Məhkəmə qərarları › İş №2(002)-2016/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-2016/2021

09.08.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-2016/2021 09.08.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Gülnar İnqilab qızının sədrliyi, X4 qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili X1, Cavabdehlər Cavabdeh3 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı «mənzilə köçürülmə» tələbinə dair iddiası üzrə mülki işə Qaradağ rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı «mənzilə köçürülmə» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun və azyaşlı övladları 22.04.2020-ci il təvəllüdlü X2 ünvan 1 ünvanına köçürülmələri barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı məhkəməyə yazılı ərizə təqdim edərək, Cavabdeh2 vəfat etdiyindən, onun cavabdehlər siyahısından çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdehlərdən Cavabdeh1 ilə 07.05.2019-cu ildə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşdur. Birgə nikahlarından bir övladları var: 22.04.2020-ci il təvəllüdlü X3. Ailə həyatı qurduqdan sonra o Cavabdeh2 məxsus olan ünvan 2 ünvanına gəlin köçmüşdür. 07.05.2019-cu ildən 02.11,2019-cu ilə kimi o həmin ünvanda cavabdehlərlə birlikdə yaşamış və birgə təsərrüfat idarə etmişlər. 02.11.2019-cu ildə cavabdehlər onu evdən qovmuşlar. Hazırda o oğlu ilə birlikdə valideynlərinin yanında yaşayır. Onun və oğlunun mübahisəli mənzildə yaşayış hüquqları var. Lakin cavabdehlər buna mane olurlar. Ona görə də hazırkı ərizə ilə məhkəməyə müraciət edir. Onun və oğlunun həmin fərdi yaşayış evinə köçürülməsi barədə qətnamə qəbul edilməlidir. Mübahisəli mənzil Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətində qeydiyyatdan keçirilməyib və mənzilə dair çıxarış verilməyib. Buna görə də mənzil xüsusi mülkiyyətdə olan mənzillərə aid deyil və dövlət mənzil fonduna aid olan mənzillərə dair normalar tətbiq edilməlidir. Qeyd olunan halların nəzərə alınaraq iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının vəkili məhkəmə iclasında iddia tələbinin məzmununa və dəlillərinə uyğun izahat verərək, mübahisə predmeti olan yaşayış sahəsinin Cavabdeh2 məxsus olduğunu, lakin evə aid heç bir sənədin olmadığını, tərəflərin 2019-cu ildə evləndiklərini, həmin evə gəlin köçdüyünü, gəlin köçdüyü vaxt evin tam hazır olduğunu, boşandıqdan sonra uşağın anasının himayəsində qaldığını, evə dair heç bir sənəd olmadığından, iddiaçının uşağı ilə birlikdə həmin evdə köçüb yaşamaq hüququ vardır, uşağıyla birlikdə hazırda atasının evində qaldığını, həmin evə ehtiyacının olduğunu bildirərək, iddianın təmin eidlməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasında izahat verərək, iddia tələbinə etiraz edərək, etirazını onunla əsaslandırmışdır ki, həmin evin yerləşdiyi torpağı 1997-ci ildə aldıqlarını, həyat yoldaşının aldığını, evi isə 2001-2003-cü illərdə tikib hazır etdiklərini, iddiaçının hazır evə gəlin köçdüyünü, hansı ki o evi heç oğlunun da tikmədiyini, evi ərinin tikdiyini, evə dair sənəd olmas da, evin bütün kommunal-işıq , su, qaza dair müqavilələr hamısının həyat yoldaşının adına olduğunu, 1997-1998-ci ildən orada yaşadıqlarını bildirərək, gəlinin hansı əsasla ora köçmək istədiyini, onlarla birlikdə ev tikib mi, hazır evə gəldiyini qeyd edərək, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Digər Cavabdeh1 məhkəmə iclaısnın yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə mülki prosessual qnaunvericiliyin tələbinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmaısnı mümkün hesab etdi. Məhkəmə iddiaçının nümayəndəsi və vəkili və cavabdehin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, İş materiallarına əlavə olunmuş Qaradağ rayon Müşfiqabad Bələdiyyəsinin 29 iyun 2020-ci il tarixli 180 nömrəli arayışından görünür ki, Cavabdeh1 həqiqətən Müşfiqabad bələdiyyəsinin inzibati ərazisi olan Müşfiqabad qəsəbəsi YYM-1, küçə 20, ev 7 ünvanında qeydiyyatsız yaşayır. İş materiallarına əlavə olunmuş Qaradağ rayon Müşfiqabad Bələdiyyəsinin 29 iyun 2020-ci il tarixli 179 nömrəli arayışından görünür ki, Cavabdeh2 həyat yoldaşıı Cavabdeh3 ilə birlikdə Müşfiqabad bələdiyyəsinin inzibati ərazisi olan Müşfiqabad qəsəbəsi YYM-1, küçə 20, ev 7 ünvanında qeydiyyatsız yaşayır və bələdiyyədə vergi ödəiyicisi kimi qeydiyyata alınmışdır. İş materiallarına əlavə olunmuş AZ –İİ № 336592 seriyalı 07 may 2019-cu il tarixli 1319 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh1 ilə Rəsulova( Kərimli) Səadət Mansur qızı arasında rəsmi nikah bağlanmışdır. İş materiallarına əlavə olunmuş 19 may 2020-ci il tarixdə verilmiş, AZ-İV 452571 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 22.04.2020-ci ildə anadan olmuş, atası Cavabdeh1, anası İddiaçıdır. Məhkəmədə tədiqiq olunmuş sənədlər əsasında müəyyən edilmişdir ki, hazırki iş üzrə mübahisə predmeeti olan yaşayış sahəsinin özbaşına tikili olması, həmin yaşayış sahəsinin cavabdeh iddiaçının qaynatası Cavabdeh2 oöluna məxsus olması, həmin yaşayış sahəsinin tərəflərin rəsmi nikahda olduğu vaxtdan əvvəl olması, iddiaçı ilə Cavabdeh1 ilə 2019-ci ildə rəsmi nikaha daxil olması, həmin tarixdən iddiaçının mübahisə predmeti olan yaşayış sahəsinə gəlin köçərək, həmin evdə yaşaması,daha sonra müvafiq məhkəmə qətnaməsi əsasında iddiaçı ilə Cavabdeh1 arasında bağlanılmış rəsmi nikah pozulması və birgə nikahdan olan azyaşlı uşağın iddiaçının himayəsində saxlanılması halını hər iki tərəf təsdiq etməklə işin mübahisəsiz hallarıdır. Hazırki iş üzrə tərəflər arasında mövcud mübahisənin predmetini iddiaçının özbaşına tikili olan yaşayış sahəsinə köçürülmə tələbinin olması, cavabdeh tərəfin isə həmin tələbə etiraz etməsi halı təşkil edir. Bununla əlaqədar məhkəmə ilk növbədə onu qeyd etməyi zəruri hesab edir ki, hazırki iş üzrə iddia tələbi özbaşına tikili olan yaşayış sahəsinə köçürülmə tələbinə aid olduğundan və özbaşına tikiliyə köçürülmə məsələlərini birbaşa tənzimləyən maddi hüquq norması olmadığından, hazırki mübahisə analoji münasibətləri tənzimləyən hüquq normalarının tələblərinə uyğun həll edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəllənin 180.1-ci maddəsinə əsasən tkinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Belə ki, Mülki Prosessual Məcəllənin 13.4-cü maddəsinə əsasən mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 11.1-ci maddəsinə əsasən, mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). Həmin Məcəllənin 11.2-ci maddəsinə əsasən, oxşar münasibətləri tənzimləyən mülki hüquq normaları olmadıqda tərəflərin hüquq və vəzifələri mülki qanunvericilik prinsipləri əsas götürülməklə tənzimlənir (hüququn 4 analogiyası). Hüququn analogiyası tətbiq edilərkən ədalət, insaf və mənəviyyat tələbləri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 oktyabr 2013-cü il tarixli qərarında qeyd olunur ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Məhkəmə hesab edir ki, tərəflər arasında münasibətlər 2019-cı il tarixində (iddiaçının mübahisə predmeti olan yaşayış sahəsinə gəlin köçdüyü tarixdən) yarandığından Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan 1 oktyabr 2009-cu il tarixli Azərbaycan Respublikası Mənzil Məcəlləsinin müddəaları tətbiq olunmalıdır. Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsinin tələblərinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Həmin Məcəllənin 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Həmin Məcəllənin 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu Məcəllənin qüvvəyə mindiyi gündən yaranır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 may 2008-ci il tarixli qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikası MM-in 228.5-ci maddəsinin “mülkiyyətçinin razılığı” müddəası həmin Məcəllənin 228.2-ci maddəsində müəyyən olunan qaydaya müvafiq olaraq yazılı bağlanan notariat qaydasında təsdiqlənən razılaşmanı nəzərdə tutur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” 16 dekabr 2014-cü il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsində və Mənzil Məcəlləsinin 30.1-ci maddəsində isə qanunvericilik ailə üzvlərinin dairəsini müəyyən etmiş və bura - əri, arvadı, valideynləri, uşaqları aid etmişdir. Mülki Məcəllənin 228-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə imkanını təmin edən əmlak hüququ yalnız notariat qaydasında təsdiq olunan müqavilə əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla yarandığına və istənilən şəxsdən bu hüququn pozulmasının aradan qaldırılmasını tələb etmək səlahiyyətini təmin etdiyinə görə, bu hüquq mahiyyətcə məhdud əşya hüququdur. Bundan fərqli olaraq, yaşayış sahəsi mülkiyyətçisinin hüquqlarının məhdudlaşdırılmasının digər əsaslarından biri kimi Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrində göstərilən ailə münasibətləri əşya hüquqlarına aid edilə bilməz. Mənzil Məcəlləsinin 30.2-ci maddəsində yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvünün “yaşayış sahəsindən istifadə etmək hüququ” ifadəsi ilə yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətləri əsasında yaranmış, yəni ailə hüququ sahəsinə aid olan hüququn (haqqın) həyata keçirilməsi şəkli (forması) nəzərdə tutulmuşdur. Bu hüquq, ailə qanunvericiliyinin ailənin möhkəmləndirilməsi və etibarlı ailə münasibətlərinin təmin edilməsi ilə bağlı ümumi məqsədindən irəli gələn hüquq olmaqla, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinin hüquqlarının sosial təminatı kimi çıxış edir. Bu hüququn yaranması ailə münasibətlərinin mövcudluğu ilə şərtləndiyindən, xüsusi hüquq sahəsinə aid edildiyinə baxmayaraq, onun cəmiyyətin normal mövcudluğu üçün vacib olan ailə, valideyn və uşaq institutlarını qoruyan publik hüquq komponentləri də mövcuddur. Yuxarıda sadalananlar nəzərə alındıqda, Mənzil Məcəlləsinin 30-cu maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvünün istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimlənir. Buna görə də həmin hüququn yaranması və həyata keçirilməsi üçün notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması zərurəti yoxdur. Ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15-ci Fəsillərinin müvafiq müddəaları). Buna uyğun olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxildir. Bunun davamı olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ yoxdursa, onda həmin şəxsin Mənzil Məcəlləsinin 30.2-ci maddəsi əsasında yaşayış sahəsi mülkiyyətçisinin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də olmaz. Məhkəmə hesab edir ki, mübahisə predmeti olan yaşayış sahəsinin iddiaçının qaynatasına məxsus olması halı işin mübahisəsiz halı olduğundan, iddiaçı isə onun gəlini qismində çıxış etməklə, qeyd edilən hüquq normalarının tələbinə əsasən ailə üzvi hesab edilmədiyindən, mənzil qanunvericiliyinin tələbinə əsasən onun həmin yaşayış sahəsindən onunla birlikdə ona məxsus yaşayış sahəsindən birlikdə istifadə etməsi üçün hüquqi əsas mövcud deyildir. Başqa sözlə, iddiaçı mübahisə predemti olan yaşayış sahəsinin sahibi qismində çıxış edən şəxsin (qaynatısının) ailə üzvi qismində çıxış etmədiyindən, mənzil qanunvericiyiliyin tələbinə əsasən onun həmin mənzilə dair istifadə hüququ yaranmamışdır. Bununla yanaşı, mülki qanunvericiliyinin tələbinə əsasən iddiaçının qaynatasına məxsus olan yaşayış sahəsində istifadə etməsi üçün onların arasında həmin yaşayış sahəsindən istifadə etmək imkanının tanınmasına dair razılaşma mövcud olmalıdır. Lakin məhkəmə araşdırması zamanı, tərəflər arasında belə bir məzmunu razılaşmanın olması halı da aşkar edilməmişdir. Bu halda məhkəmə qeyd olunan halları əsas götürərək, hesab edir ki, iddia tələbi əsassız olmaqla, təmin edilməməlidir. Həmçinin, məhkəmə iddia tələbinin iddiaçının azyaşlı oğlu ilə birlikdə mübahisə predmeti olan yaşayış sahəsinə köçürülməsi hissəsi ilə bağlı hesab edir ki, hazırki iş üzrə iddiaçının mübahisə predmeti olan yaşayış sahəsinə köçüürlməsinə dair iddia tələbi təmin edilmədiyindən və tərəflərin birgə nikahdan olan övladları X3 müvafiq məhkəmə qətnaməsi əsasında iddiaçının himayəsində və yanında saxlanıldığından, iddia tələbi bu hissədə də təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia əsassız olduğundan rədd edilməli, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilməsin. Ödənilmiş 10 manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Gülnar Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar