Məhkəmə qərarları › İş №2(002)-1894/2022

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-1894/2022

04.08.2022 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-1894/2022 04.08.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, İddiaçı, İddiaçının vəkili X1, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Nəqliyyat Təşkilatı 6 saylı Texnoloji Nəqliyyat Departamentinə qarşı «işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Nəqliyyat Təşkilatı 6 saylı Texnoloji Nəqliyyat Departamentinə qarşı «işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Nəqliyyat Təşkilatı 6 saylı Texnoloji Nəqliyyat Departamentinin onun 06 sentyabr 2021-ci il tarixdən işdən azad olunması barədə 12 yanvar 2022-ci il tarixli 137-k saylı əmrinin ləğv edilməsi; işinə bərpa olunması; məcburi iş buraxmaya görə ödənilməli olan əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, 10 yanvar 2005-ci il tarixdən əmək fəaliyyətinə başlamışdır. "xxxx" MMC-nin 10 yanvar 2005-ci il tarixli 01 saylı əmrinə əsasən Cəmiyyətə UAZ markalı avtomaşına sürücü peşəsinə işə qəbul edilmişdir. Cəmiyyətin 15 iyun 2010-cu il tarixli 16 saylı əmr ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü bəndinə əsasən öz təşəbbüsü ilə işdən azad olunmuşdur. «Azəriqaz» İB Nəqliyyat və Texnika İdarəsinin 14 iyul 2010-cu il tarixli 617-K saylı əmri ilə İdarənin 1 saylı Nəqliyyat və xüsusi texnika sexinin Ağdaş nəqliyyat dəstəsinə 4-cü dərəcəli avtomobil sürücüsü peşəsinə qəbul olunmuşdur. 11 mart 2013-cü ildə başqa işəgötürənlə əmək müqaviləsi bağladığına görə İdarənin həmin tarixli əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü bəndinə əsasən İdarə ilə bağladığı əmək müqaviləsi ləğv edilmişdir. «Qaz İxrac» İdarəsinin Nəqliyyat və Xüsusi Texnika Departamentinin 12 mart 2013-cü il tarixli 237-k saylı əmri ilə Departamentin Ağdaş nəqliyyat dəstəsinə 4-cü dərəcəli avtomobil sürücüsü peşəsinə işə qəbul olunmuşdur. 31 iyul 2014-cü il tarixdə başqa işəgötürənlə əmək müqaviləsi bağladığına görə İdarənin həmin tarixli əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü bəndinə əsasən İdarə ilə bağladığı əmək müqaviləsi ləğv edilmişdir. Cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Nəqliyyat Təşkilatı 6 saylı Texnoloji Nəqliyyat Departamentinin 01 avqust 2014-cü il tarixli 137-k saylı əmri ilə bağlanmış əmək müqaviləsində nəzərdə tutulan şərtlərə uyğun olaraq Texnoloji nəqliyyat sahəsinin 3 saylı avtomobil dəstəsinə 4-cü dərəcəli avtomobil sürücüsü peşəsinə işə qəbul edilmişdir. Cavabdeh orqanda işlədiyi müddətdə işlədiyi müddət işinə vicdanla yanaşaraq vəzifəsinin öhdəsindən layiqincə gəlmişdir, həmkarlar ittifaqının yerli təşkilatına üzv qəbul olunmuşdur və hər ay buna görə maaşından tutulmalar aparılmışdır. Sidik kanallarında problemləri var idi. Daim müayinə və müalicə olunmuşdur. Kanallarda ciddi ağrılar başlayanda yenidən müayinə olunan zaman onda «SDX Sidik daşı xəstəliyi, sol sidik axarının (ureter) kinkrementi. Xroniki pielonefrit» xəstəliyi aşkar olunmuşdur. Həkimlər tərəfindən müayinə və müalicəsinin Rusiya Federasiyası Moskva şəhərində davam etdirilməsi məsləhət görülmüşdür. O, 03 sentyabr 2021-ci il tarixdə cavabdeh orqana müraciət edərək müayinə və müalicə üçün Moskva şəhərinə getməli olduğuna görə ona öz hesabına əlavə məzuniyyət verilməsini xahiş etmişdir. Cavabdeh orqan bunun mümkün olmadığını bildirmişdir. Ağrıları artdığından o, məcbur olub 04 sentyabr 2021-ci il tarixdə Moskva şəhərinə gedərək şəhər Səhiyyə Departamentinə müraciət etmişdir. Oradan onu Departamentinin 214 saylı poliklinikasına göndərmişlər. 05 sentyabr 2021-ci il tarixdən 05 dekabr 2021-ci il tarixədək və 06 dekabr 2021-ci il tarixdən 22 mart 2022-ci il tarixədək mütəmadi olaraq həmin Poliklinikada müayinə və müalicə olunmuşdur. Poliklinikada müayinə və müalicəyə başladığı günün səhəri, yəni 06 sentyabr 2021-ci il tarixdə həmin poliklinikada müayinə və müalicə olunması, müayinə və müalicəsi başa çatdıqdan sonra tibbi sənədlərini iş yerinə təqdim edəcəyi barədə telefon vasitəsi ilə cavabdehə məlumat vermişdir. Müayinə və müalicəsi tam başa çatdıqdan sonra 30 mart 2022-ci il tarixdə cavabdeh orqana təqdim etmək üçün 214 saylı Poliklinikadan ona verilmiş «Xəstənin Tibb kartasından çıxarış»ı cavabdeh orqana təqdim edəndə ona bildirmişlər ki, cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Nəqliyyat Təşkilatı 6 saylı Texnoloji Nəqliyyat Departamentinin 12 yanvar 2022-ci il tarixli 137-k saylı əmri ilə o, 06 sentyabr 2021-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi ilə əlaqədar olaraq onunla bağlanmış əmək müqaviləsi ləğv edilərək işdən azad olunmuşdur. Cavabdehdən işdən azad olunması barədə əmrdən çıxarışı və işdən azad olunması ilə bağlı keçirilmiş həmkarlar təşkilatının iclas protokolunu tələb etsə də, cavabdeh orqanın məsul şəxsi həmin sənədləri ona verməmiş, əmrin məzmunu ilə tanış olması barədə kitaba imza etdirmişdir. Cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Nəqliyyat Təşkilatı 6 saylı Texnoloji Nəqliyyat Departamentinin onun işdən azad olunması barədə 12 yanvar 2022-ci il tarixli 137-k saylı əmrini aşağıda göstərilən səbəblərə görə qanunsuz və əsassız hesab edir, həmin əmr ləğv edilməklə o, işinə bərpa olunmalı və məcburi işburaxmaya görə əmək haqqı almalıdır. Belə ki, cavabdeh onu işdən azad edərkən heç bir qanunvericilik normalarına əsaslanmadan səbəbsiz yerə onu işdən azad etmişdir. Cavabdehin bildirdiyinə görə 06 sentyabr 2021-ci il tarixdə heç bir üzürlü səbəb göstərmədən bütün iş günü işə gəlmədiyinə görə, bununla da əmək vəzifələrini kobud şəkildə pozduğuna görə işdən azad olunmuşdur. O, işlədiyi uzun müddət ərzində işində və əmək funksiyasının yerinə yetirilməsində heç bir qanunsuzluğa, özbaşınalığa, səhlənkarlığa və digər mənfi hallara yol verməmişdir. Ona görə də, işlədiyi müddət ərzində ona heç bir xəbərdarlıq edilməmiş, irad tutulmamış və töhmət və şiddətli töhmət verilməmişdir. İşlədiyi müddətdə əmək intizamına ciddi riayət etmiş, işinə vicdanla yanaşmış, peşəsi üzrə üzərinə düşən öhdəliyi vaxtlı-vaxtında yerinə yetirmişdir. Xəstəliyi və RF Moskva şəhərində tibb müəssisələrində müalicə olunması, müayinə və müalicədən sonra tibbi sənədlərini iş yerinə təqdim edəcəyi barədə iş yerinə şifahi məlumat verməsinə baxmayaraq, cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Nəqliyyat Təşkilatı 6 saylı Texnoloji Nəqliyyat Departamentinin rəhbəri ona qarşı qərəzli mövqe tutaraq, Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərinə uyğun olmadan onu işdən azad etməsi ədalət prinsipinə və həmçinin Əmək Məcəlləsinin müvafiq maddələrinə uyğun gəlmir. Ona qarşı belə qərəzli mövqe tutmuş cavabdeh departament ən azı onun işlədiyi müddətdə heç bir qanun pozuntusuna yol vermədiyinə, işinə vicdanla yanaşmasına hörmətlə yanaşmalı, xəstəliklə bağlı xarici dövlətdə müalicə olunmasını nəzərə almalı, indiki çətin vəziyyətdə balalarına bir tikə çörək pulu qazanmasına bais olmamalı idi. Belə ki, cavabdeh onu Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən işdən azad etsə də, əmək kitabçasında heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməmə, yəni əmək vəzifələrinin kobud şəkildə pozulması əsasını yazmışdır. Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndi iki hissədən ibarət olmaqla «yaxud» sözü ilə ayrılır və «əmək vəzifələrinin kobud şəkildə pozulması» ikinci hissəyə aid olmaqla 72-ci maddədə nəzərdə tutulur. Göründüyü kimi, cavabdeh onu Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən işdən azad etsə də, əslində həmin Məcəllənin 72-ci maddəsinin «a» bəndini tətbiq etmişdir ki, həmin maddədə sadalanan halların heç biri baş verməmişdir. Məcəllənin 72-ci maddəsinin «a» bəndində göstərilir ki, özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. Göründüyü kimi, cavabdeh onun xəstə olmasını və xarici dövlətdə müayinə və müalicə olunması barədə əvvəlcədən xəbərdarlıq etdiyindən bu barədə xəbəri olmuşdur. Belə olan halda, cavabdeh onun Məcəllənin həmin maddəsinə əsasən işdən azad etməyə hüququ yox idi. Əmək Məcəlləsinin 71-ci maddəsinin 2 və 3-cü bəndlərində göstərilir ki, bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Əmək Məcəlləsinin 73-cü maddəsinin 2-ci bəndinə əsasən işçinin müəyyən üzürlü səbəbdən (xəstələnməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə bu Məcəllənin 179-cu maddəsində nəzərdə tutulan iş yeri və orta əmək haqqı saxlandığı hallarda) iş yerində olmadığı dövrdə müddətli əmək müqaviləsinin müddəti qurtardığı hallarda həmin müqaviləyə işçi işə çıxdıqdan sonra işəgötürənin müəyyən etdiyi gündə, lakin onun işə çıxdığı gündən bir təqvim həftəsi keçməmiş xitam verilə bilər. Əmək Məcəlləsinin 292-ci maddəsinin 2-ci bəndinə əsasən pozulmuş hüquqlarının bərpa edilməsi barədə işçi məhkəməyə, yaxud bu Məcəllənin 294-cü maddəsində nəzərdə tutulmuş məhkəməyə qədər əmək mübahisələrini həll edən müvafiq orqana müraciət edə, habelə bu Məcəllənin 295-ci maddəsi ilə müəyyən edilmiş şərtlərlə və qaydada təkbaşına tətil edə bilər. Cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Nəqliyyat Təşkilatı 6 saylı Texnoloji Nəqliyyat Departamenti ilə aralarında yaranmış mübahisə əmək münasibətlərindən irəli gələn mübahisə olduğuna görə və mübahisəni öz aralarında həll edə bilmədiklərindən 30 mart 2022-ci il tarixdə o, «Mediasiya haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmrin ləğv edilməsi və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi ilə bağlı Mediasiya Şurasına müraciət etmişdir. Lakin cavabdehin nümayəndəsi mediasiya sessiyasında iştirak etmədiyindən və bu barədə hər hansı bir məlumat vermədiyindən ilkin mediasiya sessiyasından sonra prosesi davam etdirmək barədə qərar qəbul edilməmişdir. Ona görə də, cavabdehə qarşı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçının vəkili X3 məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddiaçının izahatına əlavəsinin olmadığını bildirdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi X4 məhkəmə iclasında iddianı qəbul etmədi və izahatında bildirdi ki, iddia əsassızdır. Belə ki, 6 saylı texnoloji nəqliyyat departamentində sürücü peşəsində işləmiş İddiaçı xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixə kimi heç bir üzürlü səbəb olmadan işə gəlməmişdir. Bundan sonra İddiaçı ilə bağlanmış əmək müqaviləsinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv olunmasına razılıq verilməsi üçün xx.xx.2021-ci il tarixdə Nəqliyyat İdarəsi Həmkarlar İttifaqı Komitəsinə məktubla müraciət edilmişdir. Həmkarlar İttifaqı Komitəsinin xx.xx.2022ci il tarixli 55 saylı protokolundan çıxarışla İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndi ilə xitam verilməsinə etiraz edilmədiyi bildirilmişdir. Bununla da, İddiaçı əmək müqaviləsinə işəgötürən departament tərəfindən xx.xx.2022-ci il tarixli 56/K saylı əmrlə Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndi ilə xitam verilmişdir. Əmək Məcəlləsinin 186-cı maddəsinə əsasən işəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər. İşçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək. Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Əmək Məcəlləsinin 72-ci maddəsinə əsasən aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; b) alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması; c) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; ç) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması; d) qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi; e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması; f) iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi. Göründüyü kimi, Nəqliyyat İdarəsi 6 saylı texnoloji nəqliyyat departamenti tərəfindən əmək qanunvericiliyinin bütün normalarına tam şəkildə əməl olunmuşdur. Bundan başqa, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 8 yanvar 1993-cü il tarixli 9 saylı qərarının «Sosial sığorta haqları ödəyən vətəndaşlara xəstəlik vərəqələrinin verilməsi qaydası haqqında Təlimat»ın 35-ci maddəsində bildirilir ki, sığorta haqqı ödəyənlərə müvəqqəti olaraq onlar respublikadan xaricdə olduqda əmək qabiliyyətinin müvəqqəti itirilməsi ilə əlaqədar verilmiş sənədlərin əsaslığı şübhə doğurmursa və təcili müalicəyə ehtiyac yoxdursa, həmin sənədlər yaşayış və ya iş yeri üzrə tibb müəssisələrinin həkim-məsləhət komissiyası tərəfindən xəstəlik vərəqələri ilə əvəz olunur. Belə ki, işçi yaşayış yeri üzrə poliklinikada uçota alınmalıdır. Poliklinikanı məlumatlandırmalıdır ki, əməliyyat üçün xarici ölkəyə gedəcək və ya hansısa xəstəlikdən müalicə olunacaq. Bundan sonra həmin şəxs müalicə və ya əməliyyat üçün xaricə gedə bilər. Xaricdən qayıtdıqdan sonra isə xarici ölkə xəstəxanasından aldığı arayışı azərbaycan dilinə tərcümə və notarial qaydada təsdiq etdirməlidir. Sonra arayışın əslini tərcümə olunmuş variantla birgə uçotda olduğu poliklinikaya təqdim etməlidir. Bundan sonra poliklinika arayışı xəstəlik vərəqəsi ilə əvəz etməli və orada yazılmalıdır ki, işçi hansı müddətdən hansı müddətə kimi əmək qabiliyyətini müvəqqəti itirib. Yuxarıda qeyd olunanların nəzərə alınaraq iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iddiaçının, iddiaçının nümayəndəsinin və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlər toplusundan görünür ki, tərəflər arasında bağlanmış əmək müqaviləsinə əsasən İddiaçı 6 saylı texnoloji nəqliyyat departamentində sürücü peşəsində işləmişdir. İddiaçı xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixə kimi işə getməmişdir. İddiaçı bunu xəstəliyi ilə əlaqədar xaricdə müalicə olunması ilə əsaslandırır. Lakin iş materiallarına əlavə olunmuş sənədlərdən göründüyü kimi, iddiaçı mövcud prosedur qaydalarına riayət etməklə müvafiq sənədləri vaxtında işəgötürənə təqdim etməmişdir. İddiaçı ilə bağlanmış əmək müqaviləsinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv olunmasına razılıq verilməsi üçün işəgötürən tərəfindən xx.xx.2021-ci il tarixdə məktubla Nəqliyyat İdarəsi Həmkarlar İttifaqı Komitəsinə müraciət edilmişdir. Həmkarlar İttifaqı Komitəsinin xx.xx.2022-ci il tarixli 55 saylı protokolundan çıxarışa əsasən İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndi ilə xitam verilməsinə etiraz edilmədiyi bildirilmişdir. İddiaçının təqdim etdiyi əmək kitabçasından görünür ki, İddiaçı əmək müqaviləsinə işəgötürən tərəfindən xx.xx.2022-ci il tarixli 56/K saylı əmrlə Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndi ilə xitam verilmişdir (heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi ilə əlaqədar). İşin faktiki hallarından göründüyü kimi, cavabdeh tərəfindən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilərkən qanunvericiliyin tələblərinə riayət olunmuşdur. Cavabdeh qeyd olunan əmək müqaviləsinin ləğv edilməsi səbəbini qeyd etmiş, əmək müqaviləsinə xitam verilərkən iddiaçının qanunla qorunan hüquqları pozulmamışdır. İddia əsassızdır və təmin edilə bilməz. İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2022-ci il tarixli, MŞB/3-01054 saylı arayışdan görünür ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Nəqliyyat Təşkilatı 6 saylı Texnoloji Nəqliyyat Departamentinin nümayəndəsi qeyd olunan mübahisə üzrə xx.xx.2022-ci il tarixdə 15:00-15:30-da keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Halbuki, mediasiya sessiyasının tarixi, saatı və yeri barədə əvvəlcədən məlumatlandırılmışdır. İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş və mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat məbləğində mediasiyaya dair xərci ödəmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Nəqliyyat Təşkilatı 6 saylı Texnoloji Nəqliyyat Departamentinə qarşı «işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi» tələbinə dair iddiası əsassız olduğundan rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Nəqliyyat Təşkilatı 6 saylı Texnoloji Nəqliyyat Departamentinə qarşı «işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi» tələbinə dair iddiası əsassız olduğundan rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Kamran Əsədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar