Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-195/2021 10.03.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Gülnar İnqilab qızının sədrliyi, Əliyeva Təhminə Faiq qızının katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı «mənzilə köçürülmə» tələbinə dair iddiası üzrə mülki işə Qaradağ rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «mənzilə köçürülmə» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun xx.xx.2013-cü il təvəllüdlü X3 və xx.xx.2016-cı il təvəllüdlü X8 adlı uşaqları ilə birlikdə 2013-cü ildə gəlin köçdüyü Qaradağ rayonu Lökbatan qəsəbəsi İ Masiv 5-ci küçə ev 5 ünvanında yerləşən bir mərtəbəli üç otaqlı sənədsiz fərdi yaşayış evinə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə xx.xx.2013-cü il tarixdə rəsmi olaraq nikah qurmuş və cavabdeh ilə birgə nikah daxil olarkən Qaradağ rayonu Lökbatan qəsəbəsi İ Masiv 5-a küçə ev 5 ünvanında yerləşən bir mərtəbəli üç otaqlı sənədsiz fərdi yaşayış evinə gəlin köçmüşdür. Həmin evdə 6 il müddətində yaşamış və birgə nikahlarından xx.xx.2013-cü il tarixdə Nuranə və xx.xx.2016-cı il tarixdə Rəvan adlı övladları doğulmuşdur. Xasiyyətləri uyğun gəlmədiyinə görə nikahları hazırda Sabunçu məhkəməsində pozulma mərhələsindədir. Hal-hazırda valideyinlərinin yanında müvəqqəti olaraq yaşayır cavabdeh onu və uşaqlarını evdən zorla çıxararaq evə buraxmır. Həmin evdən başqa yaşayış yeri yoxdur. Cavabdeh ona və uşaqlarına yamaqları üçün yardım belə etmir. Hazırda yaşadığı evdə isə onun və uşaqlarının daimi yaşaması üçün imkan yoxdur. Onun mübahisəli fərdi yaşayış evinə gəlin köçməsini və orada yaşamağı onun qonşuları, toylarında iştirak edən qonaqları, habelə toy zamanı çəkilmiş video çəkilişlər təsdiq edə bilər. Cavabdeh onu və uşaqlarını mübahisəli evdən çıxardıqdan sonra həmin evə ayı 250 manata tanımadığı şəxslərə kirayəyə vermiş və həmin evdə hal-hazıradək onun cehiz və şəxsi əşyaları durmaqdadır. Qeyd olunan halların nəzərə alınaraq iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh xx.xx.2020-ci il tarixdə məhkəmənin ünvanına etiraz ərizəsi göndərərək, İddiaçı onu bir neçə iddia tələbi ilə məhkəməyə verib. İddiaçının sənədsiz evə köçürülməsi ilə bağlı tələbi ona heç bir aidiyyatı olmayan qardaşına məxsus olan sənədsiz evdir. Həmin ev 2007-ci ilçdə Qardaşı tərəfindən tikilib həmin vaxtı yəni 2007-ci ildə onun 19 yaşı var idi, tələbə idi və heç bir yerdə işləmirdi. Onun o vaxtı ev tikməyə heç bir imkanı olmayıb. O evi qardaşı tikib bunu o evə qonşu olan Muradov Famil, Abbasov Əfsər və başqa qonşularda təsdiq edirlər. Lazım olsa gəlib məhkəmədə şahidlik edib təsdiq edə bilərlər. Evin ona heç bir aidiyyatı yoxdur. Ev sənədsiz olduğu üçün bəzi kommunal xərclər onun adımadır. Həmin evi tikən usta Muradov Kamil də təsdiq edə bilər ki, evi o yox, qardaşı tikdirmişdir. O ailə quranda o evdə yaşamağına qardaşı etiraz etməmişdir, bir neçə il o evdə yaşamışlar. Sonradan 2015-ci ildə o evdə şəraitsizlik olduğu üçün əşyalarını da yığıb başqa yerdə yaşamağa başlamışlar. 2013-cü ildə Ülviyyənin atası onun saflığından istifadə etdi. Hissə-hissə onun 54000 AZN pulunu ələ keçirtdi ki, onun üçün həyətində ev və kirayə vermək üçün otaqlar tikəcək. Pulları Ülviyyənin atası Dadiyev Əfqana verdiyi barədə çoxlu şahidləri də var. Sonradan Ülviyyənin əxlaqsız hərəkətlərinə görə münasibətləri pozuldu. Təqdim etdiyi Bakı şəhər Qaradağ RPİ-nin İstintaq şöbəsinin qərarında bəzi faktlar sübuta yetirilmişdir. Ümumiyyətlə hər şeyini bunların sayəsində itirdi. Hal-hazırda İddiaçı 2018-ci ilin fevral ayından atasının ona vəd etdiyi evdə iki azyaşlı uşaqla qeydiyyatdadır və orada yaşayırlar. İddiaçının qardaşına məxsus evə gəlib yaşamaq fikri də yoxdur. Vəkil atası ilə onun qardaşı eyni kənddə yaşayır həmin kənddə bir məktəbdə müəllim işləyirlər. Aralarında müəyyən narazılıqlar olub. Vəkil o narazılıqların qisasını almaq məqsədilə qarşı tərəfi axtarıb tapıb və onları tam inandırıb ki, hansı məhkəmədə olsa həmin məhkəməni udacaq və nəticədə onunla qardaşının da arasını vurmaq üçün bu iddianı irəli sürüb. Aralarında ciddi problemlər olduğu üçün ona hər cürə zərbə vurmaq istəyirlər. İddiaçı mənzilə köçürmə iddiasını rədd edəsiniz. Həmin evin ona heç bir aidiyyatı yoxdur, aramızda ciddi problemlər olduğu üçün bu iddianı Qardaşı ilə onun arasını vurmağa görə bu addımı atıblar. Buna görə də ona aidiyyatı olmayan evə iddiaçının köçürülməsi barədə iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia ərizəsində qeyd olunan evə köçmək istədiyini, mənzilin isə sənədsiz olduğunu, lakin mənzilə gələn kommunal ödənişlərin cavabdehin adına olduğunu, həmin evə 2011-ci ildə gəlin köçdüyünü, 2018-ci il tarixədək həmin evdə yaşadıqlarını, sonra münasibətləri pisləşdiyindən o evi tərk etdiyini, o həmin evə gedəndə ev artıq hazır ev olduğunu, evin əcavabdehə məxssus olduğunu, aralarında rəsmi nikahın pozulduğunu, bu barədə artıq məhkəmə qətnaməsi çıxdığını, uşalarının onun himayəsində saxlanıldığını bildirərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddiaçının himayəsində azyaşlı uşaqlarının olduğunu, bunun üçün iddiaçının və onun uşaqlarının cavabdehə məxsus evə köçürülməsinin gərəkli olduğunu, iddiaçının, uşaqlarının o evdə yaşamaq hüququnun olduğunu, artıq tərəflər arasında rəsmi nikahın pozulduğunu, uşaqların anasının himayəsində qalmasının müəyyən edildiyini, bu barədə məhkəmə qətnaməsinin qəbul edildiyini bildirərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul etməyərək, iddia tələbinə etiraz edərək, etiraz ərizəsinin məzmununa uyğun izahat verərək, öz izahatında iddiaçının tələb etdiyi evin ona məxsus olmadığını, bu evin qardaşına məxsus olduğunu, özünün başqa ərazidə 7 otaqlı mənzilinin olduğunu, 2011-ci ildə ailə həyatı quraraq o evdə yaşamağ başladıqlarını, 2015-ci ilə kimi o evdə yaşadıqlarını, sonra hazırda yaşadıqları evə köçdüklərini, iddiaçının onun yaşadığı evi qoyub qardaşınına məxsus olan evə köçmək istəməsini başa düşmədiyini, gəlib onun yaşadığı evə idida qaldırmalı olduğu halda, ona məxsus olmayan evə niyə iddia qaldırdığını, onun məqsədinin qardaşı ilə arasının vurmaq olduğunu, iddiaçının istədiyi təqdirdə onun 7 otaqlı mənzilə köçürülməsinə razı olduğunu bildirərək, iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində bildirmişdir ki, o cavabdehin qardaşının qonşusudur, evi Cabir tikdirib, 2015-ci ilə kimi iddiaçı ilə cavabdeh orada yaşamış, toylarının vaxtı yadında deyil, Cabir həmin evə arabir gəldiyini, rayonda yaşadığını, evin tikintisinin 2 ilə yaxın çəkdiyini, cavabdehin onun bibisi oğlu olduğunu, 2003-cü ildən qonşuluqda yaşadığını, evin 2007-ci ildə tikildiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində bildirmişdir ki, cavabdehin qardaşı ona zəng vuraraq evinin tikilməsini bildirdi, hörgü və tavan işlərini görüdyünü, orada fəhlələrlə birlikdə usta kimi işlədiyini, Cabirin rayonda yaşadığını, pulu Bakıya gələndə veridyini, ayda 1-2 dəfə Bakıya gəldiyini, materialları birlikdə aldıqlarını, evin 2007-ci ildə tikildiyini, evin tikintisinin 1 ilə yaxın çəkdiyini, iddiaçının bu evə gəlin köçdüyünü, toyda iştirak etsə də, tarix yadında olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində bildirmişdir ki, evin tikintisi 2007-ci ildə başalayıb, 2010-cu ildə bitib, tikinti başa çatdıqdan sonra cavabdeh arabir gəlib oarada qalırdı, iddiaçı bu evə gəlin köçüb 2015-ci ilə kimiç orada yaşayıb, cavabdehin qardaşı kəndə müəllim işlyir, 200 manat maaş alırdı, xeyli təsərrüfatı olduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadəsində bildirmişdir ki, o ğzü Lökbatan qəsəbəsində yaşayır, cavabdehin qardaşıdır, 2007-ci ildə Cabir onunla razılaşəb ki burada torpaq alsın, iddiaçının o evə gəlin köçdüyünü 4 ilə yaxın oarada yaşadığını, toylarının 2012-2103-cü illərdə olduğunu, evin 3 ilə tikildiyini, işığın qazı Cabirin çəkdirdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifadəsindən görünür ki, o iddiaçının atasıdır, iddiaçı Qaradağ rayonu Lökbatan qəsəbəsi İ Masiv 5-ci küçə ev 5 ünvanında cavabdehlə birgə yaşadığını, qızının həmin evə gəlin köçdüyünü, toylarının 2011-ci ildə olduğunu, qızı o evə gəlin köçəndə evin hazır olduğunu, qızının nəvələri ilə birlikdə onlarla birlikdə yaşadığını, o evin cavabdehə məxsus olduğunu bildirmişdir. iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş materialalrında olan xx.xx.2020-ci il tarixli 209 № li arayışın məzmunundan aydın olur ki, Cavabdeh Lerik rayonu Zenonu kəndində qeydiyyatda olsa da, Zenonu kəndində yaşamır, olan məlumata əsasən Bakı şəhəri Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 2-ci Massiv keçid-1 ünvanında yerləşən fərdi yaşayış evində yaşayır. İş materiallarına əlavə olunmuş 70 nömrəli aktla rəsmiləşdirilən nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X2 xx xxxxxx 2013-cü ildə Bakı şəhəri Qaradağ rayonundan nikah bağlanmışdır. Nikah bağlandıqdan sonra ərə Abbasov, arvada Abbasova soyadı verilmişdir. İş materiallarında olan AZ-İİİ 059689 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 xx.xx.2013-cü il tarixdə anadan olmuş, atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan AZ-İİİ 682523 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.2016-cı il tarixdə anadan olmuş, atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarından görünür ki,elektrik enerjisinin sərfiyyatına dair Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 1 Massiv 5 küçə bina ev 002A ünvan üzrə abonentin adı Cavabdehdur, sayğac xx.xx.2009-cu il tarixdə quraşdıırlmışdır. İş materiallarından görünür ki, qaz sərfiyyatına dair Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 1 Massiv 5 küçə bina 0000, mənzil 1400 ünvan üzrə abonentin adı Cavabdeh qeyd edilmiş, sayğacın quraşdıırlması tarixi xx.xx.2011-ci il tarix kimi qeyd edilmişdir İş materiallarına əlavə olunmuş Qaradağ rayon İcra Hakimiyyəti Başçısının Lökbatan Qəsəbəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli 190 saylı arayışın məzmunundan görünür ki, RX seriyalı, ******* saylı çıxarışa əsasən, Lökbatan qəsəbəsi, 2-ci massiv, 1-ci məhəllə, ev 65B ünvanında qeydiyyatsız yaşayır. Göründüyü kimi, tərəflər arasında mövcud mübahisənin predmeti qismində özbaşına tikili olan fərdi yaşayış evinə köçürülmə ilə bağlı hüquq münasibətləri təşkil edir. Məhkəmə hazırki mülki iş üzrə ilk növbədə onu qeyd etməyi zəruri hesab edir ki, hazırki mülki iş iddi tələbi dövlət reyestrində qeydiyyatdan keçmədiyinə görə hüquqi statusu etibarilə özbaşına tikili hesab edilən evə köçürülmə tələbinə aid olduğundan, özbaşına tikiliyə köçürülmə məsələsi ilə bağlı hüquq münasibətlərini birbaşa tənzimləyən norma olmadığından, hazırki mülki iş üzrə tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri məhz anoloji hüquq münasibətlərini tənzimləyən hüquq normaları əsasında həll edilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 13.4-cü maddəsinə əsasən mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 11.1-ci maddəsinə əsasən, mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). Həmin Məcəllənin 11.2-ci maddəsinə əsasən, oxşar münasibətləri tənzimləyən mülki hüquq normaları olmadıqda tərəflərin hüquq və vəzifələri mülki qanunvericilik prinsipləri əsas götürülməklə tənzimlənir (hüququn 4 analogiyası). Hüququn analogiyası tətbiq edilərkən ədalət, insaf və mənəviyyat tələbləri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxxxxx 2013-cü il tarixli qərarına uyğun olaraq yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1- dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Məhkəmə hesab edir ki, tərəflər arasında münasibətlər 2011-cı il tarixində yarandığından Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin (Azərbaycan Respublikasının xx xxxx 2009-cu il tarixli, 845-İİİQ nömrəli Qanunu ilə təsdiq edilmiş) müddəaları tətbiq olunmalıdır. Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsinin tələblərinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə hazırki iş üzrə aşağıdakı bir sıra hüquq normalarının qeyd olunmasını zəruri hesab edir. Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Həmin Məcəllənin 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Həmin Məcəllənin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxx 2016-cı il tarixli Qəraraına əsasən mülkiyyət hüququ mütləq hüquq deyil və məhdudlaşdırıla bilər. Burada həmçinin nəzərə almaq lazımdır ki, Konstitusiyada mülkiyyət hüququ təsbit edilməklə yanaşı, onun ümumi və xüsusi məhdudiyyətlərinin hədləri də müəyyən olunmuşdur (Konstitusiyanın 13-cü maddəsinin İİİ hissəsi, 29-cu maddəsinin İİ hissəsi, 71-ci maddəsinin İİ hissəsi və “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3.3-cü maddəsi).Belə ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusiya hüququnun mahiyyətini dəyişməməlidir. Bu cür məhdudiyyətin mümkünlüyü və onun xarakteri layiqli həyat səviyyəsi də daxil olmaqla konstitusiya əhəmiyyətli dəyərlərin müdafiəsi ilə şərtləndirilməlidir. Vətəndaşın sosial müdafiəsi və layiqli həyat səviyyəsinin qayğısı dövlətin sosial sahədə konstitusiya məqsədləri sırasında göstərilməsi və Konstitusiyada heç kəsin yaşadığı mənzildən qanunsuz məhrum olunmasının mümkünsüzlüyünün müəyyən edilməsi mənzil münasibətləri sahəsində dövlətin siyasətinin vacibliyinə və konstitusiya əhəmiyyətli olduğuna dəlalət edir. Buna görə, konstitusiya əsasları olan dövlətin mənzil siyasəti üzrə qəbul edilən qərarlar Konstitusiyadan irəli gələn şərtlərə riayət olunmaqla, mülkiyyət hüququnun məhdudlaşdırılması üçün əsas kimi çıxış edə bilər. Lakin hər bir halda belə məhdudiyyət qarşıya qoyulmuş məqsədə ağlabatan şəkildə mütənasib olmaqla mülkiyyətçinin üzərinə fərdi və həddən artıq yük qoymamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair” xx xxxxxx 2012-ci il tarixli Qərarı). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində təsbit olunan mülkiyyət hüququ üzrə oxşar hüquqi mövqelər ifadə etmişdir. Belə ki, Məhkəmənin presedent hüququna əsasən, 1 saylı Protokolun 1-ci maddəsinin birinci və ən mühüm tələbi ondan ibarətdir ki, mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət hakimiyyəti orqanı tərəfindən edilən istənilən müdaxilə qanuni olmalıdır. Qanunilik prinsipi onu da nəzərdə tutur ki, daxili qanunvericiliyin tətbiq edilə bilən normaları kifayət qədər əlçatan, dəqiq olsun və tətbiq edilərkən onların nəticələrini öncədən görmək mümkün olsun. Konvensiya tərəfindən tanınan hüququn və ya azadlığın həyata keçirilməsinə hər hansı müdaxilə legitim məqsəd daşımalıdır. 1 saylı Protokolun 1-ci maddəsinə xas olan “ədalətli balans” prinsipi özlüyündə cəmiyyətin ümumi marağının mövcudluğunu nəzərdə tutur. Mülkiyyətdən maneəsiz istifadə etmək hüququna müdaxilə zamanı cəmiyyətin ümumi maraqları ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli balans” gözlənilməlidir. Konkret olaraq, dövlət istənilən tədbiri tətbiq edərkən, ... tətbiq edilən vasitələrlə qarşıya qoyulan məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi olmalıdır (Broniovski Polşaya qarşı iş üzrə Böyük Palatanın 2004-cü il 22 iyun tarixli Qərarı, §147-148, 150; Skordino İtaliyaya qarşı iş üzrə Böyük Palatanın 2006-cı il 29 mart tarixli Qərarı, § 93). Bu hüquqi mövqelərə əsaslanaraq qeyd olunmalıdır ki, yaşayış sahəsinə mülkiyyət hüququnun qanunverici tərəfindən tənzimlənməsi yaşayış sahəsinin mülkiyyətçisinin ailə üzvləri də daxil olmaqla müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir. Bu konstitusiya məqsədinə çatmaq üçün belə tənzimləmə həm də məhkəmələr tərəfindən konkret işin faktiki hallarının müəyyənləşdirilməsi və araşdırılması, bu halların əsasında yaranan və ya yarana biləcək müxtəlif halların nəzərə alınması və nəticə etibarilə konstitusiya hüquq və azadlıqlarının əsassız və həddən artıq məhdudlaşdırılmaması məqsədilə differensasiyalaşdırılmış (fərqli) yanaşmanın tətbiq edilməsini mümkün etməlidir. Bundan əlavə, müvafiq hüquq münasibətlərinin iştirakçılarının maraqlarının ədalətli və ağlabatan tarazlaşdırılması qüvvədə olan hüquqi tənzimetmə sisteminin əsasında, bütün hüquq sahələrinin normaları nəzərə alınmaqla həyata keçirilməlidir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” x xxxxxxx 2013-cü il tarixli Qərarı). “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxxxx 2014-cü il tarixli Qəraraına əsaən yaşayış sahəsi mülkiyyətçisinin hüquqlarının məhdudlaşdırılmasının digər əsaslarından biri kimi Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrində göstərilən ailə münasibətləri əşya hüquqlarına aid edilə bilməz. Belə ki, Mənzil Məcəlləsinin 30-cu maddəsində göstərilən şəxslərin yaşayış sahəsindən istifadə edə bilmələrinə hüquqi əsas yaşayış sahəsinin mülkiyyətçisi ilə bağlanan müqavilələr və onlara əsasən həyata keçirilən mülki hüquqi əməliyyatlar sayəsində əldə edilən hüquqlar deyil, məhz yaşayış sahəsinin mülkiyyətçisi ilə olan ailə münasibətləri sayəsində yaranan hüququn həyata keçirilməsidir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya məhkəməsinin Plenumunun x xxxxxxx 2013-cü il tarixli Qərarında qeyd olunmuşdur ki, eyni zamanda, digər ailə üzvləri ilə yaşayış sahəsinin mülkiyyətçisi arasında ailə münasibətlərinə xitam verilməsi mütləq qaydada keçmiş ailə üzvü üçün yaşayış sahəsindən istifadə hüququnun itirilməsi ilə nəticələnmir. Mənzil Məcəlləsinin 30.4-cü maddəsi bir neçə halda bu hüququn saxlanılması imkanını nəzərdə tutur. Belə ki, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Mənzil Məcəlləsinin 30.4-cü maddəsi mənzil ehtiyaclarının təmin olunması üçün heç bir başqa imkanı və vəsaiti olmayan keçmiş ailə üzvlərinin bu ehtiyaclarının ödənilməsi məqsədilə yaşayış sahəsinin mülkiyyətçisinin hüquqlarının müəyyən müddətə məhdudlaşdırılmasına yol verir. Beləliklə, yaşayış sahəsindən istifadə hüququnun mövcud olması üçün əsaslar olmadıqda belə bu hüquq, keçmiş ailə üzvünün mənzil maraqlarının qorunması məqsədilə məhkəmə qaydasında saxlanıla bilər. Bu mənada həmin hüququn Mənzil Məcəlləsinin 30.4-cü maddəsində nəzərdə tutulan ağlabatan və ədalətli əsas olduğu halda həyata keçirilməsi və bu hüququn yalnız müəyyən müddətə saxlanılması mülkiyyətçinin hüququnun məhdudlaşdırılmasının mütənasibliyinə dəlalət edir. Mülkiyyətçinin keçmiş ailə üzvünün yaşayış sahəsindən istifadə hüququnun saxlanılması müddətinin (davamlılığının) müəyyənləşdirilməsi məsələsini məhkəmənin mülahizəsinə buraxaraq, Mənzil Məcəlləsi hər bir halda müvafiq yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvlərinin həmin yaşayış sahəsindən istifadə hüququnun saxlanılması üçün həqiqətən də əsasların olub-olmamasının yoxlanılmasının vacibliyini nəzərdə tutur, həmin şəxslərin istifadədə olan yaşayış sahəsindən çıxarılması isə yalnız işin hüquqi əhəmiyyət kəsb edən bütün hallarının məhkəmə tərəfindən yoxlanılmasından sonra mümkündür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” xx xxxxxx 2014-cü il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Məhkəmə mübahisə ilə bağlı ilk növbədə onu qeyd edir ki, şəxsin başqasının mülkiyyətində olan mənzilə istifadə hüququnun tanınması və mənzilə köçürülməsinin qanunvericilikdə iki halı nəzərdə tutulmuşdur: 1) Şəxsin, mənzilin mülkiyyətçisinin ailə üzvü olması; 2) Daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış istifadə hüquqları olan digər şəxs kimi. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsində və Mənzil Məcəlləsinin 30.1-ci maddəsində isə qanunvericilik ailə üzvlərinin dairəsini müəyyən etmiş və bura - əri, arvadı, valideynləri, uşaqları aid etmişdir. Mülki Məcəllənin 228-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə imkanını təmin edən əmlak hüququ yalnız notariat qaydasında təsdiq olunan müqavilə əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla yarandığına və istənilən şəxsdən bu hüququn pozulmasının aradan qaldırılmasını tələb etmək səlahiyyətini təmin etdiyinə görə, bu hüquq mahiyyətcə məhdud əşya hüququdur. Bundan fərqli olaraq, yaşayış sahəsi mülkiyyətçisinin hüquqlarının məhdudlaşdırılmasının digər əsaslarından biri kimi Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrində göstərilən ailə münasibətləri əşya hüquqlarına aid edilə bilməz. Belə ki, Mənzil Məcəlləsinin 30-cu maddəsində göstərilən şəxslərin yaşayış sahəsindən istifadə edə bilmələrinə hüquqi əsas yaşayış sahəsinin mülkiyyətçisi ilə bağlanan müqavilələr və onlara əsasən həyata keçirilən mülki hüquqi əməliyyatlar sayəsində əldə edilən hüquqlar deyil, məhz yaşayış sahəsinin mülkiyyətçisi ilə olan ailə münasibətləri sayəsində yaranan hüququn həyata keçirilməsidir. Mənzil Məcəlləsinin 30.2-ci maddəsində yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvünün “yaşayış sahəsindən istifadə etmək hüququ” ifadəsi ilə yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətləri əsasında yaranmış, yəni ailə hüququ sahəsinə aid olan hüququn (haqqın) həyata keçirilməsi şəkli (forması) nəzərdə tutulmuşdur. Bu hüquq, ailə qanunvericiliyinin ailənin möhkəmləndirilməsi və etibarlı ailə münasibətlərinin təmin edilməsi ilə bağlı ümumi məqsədindən irəli gələn hüquq olmaqla, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinin hüquqlarının sosial təminatı kimi çıxış edir. Bu hüququn yaranması ailə münasibətlərinin mövcudluğu ilə şərtləndiyindən, xüsusi hüquq sahəsinə aid edildiyinə baxmayaraq, onun cəmiyyətin normal mövcudluğu üçün vacib olan ailə, valideyn və uşaq institutlarını qoruyan publik hüquq komponentləri də mövcuddur. Yuxarıda sadalananlar nəzərə alındıqda, Mənzil Məcəlləsinin 30-cu maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvünün istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimlənir. Buna görə də həmin hüququn yaranması və həyata keçirilməsi üçün notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması zərurəti yoxdur. Ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15-ci Fəsillərinin müvafiq müddəaları). Buna uyğun olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxildir. Bunun davamı olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ yoxdursa, onda həmin şəxsin Mənzil Məcəlləsinin 30.2-ci maddəsi əsasında yaşayış sahəsi mülkiyyətçisinin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də olmaz. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, mübahisə predmeti olan fərdi yaşayış evi özbaşına tikili olmaqla, həmin evə dair hüquq daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyatdan keçməmişdir. İddiaçı 2011-ci ildə həmin evə gəlin köçmüş, orada yaşamışdır. Hazırda tərəflər arasında rəsmi nikahın pozulması, birgə nikahdan olan uşaqların anasnın himayəsində qalmasına dair məhkəmə qətnaməsi qəbul edilmişdir. İddiaçı yaşamağa yerinin olmadığını əsas gətirərək, uşaqları ilə birlikdə mübahisə predmeti olan evə köçürülməsinə dair iddia tələbini irəli sürmüşdür. Həmçinin, məhkəmə iclasında cavabdehin veridyi izahatı əsasında müəyyən edilmişdir ki, iddiaçı həmin evə 2011-ci ildə gəlin köçmüş, iddiaçı ilə birlikdə həmin evdə 2015-ci il tarixə kimi yaşamışlar, 2015-ci ildən 2018-ci ilə kimi hazırda yaşadığı evdə yaşamışlar, mübahisə predmeti olan yaşayış evinin qardaşının olduğunu bildirmişdir. İddiaçı isə həmin evdə 2011-ci ildən 2018-ci ilə kimi yaşadığını, evin cavabdehə məxssus olduğunu, 2018-ci ildə evi tərk edərək, atasının evinə köçdüyünü, hazırda uşaqları ilə birlikdə atasının evində yaşadığını bildirmişdir. Göründüyü kimi, hazırki mülki iş üzrə mübahisə predmeti olan yaşayış sahəsinin (özbaşına tikilinin) kimə məxsus olması halı mübahisəlidir. Həmçinin, məhkəmə araşıdrması zamanı da mübahisə predmeti olan özbaşına tikilinin cavabdehə və ya onu qardaşına məxsus olması halını müəyyən etmək mümkün olmamışdır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı tərəfindən özbaşına tikilinin cavabdehə məxsus olmasına dair sübut qismində elektrik enerjisi və qaz sərfiyyatı üzrə abonent məlumatları və şahid ifadəsi təqdim edilmişdir. Abonent məlumatları ilə bağlı məhkəmə onu qeyd etməyi zəruri hesab edir ki, həmin abonent məlumatlarının cavabdehin adına olması, həmin tikilinin cavabdehə məxsus olmasını birbaşa təsdiq edən sübut qismində çıxış edə bilməz. İddiaçı tərəfindən təqdim edilmiş digər sübut növü olan şahid ifadəsi ilə bağlı onu qeyd etməyi zəruri hesab edir ki, məhkəmə iclasında şahid qismində dindirilmiş şəxsin iddiaçının atası, yaxın qohumu olması, həmin şahid ifadəsinin mötəbərliyini şübhə altına alır. Həmçinin, cavabdeh mübahisə predemti olan yaşayış evinin qardaşına məxsus olduğunu bildirsə də, ona dair yeganə sübut qismində yalnız şahid ifadələrini təqdim etmişdir. Məhkəmə cavabdeh tərəfindən təqdim edilmiş şahid ifadələri ilə bağlı onu qeyd etməyi zəruri hesab edir ki, məhkəmədə şahid qismində dindirilmiş şəxslər cavabdehin qohumu olması halı həmin şahid ifadələrinin mötəbərliyini şübhə altına aldığından, həmin sübut növü iş üzrə əhəmiyyət kəsb edən halın müəyyən edilməsi üçün mötəbər sübut kimi qəbul edilməsi məqəsədəmüvafiq deyildir. Göründüyü kimi, hazırki halda mübahisə premeti olan özbaşına tikilinin cavabdehə və ya onun qardaşına məxsus olması mübahisəli olduğundan məhkəmə hər iki hala münasibətdə ayrı-ayrılıqda qeyd edilməsini zəruri hesab edir. Belə ki, məhkəmə hesab edir ki, iddiaçı Cavabdeh keçmiş arvadı olmaqla, müvafiq məhkəmə qətnaməsi əsasında onlar arasında rəsmi nikah pozulmuş, ailə münasibətlərinə xitam verilmişdir. Həmçinin, tərəflərin məhkəmə iclaısnda verdiyi izahatı əsasında müəyyən edilmidşir ki, 2018-ci ildən hazırki vaxtadək tərəflər ayrı yaşamaqla, ailə münasibətlərinə faktiki olaraq xitam verilmişdir. Bu halda isə mənzil qanunvericiliyinin tələbinə əsasən iddiaçının Cavabdeh məxsus yaşayış sahəsində istifadə hüququ saxlanılmır. Deməli hazırki iş üzrə tərəflər arasında rəsmi nikah pozulduğundan, onlar arasında ailə münasibətlərinə xitam verildiyindən, iddiaçının mübahisə predmeti olan yaşayış sahəsinə dair istifadə hüququ saxlanılmır. Həmçinin, mənzil qanunvericiliyin tələbinə əsasən keçmiş ailə üzvinin yaşayış sahəsindən istifadə hüququ yalnız o halda saxlanıla bilər ki, bununla əlaqədar onlar arasında razılaşma olsun vəya keçmiş ailə üzvinin həmin yaşayış sahəsinə ehtiyacının olması əsasları müəyyən edilmiş olsun. Məhkəmə araşdırması zamanı tərəflər arasında belə bir məzmunlu razılaşmanın olması halı aşkar edilməmişdir. Bu halda məhkəmə onu qeyd etməyi zəruri hesab edir ki,digər halın, yəni həmin yaşayış sahəsinə ehtiyacının olması əsaslarının sübut edilməsi öhdəliyi məhz iddiaçı tərəfəfinn üzərinə düşür. Belə ki, məhkəmə hesab edir ki, hazırki halda iddiaçının iddia tələbinin əsası kimi istinad etdiyi həmin mübahisə predmeti olan yaşayış sahəsinə ehtiyacının olması, yaşamaq üçün başqa yaşayış sahəsinə malik olma imkanının olmaması kimi hallarını sübut etmək vəzifəsi məhz onun üzərinə düşür. Lakin buna baxmayaraq, məhkəmə araşdırması zamanı iddiaçı tərəfindən iddia tələbinin əsası kimi istinad etdiyi qeyd olunan hallara dair heç bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Bununla da, məhkəmə araşdırması çərçivəsində, iddiaçının mübahisə predmeti olan yaşayış sahəsinə ehtiyacının olması hallarını və əsaslarını müəyyən etmək mümkün olmamışdır. Bu halda məhkəmə qeyd olunan halları əsas götürərək, hesab edir ki, iddiaçının mübahisə predmeti olan yaşayış sahəsinə köçürülməsi üçün də heç bir hüquqi əsas mövcud deyildir. Həmçinin, məhkəmə özbaşına tikilinin kimə məxsus olması halı müəyyən edilməsi mümkün olmadığından onu qeyd etməyi zəruri hesab edir ki, hətta mübahisəli yaşayış sahəsi cavabdehin qardaşına məxsus olmuş olsaydı belə, mənzil qanunvericiliyinin tələbinə əsasən iddiaçı cavabdehin qardaşının ailə üzvi olmadığından, habelə ondan özünün saxlanmasını tələb etmək hüququna malik olan şəxs olmadığından, mənzil qanunvericiliyinin tələbinə əsasən onun həmin yaşayış sahəsindən istifadə etməsi üçün hüquqi əsas mövcud deyildir. Digər tərəfdən mübahisəli yaşayış sahəsi cavabdehin qardaşına məxsus olmuş olsaydı, mülki qanunvericiliyinin tələbinə əsasən iddiaçının həmin yaşayış sahəsində istifadə etməsi üçün onların arasında həmin yaşayış sahəsindən istifadə etmək imkanının tanınmasına dair razılaşma mövcud olmalıdır. Lakin məhkəmə araşdırması zamanı, tərəflər arasında belə bir məzmunu razılaşmanın olması halı aşkar edilməmişdir. Ona görə də məhkəmə qeyd olunan halları əsas götürərək, hesab edir ki, bu halda da belə iddiaçının müvafiq yaşayış sahəsinə köçürülmə tələbi əsassız olmaqla, təmin edilməməlidir. Həmçinin, məhkəmə iddia tələbinin iddiaçının azyaşlı uşaqlarıı ilə birlikdə mübahisə predmeti olan yaşayış sahəsinə köçürülməsi hissəsi ilə bağlı hesab edir ki, hazırki iş üzrə iddiaçının mübahisə predmeti olan yaşayış sahəsinə köçüürlmsinə dair iddia tələbi təmin edilmədiyindən və tərəflərin birgə nikahdan olan övladları müvafiq məhkəmə qətnaməsi əsasında iddiaçının himayəsində və yanında saxlanıldığından iddia tələbi bu hissədə də təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Həmin Məcəllənin 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia əsassız olduğundan rədd edilməli, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı «mənzilə köçürülmə» tələbinə dair iddia ərizəsi təmin edilməsin. Ödənilmiş 10 manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Gülnar Əhmədova
Məhkəmə qərarları › İş №2(002)-195/2021
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-195/2021
10.03.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver