Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-198/2022 12.01.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Fuad Ələsgər oğlunun sədrliyi, Mirzəliyev Amil Rəfayıl oğlunun katibliyi, iddiaçı Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X7 və Cavabdeh1 iştirakı ilə, iddiaçı Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin ləğv edilməsi və mənzildən çıxarılma tələbi barədə iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin ləğv edilməsi və mənzildən çıxarılma tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müvəqqəti isitfadələrinə verilmiş Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, “QobuPark 1” yaşayış kompleksindəki 11 saylı binada yerləşən 106 nömrəli 2 otaqlı mənzilə dair 05.06.2020-ci il tarixli 11/106 nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin ləğv edilməsi və cavabdehlərin həmin mənzildən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı iddiaçı Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X16 izahat verərək bildirdi ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 fevral 2017-ci il tarixli 65 nömrəli Qərarı ilə “Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydası” təsdiq edilmişdir. Həmin yaşayış sahələrinin verilməsi Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsinin qərarı ilə həyata keçirilir. Komitə qeyd olunan Qaydaya əsaslanaraq daha çox ehtiyacı olan, ağır, qəzalı şəraitdə məskunlaşmış məcburi köçkünlərə yaşayış sahələrinin müvəqqəti verilməsini həyata keçirir. Əlavə olaraq Komitə məcburi köçkünlərin müvəqqəti istifadəsinə verilmiş qəsəbələrdəki yaşayış sahələrinin təyinatı üzrə istifadə edilməsinə xüsusi diqqət yetirir. Son dövrlərdə aparılmış araşdırmalar nəticəsində bəzi məcburi köçkünlərin onlara verilmiş mənzillərdə yaşamayaraq mənzildən istifadə etmədikləri müəyyən edilmişdir. “Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydası”nın 3-cu hissəsində məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrindən istifadə şərtləri müəyyən edilmişdir. Həmin Qaydanın 3.3-cü bəndinə əsasən, məcburi köçkünlərin onların müvəqqəti istifadəsinə verilmiş yaşayış sahəsini satmaq, bağışlamaq, başqasının istifadəsinə vermək, kirayəyə vermək, özbaşına dəyişmək, girov qoymaqla və digər vasitələrlə evləri özgəninkiləşdirmək və başqasını həmin evə köçürmək hüququ yoxdur. Həmin Qaydanın 3.7-ci bəndinə əsasən, məcburi köçkün ailəsi müvəqqəti istifadəyə verilmiş yaşayış sahəsində faktiki yaşamırsa, yaxud mənzili başqasına verərsə, Komitənin müvafiq qurumu tərəfindən mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq ev boşaldılaraq Komitənin rəhbərliyi ilə razılaşdırılmaqla daha çox ehtiyacı olan digər məcburi köçkün ailəsinə müvəqqəti istifadəyə verilir. Məcburi köçkünlərə yaşayış sahələrinin verilməsi Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 98.1-ci maddəsinin tələbinə əsasən, xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqavilələri əsasında verilir. 05 iyun 2020-ci il tarixli 11/106 nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə əsasən, məcburi köçkün olan Cavabdeh1 ailə üzvü olan digər cavabdeh ilə birlikdə Dövlət Proqramı çərçivəsində Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində məcburi köçkünlər üçün inşa edilmiş ‘QobuPark 1” yeni yaşayış qəsəbəsində yerləşən 11 saylı binanın 106 nömrəli 2 otaqlı mənzili ilə təmin edilmişdir. Daha sonra Qaradağ rayonu “QobuPark” qəsəbəsinin Mənzil Kommunal İstismar Sahəsinin rəisi tərəfindən aparılan araşdırma zamanı Cavabdeh1 və Cavabdeh2 həmin mənzildə yaşamadığı və mənzili kirayəyə verdiyi müəyyən edilmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 həmin mənzildə yaşamadığı müəyyən edildiyindən, Qaydanın 3.3-cü və 3.7-ci bəndlərinin tələbləri pozulmuşdur. Odur ki, məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrindən istifadə şərtləri pozulduğundan Cavabdeh1 və Cavabdeh2 verilmiş mənzil boşaldılıb Komitəyə təhvil verilməlidir. Belə ki, xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin şərtlərinə əsasən, yaşayış sahəsindən təyinatı üzrə və Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilmiş hüdudlarda istifadə etmək, yaşayış sahəsinin saxlanılmasını və qorunmasını təmin etmək kirayəçinin vəzifələridir. Həmin müqavilənin 5.7.1-ci bəndinə əsasən, kirayəçi və ailə üzvləri (kirayəçi ilə birgə yaşayan arvadı (əri), uşaqları, valideynləri, habelə kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüş və onunla birgə təsərrüfat aparan digər qohumlar və əmək qabiliyyəti olmayan kirayəçinin himayəsində olanlar, müstəsna hallarda məhkəmə qaydasında kirayəçinin ailə üzvləri hesab edilən digər şəxslər) yaşayış sahəsində fasiləsiz olaraq 3 (üç) aydan artıq müddətdə üzrlü səbəb olmadan yaşamadıqda xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi kirayəyə verənin tələbi ilə məhkəmə qaydasında ləğv edilə bilər. Kirayə müqaviləsinin qeyd olunan şərtləri cavabdehlər tərəfindən pozulduğundan, kirayə müqaviləsi ləğv edilməli və cavabdehlər mənzildən çıxarılmalıdır. Bu səbəbdən iddiaçı təşkilat məcburiyyət qarşısında qalaraq iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Hazırda o, məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş edir. Məhkəmə baxışı zamanı Cavabdeh1 izahat verərək bildirdi ki, digər cavabdeh onun həyat yoldaşıdır, bir və iki yaşında iki azyaşlı övladları vardır. Məcburi köçkün ailəsi kimi yaşayış yerinə ehtiyacları olduğundan 05 iyun 2020-ci il tarixli müqaviləyə əsasən onlara qeyd olunan mənzil verilmişdir. Müqavilə tarixindən də əvvəl, üç ildir ki, həmin mənzilə köçüb yaşayırlar, başqa yaşayış yerləri yoxdur. Mənzildə yaşamaması, mənzilin guya başqa şəxsə verilməsi barədə iddia ərizəsində qeyd olunanlar tamamilə yalandır. Belə ki, mənzildə daimi olaraq yaşayırlar və kommunal xidmət haqlarını ödəyirlər. Orada yaşadıqlarını bütün qonşular da təsdiq edə bilər, bu barədə aktı məhkəməyə təqdim etmişdir. O, ailə üzvləri ilə birlikdə sözügedən mənzildə daimi yaşamışdır, hazırda da yaşayır. Qeyd etməyi zəruri hesab edir ki, ailəsini meyvə satışı ilə məşğul olmaqla dolandırır, ona görə də bəzən ayda bir neçə günlük rayonlara gedib-gəlmək məcburiyyətində qalır. Bu zaman həyat yoldaşı ilə iki körpə uşağını qonşu binada yaşayan atasıgildə qoyub gedir. Lakin bu cəmi bir neçə gün çəkir, qalan bütün vaxtlarda mənzildə yaşayırlar. Dövlət tərəfindən ağır şəraiti nəzərə alınaraq ona mənzil verilmişdir və heç bir əsas olmadan yaşadığı mənzildən çıxarılmasına qəti etiraz edir. Ona görə də iddianın təmin edilməməsini məhkəmədən xahiş edir. Digər cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericiliklə müəyyən olunmuş qaydada xəbərdar olunmasına baxmayaraq, məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə istinad edərək, işə həmin cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X17 ifadə verərək bildirdi ki, o, cavabdehlərin qonşusudur. Cavabdeh1 ailəsi ilə birlikdə mübahisəli mənzildə üç ildir ki, yaşayır, iki körpə uşağı vardır. Anar meyvə satışı ilə məşğul olduğundan, işi ilə əlaqədar bəzən iki-üç günlük rayona getmək məcburiyyətində qalır, həmin vaxtlarda ailə üzvlərini atasıgilə qoyub gedir. Həmin mənzil heç vaxt başqa şəxslərə kirayəyə verilməmişdir, mənzildə daim Anar özü, həyat yoldaşı və azyaşlı uşaqları yaşayır. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X3 ifadə verərək bildirdi ki, o, cavabdehlərin qonşusudur, eyni mərtəbədə yaşayırlar. Cavabdeh1 ailəsi ilə birlikdə həmin mənzildə üç ildir ki, yaşayır. Anar meyvə satışı ilə məşğul olduğundan, işi ilə əlaqədar bəzən ikiüç günlük rayona getmək məcburiyyətində qalır, həmin vaxtlarda ailə üzvlərini atasıgilə qoyub gedir. Həmin mənzil heç vaxt başqa şəxslərə kirayəyə verilməmişdir, mənzildə daim Anar özü, həyat yoldaşı və körpə uşaqları yaşayır. Məhkəmə, izahatları və şahid ifadələrini dinləyib, iş materiallarında olan sənədləri tədqiq edərək belə qənaətə gəlir ki, iddia tələbi aşağıdakı əsaslara görə əsassız hesab olunaraq təmin edilməməlidir. Belə ki, iş materiallarında olan 05 iyun 2020-ci il tarixli 11/106 nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin surətindən görünür ki, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, “Qobu Park” yaşayış kompleksindəki 11 saylı evdə yerləşən 106 nömrəli 2 otaqlı mənzil məcburi köçkün Cavabdeh1 və Cavabdeh2 müvəqqəti yaşamaq üçün verilmişdir. Həmin Müqavilənin 5.7.1-ci bəndinə əsasən, kirayəçi və ailə üzvləri (kirayəçi ilə birgə yaşayan arvadı (əri), uşaqları, valideynləri, habelə kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüş və onunla birgə təsərrüfat aparan digər qohumlar və əmək qabiliyyəti olmayan kirayəçinin himayəsində olanlar, müstəsna hallarda məhkəmə qaydasında kirayəçinin ailə üzvləri hesab edilən digər şəxslər) yaşayış sahəsində fasiləsiz olaraq 3 (üç) aydan artıq müddətdə üzrlü səbəb olmadan yaşamadıqda xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi kirayəyə verənin tələbi ilə məhkəmə qaydasında ləğv edilə bilər. İş materiallarında olan “Qobupark” MKİS-nin rəisi Qarayev X., mühəndis Mehdiyev S., sahə nəzarətçisi Vəliyev S. tərəfindən tərtib edilmiş 19.08.2021-ci il tarixli, 17.09.2021-ci il tarixli, 19.10.2021-ci il tarixli aktlardan görünür ki, “Qobupark” yaşayış kompleksi, bina 11, 106 nömrəli iki otaqlı mənzildə məskunlaşan Cavabdeh1 və Cavabdeh2 mənzilinə dəfələrlə gedilmiş, mənzildə başqa şəxslərin kirayə qaldığı aşkar edilmişdir. İş materiallarında olan 8/52 nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin surətindən görünür ki, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, “Qobu Park” yaşayış kompleksindəki 8 saylı evdə yerləşən 52 nömrəli 4 otaqlı mənzil məcburi köçkün X4 və ailə üzvlərinə (X9, həyat yoldaşı X1, oğlu X10, gəlini X8 və nəvəsi X12) müvəqqəti yaşamaq üçün verilmişdir. İş materiallarında olan AZ-İİ seriyalı, 299087 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh1 ilə X2 15.09.2018-ci il tarixdə rəsmi nikah qeydiyyatından keçərək ailə qurmuşlar. Nikahları 3 saylı Bakı Asan Xidmət Mərkəzinin Qeydiyyat şöbəsi tərəfindən rəsmiləşdirilmişdir. Nikah bağlandıqdan sonra arvada Hüseynova soyadı verilmişdir. İş materiallarında olan AZ-İV seriyalı, 537734 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X18 18.12.2020-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Hüseynli Ayanın atası Cavabdeh1, anası Cavabdeh2dır. İş materiallarında olan X5 məxsus AA No ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X11 24.03.2019-cu il tarixdə anadan olmuşdur. İş materiallarında olan qonşular Məmmədov T., Baxşəliyev S., İsayev H., Yaqubova Q., Əliyeva Q., Bayramov V., Əhmədova F., Əzimova G., və Məmmədov Q. tərəfindən tərtib edilmiş 14.12.2021-ci il tarixli aktdan görünür ki, Füzuli rayonundan məcburi köçkün, X28 Kompeksi ev 11, mənzil 106 ünvanında yaşayan Cavabdeh1 mənzilində yaşamaması səbəbi ilə Qobu Park Y/K-nin MKİS-i tərəfindən Qaradağ Rayon Məhkəməsinə verilmişdir. Cavabdeh1 həqiqətən qeyd olunan ünvanda ailəsi ilə birlikdə yaşadığını həmin qonşular təsdiq edirlər. İş materiallarında olan kommunal xidmətlər üzrə ödəniş qəbzlərinin surətlərindən görünür ki, Cavabdeh1 tərəfindən müxtəlif aylar üzrə “Azəriqaz” İB-nə, "xxxx" ASC-nə, "xxxx" ASC-nə kommunal xidmətlər üzrə ödənişlər həyata keçirilmişdir. İş materiallarında olan “Qobupark” MKİS-nin rəisi tərəfindən verilmiş 2780 saylı 13.12.2021-ci il tarixli arayışdan görünür ki, Cavabdeh1 Füzuli rayonundan məcburi köçkündür və Qaradağ rayonu “Qobu park” yaşayış kompleksində bina 11, mənzil 106-da ailə üzvləri Cavabdeh2, X11 və X18 ilə birlikdə müvəqqəti məskunlaşmışdır. Beləliklə, mülki iş üzrə sübutlara əsasən məhkəmə iclasında müəyyən edildi ki, tərəflər arasında bağlanmış 05.06.2020-ci il tarixli 11/106 nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə əsasən Qaradağ rayonu, Lökbatan qəsəbəsi, “Qobu Park” yaşayış kompleksindəki 11 saylı evdə yerləşən 106 nömrəli 2 otaqlı mənzil məcburi köçkün olan cavabdehlərə müvəqqəti yaşamaq üçün verilmişdir. İddiaçı cavabdehlərin həmin mənzildə yaşamadığını və mənzili kirayə verdiyini, bununla da müqavilə şərtlərinin pozulduğunu iddia edərək, müqavilənin ləğvini və cavabdehlərin mənzildən çıxarılmasını tələb edir. Məhkəmə iclasında həmçinin müəyyən edildi ki, iddia tələbinin əsaslandığı Qobupark MKİS tərəfindən tərtib edilmiş aktlar cavabdehlərin həmin yaşayış sahəsində fasiləsiz olaraq 3 (üç) aydan artıq müddətdə üzrlü səbəb olmadan yaşamadığını müəyyən etməyə əsas vermir, digər tərəfdən həmin aktlar cavabdeh tərəfin izahatları, qonşuluqda yaşayan şahidlərin ifadələri, izahat və ifadələrin məzmununun 8/52 nömrəli müqavilənin surəti ilə təsdiq olunması ilə yanaşı kommunal xidmətlər üzrə ödəniş sənədləri, qonşular tərəfindən tərtib edilmiş 14.12.2021-ci il tarixli akt, habelə həmin MKİS-in özünün verdiyi 2780 saylı arayış ilə tam təkzib olunur. Belə olan halda, iddiaçı tərəf iddia tələbinin əsası olan halı (kirayə müqaviləsinin 5.7.1-ci bəndinə əsasən kirayəçi və ailə üzvlərinin yaşayış sahəsində fasiləsiz olaraq 3 (üç) aydan artıq müddətdə üzrlü səbəb olmadan yaşamadığını) sübuta yetirə bilmədiyindən, iddia tələbi əsassız hesab olunaraq təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə əsasən, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 2.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mənzil hüquqlarını öz mülahizəsinə görə və mənafeləri üçün həyata keçirir, o cümlədən onlar barəsində sərəncam verir. Fiziki və hüquqi şəxslər müqaviləyə və (və ya) mənzil qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslara görə özlərinin mənzil hüquqlarının müəyyənləşdirilməsində və həyata keçirilməsində azaddırlar. Mənzil hüquqlarını həyata keçirərkən və mənzil münasibətlərindən irəli gələn vəzifələrini yerinə yetirərkən fiziki və hüquqi şəxslər digərlərinin hüquqlarını, azadlıqlarını və qanuni mənafelərini pozmamalıdırlar. Həmin Məcəllənin 98.1-ci maddəsinə əsasən, ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsi üçün əvəzsiz istifadə müqavilələri əsasında verilən yaşayış sahələri istisna olmaqla, xüsusi təyinatlı yaşayış sahələri onların mülkiyyətçilərinin (mülkiyyətçilərin adından çıxış edən səlahiyyətli dövlət orqanı və ya bələdiyyələrin) və ya onların səlahiyyətli şəxslərinin qərarları ilə xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqavilələri əsasında verilir. Həmin Məcəllənin 99.3-cü maddəsinə əsasən, xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsində müqavilənin predmeti, xüsusi təyinatlı yaşayış sahəsindən istifadə üzrə tərəflərin hüquq və vəzifələri müəyyən edilir. Tərəflər arasında bağlanmış 05 iyun 2020-ci il tarixli 11/106 nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin 5.7.1-ci bəndinə əsasən, kirayəçi və ailə üzvləri (kirayəçi ilə birgə yaşayan arvadı (əri), uşaqları, valideynləri, habelə kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüş və onunla birgə təsərrüfat aparan digər qohumlar və əmək qabiliyyəti olmayan kirayəçinin himayəsində olanlar, müstəsna hallarda məhkəmə qaydasında kirayəçinin ailə üzvləri hesab edilən digər şəxslər) yaşayış sahəsində fasiləsiz olaraq 3 (üç) aydan artıq müddətdə üzrlü səbəb olmadan yaşamadıqda xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi kirayəyə verənin tələbi ilə məhkəmə qaydasında ləğv edilə bilər. Beləliklə, məhkəmə mülki iş üzrə sübutlara və sadalanan hüquq normalarına əsasən müəyyən edir ki, iddia tələbinin hüquqi əsası olan halların mövcudluğu sübuta yetirilmədiyindən, iddia tələbi əsassız hesab olunaraq təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin ləğv edilməsi və mənzildən çıxarılma tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : Fuad Hüseynov
Məhkəmə qərarları › İş №2(002)-198/2022
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-198/2022
12.01.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver