Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-1980/2021 10.08.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Gülnar İnqilab qızının sədrliyi, X4 qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili X2, Cavabdehin nümayəndəsi və vəkili X1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı mənzil bölgüsü tələbinə dair iddiası üzrə mülki işə Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh oğluna qarşı mənzil bölgüsü tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikah dövründə cavabdehin adına alınmış Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, B.Əliyev küçəsi, ev 41 c, 81 saylı mənzilə ½ hissədə pay hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdehlə 16.12.2019-cu il tarixdə rəsmi nikaha daxil olaraq evlənmişlər. Birgə nikahlarından uşaqları olmamışıdır. Hazırda cavabdeh xasiyyətlərinin uyğun gəlməməsini bəhanə gətirməklə Qaradağ rayon məhkəməsinə nikahların pozulması ilə bağlı müraciət etmişdir. Mart ayının 10- da məhkəmə iclası keçirilmiş, məhkəmə iclasında ailələrinin qorunmasını istəsə də cavabdeh nikahın pozulmasında israrlı olduğundan məhkəmə barışıq üçün 3 ay vaxt vemişdir. Bu səbəbdən də qeyd edilən iddia tələbi ilə bağlı məhkəməyə müraciət etməli olmuşdur. Cavabdehlə birgə nikah dövründə Qaradağ rayonu, Sahil qəsəbəsi, Bəxtiyar Əliyev küçəsi, ev 41 c, 81 saylı mənzili almaqla təxminən həmin mənzildə 10000 (on min) manatlıq təmir işləri də aparmışlar. Qeyd olunan halların nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh 12.07.2021-ci il tarixdə məhkəməyə etiraz ərizəsi göndərərək, İddiaçı ona qarşı mənzil bölgüsü tələbinə dair iddiası əsassız olduğundan rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh etiraz ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı ona qarşı iddia ərizəsi ilə Qaradağ Rayon Məhkəməsinə müraciət edərək birgə nikah dövründə cavabdehin adına alınmış Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, B.Əliyev küçəsi, ev 41 c, 81 saylı mənzilə ½ hissəsi pay hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. O, mübahisəli mənzili nikahdan əvvəl almışdır. Belə ki, iş materiallarına əlavə etdiyi 06 avqust 2019-cu il tarixli maliyyə arayışından görünür ki, Bakı şəhəri, Sahil qəsəbəsi, B.Əliyev küçəsi 2 saylı binanın 2-ci mərtəbəsində yerləşən 2 otaqlı 81 saylı mənzili onun tərəfindən müqavilə yolu ilə "xxxx" MTK alınmışdır. "xxxx" MTK-ya borcu yoxdur. İş materiallarına əlavə etdiyi 06 avqust 2019-cu il tarixli kassa mədaxil orderinin qəbzindən də görünür ki, müqavilə yolu ilə aldığı 81 saylı mənzilin ödənişini 90 000 manatı kassaya mədaxil etmişdir. O, evi aldıqdan sonra dərhal təmir işlərinə başlamışdır, bunu onun aldığı evdə işləyən ustalar, eləcə də şirkətin rəhbərliyi də təsdiq edə bilər və zəruri olarsa məhkəmə iclasında şahid qismində dindirilmələri mümkündür. İddiaçı ilə 16 dekabr 2019-cu il tarixdə ailə quranda aldığı ev tam təmirli olmuşdur. İddiaçı iddia ərizəsində göstərir ki, guya 10000 manatlıq təmir işləri aparılıb, bu ağ yalandır. O iddiaçını təmirsiz evə gətirməmişdir, təmirsiz evdə belə yaşamaq mümkün deyil, ancaq həmin evlərin 4 divar olur, ona görə də o aldığı evi öz gücünə təmir edərək iddiaçı təmiz və səliqəli evə gəlin gəlib. Qaradağ Rayon Məhkəməsinin 10.06.2021- ci il tarixli qətnaməsi ilə onunla İddiaçı Sədiyar qızı arasında 16 dekabr 2019-cu il tarixdə 3 saylı Bakı «ASAN» xidmət mərkəzi qeydiyyat şöbəsində 4497 saylı akt qeydi ilə bağlınmış nikah pozulmuşdur. Nikah pozulduqdan iddiaçı əmlakını aparmamışdan əvvəl isə iddiaçıya məxsus əmlakının ona satmaq istədiyini təklif etdi, lakin cavabdeh iddiaçıya məxsus əmlakını istəmədiyini və əmlakını götürüb aparmasını bildirmişdir, lakin iş üzrə olan İddiaçı Sədiyar qızı mübahisəli mənzildən gəlib bütün əmlakını aparmış, lakin bircə yataq mebelini saxlamışdır. Sonra isə məhkəməyə qanunsuz olaraq iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mənzil bölgüsünü tələb edir və ona bildirir ki, onsuzda ondan əl çəkməyəcək. Qeyd olunan halların nəzərə alınaraq, iddianın əsassız olduğu üçün ddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi və vəkili məhkəmə iclasında etiraz ərizəsinin məzmununa uyğun izahat verərək, öz izahatında həmin əmlakın birgə nikah dövründə əldə edilmiş əmlak qismində çıxış etmədiyini, əmlakın əldə edilməsi üçün ödənilmiş pul vəsaitinin birgə nikah dövründə əldə edilmədiyini, həmin evin nikahdan əvvəl əldə edildiyini, pulunun da tam olaraq nikahdan əvvəl ödənildiyini, sədəcə sənədləşmə işinin gec olduğunu, bu halın da bütün MTK-lar da belə olduğunun hamıya bəlli olduğunu, çıxarışın sonradan alındığını, ona görə də həmin Çıxarışın tarixinin , əldə edilmə vaxtının nikah dövrünə təsadüf etdiyini, lakin həmin əmlak nikah dövründə əldə eidlmiş əmlak deyildir, bu halı da, evin pulunun ödənilməsinə dair qəbz, habelə alqı-satqı müqaviləsinin tarixi də sübut edir, ona görə də qeyd edilən halları nəzərə alaraq, iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsi və vəkilinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia tələbi əsassız olmaqla, təmin edilməməlidir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş Qaradağ Rayon Məhkəməsinin 2(002)-790/2021 saylı 10.06.2021-ci il tarixli qətnaməsinə əsasən, İddiaçı Cavabdeh oğluna qarşı nikahın pozulması tələbinə dair iddiası təmin edilmiş, İddiaçı ilə Cavabdeh arasında 16 dekabr 2019-cu il tarixdə 3 saylı “ASAN” xidmət mərkəzində bağlanmış və 4497 nömrəsi ilə qeydə alınmış nikah pozulması qət edilmişdir. İş materialarında olan 27.07.2021-ci il tarixli 162№-li arayışın məzmunundan aydın olur ki, Cavabdeh B.Əliyev küçəsi 41 C 81 saylı mənzili 06.08.2019-cu ildə 90000 (doxsan min manat) ödəyərək almışdır, Bina "xxxx" MTK-ya məxsusdur. İş materialalrında olan "xxxx" MTK tərəfindən verilmiş 06 avqust 2019-cu il tarixli 853629 nömrəli kassa mədaxil qəbzinin məzmunundan aydın olur ki, Cavabdeh tərəfindən müqavilə yolu ilə aldığı 81 saylı mənzilin ödənişi 90000 (doxsan min) manat pul vəsaiti kassaya mədaxil edilmişdir. İş materiallarına əlavə olunmuş maliyyə arayışından görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, B.Əliyev küçəsi, ev 41 c, 81 saylı mənzil Cavabdeh oğlu tərəfindən müqaviə yolu ilə "xxxx" MTKdan alınmışdır. "xxxx" MTK-ya borcu yoxdur. İş materialalrında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xdimətinin 1 saylı Bakı ərazi İdarəsinin 04.05.2021-ci il tarixli məktubunun məzmunundan aydın olur ki, Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, B.Əliyev küçəsi, ev 41 c, 81 saylı mənzil ilkin olaraq 22.09.2020-ci il tarixdə Cavabdeh adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xdimətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Cavabdeh oğlu Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, B.Əliyev küçəsi, ev 41 c, 81 saylı mənzilin mülkiyyətçisi olmaqla, bu hüquq 22.09.2020-ci il tarxidə qeydiyyatdan keçmişdir. Göründüyü kimi, hazırki mülki iş üzrə tərəflər arasında mübahisənin predmetini birgə nikah dövründə əldə edilmiş mənzilin bölünməsi ilə bağlı hüquq münaisbətləri təşkil edir. Məhkəmə mübahisə ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra Ailə Məcəlləsinin) 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Ailə Məcəlləsinin 32.2 və 32.2.2-ci maddələrinə əsasən ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak ər-arvadın ümumi birgə mülkiyyətindədir. Ailə Məcəlləsinin 36.1-ci maddəsinə əsasən ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir.. Ailə Məcəlləsinin 36.3-cü maddəsinə əsasən mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəllənin 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. 1 oktyabr 2009-cu il tarixli Mənzil Məcəlləsinin 112.1-ci maddəsinə əsasən mənzil-tikinti kooperativinin üzvü pay haqqını tam ödədikdə, yaşayış sahəsinə mülkiyyət hüququ əldə edir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, mübahisə predmeti olan mənzilə dair cavabdeh ilə "xxxx" MTK arasında 06.08.2019-cu il tarixli müqavilə bağlanılmış, həmin müqaviləyə əsasən cavabdeh MTK-ya 90000 manat məbləğində pul vəsaitini ödəyərək, müvafiq mənzili satın almışdır. Həmçinin, iş materialalrından görünür ki, cavabdeh tərəfindən MTK-ya həmin mənzilin əldə edilməsinə görə 90000 manat məbləğində pul vəsaiti məhz 06.08.2019-cu il tarixdə tam ödənilmişdir, MTK-ya borcu qalmamışdır. Həmçinin, məhkəmə araşdırması zamanı müəyyən eidlmidşir ki, tərəflər 16.12.2019-cu il tarixdə rəsmi nikaha daxil olmuşdur. İddiaçı tərəf müvafiq mənzilə dair mülkiyyət hüququnun müvafiq dövlət orqanında 22.09.2020-ci il tarixində dövlət qeydiyyatından keçdiyindən, həmin mənzilin birgə nikah dövründə əldə edilmiş əmlak qimsində çıxış etdiyini əsas götürərək, həmin əmlakın bölünməsi tələbini irəli sümüşdür. Məhkəmə bununla bağlı onu qeyd edir ki, mənzil qanunvericiliyinin tələbinə əsasən mənzil-tikinti kooperativinin üzvü pay haqqını tam ödədikdə, yaşayış sahəsinə mülkiyyət hüququ əldə edir. Göründüyü kimi, qanunvericilik mənzil-tikinti kooperativindən mənzil əldə edildikdə, həmin yaşayış sahəsinə mülkiyyət hüququnun əldə edilməsini məhz pay haqqının tam ödənilməsi halı ilə şərtləndirmişdir. Bu halda, məhkəmə hesab edir ki, mənzil qanunvericiliyinin tələbinə əsasən hazırki mülki iş üzrə cavabdeh həmin mənzilə dair mülkiyyət hüququnu məhz həmin mənzilin dəyərinin MTK-ya tam ödənildiyi 06.08.2019-cu il tarixdə əldə etmişdir. Həmçinin, məhkəmə hesab edir ki, yalnız həmin mənzilə dair hüququn müvafiq dövlət orqanında birgə nikah dövründə 22.09.2020-ci il tarixdə qeydiyyata alınması halı həmin əmlakın birgə nikah dövründə əldə edilmiş əmlak qismində çıxış etməsi üçün əsas hesab edilə bilməz. Bu halda, məhkəmə qeyd edilən halları əsas götürərək, mənzil qanunvericiliyinin tələbini rəhbər tutaraq, hesab edir ki, mübahisə predçeti olan mənzil cavabdeh tərəfindən tərəflər arasında rəsmi nikhaın bağlandığı tarixdən əvvəl əldə edildiyindən, habelə həmin mənzilin əldə edilməsi üçün müvafiq məbləğdə pul vəsaitinin məhz nikah dövründən əvvəl tam ödənildiyindən, bununla da həmin əmlak birgə nikah dövründə əldə edilmiş hər hansı qazanc (vəsait) hesabına əldə edilmədiyindən, həmin mənzil birgə nikah dövründə əldə eidlmiş əmlak qismində çıxış edə bilməz. Ona görə də, məhkəmə qeyd edilən halları əsas götürərək, hesab edir ki, iddia tələbi əsassız olmaqla, təmin edilməməlidir. Məhkəmə bununla əlaqədar onu qeyd edir ki, mülki prosessual qanunvericiliyin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.(MPM, maddə 14.2, 77.1 və 88 maddələri). İddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31.01.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarına görə proses zamanı həqiqətdə mövcud olan bütün hallar deyil, yalnız hüquqi əhəmiyyət daşıyan, yəni sübutetmə predmetinə aid olan hallar müəyyən edilir. Məhz bu səbəbdən hüquqi əhəmiyyət daşıyan hallar istənilən üsulla (məntiqi, elmi) deyil, sübutedici məlumatların, yəni sübutetmə vasitələrinin məhkəməyə təqdim olunmasının qanunla yol verilən üsulları ilə müəyyən edilməlidir. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlar məcmuəsinə hüququi qiymət verərək, mənzil və mülki qanunvericiliyin tələbini rəhbər tutaraq, hesab edir ki, iddia tələbi əsassız olmaqla, təmin edilməməlidir. İddia tələbi üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilməsin. İddia tələbi üzrə ödənilmiş 10 manat məbləğində olan dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Gülnar Əhmədova
Məhkəmə qərarları › İş №2(002)-1980/2021
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-1980/2021
10.08.2021 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver