklə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 N-li Qərarı ilə təsdiq edilmiş "Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə" Əsasnamənin:

27. 17-ci bəndinə əsasən, iş stajı barədə sənədlər olmadıqda və idarə, təşkilat və müəssisənin tam ləğvi ilə əlaqədar olaraq, yaxud həmin əsasnamənin 16-ci bəndində göstərilən səbəblərdən başqa digər səbəblər üzündən arxiv sənədlərinin saxlanılmaması nəticəsində onları almaq mümkün olmadıqda, pensiya təyin edilməsi üçün çatışmayan iş stajı ərizəçini bir idarə, müəssisə, təşkilat, kolxoz və ya sistemdə birgə işdən tanıyan və ərizəçinin işini təsdiq etdikləri müddətdə özlərinin işləmələri barədə sənədləri olan iki nəfərdən az olmayaraq şahidlərin ifadələrinə əsasən müəyyən edilir. Əsaslandırma

28. Məhkəmə tərəflərin izahatlarını, şahid ifadələrini dinləyib iş materialları araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir.

29. Belə ki, Azərbaycan Respublikası DSMF Kollegiyasının xx.xx.2007-ci il tarixli 6 nömrəli Qərarı ilə təsdiq edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyində 10 oktyabr 2007-ci il tarixdə dövlət qeydiyyatına alınmış (Qeydiyyat No 3364) “Əmək pensiyaları haqqında Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi üçün sosial sığorta stajının müəyyən edilməsi və hesablanması Qaydaları”nın 2.5-ci bəndinə müvafiq olaraq, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və ya həmin sənədləri bərpa etmək mümkün olmadıqda, sığorta olunanların (o cümlədən qaçqın və məcburi köçkünlərin) sosial sığorta stajı məhkəmə qaydasında müəyyən edilir.

32. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Ali Məhkəmə Plenumunun xx.xx.2019-cu il tarixli qərarının 1.2-ci bəndinə görə, hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir.

33. Həmin Qərarın 13.1-ci bəndində göstərilir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 31.2-1-ci maddəsinə əsasən sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 saylı qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydalarının 3.2, 3.2.2-ci bəndinin tələblərinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında müəyyən edilir.

34. Həmin Qərarın 13.4-cü bəndində göstərilir ki, əmək stajı məhkəmə qaydasında müəyyən edilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinin tələblərinə əsasən yalnız ərizəçinin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olan sübutlar qəbul edilib nəzərə alınmalı, yazılı sübutların olubolmamasına, ifadə verən şahidlərin ərizəçi ilə eyni müəssisə və ya təşkilatda birlikdə işləməsinin zəruri sübutlarla (məsələn, əmək kitabçası ilə) təsdiq edilib-edilməməsinə xüsusi diqqət yetirilməlidir.

35. Məhkəmə qeyd edir ki, Ərizəçi 1990-1993-cü illərdə Cəbrayıl rayonunda yerləşən “Cəfər Cabbarlı adına” sovxozda işlədiyini bildirsə də həmin halı təsdiq edən mötəbər sübular məhkəməyə təqdim edilməmişdir.

36. Belə ki, Ərizəçi məxsus № ******* nömrəli əmək kitabçasında Cəbrayıl rayonunda yerləşən "Cəfər Cabbarlı adına” sovxozda işlədiyi illər üzrə müvafiq qeydlər mövcud deyildir. Həmçinin işlədiyi "X2 Zavodu (AMAKA)” tərəfindən əmək kitabçasında "Əmək kitabçası açılan günə kimi heç bir yerdə işləməmişdir” kimi qeydi aparılmış və möhürlə təsdiq edilmişdir. Bundan sonra xx.xx.1993-cü il tarixdən "X2 Zavodunda (AMAKA11 saylı sexə 2-ci dərəcəli ştamplayıcı vəzifəsinə qəbul edilməsi barədə qeydi vardır.

37. Həmçinin işə əlavə edilmiş, 250 №-li Kolxozçunun əmək kitabçasında ərizəçinin 1990-1993-cü illər ərzində Cəbrayıl rayonunda yerləşən “Cəfər Cabbarlı adına” sovxozda işləməsi göstərilməmişdir.

38. Məhkəmə şahidlərin ifadəsinə də qiymət verərək qeyd edir ki, ərizəçinin 1990-cı ilin yanvarından 1993-cü ilin avqustuna qədər iş stajı faktının mövcudluğunu təsdiq edən şahidlər Şəlalə Ağakişyevanın və Nazim Hümbətovun “Cəfər Cabbarlı adına” sovxozda işləmələrini təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmişdir.

39. Göstərilənlərdən əlavə, məhkəmə sorğusu nəticəsində məlum olmuşdur ki, “Cəfər Cabbarlı adına” sovxoz ilə bağlı sənədlər arxiv materiallarında yoxdur.

40. Göstərilənlərə əsasən, məhkəmə bu qənaətə gəlir ki, Ərizəçi iş stajı qismində hüquqi əhəmiyyəti olan faktı təsdiq edən mötəbər sübutları təqdim edilmədiyindən, ərizə təmin edilməməldir. Məhkəmə xərcləri

41. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.

42. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır.

43. “Dövlət rüsumu haqqında” Qanunun 8.2-ci maddəsinə əsasən xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat dövlət rüsumunun ödənilməsi nəzərdə tutulmuşdur. Həmin qanunun 9.1.14-cü maddəsinə əsasən, məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə - büdcə təşkilatları, bələdiyyələr dövlət rüsumu ödəməkdən azaddırlar. Həmin Qanunun 9.1.20-ci maddəsinə görə, məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumundan azaddır.

44. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, iddiaçı məcburi köçkün olduğu üçün iddia ərizəsinin irəli sürülməsi ilə əlaqədar dövlət rüsumundan azad edilmişdir və cavabdeh büdcə təşkilatı olduğundan dövlət rüsumunun cavabdehdən tutulmasına yol verilmir. Nəticə

45. İş üzrə toplanmış sübutlar məcmusuna hüquqi qiymət verərək məhkəmə bu qənaətə gəlir ki, ərizə təmin edilməməlidir.

46. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq

QƏT ETDİ:

Ərizəçi (maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində DSMF-in X7 Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı) 01 yanvar 1990-cı il tarixdən 1993-cü ilin avqust ayınadək Cəbrayıl rayonunda yerləşən “Cəfər Cabbarlı adına” soxvozda işləməsinə dair hüquqi faktın müəyyən edilməsi barədə ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi verildiyi gündən 1 (bir) ay müddətində, elektron qaydada, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Gülnar Aslanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar