Məhkəmə qərarları › İş №2(3-1)-138/2026

Naxçıvan MR Ali Məhkəməsi Qətnamə — İş №2(3-1)-138/2026

17.08.2026 · Vərəsəlik hüququ üzrə mübahisələr - Ləyaqətsiz vərəsə hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Naxçıvan şəhəri İş № 2(3-1)-138/2026 17.08.2026 NAXÇIVAN MR ALI MƏHKƏMƏSI Mülki Kollegiya Iddiaçılar X5 və iddiaçı1 cavabdeh Cavabdeh qarşı ləyaqətsiz vərəsə hesab edilməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: Ləyaqətsiz vərəsə hesab edilməsi tələbi) Hakimlər Allahverdiyev Mehman Dünyamalı oğlu (sədrliyi və məruzəsi ilə), X1 və Novruzov Səxavət Hüseyn oğlundan ibarət tərkibdə, X3 məhkəmə iclas katibliyi, iddiaçının nümayəndəsi X5 iştirakı ilə, iddiaçılar X5 və iddiaçı1 cavabdeh Cavabdeh qarşı ləyaqətsiz vərəsə hesab edilməsi tələbinə dair mülki iş üzrə Naxçıvan Şəhər Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qətnaməsindən iddiaçı iddiaçı1 və onun nümayəndəsi X5 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə mülki işə Naxçıvan MR Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İ. Işin halları 1.

2. Iş materiallarında olan Naxçıvan şəhəri ƏSMM-nin ****** nömrəli vəsiqəsinin surətindən aydın olur ki, iddiaçı1 uşaqlıqdan İ qrup ömürlük əlildir.

3. Iş materiallarında olan AZ V seriyalı, ****** saylı Doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X5 ## ######## 1973-cü il tarixdə anadan olmuş, bu barədə akt qeydləri kitabında ##.##.1973-cü il tarixdə *** saylı akt qeydi rəsmiləşdirilmiş, şəhadətnamənin ata qrafasında atasının X2, anasının X4 olduğu qeyd olunmuşdur.

4. Iş materiallarında olan Nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X2 ilə X6 ##.##.1967-ci il tarixdə rəsmi nikah qeydiyyatdan keçməklə ailə həyatı qurmuşlar və bu nikah *** saylı akt qeydi ilə rəsmiləşdirilmişdir.

5. Iş materiallarına əlavə olunmuş ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X6 ##.##.2019-cu il tarixdə vəfat etmişdir, bu barədə akt qeydləri kitabında ##.##.2019-cu il tarixdə *** saylı akt qeydi rəsmiləşdirilmişdir.

6. Iş materiallarına əlavə olunmuş ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X2 ##.##.2024-cü il tarixdə vəfat etmişdir, bu barədə akt qeydləri kitabında ##.##.2024-cü il tarixdə ** saylı akt qeydi rəsmiləşdirilmişdir.

7. Iş materiallarında olan Naxçıvan Şəhər Icra Hakimiyyətinin * nömrəli sahə Inzibati Ərazi Dairəsi üzrə nümayəndəliyin ## #### 2021-ci il tarixli, *** nömrəli arayışında X2 vərəsələrinin X6, iddiaçı1, X5 və Cavabdeh qeyd olunmuşdur. II. Birinci instansiya məhkəməsində icraat

8. Iddiaçılar X5 və iddiaçı1 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ## ###### 2024-cü ildə vəfat etmiş atadan sonra ləyaqətsiz vərəsə hesab edilməsi, cavabdehin vərəsə siyahısından çıxarılması, cavabdehin miras payının qalan şikayətçi X7 və bacı iddiaçı1 (əlilliyi İ dərəcə) arasında qanunvericilik əsasında bölünməsi, məhkəmənin qərarının notarius tərəfinə göndərilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir.

9. Iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı X5 1994-cü ilin avqust ayından etibarən Rusiya Federasiyasının Moskva şəhərində yaşayır və işləyir. Uzun illər ərzində valideynlərinin, İ qrup əlil bacısının və qardaşının ailəsinin əsas maddi təminatçısı olmuş, ailənin bütün əsas xərclərini qarşılamışdır. Onun vəsaiti hesabına valideynləri üçün iki fərdi yaşayış evi və avtomobil alınmış, mütəmadi olaraq yaşayış, müalicə və digər ehtiyaclar üçün pul vəsaiti göndərilmiş, qardaşının təhsili və toy xərcləri də iddiaçı tərəfindən ödənilmişdir. Iddiaçı ilə cavabdeh arasında razılıq olmuşdur ki, iddiaçı xaricdə yaşadığı üçün valideynlərə gündəlik qayğını cavabdeh göstərəcəkdir. Lakin cavabdeh bu öhdəliyini yerinə yetirməmiş, müxtəlif bəhanələrlə valideynlərinə və İ qrup əlil bacısına qulluq etməkdən yayınmışdır. 2012ci ildən etibarən ata ağır ürək xəstəliyi, 2016-cı ildən isə ana ağır şəkərli diabet və digər xəstəliklərdən əziyyət çəkmişdir. Iddiaçı dəfələrlə Moskvadan Naxçıvana gələrək valideynlərinin müalicəsini təşkil etmiş, onların əməliyyat və müalicə xərclərini tam ödəmiş, anasını müalicə məqsədilə Moskvaya apararaq uzun müddət xəstəxanada saxlamışdır. Bu dövrdə cavabdeh valideynlərə heç bir maddi və ya mənəvi dəstək göstərməmiş, onların vəziyyəti ilə maraqlanmamışdır. 2019-cu ildə anası ağır insult keçirdikdə iddiaçı 33 gün fasiləsiz olaraq anasına qulluq etmiş, cavabdeh isə atasının xahişlərinə baxmayaraq, bir gecə belə anasına baxmaqdan imtina etmişdir. Hətta cavabdeh atasına anasını qocalar evinə yerləşdirməyi təklif etmişdir. Ana ## ###### 2019-cu ildə vəfat etmişdir. Anasının vəfatından sonra iddiaçı mütəmadi olaraq Moskvadan Naxçıvana gələrək yaşlı atasına və İ qrup əlil bacısına qulluq etmişdir. Cavabdeh isə nə atasına, nə də bacısına qayğı göstərməmiş, 2021ci ildə ailəsi ilə birlikdə Türkiyəyə köçərək uzun müddət onlarla əlaqə saxlamamışdır. 2022-ci ildə atası ağır insult keçirdikdə iddiaçı yenidən Naxçıvana gəlmişdir. Bu zaman cavabdeh evə daxil olaraq atasının sənədlərini, bank kartlarını və pulunu götürməyə cəhd etmiş, iddiaçıya qarşı aqressiv davranış nümayiş etdirmişdir. Sonradan cavabdeh atasına yalnız yaşayış evlərinin onun adına keçirilməsi şərti ilə ailəsinin geri qayıdacağını bildirmiş, atasından pul almışdır. 2023-cü ilin dekabr ayında mərhum ata iddiaçıya məxsus və onun vəsaiti hesabına alınmış yaşayış evlərindən birini cavabdehə hədiyyə etmişdir. ## ###### 2024-cü ildə atanın vəfatından sonra cavabdeh mərhumun sənədlərini və bank kartlarını ələ keçirmiş, bank hesabındakı vəsaitdən istifadə etməyə cəhd göstərmiş, həmçinin miras əmlakına daxil olan VAZ-210610 markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobili və ona aid sənədləri özündə saxlamış, digər vərəsələr arasında bölüşdürülməsi üçün notariusa təqdim etməmişdir. Iddiaçı hesab edir ki, cavabdeh uzun illər ərzində miras qoyanın və ailə üzvlərinin saxlanılması və qayğı göstərilməsi üzrə mənəvi və ailə öhdəliklərini qəsdən yerinə yetirməmiş, xəstə valideynlərini və İ qrup əlil bacısını köməksiz vəziyyətdə qoymuş, miras qoyanın sağlığında və ölümündən sonra yalnız əmlak maraqları ilə hərəkət etmişdir. Bu səbəbdən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1137, 1193 və 1203cü maddələrinə

10. əsasən cavabdeh Cavabdeh ləyaqətsiz vərəsə hesab edilərək miras payından məhrum edilməsi və həmin payın digər qanuni vərəsələr arasında bölüşdürülməsi barədə iddianın təmin edilməsini xahiş edir.

11. Naxçıvan Şəhər Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qətnaməsi ilə iddia tələbinin təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun iddiaçının özünə aid edilməsi qət edilmişdir.

12. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, qanunvericiliyin göstərişinə əsasən cavabdehin vərəsəlik hüququndan məhrum edilməsi əsası miras qoyana vaxtı-vaxtında baş çəkilməməsi və ya onun xəstə olarkən müalicəsi ilə maraqlanmaması deyil, məhz miras qoyanın iradəsinə zidd miras əmlakından ona və ya ona yaxın şəxslərə çatası payın artırılması istiqamətində hərəkət (hərəkətsizlik) etmiş olmasıdır. Əksinə məhkəmə araşdırmsı zamanı, eyni zamanda iddiaçının iddia ərizəsində göstərilənlərdən məlum olmuşdur ki, atası hər şənbə və bazar günləri bazara gedərək cavabdeh və onun ailəsi üçün ərzaq məhsulları və nəvələr üçün zəruri olan ehtiyacları alıb aparmış, hətta cavabdehə əmlak bağışlamışdır. Bütün bunlar, cavabdehlə atası arasında münasibətlərin normal olmasını, cavabdehin atasının son iradəsini həyata keçirməsinə hər hansı qəsdinin olmamasını sübut edir. III. Apellyasiya şikayəti və ona etirazın dəlilləri, izahatlar a) Apellyasiya şikayətinin dəlilləri

13. Məhkəmə aktı ilə razılaşmayan iddiaçı iddiaçı1 və onun nümayəndəsi X5 apellyasiya şikayəti verərək, Naxçıvan Şəhər Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-**)- ***/**** nömrəli qətnaməsinin ləğv edilərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, atası reanimasiya şöbəsində olduğu dövrdə cavabdeh gizli şəkildə evə daxil olaraq miras qoyana məxsus sənədləri, bank kartlarını və pul vəsaitlərini götürməyə cəhd etmişdir. Lakin həmin vaxt evdə şikayətçi, bacısı və xalası olduğu üçün onların müqaviməti ilə qarşılaşmış və istəyini həyata keçirə bilməmişdir. Bununla belə, evə və avtomobilə aid sənədlərin iddiaçı tərəfindən daha əvvəl götürülərək gizlədildiyi qeyd olunur. Şikayətçinin mövqeyinə görə, cavabdehin evə daxil olması və əmlaka dair sənədləri götürməsi miras qoyanın son iradəsinin həyata keçirilməsinə mane olan hallar kimi məhkəmə tərəfindən qiymətləndirilməli idi. Apellyator qeyd etmişdir ki, bu hallar məhkəmə iclasında şahid qismində dindirilmiş X10 ifadəsi ilə də təsdiq edilmişdir. Bundan əlavə, digər şahidlərin izahatlarından da atanın, ananın və əlil bacının maddi təminatının əsasən şikayətçi tərəfindən qarşılandığı müəyyən olunsa da, məhkəmə həmin ifadələrə lazımi hüquqi qiymət verməmişdir. Apellyator vurğulamışdır ki, atası yalnız pensiya alan şəxs olmuşdur. Onun fikrincə, aylıq 437 manat pensiya alan şəxsin özünün, həyat yoldaşının və əlil qızının bütün xərclərini qarşılamaqla yanaşı, eyni zamanda "Rabitə Bank"da 25 000 manat məbləğində əmanət yerləşdirməsi real görünmür. Bundan başqa, iş materiallarına əlavə edilmiş Azərbaycan Beynəlxalq Bankının məktubuna əsasən, miras qoyanın həmin bankdakı əmanət hesablarında ümumilikdə 115 000 manat vəsait olmuşdur. Şikayətçinin qənaətinə görə, məhkəmə bu fakta qərarında münasibət bildirməmiş, maddi vəsaitlərin mənbəyini araşdırmamış və onların hansı gəlirlər hesabına formalaşdığını müəyyən etməmişdir. Hesab edir ki, şahid ifadələri ailənin maddi təminatının əsasən onun gəlirləri hesabına formalaşdığını təsdiq edir. Buna baxmayaraq, onun sözlərinə görə valideynlərinə və əlil bacısına qayğı göstərməyən, onların saxlanılmasında iştirak etməyən şəxs miras əmlakdan pay almışdır. Şikayətçi bildirir ki, o, ailəsinə qayğı göstərmək məqsədilə Rusiyada qurduğu həyatını yarımçıq qoyaraq Naxçıvana qayıtmış, cavabdeh isə yaxın məsafədə yaşamasına baxmayaraq üzərinə düşən ailə vəzifələrini yerinə yetirməmişdir. Şikayətçi bu səbəbdən hesab edir ki, məhkəmə cavabdehin ləyaqətsiz vərəsə hesab edilməsi məsələsinə tam və hərtərəfli hüquqi qiymət verməmişdir. Onun fikrincə, məhkəmə yalnız qanun normalarına formal istinad etməklə kifayətlənməməli, iş üzrə bütün sübutları, şahid ifadələrini və müəyyən edilmiş faktiki halları tam araşdıraraq ədalətli qərar qəbul etməli idi. Apellyator həmçinin qeyd edir ki, yaşlı və xəstə atanın, eləcə də birinci qrup əlil bacının (ona patronaj təyin edilməsinə baxmayaraq) köməksiz vəziyyətdə qoyulması, cavabdehin uzun müddət Türkiyədə yaşaması səbəbindən onlarla maraqlanmaması miras qoyana qarşı ağır hərəkətlər kimi qiymətləndirilməlidir. Eyni zamanda avtomobilin, ona aid sənədlərin və bank sənədlərinin cavabdeh tərəfindən gizli şəkildə götürülərək gizlədilməsi miras qoyanın son iradəsinin həyata keçirilməsinə mane olmağa yönəlmiş hərəkətlər kimi dəyərləndirilir. Bütün qeyd olunanları nəzərə alaraq, apellyator məhkəmənin gəldiyi nəticənin işin faktiki hallarına uyğun olmadığını, sübutların tam, hərtərəfli və obyektiv tədqiq edilmədiyini hesab edir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

16. Iddiaçının nümayəndəsi X5 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək şikayətinin təmin olunması və Naxçıvan Şəhər Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qətnaməsinin ləğv edilərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

17. Məhkəmə baxışı iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə iddiaçı iddiaçı1, cavabdeh Cavabdeh və cavabdehin nümayəndəsi Nümayəndə məhkəmə baxışı iclasında iştirak etməmişdirlər. Kollegiya Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən adıçəkilən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, həmin maddənin tələbinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. IV. Tətbiq edilən hüquq normaları a) Azərbaycan Respublikası Mülki Məcəlləsi

18. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.

19. Maddə 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır.

20. Maddə 1134.1. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər.

21. Maddə 1137. Miras qoyanın son iradəsini həyata keçirməsinə qəsdən maneə törətmiş və bununla da özünün və ya özünə yaxın şəxslərin vərəsəliyə çağırılmasına və ya miras paylarının artırılmasına kömək göstərmiş, yaxud vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş şəxs (ləyaqətsiz vərəsə) nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsə ola bilməz, bu şərtlə ki, həmin hallar məhkəmə tərəfindən təsdiq edilsin.

22. Maddə 1139. Ləyaqətsiz vərəsənin vərəsəlik hüququndan məhrum edilməsinə əsas verən hal ləyaqətsiz vərəsənin vərəsəlik hüququndan məhrum edilməsindən müəyyən əmlak nəticələri əldə edən şəxsin iddiası üzrə məhkəmə tərəfindən müəyyənləşdirilməlidir.

23. Maddə 1203.1. Məcburi pay almaq hüququndan məhrumetmə, ümumiyyətlə, vərəsəlik hüququndan məhrumetməyə səbəb olan hallar olduqda mümkündür. b) “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1203.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2011-ci il tarixli Qərarı

24. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1203.1-ci maddəsinin “vərəsəlik hüququndan məhrumetməyə səbəb olan hallar” müddəası həmin Məcəllənin 1137 və 1138-ci maddələrində göstərilən halları əhatə edərək nəinki miras qoyanın son iradəsinə, həmçinin miras qoyana qarşı yönələn halları da ehtiva edir. c) Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

25. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

26. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

27. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

28. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

29. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

30. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

31. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. V. Apellyasiya baxışının hədləri

34. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

35. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

36. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir. VI. Məhkəmə kollegiyasının qiymətləndirməsi

37. Məhkəmə kollegiyası apellyatorun nümayəndəsi N.Kərimovanın izahatını dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini iş mаtеriаllаrı ilə birlikdə аrаşdırаrаq hеsаb еdir ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas yoxdur.

38. Məhkəmə kollegiyası ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, apellyasiya şikayəti iddiaçılardan iddiaçı1 tərəfindən imzalanmış, digər iddiaçı X5 isə həmin şikayəti nümayəndə qismində imzalamışdır.

39. Lakin iş materialları ilə müəyyən edilir ki, iddiaçı1 uşaqlıqdan İ qrup ömürlük əlildir. Apellyasiya şikayətinin məzmunundan isə görünür ki, şikayət əsasən nümayəndə X5 dilindən tərtib edilmiş, onun birbaşa şahidi olduğu hadisələrə və ona məlum olan faktlara əsaslanmaqla (iddia edilməklə) təsvir edilmişdir. Bununla yanaşı, nəzərə alınmalıdır ki, iddiaçılar doğma bacıdırlar, irəli sürdükləri iddia eyni hüquqi maraqdan irəli gəlir və mübahisələndirilən faktlar ailə münasibətləri çərçivəsində hər iki iddiaçıya məlum olan hallarla bağlıdır. iddiaçı1 sağlamlıq vəziyyəti də nəzərə alınmaqla, apellyasiya şikayətində hadisələrin əsasən nümayəndənin dili ilə ifadə olunması həmin şikayətin Məshəti Kərimovaya münasibətdə mahiyyətinə və hüquqi qiymətləndirilməsinə təsir edən hal kimi qəbul edilə bilməz. Kollegiya şikayətdə göstərilən dəlilləri işdə olan digər sübutlarla birlikdə qiymətləndirmişdir.

40. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133-cü maddəsinə əsasən, ölmüş şəxsin əmlakı qanun üzrə və ya vəsiyyət üzrə vərəsələrə keçir. Hazırkı iş üzrə müəyyən edilmiş hal ondan ibarətdir ki, miras qoyan X2 vəsiyyətnamə tərtib etmədən vəfat etmişdir. Bu səbəbdən onun mirası qanun üzrə vərəsəlik qaydasında vərəsələrə ötürülmüşdür.

41. Iş materiallarından görünür ki, tərəflər X2 övladları olmaqla onun qanun üzrə birinci növbə vərəsələridir. Mübahisə predmeti cavabdehin miras qoyanın vərəsəsi olub-olmaması deyil, onun Mülki Məcəllənin 1137-ci maddəsində nəzərdə tutulmuş əsaslarla ləyaqətsiz vərəsə hesab edilərək vərəsəlik hüququndan məhrum edilməsinin mümkün olub-olmamasıdır.

42. Iş üzrə mübahisələndirilməyən hallar ondan ibarətdir ki, miras qoyan X2 ## ###### 2024-cü ildə vəfat etmiş, tərəflər onun övladları olmaqla qanun üzrə vərəsələr hesab olunurlar. Həmçinin iş materialları ilə iddiaçı1 uşaqlıqdan İ qrup ömürlük əlil olması, anası X6 2019-cu ildə, atası X2 isə 2024-cü ildə vəfat etməsi təsdiq edilir.

43. Mübahisələndirilən hallar isə cavabdehin uzun illər valideynlərinin saxlanılmasında və onlara qulluq göstərilməsində iştirak etməməsi, ailə üzvlərinə qarşı laqeyd münasibət göstərməsi, miras qoyanın son xəstəlik dövründə və ölümündən sonra sənədləri və bank kartlarını götürməsi, avtomobilə və digər əmlaka aid sənədləri gizlətməsi, bununla da miras qoyanın son iradəsinin həyata keçirilməsinə mane olması və bu səbəbdən ləyaqətsiz vərəsə hesab edilməli olub-olmamasıdır.

44. Kollegiya apellyasiya şikayətinin dəlillərini mülki işin tədqiq olunmuş halları ilə qarşılıqlı araşdırarq hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsaslar mövcud deyil.

45. Belə ki, miras qalan əmlakın hüquqi müqəddəratının müəyyən edilməsi həm şəxsi, həm də ictimai əhəmiyyət kəsb edən hüquq münasibətlərindəndir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin V hissəsinə əsasən dövlət vərəsəlik hüququna təminat verir. Bu konstitusion təminat həm miras qoyanın iradəsinin, həm də qanun üzrə vərəsəlik hüququnun qanunvericiliklə müəyyən edilmiş əsaslar olmadan məhdudlaşdırılmamasını nəzərdə tutur. Buna görə də şəxsin qanun üzrə vərəsəlik hüququndan məhrum edilməsi yalnız qanunda birbaşa nəzərdə tutulmuş əsaslar mövcud olduqda mümkündür və həmin əsaslar məhkəmə tərəfindən mötəbər sübutlarla təsdiq edilməlidir.

46. Vərəsəlik hüququndan məhrumetməyə səbəb olan hallar Mülki Məcəllənin 1137-ci maddəsində öz əksini tapmışdır. Həmin maddəyə əsasən miras qoyanın son iradəsini həyata keçirməsinə qəsdən maneə törətmiş və bununla da özünün və ya özünə yaxın şəxslərin vərəsəliyə çağırılmasına və ya miras paylarının artırılmasına kömək göstərmiş, yaxud vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş şəxs (ləyaqətsiz vərəsə) nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsə ola bilməz, bu şərtlə ki, həmin hallar məhkəmə tərəfindən təsdiq edilsin.

47. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1203.1-ci maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2011-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, “…Qanunverici şəxsin ləyaqətsiz vərəsə elan edilərək vərəsəlik hüququndan və məcburi pay almaq hüququndan məhrum edilməsi barədə məhkəməyə müraciət etmək hüququ olan subyektlərin dairəsini Mülki Məcəllənin 1139-cu maddəsi ilə konkret müəyyənləşdirmişdir. Belə ki, Mülki Məcəllənin bu maddəsinə müvafiq olaraq ləyaqətsiz vərəsənin vərəsəlik hüququndan məhrum edilməsinə əsas verən hal ləyaqətsiz vərəsənin vərəsəlik hüququndan məhrum edilməsindən müəyyən əmlak nəticələri əldə edən şəxsin iddiası üzrə məhkəmə tərəfindən müəyyən edilir. Mülki Məcəllənin 1203.2-ci maddəsinə əsasən isə məcburi pay almaq hüququndan məhrumetməni miras qoyan hələ öz sağlığında məhkəməyə müraciət etmək yolu ilə həyata keçirə bilər. Nəzərə almaq lazımdır ki, Mülki Məcəllənin 1137-ci maddəsi miras qoyanın və yaxud onun yaxınlarının şəxsiyyətinə qarşı törədilmiş hər hansı hüquqa zidd hərəkətləri deyil, məhz miras qoyanın son iradəsinin həyata keçirilməsinə qəsdən maneə törətmiş, yaxud vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş şəxsin təqsirinin məhkəmə tərəfindən təsdiq olunduğu təqdirdə onun nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsə ola bilməməsini müəyyən edir. Göründüyü kimi, miras qoyanın son iradəsini həyata keçirməsinə qəsdən maneə törətmiş, yaxud vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş şəxsin ləyaqətsiz vərəsə elan olunması yalnız vərəsələrdən birinin və ya bir neçəsinin məhkəməyə müraciəti əsasında həyata keçirilə bilər. Lakin vəsiyyət edən vərəsələrdən hər hansı birinin məcburi pay hüququndan məhrum edilməsi ilə bağlı məhkəməyə müraciət edərkən, həmin şəxslərin Mülki Məcəllənin 1137-ci maddəsi baxımından, onun son iradəsinin həyata keçirilməsinə qəsdən maneə törətməsini, yaxud vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətməsini əsaslandırması mümkün deyil. Ona görə ki, Mülki Məcəllənin 1137-ci maddəsi əsasında ləyaqətsiz vərəsə qismində tanınması miras qoyanın vəfatından sonra mübahisələndirilir. Mülki Məcəllənin 1137-ci maddəsində qeyd olunan miras qoyana qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş şəxsin hərəkətləri anlayışı həmin Məcəllənin 1203.1-ci maddəsinin “məcburi pay almaq hüququndan məhrumetmə, ümumiyyətlə, vərəsəlik hüququndan məhrumetməyə səbəb olan hallar” müddəasını tam əhatə etmir. Belə ki, burada miras qoyana qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkətlər məcburi paydan məhrum etmək üçün səbəb kimi götürülsə də, bu cinayətlərin miras qoyanın yalnız son iradəsinin əleyhinə yönəlməsi nəzərdə tutulur. Bununla yanaşı, Mülki Məcəllənin 1138-ci maddəsində qanunverici məcburi pay almaq hüququna dair daha bir məhdudiyyət də müəyyən etmişdir. Belə ki, bu maddəyə görə valideynlik hüquqlarından məhrum edilmiş və mirasın açıldığı günədək bu hüquqları bərpa edilməmiş valideynlər uşaqlarının qanun üzrə vərəsələri ola bilməzlər. Miras qoyanın saxlanması üzrə öhdələrinə qoyulmuş vəzifələrdən qəti surətdə boyun qaçıran şəxslər də qanun üzrə vərəsə ola bilməzlər, bir şərtlə ki, bu hal məhkəmə tərəfindən təsdiq edilsin. Göründüyü kimi, Mülki Məcəllənin 1203-cü maddəsi baxımından həmin Məcəllənin 1137 və 1138-ci maddələrində göstərilən hallar qanun üzrə vərəsəlik hüququnun itirilməsinə, eləcə də vəsiyyət edənin öz sağlığında məhkəməyə müraciəti əsasında məcburi pay almaq hüququ olan şəxslərin bu hüquqdan məhrum edilməsinə səbəb olur”.

48. Vərəsəlik hüququndan məhrumetməyə səbəb olan hallar Mülki Məcəllənin 1137-ci maddəsində öz əksini tapmışdır. Mülki qanunvericilik məcburi pay almaq hüququndan məhrumetmənin yalnız məhkəmə qərarı əsasında həyata keçirilməsini nəzərdə tutur.

49. Mülki işin materiallarından görünür ki, tərəflər arasında münasibətlər gərgin olsa da, cavabdehin əməllərində Mülki Məcəllənin 1137-ci maddəsində öz əksini tapmış və məhkəmə tərəfindən təsdiq edilmiş vərəsəlik hüququndan məhrumetməyə səbəb olan hallar aşkar olunmamışdır.

50. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarında olan sübutları, birinci instansiya məhkəməsinin qətnaməsini və tətbiq edilməli maddi hüquq normalarını qarşılıqlı şəkildə qiymətləndirərək hesab edir ki, həmin dəlillər qətnamənin ləğvi üçün əsas vermir.

51. Belə ki, apellyator cavabdehin miras qoyan reanimasiya şöbəsində olarkən yaşayış evinə daxil olaraq ona məxsus sənədləri, bank kartlarını və pul vəsaitlərini götürməyə cəhd etdiyini, avtomobilə və digər əmlaka aid sənədləri isə daha əvvəl gizlətdiyini bildirmiş və bu hərəkətlərin miras qoyanın son iradəsinin həyata keçirilməsinə maneə törətdiyini irəli sürmüşdür.

52. Kollegiya qeyd edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Lakin şikayətdə qeyd olunan hallar iddiaçılar tərəfindən sübut olunmamışdır, həmçinin kollegiya qeyd edir ki, həmin halların mövcudluğu ehtimal olunarsa belə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1137-ci maddəsində nəzərdə tutulmuş "miras qoyanın son iradəsinin həyata keçirilməsinə mane olma" anlayışı hər hansı hüquqa zidd və ya etik baxımdan mənfi qiymətləndirilə bilən davranışı deyil, məhz miras qoyanın son iradəsinin reallaşmasına yönəlmiş konkret qəsdin mövcudluğunu və həmin qəsdin nəticəsində şəxsin özünün və ya ona yaxın şəxslərin vərəsəliyə çağırılmasına və ya miras payının artırılmasına xidmət edən hərəkətləri nəzərdə tutur. Məsələn: atanın vəsiyyətnamə yazmasına, onu dəyişməsinə və ya ləğv etməsinə zorla, hədə-qorxu ilə mane olubsa, bununla özünün və ya yaxınlarının vərəsəliyə çağırılmasına yaxud miras payının artırılmasına şərait yaradıbsa, atasının vəsiyyətnamədə ifadə olunmuş son iradəsinə qarşı və ya birbaşa atanın özünə, sağlamlığına, həyatına qarşı qəsdən cinayət (və ya digər ciddi əxlaqsız hərəkət) törədibsə. Hazırki halda isə iddiaçılar qardaşının yuxarıda qeyd olunan əməlləri törətdiyini məhkəmədə mötəbər sübutlarla sübut etməmişlər. Sadəcə qardaşın ataya sağlığında yaxşı baxmaması və ya soyuq münasibətlərdə olmasını iddia etmə avtomatik olaraq onu ləyaqətsiz vərəsə etmir.

53. Iş materiallarında cavabdehin sənədləri götürməsi və ya götürməyə cəhd etməsi barədə iddialar irəli sürülsə də, həmin halların miras qoyanın son iradəsinin həyata keçirilməsinin qarşısını almaq məqsədi ilə törədildiyini, yaxud bunun nəticəsində cavabdehin vərəsəlik hüququnun genişləndirildiyini və ya digər vərəsələrin hüquqlarının məhdudlaşdırıldığını təsdiq edən mötəbər, kifayət qədər və inandırıcı sübutlar təqdim edilməmişdir. Şahid ifadələri də bu halları Mülki Məcəllənin 1137-ci maddəsinin dispozisiyasında nəzərdə tutulan hüquqi meyarlar baxımından təsdiq etmir.

54. Apellyatorun şahid ifadələrinin düzgün qiymətləndirilməməsinə dair dəlili də əsaslı hesab edilə bilməz. Belə ki, iş üzrə dindirilmiş şahidlərin ifadələri əsasən ailədaxili münasibətlərə, valideynlərə kim tərəfindən daha çox maddi və mənəvi dəstək göstərilməsinə, ailə üzvlərinin həyat tərzinə və tərəflərin qarşılıqlı münasibətlərinə aiddir. Həmin ifadələr cavabdehin ailə üzvlərinə kifayət qədər qayğı göstərmədiyi fikrini yaratsa belə, bu hal özlüyündə onun ləyaqətsiz vərəsə hesab edilməsinə hüquqi əsas yaratmır. Çünki Mülki Məcəllənin 1137-ci maddəsinin tətbiqi üçün ailə münasibətlərinin mənfi olması deyil, məhz miras qoyanın son iradəsinə qarşı yönəlmiş qəsd sübuta yetirilməlidir.

55. Apellyatorun miras qoyanın bank hesablarında olan pul vəsaitlərinin mənbəyinin araşdırılmaması ilə bağlı dəlili də iddianın predmeti baxımından əhəmiyyətli hesab edilə bilməz. Çünki bank hesablarında olan pul vəsaitlərinin hansı mənbədən formalaşmasının müəyyən edilməsi cavabdehin ləyaqətsiz vərəsə olub-olmaması məsələsinə təsir göstərmir. Bu səbəbdən birinci instansiya məhkəməsinin həmin məsələyə ayrıca hüquqi qiymət verməməsi qətnamənin qanuniliyinə təsir edən pozuntu hesab edilə bilməz.

56. Kollegiya apellyatorun cavabdehin valideynlərinə və İ qrup əlil bacısına uzun illər qayğı göstərməməsi, onları köməksiz vəziyyətdə qoyması, Türkiyəyə köçməsi və ailə münasibətlərindən uzaqlaşması barədə dəlillərini də qiymətləndirərək qeyd edir ki, iddia olunan bu faktlar Mülki Məcəllənin 1137-ci maddəsinin tətbiqi üçün kifayət etmir. Qanunverici ləyaqətsiz vərəsə institutunu ailə münasibətlərindəki hər bir vicdansız davranışla deyil, yalnız miras qoyanın son iradəsinə qarşı yönəlmiş konkret qanunsuz hərəkətlə əlaqələndirmişdir.

57. Bundan başqa, iş materiallarından (iddiaçının tərtib etdiyi iddia ərizəsi və apellyasiya şikayətinin məzmunundan, həmçinin izahatlardan) görünür ki, miras qoyan sağlığında cavabdeh oğlu ilə münasibətlərini normal davam etdirmiş, ona baş çəkmiş, oğlunun ailə üzvlərinə qayğı göstərmiş və hətta öz əmlakının bir hissəsini sağlığında cavabdehə bağışlamışdır. Bu hallar miras qoyanın sağlığında öz iradəsi ilə cavabdehlə münasibətlərini normal əlaqələrlə davam etdirdiyini göstərən obyektiv faktlardır.

58. Yuxarıda da qeyd olunduğu kimi Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1203.1-ci maddəsinin şərh edilməsinə dair" ## ###### 2011-ci il tarixli Qərarında da izah edilmişdir ki, Mülki Məcəllənin 1137-ci maddəsi miras qoyana qarşı törədilmiş istənilən hüquqa zidd davranışı deyil, yalnız miras qoyanın son iradəsinin həyata keçirilməsinə qəsdən mane olan və ya vəsiyyətdə ifadə olunmuş son iradəyə qarşı yönələn hərəkətləri əhatə edir. Bu baxımdan apellyasiya şikayətində göstərilən hallar həmin hüquqi meyarlara uyğun gəlmir.

59. Beləliklə, kollegiya hesab edir ki, apellyasiya şikayətində irəli sürülən dəlillər cavabdehin Mülki Məcəllənin 1137-ci maddəsində nəzərdə tutulmuş əsaslarla ləyaqətsiz vərəsə hesab edilməsinə kifayət etmir. Birinci instansiya məhkəməsi iş üzrə təqdim edilmiş sübutları Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun qiymətləndirmiş, işin müəyyən edilmiş hallarına düzgün hüquqi qiymət vermiş və maddi hüquq normalarını düzgün tətbiq etmişdir.

60. Bu səbəbdən də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə tam, hərtərəfli və qərəzsiz olaraq araşdırma aparılmasına şərait yaradılımış və təqdim edilmiş sübutlar araşdırılmaqla düzgün nəticəyə gəlinmişdir. Apellyasiya şikayətinin dəlilləri təsdiq olunmadığından, eyni zamanda qətnamənin apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün mülki prosessual qanunvericilikdə nəzərdə tutulan əsaslar müəyyən edilmədiyindən qətnamə ləğv edilə bilməz.

61. Bütün sadalananları nəzərə alaraq kollegiya belə nəticəyə gəlir ki, iddiaçılar X5 və iddiaçı1 cavabdeh Cavabdeh qarşı ləyaqətsiz vərəsə hesab edilməsi tələbinə dair mülki iş üzrə Naxçıvan Şəhər Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qətnaməsindən iddiaçı iddiaçı1 və onun nümayəndəsi X5 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Naxçıvan Şəhər Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

62. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

63. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə uyğun olaraq onun özünə aid edilməlidir.

64. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0, 384.0.1, 392, 393, 402.1, 403.1, 404.1.1, 405.0.1 və 406.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Naxçıvan Şəhər Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği iddiaçının özünə aid olunsun. Qətnamədən, o işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar