Məhkəmə qərarları › İş №2(002)-1991/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-1991/2021

19.08.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-1991/2021 19.08.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Fuad Ələsgər oğlunun sədrliyi, Mirzəliyev Amil Rəfayıl oğlunun katibliyi, iddiaçılar İddiaçı1, İddiaçı2 və cavabdeh X1 iştirakı ilə, iddiaçılar İddiaçı1, İddiaçı2 cavabdehlər X2 və Bakı şəhəri 8 saylı notariat ofisinə qarşı qanun üzrə vərəsə kimi tanınmaqla miras əmlakın qəbul edilməsi üçün ötürülmüş müddətin bərpası tələbi barədə iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər X2 və Bakı şəhəri 8 saylı notariat ofisinə qarşı qanun üzrə vərəsə kimi tanınmaqla miras əmlakın qəbul edilməsi üçün ötürülmüş müddətin bərpası barədə iddia tələbi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, iddiaçıların qanun üzrə vərəsə kimi tanınmaqla ataları X8 miras qalmış Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən 0,0238 ha torpaq sahəsindən ibarət miras əmlakın qəbul edilməsi üçün ötürülmüş müddətin bərpa edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı1 izahat verərək bildirdi ki, o, digər iddiaçı olan qardaşı İddiaçı2 ilə atalarına məxsus olan və Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən torpaq sahəsinin üzərində inşa edilmiş evdə anadan olmuş, 1987-ci ilə kimi həmin evdə yaşamışlar. 1988-ci ildə ataları X18 anaları X3 ayrılmış, evdə olan narazılıq və münaqişələrə görə anaları onları götürüb evdən çıxmaq məcburiyyətində qalmışdır. Daha sonra ataları cavabdeh X4 ilə ikinci dəfə ailə həyatı qurmuşdur. Atası 16.01.2020-ci ildə vəfat etmişdir. Atasının vəfatına qədər onunla əlaqə saxlamışlar. Atası vəfat etdikdən sonra cavabdehlə münasibətləri pisləşmişdir. Mövcud pandemiya şəraiti və qardaşı Samirin məhkumluğu səbəbindən miras əmlakın qəbulu üçün notariusa bir qədər gec müraciət etmişlər. Bakı şəhəri 8 saylı notariat ofisinə bununla bağlı müraciət etdikdə, miras əmlakın qəbulu üçün qanunvericilikdə nəzərdə tutulmuş müddət ötürüldüyündən notarius tərəfindən müddətin bərpası üçün məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir. Bu səbəbdən məcburiyyət qarşısında qalaraq iddia tələbi ilə məhkəməyə müraciət etmişlər. Əvvəlcə evin mərhum atasının adında olduğunu düşünərək iddia tələbində evi qeyd etmişlər, lakin DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin arayışından sonra atasının adında 0,0238 ha torpaq sahəsinin olduğunu öyrənmiş və iddia tələbini həmin miras əmlakla bağlı dəqiqləşdirmişlər. Hazırda o, məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş edir. Məhkəmə baxışı zamanı digər İddiaçı2 İddiaçı1 izahatına uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdeh X4 izahat verərək bildirdi ki, iddia tələbinə etiraz edir. Belə ki, iddiaçılar ataları sağ olarkən heç vaxt atalarına baş çəkməmiş, onunla maraqlanmamışlar. O, mərhum N.Mehdiyev ilə 1990-cı ildə ailə qurmuşdur, həmin nikahdan iki övladı vardır. Torpaq sahəsində inşa edilmiş ev onun öz ailəsinin verdiyi vəsait hesabına tikilmişdir, evin hər hansı sənədi yoxdur, həmin şəraitsiz evdə uşaqları ilə birgə yaşayır. Mərhum vəsiyyətnamə qoymamışdır. Özü və övladları miras əmlakı faktiki qəbul etmişlər və qanun üzrə vərəsə kimi rəsmiləşdirmə üçün notariusa müraciət edəcəklər. Qeyd olunanlara əsasən, iddianın təmin edilməməsini xahiş edir. Digər cavabdeh ünvan 1 ünvanlayaraq, mülki işə onun səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsaslanaraq işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X19 ifadə verərək bildirdi ki, iddiaçılar uzun müddətdir ki, onunla qonşuluq münasibətindədir. Uşaqlıqda Lökbatanda qonşu olublar, hazırda da Müşfiqabad qəsəbəsində qonşudurlar. İddiaçıların atası mərhum Novruz Mehdiyev oğulları Samir və Teymurla daimi əlaqə saxlayırdı. O, vəfat edəndən sonra Teymurgilin mərhumun qəbrini ziyarət etdiyini dəqiq bilir. Daha sonra Samir 2020-ci ildə məhkum olunduğundan başları qarışıq olmuşdur, sonradan vərəsəliklə bağlı işlərin nə yerdə olduğu barədə məlumatı yoxdur. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X16 ifadə verərək bildirdi ki, o, cavabdehin qonşusu olmaqla 1972-ci ildən orada yaşayır. Mərhum Novruz iddiaçıların anası ilə 1987-ci ildən ayrılmışdır, 1990-cu ildə cavabdeh X4 ilə ailə həyatı qurmuşdur. Həmin torpaq sahəsinin üzərində inşa edilmiş fərdi yaşayış evinin pulunu cavabdeh X1 anası vermişdir. Hazırda Səhradə və uşaqları orada yaşayır. İddiaçı2 bir dəfə həmin evə gəldiyini görmüşdür. Məhkəmə, tərəflərin izahatlarını və şahidlərin ifadələrini dinləyib, iş materiallarında olan sənədləri tədqiq edərək belə qənaətə gəlir ki, iddia tələbi aşağıdakı əsaslara görə əsaslı hesab edilərək təmin olunmalıdır. Belə ki, iş materiallarında olan AZ-İİ No 168458 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X18 16.01.2020-ci il tarixdə vəfat etmişdir. Bu barədə Bakı şəhəri Qaradağ rayon Qeydiyyat şöbəsində ölüm haqqında akt qeydləri kitabında 12.02.2021-ci il tarixdə 60 nömrəsi ilə qeydiyyat aparılmışdır. İş materiallarında olan Qaradağ rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi 123 saylı Mənzil- Kommunal İstismar Sahəsi tərəfindən verilmiş 11.02.2021-ci il tarixli arayışdan görünür ki, Mehdiyev X6 qəsəbəsi, Şamaxı yolu, 4D saylı evin 21 saylı mənzilində yaşayır və qeydiyyatdadır. İş materiallarında olan Qaradağ rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi 123 saylı Mənzil- Kommunal İstismar Sahəsi tərəfindən verilmiş 11.02.2021-ci il tarixli arayışdan görünür ki, Mehdiyev X7 qəsəbəsi, Şamaxı yolu, 4D saylı evin 21 saylı mənzilində yaşayır və qeydiyyatdadır. İş materiallarında olan Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən verilmiş 3153 saylı, 19.09.2016-cı il tarixli arxiv çıxarışından görünür ki, Qaradağ rayonu X20 İcraiyyə Komitəsinin 28.03.1990-cı il tarixli, 42/94 saylı qərarına əsasən, Lökbatan qəsəbəsi, 4-cü massiv, Sabir küçəsi, 14 nömrəli evdə yaşayan X13 Lökbatan qəsəbəsi, Sabir küçəsi, 14 nömrəli məhəllədən 600 kv.m həyətyanı torpaq sahəsinin verilməsi qərara alınmışdır. İş materiallarında olan Qaradağ rayonu İcra Hakimiyyəti Başçısının Lökbatan qəsəbəsi üzrə Nümayəndəliyi tərəfindən X2 verilmiş 28.02.2020-ci il tarixli arayışdan görünür ki, həyat yoldaşı X18 ölən günə kimi ünvan 2 ünvanında qeydiyyatda olmuş və yaşamışdır. Ölənə qədər və ölən günü X18 ilə həyat yoldaşı X4, oğlu X14 və qızı X9 qeydiyyatda olmuş və yaşamışdır, hazırda da onlar qeydiyyatdadırlar və yaşayırlar. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş 03.08.2021-ci il tarixli arayışdan görünür ki, X10 adına Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində 0,0238 ha torpaq sahəsi qeydiyyatdan keçmişdir və hazırda adındadır. İş materiallarında olan Vİİİ-JQ seriyalı, 307790 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı2 xx xxxx 1981-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. İddiaçı2 atası X15r. İş materiallarında olan V-JQ seriyalı, 343584 saylı doğum haqqında şəhadətnamənin və AZE No ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı1 xx.xx.1977-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. İddiaçı1 atası X15r. İş materiallarında olan Qaradağ rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 936/69 saylı nikah haqqında arayışın surətindən görünür ki, X18 ilə X5 25 fevral 1993-cü il tarixdə rəsmi nikah qeydiyyatından keçərək ailə qurmuşlar. Nikahları Qaradağ rayon Qeydiyyat şöbəsi tərəfindən rəsmiləşdirilmişdir. Nikah bağlandıqdan sonra arvada Mehdiyeva soyadı verilmişdir. İş materiallarında olan Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 27.02.2020-ci il tarixli, 1(007)-78/2020 saylı hökmünün surətindən görünür ki, İddiaçı2 Azərbaycan Respublikası CMnin 263.2-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi hökm edilmişdir. İş materiallarında olan 8 saylı notariat ofisinin İddiaçı1 və İddiaçı2 ünvanladığı 03.06.2021-ci il tarixli məktublardan görünür ki, onlara miras əmlakı qəbul üçün ötürülmüş müddət bərpa edildikdən sonra notariat ofisinə müraciət edə biləcəkləri izah edilmişdir. Beləliklə, məhkəmə iclasında mülki iş üzrə sübutlara, o cümlədən tərəflərin izahatlarına, şahidlərin ifadələrinə, iş materiallarında olan yazılı sübutlara əsasən müəyyən edildi ki, iddiaçılar 16.01.2020-ci il tarixdə vəfat etmiş X10 övladlarıdır. Mərhum N.Mehdiyevdən Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən 0,0238 ha torpaq sahəsi miras qalmışdır, mərhum tərəfindən vəsiyyətnamə yazılmamışdır. İddiaçılar mərhumla birgə yaşamadıqlarından miras əmlakın qəbulu üçün notariat ofisinə müraciət etmiş, notariat ofisi isə 03.06.2021-ci il tarixli məktubla onlara miras əmlakı qəbul üçün ötürülmüş müddət bərpa edildikdən sonra notariat ofisinə müraciət edə biləcəklərini izah etmişdir. Bu səbəbdən iddiaçılar məhkəməyə müraciət edərək, həm mövcud pandemiya şəraiti, həm İddiaçı2 27.02.2020-ci il tarixdə məhkum edilməsi ilə əlaqədar üzrlü səbəbdən ötürülmüş müddətin bərpa edilməsini tələb etmişdir. Qeyd olunanlara əsasən, məhkəmə müəyyən edir ki, iddiaçıların qanun üzrə vərəsə olduqları və müddətin bərpası üçün üzrlü səbəblərə istinad etdikləri nəzərə alınaraq, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1243.2-ci bəndinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1246-cı maddəsinə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcəllənin 1248-ci maddəsinə əsasən, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Azərbaycan Respublikasının MPM-nin 82.1-ci maddəsinə əsasən, hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. Beləliklə, mülki iş üzrə sübutlara və sadalanan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçılar İddiaçı1 və İddiaçı2 qanun üzrə vərəsə kimi tanınmaqla, onlar tərəfindən ataları X8 miras qalmış Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən 0,0238 ha torpaq sahəsindən ibarət miras əmlakın qəbul edilməsi üçün ötürülmüş müddət bərpa edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : Fuad Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar