Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-1986/2021 28.07.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Fuad Ələsgər oğlunun sədrliyi, Salmanova Könül Xasay qızının katibliyi, cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi Peşə Təhsili üzrə Dövlət Agentliyi 8 nömrəli Bakı Peşə Liseyinin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Əhədov Vidadi Vəkilağa oğlunun və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi Peşə Təhsili üzrə Dövlət Agentliyi 8 nömrəli Bakı Peşə Liseyinə qarşı əmrin ləğv edilməsi, işə bərpa, məcburi işburaxmaya görə əmək haqqının və son haqq-hesabın tutulması tələbi barədə iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi Peşə Təhsili üzrə Dövlət Agentliyi 8 nömrəli Bakı Peşə Liseyinə qarşı əmrin ləğv edilməsi, işə bərpa, məcburi işburaxmaya görə əmək haqqının və son haqq-hesabın tutulması tələbi barədə iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Təhsil Nazirliyi Peşə Təhsili üzrə Dövlət Agentliyi 8 nömrəli Bakı Peşə Liseyinin direktoru Heydər Hüseynovun 03 may 2021-ci il tarixli 21 saylı əmrinin ləğv edilməsi, əvvəlki iş yerinə bərpa edilməsi, məcburi işburaxmaya görə əmək haqqının və son haqq-hesabın tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, ali təhsilli olmaqla 2008-ci ildən 8 nömrəli Bakı Peşə Liseyində işləyir. İşlədiyi dövrdə rəhbərlik tərəfindən iki fəxri fərmanla mükafatlandırılmışdır. Əmək vəzifələrini yerinə yetirərkən sağlamlığını itirmiş, ayağında ağır cərrahiyyə əməliyyatı keçrimişdir. 2014-cü ildən şəkərli diabet xəstəsi olmaqla ikinci qrup əlildir. Buna baxmayaraq, üzərinə düşən vəzifələri layiqincə yerinə yetirmişdir. Lakin 8 nömrəli Bakı Peşə Liseyinin direktoru Heydər Hüseynovun 03 may 2021-ci il tarixli 21 saylı əmri ilə onunla bağlanmış əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə) əsasən 03 may 2021-ci il tarixdən xitam verilmişdir. Hesab edir ki, cavabdeh 8 nömrəli Bakı Peşə Liseyinin 03 may 2021-ci il tarixli 21 saylı əmri qanunsuz və əsassızdır. Belə ki, 03 may 2021-ci il tarixli 21 saylı əmr Azərbaycan Respublikası Əmək Məcəlləsinin 12-ci maddəsinin “b” və “c” bəndlərinin, 58-ci maddəsinin, 69-cu maddəsinin 7-ci hissəsinin, 77-ci maddəsinin 2-ci və 3-cü hissəsinin, 78-ci maddəsinin 2-ci hissəsinin 4-cü bəndinin, 79-cu maddəsinin 1-ci hissəsinin 6-cı bəndinin və 80-ci maddəsinin 2-ci hissəsinin tələblərinin kobud şəkildə pozulması ilə verilmişdir. Ona görə də məcburiyyət qarşısında qalaraq iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Qeyd olunanlara əsasən, iddia tələbinin təmin edilməsini xahiş edir. İddiaçı dəfələrlə məhkəmə iclaslarının vaxtı və yeri barədə qanunvericiliklə müəyyən olunmuş qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclaslarına gəlməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Cavabdeh tərəfin nümayəndəsi isə ərizə ilə məhkəməyə müraciət edərək, mülki işə mahiyyəti üzrə baxılmasını tələb etmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.4-cü maddəsinə istinad edərək, mülki işə iddiaçı tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə baxışı zamanı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi Peşə Təhsili üzrə Dövlət Agentliyi 8 nömrəli Bakı Peşə Liseyinin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Əhədov Vidadi Vəkilağa oğlu iddia tələbinə etiraz edərək izahatında bildirdi ki, İddiaçı 07.01.2020-ci il tarixinədək dərs hissə müdiri vəzifəsində çalışmış, Nazirlər Kabinetinin 29 may 1996-cı il tarixli 64 nömrəli Qərarına əsasən Liseyin tələbə kontingenti 250 nəfərdən aşağı düşdüyünə görə dərs hissə müdiri vəzifəsi ixtisara düşmüş və İddiaçı müəllim vəzifəsində saxlanılmışdır. Lakin iddiaçı bir müəllim kimi bütün vəzifə öhdəliklərini pozmuşdur. Belə ki, İddiaçı 14.01.2020-ci il tarixdən 03.05.2021-ci il tarixədək ümumiyyətlə Liseyə gəlməmiş, tədris etdiyi fənlərin proqramlarını təsdiq etdirməmiş, summativ qiymətləndirmə aparmamış, jurnalları yazmamışdır, həmçinin ixtisara düşmüş vəzifə üzrə heç bir təhvil-təslim etməmiş, vəzifəsinə müvafiq Liseyə aid olan sənədləri mənimsəmiş, Liseylə əlaqəni kəsmişdir. 2020-2021-ci tədris ili üçün tədris etdiyi fənlərin proqramlarını təsdiq etdirmədiyi üçün ona xəbərdarlıq əmri verilmişdir, daha sonra 16.10.2020-ci ildə 235 nömrəli qrupda dərs cədvəlinə müvafiq əyani keçiriləcək Azərbaycan dili fənnini hər hansı səbəb göstərmədən tədris etməmişdir, vəzifə öhdəliklərini pozduğuna görə ona töhmət verilmişdir. 2020-ci ilin noyabr ayında İddiaçı əmək haqqı kartının müddəti bitdiyindən yeni kart sifariş olunmuş, bu barədə ona müraciət edilmişdir, əmək haqqı kartı qiymətli kağız olduğundan, həmçinin üzərində hesab nömrələrinin təhlükəsizliyi ilə bağlı onun poçt vasitəsi ilə göndərilməsi mümkün olmamışdır. İddiaçı əlaqə telefonuna (***-***-**-**) zəng edilməsinə, həmçinin 05.02.2021-ci il tarixdə rəsmi şəkildə müraciət olunmasına baxmayaraq, İddiaçı bilərək işə gəlməmişdir. Göstərilən bütün cəhdlər cavabsız qalmışdır. İddiaçı bir ildən artıqdır ki, məktəbə gəlməməklə öz əmək funksiyasını yerinə yetirmir. Bu səbəbdən də 03 may 2021-ci il tarixdən işdən azad edilmişdir. Həmin əmr tamamilə qanunidir. İşyeri ilə əlaqəni tamamilə kəsən, tədris ili ərzində müəllim kimi nə distant, nə əyani formada heç bir dərs keçməyən, tədris prosesini zəiflədən iddiaçının əmrdən narazı qalması tamamilə əsassızdır. Qeyd olunanlara əsasən, iddia tələbinin rədd edilməsini xahiş edir. Məhkəmə baxışı zamanı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X9 izahat verərək bildirdi ki, cavabdeh bir ildən artıq məktəbə gəlməməklə öz əmək funksiyasını yerinə yetirməmiş, bu səbəbdən 03 may 2021-ci il tarixdən işdən azad edilmişdir. İddiaçının işdən azad edilməsi zamanı hər hansı qanun pozuntusuna yol verilməmişdir, ona görə də hesab edir ki, iddia tələbi əsassızdır. Məhkəmə, izahatları dinləyib, iş materiallarında olan sənədləri tədqiq edərək belə qənaətə gəlir ki, iddia tələbi aşağıdakı əsaslara görə əsassız hesab olunaraq təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Təhsil Nazirliyi Peşə Təhsili üzrə Dövlət Agentliyi 8 nömrəli Bakı Peşə Liseyinin 03.05.2021-ci il tarixli, 21 saylı əmrinin surətindən görünür ki, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikə) əsasən 03 may 2021-ci il tarixdən xitam verilməsi, əmrdən irəli gələn vəzifələrin icrasının baş mühasibə tapşırılması əmr edilmişdir. Əmrə əsas kimi rəsmi xəbərdarlıq məktubları, aktlar, təqdimat, Həmkarlar İttifaqının qərarı qeyd olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilmiş SER TSE-01 seriyalı, 074621 saylı arayışdan görünür ki, 1958ci il təvəllüdlü İddiaçı ikinci qrup əlildir. İş materiallarında olan 8 nömrəli Bakı Peşə Liseyinin direktoru X1 8 nömrəli Bakı Peşə Liseyinin Həmkarlar İttifaqı Komitəsinin sədrinə ünvanladığı məktubun surətindən görünür ki, 8 nömrəli Bakı Peşə Liseyinin Azərbaycan dili və Ədəbiyyat müəllimi İddiaçı 2020-2021ci tədris ilindən başlayaraq vəzifə funksiyalarını yerinə yetirməkdən imtina etməklə məktəbin daxili nizam- intizam qaydalarına riayət etmir və əlavə olaraq məktəbin fəaliyyətinə bir mənalı şəkildə qərəzli maneçilik törədir. Bu barədə İddiaçı 07.10.2020-ci il tarixində yazılı xəbərdarlıq, 18.11.2020-ci il tarixində töhmət verilmişdir. Hətta Nazirlər Kabinetinin tədrisin əyani formada təşkil edilməsi ilə bağlı qərarına əhəmiyyət verməyərək 16.10.2020-ci tarixində 235 nömrəli qrupda Azərbaycan dili fənnini əyani tədris etməli olduğu halda tədris etməmiş və həmin qrup üzrə tədrisin fəaliyyəti pozulmuşdur. Təhsil alanların fənlər üzrə summativ qiymətləndirməsi tədris jurnallarında qeyd olunmamış, summativ qiymətləndirmənin keçirilməsi üzrə faktiki sənədləşmə aparılmamışdır. Bu da öz növbəsində tələbə və valideynlərin haqlı narazılığına səbəb olmuşdur. Sözügedən bu problemlər həm Liseyin, həm də X7 fəaliyyətinin düzgün qurulmasına birmənalı şəkildə mənfi təsir göstərməkdədir. Qeyd olunan hallarla bağlı İddiaçı xəbərdarlıqlar edilmiş, onun tədrisə cəlb olunması ilə bağlı bütün mümkün vasitələrdən istifadə edilmişdir. Edilən xəbərdarlıqlardan heç bir nəticə alınmamış, 12 aprel 2021-ci il tarixdə İddiaçı yenidən töhmət verilmişdir. Odur ki, İddiaçı əmək müqaviləsinə AR ƏM-nin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsinə münasibət bildirilməsi xahiş edilmişdir. İş materiallarında olan 8 saylı Bakı Peşə Liseyinin Həmkarlar İttifaqı Komitəsinin ümumi iclasının 100 nömrəli 28.04.2021-ci il tarixli protokolunun surətindən görünür ki, 8 saylı Bakı Peşə Liseyinin “Azərbaycan dili” və “Ədəbiyyat” fənn müəllimi İddiaçı Əlumuxtar oğlu ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsinə etirazın olmadığı qərara alınmışdır. Həmin protokolda İddiaçı nə əyani, nə distant formada heç bir dərs keçmədiyi, tələbələrin qiymətləndirilməsi uçotunu aparmadığı, 1 ildə 1 dəfə olsun məktəbə gəlmədiyi, əsas fənnlər hesab olunan həmin fənnlər üzrə qiymətləndirmə aparmadığı üçün X7 yekun qiymətləndirməni müəyyən edə bilmədiyi, fəaliyyətsizliyi ilə Liseyə zərər vurduğu qeyd olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Təhsil Nazirliyi Peşə Təhsili üzrə Dövlət Agentliyi 8 nömrəli Bakı Peşə Liseyinin 07.10.2020-ci il tarixli, 69 nömrəli intizam tənbehinin tətbiqi barədə əmrinin surətindən görünür ki, əmək funksiyasının icrasında yol verdiyi nöqsanlara görə 8 saylı Bakı Peşə Liseyinin Azərbaycan dili və Ədəbiyyatı fənni üzrə müəllim İddiaçı Əlumuxtar oğluna yazılı xəbərdarlıq verilməsi əmr edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Təhsil Nazirliyi Peşə Təhsili üzrə Dövlət Agentliyi 8 nömrəli Bakı Peşə Liseyinin 18.11.2020-ci il tarixli, 79 nömrəli intizam tənbehinin tətbiqi barədə əmrinin surətindən görünür ki, əmək funksiyasının icrasında yol verdiyi nöqsanlara görə 8 saylı Bakı Peşə Liseyinin Azərbaycan dili və Ədəbiyyatı fənni üzrə müəllim İddiaçı Əlumuxtar oğluna töhmət elan edilməsi əmr edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Təhsil Nazirliyi Peşə Təhsili üzrə Dövlət Agentliyi 8 nömrəli Bakı Peşə Liseyinin 12.04.2021-ci il tarixli, 15 nömrəli intizam tənbehinin tətbiqi haqqında əmrinin surətindən görünür ki, İddiaçı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən töhmət verilməsi əmr edilmişdir. İş materiallarında olan 8 saylı Bakı Peşə Liseyinin direktoru Fizuli Talıbov tərəfindən liseyin Azərbaycan dili və ədəbiyyat müəllimi İddiaçı ünvanlanmış 19.11.2020-ci il tarixli müraciət məktubunun surətindən görünür ki, iddiaçıdan proqramları təsdiq etdirməsi və tədris etdiyi fənlər üzrə qrup jurnallarını yazması tələb edilmişdir. İş materiallarında olan 8 saylı Bakı Peşə Liseyinin direktoru tərəfindən həmin Liseyin Azərbaycan dili və ədəbiyyat müəllimi İddiaçı ünvanlanmış 05.02.2021-ci il tarixli, 17 saylı məktubun surətindən görünür ki, iddiaçıya 2020/2021-ci tədris ilində tədris etdiyi heç bir fəndən summativ qiymətləndirmə aparmadığı bildirilmiş, dərs dediyi qruplardə təcili olaraq İ yarımilin son dərs saatında summativ qiymətləndirmə (test, şifahi sorğu, inşa, yaradıcılıq) aparmaqla onların video və ya audio görüntülərini məktəbə təqdim etməsi, məktəbə gələrək jurnalları yazması xahiş olunmuşdur. İş materiallarında olan 8 saylı Bakı Peşə Liseyinin direktoru H.Hüseynov tərəfindən həmin Liseyin Azərbaycan dili və ədəbiyyat müəllimi İddiaçı ünvanlanmış 17.02.2021-ci il tarixli məktubun surətindən görünür ki, o, bu günə qədər hələ də tədris etdiyi fənlərin proqramlarını təsdiq etdirməmişdir. TİMS platformasında dərslərini tədris etmək üçün (PT001731 pese.com.az) və parol:CY AJ3001 22.01.2021-ci il tarixində şəxsi whatsapp nömrəsinə məlumat göndərilmiş, lakin bu tarixədək dərsləri dərs cədvəlinə müvafiq keçməmişdir. Sonuncu dəfə xəbərdarlıq edilməklə Liseyə gələrək proqramları təsdiq etdirməsi, summativ qiymətləndirmə (test, şifahi sorğu, inşa, yaradıcılıq) aparmaqla onların video və ya audio görüntülərini məktəbə təqdim etməsi, jurnalları yazması xahiş olunmuşdur. İş materiallarında olan X6, X5, Əhədov Vidadi Vəkilağa oğlu, X10, X3 və X2 öz imzaları ilə təsdiq etdikləri 03.02.2020-ci il tarixli aktın surətindən görünür ki, İddiaçı onların rəhbərlik etdikləri qruplarda dərs cədvəlində olan dərsləri 16.09.2019-cu il tarixdən 27.12.2019-cu il tarixədək özü tədris etməmiş, onun əvəzində ixtisası uyğun olmayan laborant X11 tərəfindən dərslər keçirilmişdir. İş materiallarında olan 01.09.2008-ci il tarixli əmək müqaviləsinin surətindən görünür ki, həmin müqavilə R.S.Quliyev adına 8 nömrəli Bakı Peşə Liseyi (işəgötürən) ilə İddiaçı (işçi) arasında bağlanmışdır, əmək müqaviləsinin 2-ci bəndinə görə, işçi əmək funksiyalarını vicdanla yerinə yetirmək, əmək intizamına və daxili davranış qaydalarına əmək etmək öhdəliklərini də daşıyır. İş materiallarında olan əmək müqaviləsi bildirişinin surətindən görünür ki, 22.10.2020-ci il tarixdə sistemə daxil edilən məlumatlara əsasən İddiaçı 8 saylı Bakı Peşə Liseyində müəllim vəzifəsində işləyir. İş materiallarında olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-712/2021 saylı, 11.02.2021-ci il tarixli qətnaməsinin surətindən görünür ki, İddiaçı cavabdeh 8 saylı Bakı Peşə Liseyinin direktoruna qarşı “əmrin ləğv edilməsi” tələbinə dair iddia ərizəsinin təmin edilməməsi qət edilmişdir. İş materiallarında olan Bak şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-679 saylı, 23.04.2021-ci il tarixli qətnaməsinin surətindən görünür ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi Peşə Təhsili üzrə Dövlət Agentliyi 8 nömrəli Bakı Peşə Liseyinə qarşı intizam tənbehinin tətbiqi barədə əmrin ləğv edilməsi tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. İş materiallarında olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-682/2021 saylı, 26.04.2021-ci tarixli qətnaməsinin surətindən görünür ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi Peşə Təhsili üzrə Dövlət Agentliyi 8 nömrəli Bakı Peşə Liseyinə qarşı məktubun ləğv edilməsi, əmək haqqının artırılması və ödənilməmiş hissəsinin hesablanaraq ona ödənilməsi tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. İş materillarında olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 29.09.2020ci il tarixli, 2(103)-5501/2020 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı apelyasiya şikayətinin təmin edilməməsi, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-648/2020 saylı mülki iş üzrə 12 mart 2020-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Beləliklə, məhkəmə iclasında izahatlara, o cümlədən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin etibarnamə üzrə səlahiyyətli nümayəndəsinin izahatına və mülki iş materiallarında olan yazılı sübutlara əsasən müəyyən edildi ki, İddiaçı cavabdeh 8 saylı Bakı Peşə Liseyində Azərbaycan dili və ədəbiyyat müəllimi işləmiş, lakin o, 14.01.2020-ci il tarixdən 03.05.2021-ci il tarixədək Liseyə gəlməmiş, tədris etdiyi fənlərin proqramlarını təsdiq etdirməmiş, tədris ili başlayandan nə distant formada, nə də əyani formada dərs keçməmiş, summativ qiymətləndirmə aparmamış və jurnalları yazmamışdır. Məhkəmə mülki iş üzrə sübutlara əsasən iddiaçının Azərbaycan dili və ədəbiyyat müəllimi kimi əmək funksiyalarını yerinə yetirmədiyini nəzərə alaraq hesab edir ki, hazırda əmək müqaviləsinə xitam verilməsi barədə 03 may 2021-ci il tarixli 21 saylı əmrin ləğv edilməsi üçün hüquqi əsas yoxdur. Qeyd olunanlara əsasən, məhkəmə müəyyən edir ki, iddia tələbi əsassız hesab olunaraq təmin edilməməlidir. Belə ki, Təhsil haqqında Azərbaycan Respublikası Qanununun 33.3-cü maddəsinə əsasən, təhsilverənlərin (o cümlədən müəllimlərin) vəzifələri aşağıdakılardan ibarətdir: təhsil proqramlarının mənimsənilməsini təmin etmək, keyfiyyətli təhsil vermək; təhsilalanlarda fəal vətəndaş mövqeyi formalaşdırmaq, onları vətənpərvərlik və azərbaycançılıq ruhunda tərbiyə etmək, müstəqil həyata və əmək fəaliyyətinə hazırlamaq; müəllim nüfuzunu yüksək tutmaq, ziyalılıq nümunəsi göstərmək; daxili intizam qaydalarına əməl etmək və əmək müqaviləsi ilə müəyyənləşdirilmiş əmək funksiyalarını yerinə yetirmək və s. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 10-cu maddəsinə əsasən: a) əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək; b) əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək; e) iş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafelərini pozmamaq işçinin əsas vəzifələridir. Həmin Məcəllənin 11-ci maddəsinin “b” bəndinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək, əmək münasibətləri sahəsində işəgötürənin əsas hüquqlarından biri kimi qeyd olunmuşdur. Həmin Məcəllənin 70-ci maddəsinin “ç” bəndinə əsasən, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda, əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Həmin Məcəllənin 72-ci maddəsinə əsasən, aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması. Həmin Məcəllənin 80.1-ci maddəsinə əsasən, bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Həmin Məcəllənin 186.2-ci maddəsinə əsasən, işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv etmək. Beləliklə, mülki iş üzrə sübutlara və sadalanan hüquq normalarına əsasən məhkəmə müəyyən edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 216- 220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi Peşə Təhsili üzrə Dövlət Agentliyi 8 nömrəli Bakı Peşə Liseyinə qarşı əmrin ləğv edilməsi, işə bərpa, məcburi işburaxmaya görə əmək haqqının və son haqq-hesabın tutulması tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : Fuad Hüseynov
Məhkəmə qərarları › İş №2(002)-1986/2021
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-1986/2021
28.07.2021 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver