Məhkəmə qərarları › İş №e-2(3-6)-2927/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2(3-6)-2927/2026

22.07.2026 · Vərəsəlik hüququ üzrə mübahisələr - Ləyaqətsiz vərəsə hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2(3-6)-2927/2026 22.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iş üzrə (Açar sözlər: şəxsin ləyaqətsiz vərəsə hesab edilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X2 (sədrlik edən və məruzəçi), X3 və X1 ibarət tərkibdə, məhkəmə iclasının katibi oğlunun katibliyi, Iddiaçı İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı şəxsin ləyaqətsiz vərəsə hesab edilməsi tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(*-**)-***/**** nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. Işin halları, iş üzrə məhkəmə icraatı

1. Cavabdeh iddiaçının oğludur.

2. Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Emin Quliyev küçəsi, ev 50 ünvanında yerləşən ** nömrəli mənzil ##.##.2021-ci il tarixində daşınmaz əmlakın dövlət reyestrində iddiaçının adına qeydiyyata alınmışdır.

3. Bakı şəhəri Qaradağ Rayon Icra Hakimiyyəti tərəfindən ##.##.2026-cı il tarixdə İddiaçı 60 gün müddətinə qısamüddətli mühafizə orderi verilmiş, Cavabdeh isə məişət zorakılığının təkrarlanmaması barədə xəbərdarlıq edilmişdir.

a) Birinci instansiya məhkəməsində icraat

4. Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh ləyaqətsiz vərəsə elan edilərək onun İddiaçı münasibətdə vərəsəlik hüququndan məhrum edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

5. Iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ##.##.1985-ci il tarixdə Qədirov Eynulla Nəzər oğlu ilə rəsmi nikaha daxil olmuş və həmin nikahdan üç övladları dünyaya gəlmişdir: ##.##.1986-cı il təvəllüdlü X4, ##.##.1989-cu il təvəllüdlü Salayeva (Qədirova) Emiliya Eynulla qızı və ##.##.1990-cı il təvəllüdlü Cavabdeh. Uzun illər ərzində iddiaçı ailənin formalaşması, övladların böyüdülməsi və sosial rifahının təmin olunması istiqamətində üzərinə düşən vəzifələri vicdanla yerinə yetirmiş, ailə dəyərlərinin qorunmasına xüsusi önəm vermişdir. Hazırda cavabdeh Cavabdeh iddiaçı ilə birlikdə iddiaçının xüsusi mülkiyyət hüququ əsasında malik olduğu ünvan 1 ünvanında yaşayır. Lakin birgə yaşayış müddətində cavabdehin davranışları sistemli və davamlı xarakter alaraq ailə münasibətlərinin normal axarını pozmuş, iddiaçının həm fiziki təhlükəsizliyi, həm psixoloji vəziyyəti, həm də mülki hüquqları üçün real təhlükə yaratmışdır. Belə ki, cavabdeh uzun müddətdir ki, əmək fəaliyyəti ilə məşğul olmur, işləməkdən qəsdən yayınır və tüfeyli həyat tərzi sürür. Onun sosial məsuliyyətsizliyi yalnız şəxsi həyatına deyil, eyni zamanda ailə üzvlərinə də ciddi mənfi təsir göstərir. Maddi çətinliklərə baxmayaraq işləməkdən imtina etməsi onun qəsdən ailənin yükünü iddiaçının üzərinə qoyduğunu göstərir. Cavabdeh dəfələrlə iddiaçıya məxsus yaşayış sahəsindən müxtəlif məişət əşyalarını gizli şəkildə götürərək satmış, bununla da iddiaçının mülkiyyət hüququnu kobud şəkildə pozmuş və ona maddi ziyan vurmuşdur. Bu cür hərəkətlər onun ailə üzvü kimi etimadı doğrultmadığını və ailədaxili münasibətlərdə dürüstlük prinsipinə əməl etmədiyini açıq şəkildə göstərir. Bundan əlavə, cavabdeh çoxsaylı şəxslərə borclu olması səbəbindən mütəmadi olaraq iddiaçıya təzyiq göstərir, ona məxsus mənzilin satılmasını tələb edir və bununla iddiaçını psixoloji gərginlik altında saxlayır. Bu tələblər iddiaçının mülkiyyət hüququna birbaşa müdaxilə olmaqla yanaşı, onun normal həyat şəraitini pozur. Cavabdeh ailə üzvlərinə, xüsusilə də iddiaçıya qarşı kobud və hörmətsiz davranış sərgiləyir, onu mütəmadi şəkildə təhqir edir, alçaldır və mənəvi iztirablar yaşamasına səbəb olur. Bu davranışlar iddiaçının psixoloji sağlamlığına ciddi zərər vurmuş, onun gündəlik həyat fəaliyyətinə mənfi təsir göstərmişdir. Iddiaçı müalicə məqsədilə xəstəxanada olduğu dövrlərdə cavabdeh yaşayış sahəsinə əxlaqsız həyat tərzi keçirən şəxslər gətirmiş, bununla ailənin cəmiyyətdəki nüfuzuna və hörmətinə xələl gətirmiş, qonşular və qohumlar arasında ailənin nüfuzdan düşməsinə səbəb olmuşdur. Bu hallar cavabdehin ümumi qəbul edilmiş əxlaq normalarına açıq şəkildə zidd davranış nümayiş etdirdiyini təsdiq edir. Cavabdehin qumar oyunlarında iştirak etməsi, nəticədə borclanması və bu səbəbdən hüquqi məsuliyyətə cəlb olunması onun qeyrisağlam həyat tərzi sürdüyünü və sosial cəhətdən təhlükəli davranışlara meylli olduğunu göstərir. O, hətta öz övladına qarşı aliment öhdəliyini yerinə yetirmir, valideynlik borclarından yayınır ki, bu da onun ailə dəyərlərinə münasibətinin mənfi olduğunu açıq şəkildə ortaya qoyur. Bununla yanaşı, cavabdeh iddiaçıya qarşı açıq şəkildə hədə-qorxu gəlmiş, bildirmişdir ki, azadlıqdan məhrum ediləcəyi təqdirdə cəza çəkib qayıtdıqdan sonra ailə üzvlərinə qarşı ağır zorakılıq əməlləri törədəcəkdir. Bu cür təhdidlər iddiaçının həyat və sağlamlığı üçün real təhlükə mənbəyi olmaqla yanaşı, onun daimi qorxu və stress şəraitində yaşamasına səbəb olur. Cavabdeh eyni zamanda müxtəlif bəhanələrlə, o cümlədən guya iddiaçı üçün dərman almaq məqsədilə pul alaraq həmin vəsaitləri şəxsi eyş-işrətinə sərf edir, iddiaçının etibarından sui-istifadə edir və onu maddi baxımdan da zərərə uğradır. Göstərilən bütün bu hallar ayrı-ayrılıqda deyil, məhz sistemli və davamlı xarakter daşımaqla cavabdehin ailə üzvü kimi üzərinə düşən mənəvi və hüquqi öhdəlikləri kobud şəkildə pozduğunu, valideyninə qarşı hörmətsiz və qeyri-insani münasibət göstərdiyini, ümumilikdə isə cəmiyyətin qəbul etdiyi əxlaqi normalara zidd davranış sərgilədiyini sübut edir. Bu davranışlar nəticə etibarilə iddiaçının şərəf və ləyaqətinə xələl gətirmiş, onun sakit və təhlükəsiz yaşamaq hüququnu ciddi şəkildə pozmuşdur. Azərbaycan Respublikasının mülki qanunvericiliyinə əsasən vərəsəlik hüququ yalnız qanunla müəyyən edilmiş şərtlər daxilində həyata keçirilə bilər və bu hüquq mütləq xarakter daşımır. Belə ki, qanunverici bəzi hallarda şəxsin öz davranışları nəticəsində vərəsəlik hüququndan məhrum edilməsini mümkün hesab etmişdir. Bu hallar sırasında xüsusilə “ləyaqətsiz vərəsə” institutu mühüm yer tutur və həmin institut miras qoyanın iradəsinin, şəxsiyyətinin və ailə dəyərlərinin qorunmasına xidmət edir.

6. Iddiaçının nümayəndəsi və vəkili daha sonra məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdeh Cavabdeh ləyaqətsiz vərəsə elan edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

7. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 bildirmişdir ki, cavabdeh onun qardaşıdır. O anasını təhdid edir və ölümlə hədələyir. Bu hərəkətlərdən sonra anası neçə dəfə müalicə almış və xəstəxanada yatmışdır. Xəstəxanadan çıxıb gəldikdən sonra qardaşı onu evə qoymamışdır.

8. Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(*-**)-***/**** nömrəli qətnaməsi ilə (hakim Q.M.Əbilov) iddia təmin edilməmişdir.

9. Məhkəmə qeyd etmişdir ki, iddiaçı ana, cavabdeh isə onun oğludur. Cavabdeh Cavabdeh anasının razılığı olmadan ailə qurmaq niyyəti olmuş, həmçinin, anasına qarşı nalayiq hərəkətlər etmişdir. Hazırkı işin faktiki halları ona dəlalət etmir ki, cavabdeh ləyaqətsiz vərəsə hesab edilsin. Həmçinin hazırkı halda o da müəyyən edilmişdir ki, iddiaçı hər hansı bir əmlakın vəsiyyət edilməsinə dair vəsiyyətnamə ilə notariata müraciət etməmişdir.

10. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1134.1, 1139, 1144, 1151, 1159.1.1, 1193, 1194, 1203-cü maddələrinə, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4-cü maddəsinə istinadla əsaslandırılmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

11. Iddiaçı qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

12. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmış, əlavə olaraq göstərilmişdir ki, məhkəmə iş materialarında toplanmış rəsmi dövlət sənədinə — Bakı şəhəri Qaradağ rayon Icra Hakimiyyəti tərəfindən verilmiş ##.##.2026-cı il tarixli ** №-li qısamüddətli mühafizə orderinə istinad edərək müəyyən etmişdir ki, cavabdeh Cavabdeh doğma anası İddiaçı qarşı məişət zəminində psixi zorakılıq törətmiş, onu hədələmiş, təhdid etmiş və daimi narahatlıq yaratmışdır. Sənədlə təsdiqlənən bu zorakılıq faktı məhkəmə tərəfindən qətnamədə rəsmən qəbul edilmişdir. Məhkəmə iclasında dindirilmiş şahid X5 (cavabdehin qardaşı) ifadələri ilə müəyyən edilmişdir ki, cavabdeh anasını sistemli şəkildə təhdid edir, onu ölümlə hədələyir və bu ağır psixoloji basqılardan sonra yaşlı ana dəfələrlə infarkt və stress vəziyyətində xəstəxanalarda yataraq müalicə almışdır. Şahid həmçinin təsdiq etmişdir ki, ana xəstəxanadan çıxıb gəldikdən sonra cavabdeh onu öz şəxsi evinə qoymamış, qapını üzünə bağlamışdır. Məhkəmə bu şahid ifadələrini qətnamənin mətninə daxil etməklə onların doğruluğunu faktiki olaraq təsbit etmişdir. Birinci instansiya məhkəməsi işin yekununda aydın şəkildə müəyyən etmişdir ki, iddiaçı ana, cavabdeh isə onun oğludur və cavabdeh anasına qarşı ümumi qəbul edilmiş əxlaq normalarına zidd olaraq mütəmadi olaraq nalayiq, təhqiramiz hərəkətlər etmişdir. Birinci instansiya məhkəməsi yuxarıda sadalanan ağır faktları müəyyən etsə də, onları hüquqi cəhətdən tamamilə yanlış qiymətləndirmiş, maddi və prosessual hüquq normalarını ziddiyyətli şəkildə tətbiq edərək səhv nəticələrə gəlmişdir. Birinci instansiya məhkəməsi iddianın rədd edilməsini qeyri-qanuni olaraq onunla əsaslandırmışdır ki, iddiaçı ana hələ sağdır və o, hər hansı bir əmlakın vəsiyyət edilməsinə dair notariata müraciət edərək vəsiyyətnamə tərtib etməmişdir. Bu nəticə Azərbaycan Respublikası Mülki Məcələsinin vərəsəlik hüququnun təməl prinsiplərinə, xüsusilə də məcburi pay institutuna tamamilə ziddir. Hakim öz qətnaməsində MM-in 1193 və 1203-cü maddələrinə istinad edir. Həmin maddələrin birbaşa tələbinə görə, iddiaçı (ana) sabah notariusa gedib mülkiyyətini digər övladlarına və ya tamamilə yad bir şəxsə vəsiyyət etsə belə, qanunvericilik vəsiyyətnamənin məzmunundan asılı olmayaraq birinci növbə vərəsə olan cavabdehə (oğula) məcburi pay (qanuni payın yarısını) tələb etmək hüququ verir. MM-in 1203-cü maddəsi isə imperativ olaraq müəyyən edir ki, şəxsi məcburi pay almaq hüququndan məhrum etmək yalnız və yalnız onun məhkəmə tərəfindən ləyaqətsiz vərəsə elan edilməsi ilə mümkündür. Göründüyü kimi, iddiaçının bu iddianı qaldırmaqda birbaşa qanuni və maddi hüquqi marağı mövcuddur. O, gələcəkdə tərtib edəcəyi vəsiyyətnamənin cavabdeh tərəfindən məcburi pay iddiası ilə latent şəkildə pozulmasının qarşısını indidən almaq istəyir. Məhkəmənin "əvvəlcə vəsiyyətnamə olmalıdır, sonra ləyaqətsiz vərəsə iddiası baxıla bilər" məntiqi hüquqi absurdluqdur və maddi hüququn səhv tətbiqidir. Məhkəmə qətnamədə cavabdehin törətdiyi psixi zorakılığı, ölümlə hədələmələri, ananı qorxu içində saxlamasını və evdən qovmasını çox bəsit və bəhanə xarakterli bir dilə ifadə edərək qeyd etmişdir ki, guya “cavabdeh anasının razılığı olmadan ailə qurmaq niyyəti ilə olmuş, həmçinin anasına qarşı nalayiq hərəkətlər etmişdir”. Bu qiymətləndirmə işin faktiki ağırlığını gizlətmək və cavabdehə bəraət qazandırmaq cəhdidir. Ortada rəsmi dövlət sənədi — Mühafizə Orderi və "ölümlə hədələmə" barədə konkret şahid ifadəsi olduğu halda, bu hərəkətləri sadəcə "anasının icazəsi olmadan evlənmək istəyi və adi küsmək" kimi dəyərləndirmək formal həqiqət və obyektivlik prinsiplərinin birbaşa tapdalanmasıdır. Qaradağ Rayon Məhkəməsi AR Mülki Prosessual Məcələsinin 14.2 və 77.1-ci maddələrini səhv şərh edərək sübutetmə yükünü tamamilə xəstə, yaşlı və təhdid altında yaşayan ananın üzərinə qoymuşdur. Məhkəmə özünün prosessual fəallıq prinsiplərindən imtina edərək, iddiaçının izahatlarında bildirdiyi və işin həli üçün fundamental əhəmiyyət kəsb edən aşağıdakı sahələri ümumiyyətlə araşdırmamış, rəsmi sorğular verməmişdir. Iddiaçı məhkəmə iclasında açıq şəkildə bəyan etmişdir ki, cavabdeh insanları işə düzəltmək adı ilə aldadaraq külli miqdarda pullarını mənimsəmiş (dələduzluq etmiş) və bu səbəbdən onun barəsində hazırda məhz elə Qaradağ Rayon Məhkəməsinin icraatında digər mülki işlər mövcuddur. Borc içində batmış cavabdehin ananın evini gizlicə satışa çıxarmasının motivi məhz bu borclarla bağlıdır. Hakim eyni məhkəmə binasında yerləşən həmin iş materialarını rəsmi sorğu ilə çıxarıb araşdırmamış, cavabdehin iqtisadi cinayətlərə meyliliyini və ananın mülkiyyətinə real təhdidini hüquqi qiymətləndirmədən kənarda saxlamışdır. Iddiaçı cavabdehin aliment borclarına görə 4 dəfə həbs olunduğunu, qumar asılılığını və 45 gün X9 yatdığını rəsmən bildirsə də, məhkəmə bu iddiaların yoxlanılması üçün Daxili Işlər Nazirliyinə, Ədliyyə Nazirliyinə və Pentensiar Xidmətə heç bir rəsmi sorğu göndərməmişdir. Bu sənədlər cavabdehin cəmiyyət və ailə üçün sosial təhlükəlilik dərəcəsini, onun mənəvi aşınmaya məruz qalaraq Mülki Məcələnin ləyaqətsiz vərəsə institutunun dispozisiya şərtlərinə (miras qoyana qarşı qəsdən mənəvi-fiziki zərbə vurulması) tam uyğun gəldiyini sübut edəcək əsas amilər idi. Cavabdehin anaya qarşı "həbsdən çıxıb gələndən sonra sizə daha ağır divan tutacam, ağır zorakılıq edəcəm" formrasındakı şərti hədələri kontekstində ananın həyat hüququ və can təhlükəsizliyi riski məhkəmə tərəfindən tamamilə gözardı edilmişdir. Beləliklə, birinci instansiya məhkəməsi iş üzrə mövcud olan inkaredilməz materiaları (Mühafizə orderi, şahid ifadəsi) sadəcə mexaniki olaraq qətnaməyə köçürmüş, lakin yekunda tamamilə qeyri-qanuni, maddi hüquqa zidd və məntiqi boşluqlarla dolu olan "vəsiyyətnamə yoxdur" əsası ilə iddiaçının qanuni maraqlarını müdafiəsiz buraxmışdır. Məhkəmə cavabdehin sistemli şəkildə anaya qarşı apardığı iqtisadi və psixoloji terrorun mülki qanunvericilikdə nəzərdə tutulmuş ləyaqətsiz vərəsəlik əlamətlərini tam formalaşdırdığı faktını qərəzli şəkildə görməzdən gəlmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

14. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi və vəkili apelyasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini məhkəmədən xahiş etdilər.

15. Işə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə rəsmi qaydada məlumat verilmiş, lakin o (nümayəndəsi) məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir

Tətbiq edilən hüquq

16. Azərbaycan Respublkasının Mülki Məcəlləsi Maddə 1137. Miras qoyanın son iradəsini həyata keçirməsinə qəsdən maneə törətmiş və bununla da özünün və ya özünə yaxın şəxslərin vərəsəliyə çağırılmasına və ya miras paylarının artırılmasına kömək göstərmiş, yaxud vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş şəxs (ləyaqətsiz vərəsə) nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsə ola bilməz, bu şərtlə ki, həmin hallar məhkəmə tərəfindən təsdiq edilsin. Maddə 1138. Valideynlik hüquqlarından məhrum edilmiş və mirasın açıldığı günədək bu hüquqları bərpa edilməmiş valideynlər uşaqlarının qanun üzrə vərəsələri ola bilməzlər. Miras qoyanın saxlanması üzrə öhdələrinə qoyulmuş vəzifələrdən qəti surətdə boyun qaçıran şəxslər də qanun üzrə vərəsə ola bilməzlər, bir şərtlə ki, bu hal məhkəmə tərəfindən təsdiq edilsin. Maddə 1139. Ləyaqətsiz vərəsənin vərəsəlik hüququndan məhrum edilməsinə əsas verən hal ləyaqətsiz vərəsənin vərəsəlik hüququndan məhrum edilməsindən müəyyən əmlak nəticələri əldə edən şəxsin iddiası üzrə məhkəmə tərəfindən müəyyənləşdirilməlidir. Maddə 1203.1. Məcburi pay almaq hüququndan məhrumetmə, ümumiyyətlə, vərəsəlik hüququndan məhrumetməyə səbəb olan hallar olduqda mümkündür. Maddə 1203.2. Məcburi pay almaq hüququndan məhrumetməni miras qoyan hələ öz sağlığında məhkəməyə müraciət etmək yolu ilə həyata keçirə bilər. Maddə 1203.3. Məcburi pay almaq hüququndan məhrumetmə barəsində məhkəmənin çıxardığı qərar mirasın açıldığı andan qüvvədə olur. Miras qoyanın hələ öz sağlığında məhkəməyə müraciət etdiyi, lakin qərarın onun ölümündən sonra qəbul edildiyi halda da bu cür nəticə baş verir.

17. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1203.1-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2011-ci il tarixli Qərarı: Miras qalan əmlakın müqəddəratının həll edilməsi məsələsi mühüm şəxsi və ictimai əhəmiyyətə malikdir. Azərbaycan Respublikası Konstitusiyasının (29-cu maddəsinin V hissəsi vərəsəlik hüququnun təminatına konstitusion zəmanət verir. Konstitusiyanın bu maddəsi vəsiyyət etmə hüququnu geniş anlamda bəyan edərək, vərəsəlik hüququnun təminatı kimi miras qoymağı, yəni bir tərəfdən vəsiyyət edə bilmək hüququnu, digər tərəfdən vərəsə olaraq mirası qəbul edib ona sahib olmaq hüququnu nəzərdə tutur. Vərəsəlik hüquq institutu ailə ilə əmlak hüquq normaları qrupu arasında mövcud olan mülki hüquq münasibətlərini tənzimləyir. Vərəsəlik institutu müəyyən dərəcədə hər iki normalar qrupunun (ailə və əmlak) spesifik xüsusiyyətlərini özündə əks etdirir. Belə ki, vərəsəlik hüquq institutunun bu xüsusiyyəti həm ona aid olan qaydaların xeyli hissəsinin məcburi xarakter daşımasında, həm də müqavilə azadlığının xüsusi şərtlərlə məhdudlaşdırılmasında özünü göstərir. Qeyd edilməlidir ki, vəsiyyət edənin qanun üzrə vərəsələrdən birini, bir neçəsini və ya hamısını vəsiyyətnamə ilə mirasdan məhrum edə bilməsi və bunu əsaslandırmağa borclu olmaması vəsiyyət azadlığı prinsipinə əsaslanır. Mülkiyyətçinin vəsiyyətnaməni hələ öz sağlığında qanunvericiliyin tələblərinə uyğun olaraq tərtib etməsi və vərəsələrdən birini, bir neçəsini və ya hamısını vəsiyyətnamə ilə mirasdan məhrum edə bilməsi vəsiyyət edənin öz mülkiyyəti üzərində sərəncam vermək hüququnu təmin edən amillərdən biridir. Lakin vəsiyyətnamə ilə mirasdan məhrumetmə məcburi pay hüququ olan şəxslərə şamil edilmir. Belə ki, mülki qanunvericilik məcburi pay almaq hüququndan məhrumetmənin yalnız məhkəmə qərarı əsasında həyata keçirilməsini nəzərdə tutur. Qanunverici tərəfindən göstərilən norma ilə vəsiyyət edənə hələ öz sağlığında məhkəməyə müraciət edərək məcburi pay almaq hüququ olan şəxsləri bu hüquqdan məhrum etmək imkanının verilməsi vəsiyyət edənin öz mülkiyyəti üzərində sərəncam vermək hüququ ilə vərəsəlik hüququnda sosial ədalət prinsipi arasında tarazlığın yaranmasına xidmət edir. Mülki Məcəllənin 1203.1-ci maddəsinə əsasən məcburi pay almaq hüququndan məhrumetmə, ümumiyyətlə, vərəsəlik hüququndan məhrumetməyə səbəb olan hallar olduqda mümkündür. Göründüyü kimi, məcburi pay almaq hüququndan məhrumetmə, ümumi qaydada vərəsəlik hüququndan məhrumetməyə səbəb olan hallarda həyata keçirilə bilər. Vərəsəlik hüququndan məhrumetməyə səbəb olan hallar Mülki Məcəllənin 1137-ci maddəsində öz əksini tapmışdır. Həmin maddəyə əsasən miras qoyanın son iradəsini həyata keçirməsinə qəsdən maneə törətmiş və bununla da özünün və ya özünə yaxın şəxslərin vərəsəliyə çağırılmasına və ya miras paylarının artırılmasına kömək göstərmiş, yaxud vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş şəxs (ləyaqətsiz vərəsə) nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsə ola bilməz, bu şərtlə ki, həmin hallar məhkəmə tərəfindən təsdiq edilsin. Qanunverici şəxsin ləyaqətsiz vərəsə elan edilərək vərəsəlik hüququndan və məcburi pay almaq hüququndan məhrum edilməsi barədə məhkəməyə müraciət etmək hüququ olan subyektlərin dairəsini Mülki Məcəllənin 1139-cu maddəsi ilə konkret müəyyənləşdirmişdir. Belə ki, Mülki Məcəllənin bu maddəsinə müvafiq olaraq ləyaqətsiz vərəsənin vərəsəlik hüququndan məhrum edilməsinə əsas verən hal ləyaqətsiz vərəsənin vərəsəlik hüququndan məhrum edilməsindən müəyyən əmlak nəticələri əldə edən şəxsin iddiası üzrə məhkəmə tərəfindən müəyyən edilir. Mülki Məcəllənin 1203.2-ci maddəsinə əsasən isə məcburi pay almaq hüququndan məhrumetməni miras qoyan hələ öz sağlığında məhkəməyə müraciət etmək yolu ilə həyata keçirə bilər. Nəzərə almaq lazımdır ki, Mülki Məcəllənin 1137-ci maddəsi miras qoyanın və yaxud onun yaxınlarının şəxsiyyətinə qarşı törədilmiş hər hansı hüquqa zidd hərəkətləri deyil, məhz miras qoyanın son iradəsinin həyata keçirilməsinə qəsdən maneə törətmiş, yaxud vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş şəxsin təqsirinin məhkəmə tərəfindən təsdiq olunduğu təqdirdə onun nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsə ola bilməməsini müəyyən edir. Göründüyü kimi, miras qoyanın son iradəsini həyata keçirməsinə qəsdən maneə törətmiş, yaxud vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş şəxsin ləyaqətsiz vərəsə elan olunması yalnız vərəsələrdən birinin və ya bir neçəsinin məhkəməyə müraciəti əsasında həyata keçirilə bilər. Lakin vəsiyyət edən vərəsələrdən hər hansı birinin məcburi pay hüququndan məhrum edilməsi ilə bağlı məhkəməyə müraciət edərkən, həmin şəxslərin Mülki Məcəllənin 1137-ci maddəsi baxımından, onun son iradəsinin həyata keçirilməsinə qəsdən maneə törətməsini, yaxud vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətməsini əsaslandırması mümkün deyil. Ona görə ki, Mülki Məcəllənin 1137-ci maddəsi əsasında ləyaqətsiz vərəsə qismində tanınması miras qoyanın vəfatından sonra mübahisələndirilir. Mülki Məcəllənin 1137-ci maddəsində qeyd olunan miras qoyana qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş şəxsin hərəkətləri anlayışı həmin Məcəllənin 1203.1-ci maddəsinin “məcburi pay almaq hüququndan məhrumetmə, ümumiyyətlə, vərəsəlik hüququndan məhrumetməyə səbəb olan hallar” müddəasını tam əhatə etmir. Belə ki, burada miras qoyana qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkətlər məcburi paydan məhrum etmək üçün səbəb kimi götürülsə də, bu cinayətlərin miras qoyanın yalnız son iradəsinin əleyhinə yönəlməsi nəzərdə tutulur. Bununla yanaşı, Mülki Məcəllənin 1138-ci maddəsində qanunverici məcburi pay almaq hüququna dair daha bir məhdudiyyət də müəyyən etmişdir. Belə ki, bu maddəyə görə valideynlik hüquqlarından məhrum edilmiş və mirasın açıldığı günədək bu hüquqları bərpa edilməmiş valideynlər uşaqlarının qanun üzrə vərəsələri ola bilməzlər. Miras qoyanın saxlanması üzrə öhdələrinə qoyulmuş vəzifələrdən qəti surətdə boyun qaçıran şəxslər də qanun üzrə vərəsə ola bilməzlər, bir şərtlə ki, bu hal məhkəmə tərəfindən təsdiq edilsin. Göründüyü kimi, Mülki Məcəllənin 1203-cü maddəsi baxımından həmin Məcəllənin 1137 və 1138-ci maddələrində göstərilən hallar qanun üzrə vərəsəlik hüququnun itirilməsinə, eləcə də vəsiyyət edənin öz sağlığında məhkəməyə müraciəti əsasında məcburi pay almaq hüququ olan şəxslərin bu hüquqdan məhrum edilməsinə səbəb olur. Mülki Məcəllənin 1203.1-ci maddəsinin “vərəsəlik hüququndan məhrumetməyə səbəb olan hallar” müddəası həmin Məcəllənin 1137 və 1138-ci maddələrində göstərilən halları əhatə edərək nəinki miras qoyanın son iradəsinə, həmçinin miras qoyana qarşı yönələn halları da ehtiva edir.

18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

19. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

20. Hazırkı işdə iddia rədd olunduğundan və apellyasiya şikayətində qətnamə iş üzrə iddiaçı tərəfindən bütövlükdə mübahisələndirildiyindən, qətnamənin əsaslığı bütövlükdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

21. Məhkəmə kollegiyası proses iştirakçılarını dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

22. Işdən görünür ki, iddiaçı vəkil (nümayəndə) ilə təmsil olunur, onun ilkin iddia tələbi cavabdehin ləyaqətsiz vərəsə elan edilərək iddiaçıya münasibətdə vərəsəlik hüququndan məhrum edilməsi barədə olsa da, sonradan iddiaçının vəkili (nümayəndəsi) iddia tələbini dəqiqləşdirərək cavabdehin ləyaqətsiz vərəsə elan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, iddia tələbi Mülki Məcəllənin 1137 və 1139-cu maddələrinə istinad edilməklə əsaslandırılmışdır.

23. Mülki qanunvericiliyin yuxarıda istinad olunan normalarına və Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda göstərilən qərarında ifadə edilmiş hüquqi mövqeyə görə miras qoyanın son iradəsini həyata keçirməsinə qəsdən maneə törətmiş, yaxud vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş şəxsin ləyaqətsiz vərəsə elan olunması yalnız vərəsələrdən birinin və ya bir neçəsinin məhkəməyə müraciəti əsasında həyata keçirilə bilər. Lakin vəsiyyət edən vərəsələrdən hər hansı birinin məcburi pay hüququndan məhrum edilməsi ilə bağlı məhkəməyə müraciət edərkən, həmin şəxslərin Mülki Məcəllənin 1137-ci maddəsi baxımından, onun son iradəsinin həyata keçirilməsinə qəsdən maneə törətməsini, yaxud vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətməsini əsaslandırması mümkün deyil. Ona görə ki, Mülki Məcəllənin 1137-ci maddəsi əsasında ləyaqətsiz vərəsə qismində tanınması miras qoyanın vəfatından sonra mübahisələndirilir.

24. Bununla belə nəzərə alınmalıdır ki, iddiaçı hələ öz sağlığında cavabdehin məcburi pay almaq hüququndan məhrumetmə barədə məhkəməyə müraciət edə bilər və bunun üçün vərəsəlik hüququndan məhrumetməyə səbəb olan hallar mövcud olmalıdır (Mülki Məcəllənin 1137 və 1138-ci maddələrində göstərilən hallar).

25. Hazırki iş üzrə isə belə halların mövcudluğu müəyyən edilmir. Belə ki, iddia ərizəsində göstərildiyi kimi cavabdehin əmək fəaliyyəti ilə məşğul olmamasını, işləməkdən qəsdən yayınması, tüfeyli həyat tərzi sürməsi, qumar oyunlarında iştirak etməsi, öz övladına qarşı aliment öhdəliyini yerinə yetirməməsi vərəsəlik hüququndan məhrumetməyə səbəb olan hallara aid deyil.

26. Bundan əlavə, cavabdehin müxtəlif məişət əşyalarını gizli şəkildə götürərək satması, çoxsaylı şəxslərə borclu olması, iddiaçıya qarşı açıq şəkildə hədə-qorxu gəlməsi, ailə üzvlərinə qarşı ağır zorakılıq əməlləri törədəcəyi ilə hədələməsi, habelə yaşayış sahəsinə əxlaqsız həyat tərzi keçirən şəxsləri gətirməsi barədə isə iş materiallarında hər hansı sübutlar mövcud deyil.

27. Işdə olan cavabdehlə onun qardaşı arasında olan yazışmalardan müəyyən edilir ki, cavabdeh ona yalnız atasından miras qalmış evdə (hazırda iddiaçının mülkiyyətində olan) payının verilməsini, şəxsi həyatına qarışmamasını xahiş edir. Birinci instansiya məhkəməsində işə baxılarkən cavabdeh izahatında bildirmişdir ki, anası ilə əsas problem onun hazırda evli olan qadınla ailə qurmaq istəyindən sonra yarandı.

28. Məhkəmə kollegiyası həmçinin hesab dir ki, iddiaçıya qısamüddətli mühafizə orderinin verilməsi vərəsəlik hüququndan məhrumetməyə səbəb olan hallar ilə eyniləşdirilə bilməz. Belə ki, həmin orderdə göstərilən qadağaların pozulması cavabdeh üçün qanunvericilikdə nəzərdə tutulmuş məsuliyyətə səbəb olacaqdır.

29. Şərh olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməkdə haqlı olmuşdur. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas ola bilməz.

30. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.1, 392, 393, 402.1, 405, 406.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi:

Iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(*-**)-***/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar