Məhkəmə qərarları › İş №2(002)-1887/2024

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-1887/2024

17.09.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Ləyaqətsiz vərəsə hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-1887/2024 17.09.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Aslanova Gülnar Faiq qızının sədrliyi, X15 oğlunun katibliyi, İddiaçının vəkili və nümayəndəsi Vəkil2, Cavabdeh və onun vəkili Vəkil1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı, (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri 8 saylı Notariat ofisi) «ləyaqətsiz vərəsə hesab edilməsi» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. X7 xx.xx.2019-cu il tarixdə vəfat etmişdir (AZ-İİ 042924 seriyalı, ölüm haqqında şəhadətnamə). İddiaçı mərhum Xanbala Eyyubovun bacısı qızı, cavabdeh isə övladlığa götürdüyü şəxsdir.

2. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(103)-9408/2017-ci il tarixli qətnaməsinə əsasən, iş üzrə Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 07 iyul 2017-ci il tarixli qətnaməsi tutulacaq alimentin məbləğinə aid hissədə dəyişdirilmiş, xx.xx.1950-ci il təvəllüdlü X2 üçün 06 iyun 2017-ci il tarixdən başlayaraq Cavabdeh hər ay 50 manat sabit pul məbləğində aliment tutularaq X6 verilməsi qət edilmişdir.

3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Qaradağ Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2018-ci il tarixli xx/xx-2164/5 №-li məktubundan görünür ki, vətəndaş Cavabdeh 06 iyun 2017-ci il tarixdən başlayaraq xx.xx.1950-ci il təvəllüdlü X1 üçün hər ay 50 manat sabit pul miqdarında aliment tutularaq iddiaçı X5 xeyrinə ödənilməsinə dair Bakı Apellyasiya Məhkəməsinin 2(103)-9408/2017 saylı, 04 oktyabr 2017-ci il tarixli qətnaməsi üzrə 08 yanvar 2018-ci il tarixdə verilmiş icra vərəqəsi icra edilməsi üçün 17/65-910/5 saylı, xx.xx.2018-ci il tarixli məktubla Sizə göndərilmişdir. Borclu Cavabdeh iddiaçı Xanbala Eyyubova olan aliment borcunu tam ödəmişdir.

4. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(002)-539/2022ci il tarixli qətnaməsi ilə 12 noyabr 2019-cu il tarixdə vəfat etmiş X7 tərəfindən tərtib edilmiş 16 may 2010-cu il tarixli ev vəsiyyətnaməsi qanuni hesab edilməsi və İddiaçı 12 noyabr 2019-cu ildə vəfat etmiş X5 (16 may 2010-cu il tarixli ev vəsiyyətnaməsi üzrə) vəsiyyət üzrə vərəsəsi hesab edilməsi qət edilmişdir. İddia tələbi

5. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ləyaqətsiz vərəsə hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. İddiaçı ərizəsini belə əsaslandırmışdır ki, Cavabdeh Xanbala oğlu (xx.xx.1989, ********) miras qoyan 12 noyabr 2019-cu il tarixdə ölmüş X6 qarşı ləyaqətsiz hərəkətlər etmiş, onun xəstəliyi dövründə ona baxmamış, müalicə olunmasına heç bir maddi və mənəvi kömək etməmiş, onun aldığı pensiyasını əlindən alaraq öz ailəsinə sərf etmiş, pensiyanı vermək istəmədikdə onu dəfələrlə döyüb, söyüb təhqir etmiş, xəstə halında allahın ümidinə buraxaraq öz ailəsinin maddi təminatını həyata keçirmişdir. Miras qoyan X5 müalicə məqsədi ilə bağlı maddi yardıma ehtiyacı olduğu halda özünə məxsus əmlakını müalicəsinə sərf etməsi əleyhinə çıxmış və onu döyərək istəyindən çəkindirmişdir, yəni onun son iradəsi ziddinə çıxmışdır, bu faktı qohumlar da təsdiq etmişdir. Lakin bu gün Cavabdeh miras qoyan X4 qalmış mirasdan pay almaq istəyir. ünvan 1 ünvanda qeydiyyatda olmuş X7 onun anasının qardaşı, yəni onun dayısı idi, Sevilə adı qadınla ailə quraraq evlənmişdir. Onların övladları olmamışdır. O, onlara daim qayğı göstərirdi. Dayısı xərçəng xəstəliyindən əziyyət çəkirdi, onlar qohum-əqrəba maddi kömək etdi, özüdə borc-xərc edərək uzun müddət müalicə olunmuşdur. Düçar olduğu qaraciyər çatışmazlığı, xərçəng xəstəliyinin irəlilədiyinə görə 12 noyabr 2019-cu il tarixdə vəfat etdi. O və həyat yoldaşı onun dəfn xərclərini çəkmiş, ona yas mərasimini vermişdir. Mərhum dayısı X5 arvadı X10 tək qaldığına görə onu tək buraxmadı, bir müddət onun yanında qaldı, onun ehtiyaclarını ödəməyə çalışaraq daim onunla maraqlanmamış, ərzaq alıb aparmamış, onun düçar olduğu böyrək xəstəliyindən müalicə olunmasına, dava-dərman alınmasına xəstəxanaya aparılmasına kömək etmişdir. Lakin müalicə olunmasına baxmayaraq 10 iyun 2021-ci il tarixdə vəfat etmişdir. X3 dəfn etdi və bütün dəfn xərclərini o çəkdi. Cavabdeh ondan əvvəl Bakı şəhəri 8 saylı Notariat Ofisinə müraciət etsə də, heç bir sübut təqdim edə bilməmişdir. Əgər miras qoyanın məqsədi ondan miras qalmış əmlakı Cavabdeh miras qoymaq idisə, elə ona miras qoyaraq vəsiyyət edərdi. Cavabdeh apellyasiya şikayətində özü də etiraf etmişdir ki, münasibətləri yaxşı olmamışdır. Övladlığa götürən şəxslərə baxmamış, onlara heç bir qayğı göstərməmiş, onların maddi və mənəvi ehtiyaclarını ödəməmiş, onların iradəsi ziddinə müəyyən hərəkətlər etməklə onlardan uzaqlaşmışdır. Heç dəfnində də iştirak etməmiş və dəfn xərclərini ödəməmişdir. Miras qoyana qarşı ləyaqətsiz hərəkətlər etmiş Cavabdeh miras qoyan 12 noyabr 2019-cu il tarixdə ölmüş X5 yazdığı 16 may 2010-cu il tarixli onun adına verilmiş vəsiyyətnamə ilə miras qoyan “1. Nədə ifadə olmasından və harada olmasından asılı olmayaraq ölən günə kimi ona məxsus olan bütün əmlakını İddiaçı vəsiyyət edir. 2. Qanun üzrə bütün vərəsələrini vərəsəlik hüququndan məhrum edir” yazmaqla miras qoyan öz vərəsəsini müəyyən etmişdir, qanun üzrə bütün vərəsələrinə münasibət bildirərək öz sağlığı dövründə mirası üzərində sərəncam vermişdir. Qeyd olunan halların nəzərə alınaraq iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edirlər.

7. İddiaçı tələbin hüququ əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133, 1134, 1186, 1188, 1137, 1139, 1142, 1143, 1144, 1145, 1243-ci maddələrinə istinad etmişdir. İddia tələbinə etiraz

8. Cavabdehin vəkili və nümayəndəsi Vəkil1 iddia tələbinə yazılı etiraz verərək iddianın rədd edilməsini xahiş etmişdir.

9. Cavabdehin vəkili və nümayəndəsi Vəkil1 etirazı belə əsaslandırmışdır ki, fiziki şəxsin İ qrup ləyaqətsiz vərəsə kimi tanınması üçün həmin şəxsin iki alternativ hərəkətdən birini etməsini müəyyənləşdirmək lazımdır: 1) fiziki şəxsin miras qoyanın son iradəsini həyata keçirməsinə maneə törətməsi və bununla özünün və ya özünə yaxın şəxslərin vərəsəliyə çağırılmasına və ya miras paylarının arıtırlmasına imkan yaratması. Söhbət fiziki şəxsin hüquqazidd hərəkətlər etməsindən gedir. Həmin hərəkətlər isə ifadə oluna bilər: saxta vəsiyyətnamə tərtib etməkdə; esl və həqiqi vəsiyyətnamənin gizlədilməsində; şəxsi konkret vətəndaşın xeyrinə vəsiyyətnamə yazmağa məcbur etmədə; vəsiyyət üzrə vərəsələrdən kimsəni mirasdan imtina olunmasına vadar etmədə; şəxsi legat (vəsiyyət tapşırığı) nəzərdə tutuna vəsiyyətnamə yazmağa məcbur etmədə; leqatarini leqatdan imtina etməyə məcbur etmədə; leqat barədə məlumatı gizlətməkdə; vəsiyyətnaməni saxtalaşdırmaqda; başqa vərəsələrin olması barədə məlumatın gizlədilməsində və.s 2. ikincisi, fiziki şəxsin vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı cinayət və ya digər əxlaqsız hərəkət törətməsi Şəxsin vərəsəlik hüququndan məhrum edilməsinə səbəb olan hallar (hərəkətlər) məhkəmə tərəfindən təsdiq olunmalıdır. Həmin halın (miras qoyanın əleyhinə yönələn hüquqazidd hərəkətin) müəyyənləşdirilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə aktı olmalıdır. Eyni zamanda şəxsin vərəsəlikdən kənarlaşdırılmasına səbəb olan hərəkətlər qəsdən edilməlidir və xüsusi olaraq ya miras qoyanın əleyhinə (məsələn, miras qoyanı öldürmek), ya vərəsələrdən hər hansı birinin əleyhinə (məsələn, vərəsəni hədələməklə mirasdan əl çəkməyə məcbur etmək; bu ise mirasın hədələyən, yəni hədə təsiri göstərən şəxsə keçməsini təmin edir), ya da vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş axırıncı iradəsinin həyata keçirilməsi əleyhinə (məsələn, əsl və həqiqi vəsiyyətnamənin saxta vəsiyyətnamə ilə əvəz olunmasına cəhd göstərmək) yönəlməlidir. Göstərdiyimiz hallardan biri olduqda və həmin hal məhkəmə qaydasında təsdiqləndikdə, hüquq pozuntusu törədən şəxs ləyaqətsiz vərəsə kimi nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsə ola bilmir, vərəsəlik hüququndan məhrum edilir. İddia ərizəsindən görünür ki, iddiaçı ləyaqətsiz vərəsə anlayışı ilə əlaqəsiz halları sadalamaqla kifayətlənmiş, həmin halları təsdiq edən məhkəmə qərarını və.s sübutu əlavə etməmişdir. Bu isə öz növbəsində bu halların əsassız iddia olduğunun göstəricisidir. Hazırda cavabdeh İİ qrup ləyaqətsiz vərəsə kateqoriyasına aid ola bilməz, çünki həmin kateqoriya valideynlik hüququndan məhrum edilmiş şəxslərə aiddir. Üçüncü qrup ləyaqətsiz vərəsələr kateqoriyasına o şəxslər daxildir ki, onların üzərinə miras qoyanı saxlamaq vəzifəsi (ailə öhdəliyi) qoyulsun (bu vəzifə qanunla onlara həvalə edilir). Misal üçün həmin şəxslər miras qoyanı saxlamaq üçün aliment ödəmǝyǝ borclu olan şəxslərdir. Bildiririk ki, Bakı Apelyasiya Məhkəməsinin 2(103)-9408/2017 nömrəli, xx.xx.2017-ci il tarixli qətnaməsinə əsasən Cavabdeh hər ay 50 manat aliment tutulub, X6 ödənilmişdir. Qaradağ rayon İcra və probasiya şöbəsinin xx.xx.2018-ci il tarixli məktubundan görünür ki, icra sənədi tam icra edilmişdir. Görünüdüyü kimi hazırki iddia tələbi əsassızdır, cavabdehin ləyaqətsiz vərəsə hesab olunması üçün hallar ve həmin halları təsdiq edən məhkəmə aktı mövcud deyildir. İddianın verilməsində məqsəd hazırda Bakı Apelyasiya Məhkəməsinin icraatında olan işin baxılmasını uzatmaqdan ibarətdir. Odur ki, göstərilənlərə əsaəsn iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş edir.

10. Cavabdeh etirazın hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1137 və 1138-ci maddəsinə istinad etmişdir.

11. Qarşılıqlı iddia ərizəsi verilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları

12. İddiaçının nümayəndəsi və vəkili Vəkil2 məhkəmə iclasında iştirak edərək bildirdi ki, iddia tələbini müdafiə edir. Eyyubov Xanbalanın həyat yoldaşı Sevilə cavabdehin həm də doğma bibisidir. Xanbala cavabdehi övladlığa götürüb. Eyyubov Xanbala cavabdehin atası, iddiaçının isə dayısıdır. Eyyubov Xanbala cavabdehi böyüdüb, oxutdurub, ona toy edib, ona qarşı valideynlik vəzifələrini yerinə yetirib. Lakin cavabdeh atasına baxmayıb, onun zəruri ehtiyaclarını qarşılamayıb, ona qarşı övlad vəzifələrini yerinə yetirməyib, miras qoyana qarşı ləyaqətsiz vərəsə olub. Atası Faiqi polis əməkdaşlarının köməyi ilə evdən çıxarıb. Bununla bağlı X20 İdarəsinə müraciət edib, müraciəti qeydə alınıb. Ancaq həmin sənədləri ala bilmir. Cavabdeh pensiyasını vermədiyinə görə atasını döyürdü. X21 iddiaçını övladlıqdan çıxarma barədə məhkəməyə ərizə ilə müraciət etmişdi. Ancaq iddia ərizəsində səhvlər olduğundan iddia ərizəsi geri qaytarılmışdı. Cavabdeh 2009-cu ildə atasını baxımsız vəziyyətdə qoyaraq onu tərk edib, bundan sonra onunla maraqlanmayıb. Cavabdeh apellyasiya şikayətində atasını evdə qoyub onu tərk etdiyini etiraf edib. Eyyubov Xanbala tələbi ilə cavabdeh ona hər ay aliment ödəyirdi. İddiaçının hazırkı tələblə məhkəməyə indi müraciət etməsinin tək səbəbi odur ki, iddiaçının evə mülkiyyət hüququ indi tanınıb. Cavabdeh tərəfindən Eyyubov Xanbalaya qarşı zorakılıq edilib. O, ləyaqətsiz vərəsə hesab edilməlidir. İddiaçının nümayəndəsi və vəkili iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

13. Cavabdeh məhkəmə iclasında iştirak edərək bildirdi ki, iddia tələbini qəbul etmir. O, ailə qurandan sonra mərhum atası Xanbaka Eyyubov ilə aralarında ailə-məişət problemləri yaranmağa başlamış, nəticədə 2010-cu ildə mərhum atası onu evdən çıxartmışdır. O heç vaxt atasından imtina etməmiş, nə də atası valideynlik hüququndan məhrum edilməmişdir. Xanbala Eyyubov ona qarşı iddia qaldıraraq, maddi cəhətdən saxlanması tələbini irəli sürmüşdür, övladlıqdan çıxarma barədə atasının iddiası olmamışdır. İddiaçının vəkilinin məhkəməyə təqdim etdiyi şahidlər qəbrin harada olduğunu belə bilmirlər, onunla atası arasında olan münasibətləri də bilə bilməzlər. Dəfndə və yas mərasimində iştirak edə bilməyib. Çünki iddiaçı Şamama ona xəbər göndərmişdi ki, evə gəlməsin. Sevilə həm də doğma bibisidir, onun dəfn xərcini öz qardaşı çəkib. Hər ikisinin məzarına hazırda gedir. Göstrilənlərə əsasən, cavabdeh iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.

14. Cavabdehin nümayəndəsi və vəkili Vəkil1 məhkəmə iclasında iştirak edərək bildirdi ki, iddia tələbini qəbul etmir. Eyyubov Xanbala 2019-cu ildə vəfat edib. Cavabdehin nə ev vəsiyyətnaməsindən, nə də 2019-cu ildə keçirilən məhkəmə işindən xəbəri olub. Ev vəsiyyətnaməsi tərtib olunarkən cavabdeh çağırılmayıb. Cavabdehi məhkəmə iclaslarına dəvət etməyiblər. Evlə bağlı qətnamə 2019-cu ildə çıxarılıb. Cavabdehin həmin qətnamədən də xəbəri olmayıb. Eyyubov Xanbala və cavabdeh yola gedə bilməyiblər. Lakin bu məsələyə görə şəxs ləyaqətsiz vərəsə hesab olunub. Cavabdeh atasına hər ay aliment ödəyib, onun aliment borcu yoxdur. Xanbala ilə Faiq arasında hər ailədə olan narazılıqlar olub, bunu cavabdeh inkar etmir. Lakin bunlar ləyaqətsiz vərəsəlik üçün əsas ola bilməz. İddiaçının vəkili cavabdehin ləyaqətsiz vərəsə elan edilməsini bildirsə də, buna aid sübut təqdim edə bilmir. Şəxsin vəsiyyətnaməsi var. Miras əmlaka faktiki sahibliyi iddiaçı edib və cavabdehə evdə yaşamağa icazə verməyib. Cavabdehin nümayəndəsi və vəkili iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.

15. İş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri 8 saylı Notariat ofisinə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilsə də, nümayəndəsinin iştirakını məhkəmə iclasında təmin edilməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185-ci maddəsinə əsasən, işə həmin üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Prosesin digər iştirakçılarının ifadələri

16. Məhkəmə iclasında şahid qismində dindirilmiş X11 ifadə verərək bildirdi ki, Eyyubov Xanbala qonşusu olub, onunla əvvəl daha yaxın yaşayırdı, daha sonra Xanbala təxminən 15-20 il əvvəl bir az uzağa köçdü. Xanbala Faiqin atası olub. O, Faiqi oxutdurub, böyüdüb, onun toyunu edib. Faiqin toyunda da iştirak edib. Əvvəllər Xanbala ilə Faiqin münasibətləri yaxşı olub, lakin sonra aralarında problem olub. Xanbala ona deyib ki, “oğlumla dolana bilmədim, evdən çıxardım. Faiqi evdən polis vasitəsilə çıxartdım”. Faiqin Xanbalanı döyməsi, təhqir etməsi barədə məlumatı olmayıb, elə bir hadisəni nə görüb, nə də eşidib. Xanbalanın, onun həyat yoldaşının dəfnində, yasında iştirak edib. Orada Faiqi görməyib. Xanbalanın yanında həmişə onun əmisiqızı İddiaçı görüb. Xanbalaya və həyat yoldaşı Seviləyə Şamama baxıb.

17. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 ifadə verərək bildirdi ki, Eyyubov Xanbala qonşusu olub. Xanbala ilə münasibəti yaxşı olub. Xanbala ona qaz kartını verirdi ki, karta pul yükləsin. O, Faiqi uşaq vaxtından övladlığa götürüb, onu böyüdüb. Xanbala ona Faiqin onun təhqir etdiyini deyib. Amma özü Faiqin Xanbalanı döydüyünü, təhqir etdiyini nə eşidib, nə də görüb. Xanbala polisin köməyi ilə Faiq evdən çıxarılıb. Bunu öz gözlərilə görüb. Faiqi Xanbalanın dəfnində və yasında görməyib. Xanbalaya və həyat yoldaşı Seviləyə Şamama baxıb, onları xəstəxanaya Şamama aparıb. Xanbala hər dəfə oğlundan ona şikayət edirdi.

18. Məhkəmə iclasında şahid qismində dindirilmiş X12 ifadə verərək bildirdi ki, Eyyubov Xanbala atasının əmisidir. Faiqi də tanıyır. Xanbala və Faiq arasında tez-tez dava düşürdü, davalarını özü eşidib. Xanbala ona deyib ki, “Faiqlə aramda problem var, buna görə polisə düşmüşük”. Xanbalanın dəfnində, yasında özü iştirak edib, amma orada Faiqi görməyib. Faiqin Xanbalanı döydüyü, təhqir etdiyini görməyib. Məhkəmənin mövqeyi: a) İddia tələbinin qanuni əsasları Azərbaycan Respublikasının Mülki Məcəlləsinin:

19. 1133.1-ci maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.

20. 1133.2-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır.

21. 1134.1-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər.

22. 1145-ci maddəsinə əsasən, miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır.

23. 1137-ci maddəsinə əsasən, miras qoyanın son iradəsini həyata keçirməsinə qəsdən maneə törətmiş və bununla da özünün və ya özünə yaxın şəxslərin vərəsəliyə çağırılmasına və ya miras paylarının artırılmasına kömək göstərmiş, yaxud vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş şəxs (ləyaqətsiz vərəsə) nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsə ola bilməz, bu şərtlə ki, həmin hallar məhkəmə tərəfindən təsdiq edilsin.

24. 1139-cu maddəsinə əsasən, ləyaqətsiz vərəsənin vərəsəlik hüququndan məhrum edilməsinə əsas verən hal ləyaqətsiz vərəsənin vərəsəlik hüququndan məhrum edilməsindən müəyyən əmlak nəticələri əldə edən şəxsin iddiası üzrə məhkəmə tərəfindən müəyyənləşdirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:

25. 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir.

26. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır.

27. 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;

28. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

29. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;

30. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

31. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.

32. 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

33. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

34. 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. b) Əsaslandırma

35. İddia əsassızdır.

36. İşin faktiki halları bundan ibarətdir ki, iddiaçı xx.xx.2019-cu il tarixdə vəfat etmiş X5 bacısı qızı, cavabdeh isə övladlığa götürdüyü şəxsdir.

37. İddiaçı cavabdehin ləyaqətsiz vərəsə hesab edilməsinə dair iddia qaldırsa da, həmin iddianın əsaslarına dair mötəbər sübutlar təqdim edilməmişdir.

38. Belə ki, qanunverici ləyaqətsiz vərəsə hesab edilmənin konkret əsaslarını müəyyən etmişdir. Mülki Məcəllənin 1137-ci maddəsinə əsasən, miras qoyanın son iradəsini həyata keçirməsinə qəsdən maneə törətmiş və bununla da özünün və ya özünə yaxın şəxslərin vərəsəliyə çağırılmasına və ya miras paylarının artırılmasına kömək göstərmiş, yaxud vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş şəxs (ləyaqətsiz vərəsə) nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsə ola bilməz, bu şərtlə ki, həmin hallar məhkəmə tərəfindən təsdiq edilsin.

39. Məhkəmə araşdırması zamanı Cavabdeh Xanbala Eyyubovun son iradəsinə qəsdən maneə törədən və bununla da özü və ya özünə yaxın şəxslərin vərəsəlyə çağırılmasına və ya miras payının artırılmasına kömək göstərmə, eyni zamanda vəsiyyət edəni son iradəsinə qarşı cinayət və ya digər əxlaqsız hərəkətlər törətməsi müəyyən edilməmişdir.

40. Əksinə, məhkəmə araşdırması zamanı tərəflərin və şahidlərin ifadələrinə əsasən müəyyən edilmişdir ki, Cavabdeh Xanbala Eyyubovun vəfat edən zaman ümumiyyətlə yanında olmamış, vəsiyyətnamə verilməsi zamanı miras qoyanın son iradəsinə müdaxilə etməmiş və mirasdan payın alınmasına və ya payın artırılmasına nail ola bilməmişdir.

41. Mülki iş üzrə məhkəmə iclasında iştirak edən şahidlər cavabdehlə atası X7 arasında münaqişələrin olmasını gördüklərini bildirərək, Cavabdeh tərəfindən mərhum atasına qarşı hər hansı əxlaqsız və ya fiziki şiddət hərəkətlərini müşahidə etmədiklərini bildirmiş, eyni zamanda Cavabdeh məhz Xanbala Eyyubovun özü tərəfindən evdən çıxarılmasını vurğulamışlar.

42. Bundan başqa, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(103)-9408/2017-ci il tarixli qətnaməsi ilə təyin edilmiş Cavabdeh tutularaq X6 ödənilməli olan aliment borcu tamamilə ödənilmiş, Cavabdeh mərhum atasına aliment borcu qalmamışdır.

43. Göstərilənlər əsasında məhkəmə belə qənaətə gəlir ki, mərhum Xanbala Eyyubov ilə cavabdeh arasında baş vermiş ailə-məişət xarakterli münaqişələr Mülki Məcəlləni 1137-ci maddəsinin hazırkı işin faktiki hallarına tətbiq edilməsinə əsas ola bilməz. Təsadüfi deyildir ki, həmin normada hər ailə konfliktinin ləyaqətsiz vərəsə hesab edilmə ilə nəticələnməsinə dair mülahizə sərbəstliyinə yol verilməməsi üçün konkret əsaslar müəyyən edilmişdir. Nəticə

44. Beləliklə, məhkəmə yuxarıda qeyd edilmiş qanunvericilik normalarına uyğun, toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı «ləyaqətsiz vərəsə hesab edilməsi» barədə iddia tələbi təmin edilməməlidir.

45. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq

QƏT ETDİ:

İddiaçı Cavabdeh qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri 8 saylı Notariat ofisi) Cavabdeh ləyaqətsiz vərəsə hesab edilməsi barədə iddia tələbi təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində, elektron qaydada, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim Gülnar Aslanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar