Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-2033/2020 02.10.2020 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Fuad Ələsgər oğlunun sədrliyi, Əsədov Cavid Həbib oğlunun katibliyi, İddiaçı, Cavabdeh, cavabdehin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi və vəkili Fərəcov Salman Böyükağa oğlunun iştirakı ilə, İddiaçı Cavabdeh qarşı evə köçürülmə tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı evə köçürülmə tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, onun azyaşlı uşaqları xx xxxx 2009-cu il təvəllüdlü X7 və xx xxxxxx 2012-ci il təvəllüdlü X8 ilə birlikdə Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, Dəmiryolçu küçəsi, 1 saylı fərdi yaşayış evinə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı izahat verərək bildirdi ki, o, Cavabdeh ilə xx xxxxxxx 2008-ci ildə ailə həyatı qurmuş, xx xxxxxx 2009-cu ildə rəsmi nikaha daxil olmuşlar. Cavabdehlə birgə nikahlarından xx xxxx 2009-cu il təvəllüdlü X7 və xx xxxxxx 2012-ci il təvəllüdlü X8 adında iki uşaqları doğulmuşdur. Ailə həyatı qurduqdan sonra o, cavabdehin mərhum atası tərəfindən inşa edilmiş Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, Dəmiryolçu küçəsi, 1 saylı fərdi yaşayış evinə cehiz əşyaları ilə birlikdə gəlin köçmüş, uşaqları da həmin evdə doğulmuşdur. Qeyd olunan evdə o, cavabdehlə xx.xx.2020-ci il tarixədək, o cümlədən vəfat edənədək onun atası ilə birlikdə fasiləsiz olaraq cavabdehin ailə üzvü kimi birgə təsərrüfat apararaq yaşamışdır. Həmin evdə onlardan başqa heç kim yaşamamışdır. Cavabdeh xx.xx.2020-ci il tarixdə onunla yaranmış münaqişədən sonra onu evdən qovmuş, cehiz əşyalarının orada qalmasına baxmayaraq sonradan evə köçməyə imkan verməmişdir. Hazırda cavabdehlə ailə münasibətlərinin pozulmasının nəticəsi olaraq Hacıqabul Rayon Məhkəməsində nikahın pozulması barədə iddia tələbinə baxılır. Onun və azyaşlı uşaqlarının həmin evdən başqa yaşayış yeri yoxdur, hazırda uşaqları ilə birlikdə kirayədə yaşasa da, daimi olaraq kirayədə yaşaması mümkün deyildir. Bu səbəbdən o, uşaqları ilə birlikdə mübahisəli evə köçmək istəyir, cavabdehin buna maneçilik törətməsi onun qanunla qorunan hüquqlarının və mənafelərinin pozulmasına gətirib çıxarır. Hesab edir ki, cavabdehin bu hərəkətləri qanunsuzdur. Ona görə də iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir və hazırda iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə baxışı zamanı Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək bildirdi ki, iddia tələbini qəbul edir, İddiaçı azyaşlı uşaqları xx xxxx 2009-cu il təvəllüdlü X7 və xx xxxxxx 2012-ci il təvəllüdlü X8 ilə birlikdə həmin evə köçürülməsinə və yaşamasına etiraz etmir. Qeyd olunan ev 1990-cı illərin əvvəllərində valideynləri tərəfindən inşa edilib, valideynləri vəfat etdikdən sonra həmin evdə özü və ailəsi yaşamışdır. Hazırda o, məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə baxışı zamanı Cavabdeh etibarnamə üzrə səlahiyyətli nümayəndəsi və vəkili Fərəcov Salman Böyükağa oğlu cavabdehin izahatına uyğun izahat verdi və iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri tədqiq edərək belə qənaətə gəlir ki, iddia tələbi əsaslı hesab olunaraq təmin edilməlidir. Belə ki, iş materiallarında olan AZ-İ seriyalı, 500412 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X2 ilə Cavabdeh xx.xx.2009-cu il tarixdə rəsmi nikah qeydiyyatından keçərək ailə qurmuşlar və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında Qaradağ rayon Qeydiyyat şöbəsində 652 nömrəsi ilə qeydiyyat aparılmışdır. Nikah bağlandıqdan sonra arvada Babayeva soyadı verilmişdir. İş materiallarında olan AZ-İİ seriyalı, 392671 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X7 xx xxxx 2009-cu il tarixdə Bakı şəhərində anadan olmuşdur. Babayev Knyazın atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan AZ-İİİ seriyalı, 037576 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X8 xx xxxxxx 2012-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Babayev Yusifin atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan AZ-İ No 783703 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx xxxxxx 2015-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir. Bu barədə Bakı şəhəri Qaradağ rayon Qeydiyyat şöbəsində ölüm haqqında akt qeydləri kitabında qeydiyyat aparılmışdır. İş materiallarında olan V-JQ No 495910 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X1 xx xxxx 1998-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir. Bu barədə Bakı şəhəri Qaradağ rayon İcra Hakimiyyəti Başçısının Ələt qəsəbəsi üzrə Nmüayəndəlində ölüm haqqında akt qeydləri kitabında 13 nömrəsi ilə qeydiyyat aparılmışdır. İş materiallarında olan Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(071)- 348/2020 saylı qətnaməsindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında bağlanmış xx xxxxxx 2009-cu il tarixli, 652 saylı alt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması, əvvəli xx.xx.2020-ci il tarixdən hesablanmaqla xx xxxx 2009-cu il təvəllüdlü X3 və xx xxxxxx 2012-ci il təvəllüdlü X4 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay bir uşağa görə 70 manat olmaqla, cəmi 140 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı verilməsi qət edilmişdir. İş materiallarında olan mənzil-tikinti kooperativinin üzvünün xx.xx.1989-cu il tarixli yazılı öhdəlik sənədindən görünür ki, X1 12500 rubl məbləğində ssudanın xx.xx.1991-ci il tarixədək təyinatına uyğun xərclənməsi və on il ərzində qaytarılması öhdəliyini üzərinə götürmüşdür. Beləliklə, məhkəmə iclasında iş üzrə sübutlara, o cümlədən tərəflərin izahatlarına, cavabdeh tərəfin etirafına və iş materiallarında olan yazılı sübutlara əsasən müəyyən edildi ki, hazırda iddiaçı nikahda olduğu dövrdə yaşadığı evə azyaşlı uşaaqları ilə birlikdə köçürülməsini tələb edir, cavabdeh isə buna etiraz etmir. Qeyd olunanlara əsasən məhkəmə iclasında müəyyən edildi ki, iddia əsaslı hesab olunaraq təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə əsasən, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 27.1-ci maddəsinə əsasən, fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Həmin Məcəllənin 11.1-ci maddəsinə əsasən, mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). Tərəflər arasında mübahisəli evdə yaşayışla bağlı hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 53-cü maddəsinə əsasən, icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 54-cü maddəsinə əsasən, icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun V.Q.Teryoxinin şikayəti ilə əlaqədar xx.xx.2010-cu il tarixli Qərarına əsasən, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə zəruri şərt həmin əşyaya mülkiyyət hüququnun tam həcmdə əldə edilməsi, xüsusilə də şəxsin onun barəsində sərəncam vermək hüququnun yaranması baxımından mühüm əhəmiyyət kəsb edir. Lakin daşınmaz əmlak kimi torpaq sahəsinə mülkiyyət hüququnun yaranmasının və dövlət tərəfindən müdafiə olunmasının dövlət qeydiyyatı ilə əlaqələndirilməsi, belə əmlakı qanunvericiliyə müvafiq olaraq əldə etmiş şəxslərin mülkiyyət hüququnun tərkib hissəsi olan sahiblik və istifadə hüquqlarına malik olmasını istisna etmir. Sahiblik və istifadə hüquqlarını həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanının mövcud olması əmlak sahibinin hüquqlarının da mülkiyyətçinin hüquqları ilə bərabər həddə müdafiə olunması zərurətini doğurur. Belə ki, Mülki Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Əks yanaşma mülkiyyət hüquqlarının müdafiəsi ilə bağlı konstitusiya prinsiplərinin, mülki qanunvericiliyin bir sıra prinsip və müddəalarının, eləcə də Azərbaycan Respublikasının beynəlxalq müqavilələrə əsasən üzərinə götürdüyü öhdəliklərin pozulmasına gətirib çıxara bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Önəryıldız Türkiyəyə qarşı iş üzrə xx xxxxxx 2004cü il tarixli qərarında göstərmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin 1-ci hissəsində «mülkiyyət» anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: məsələ bütövlükdə nəzərdən keçirilən işin halları ilə həmin maddə əsasında müdafiə olunan əhəmiyyətli mənafelər üzərində titulun ərizəçiyə təqdim edilib-edilməməsinin müəyyənləşdirilməsindən ibarətdir. Müvafiq olaraq, bu müddəanın məqsədləri üçün fiziki mallarla yanaşı, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da «əmlak hüquqları» və beləliklə, «mülkiyyət» kimi qiymətləndirilə bilər. «Mülkiyyət» anlayışı «mövcud mülkiyyətlə» məhdudlaşmır və ərizəçinin maraqlarını, o cümlədən mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinin əldə olunmasına ən azı əsaslı və «qanuni gözləntiyə» malik olduğuna dair tələblərini də əhatə edə bilər (§ 124). “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 2-ci maddəsinə əsasən isə, şəxsin yaşayış yeri dedikdə, tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının Qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri və digər bu kimi yaşayış yerləri başa düşülür. Beləliklə, mülki iş üzrə sübutlara və sadalanan hüquq normalarına əsasən məhkəmə müəyyən edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 216-220-ci, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia təmin edilsin. İddiaçı azyaşlı uşaqları xx xxxx 2009-cu il təvəllüdlü X7 və xx xxxxxx 2012-ci il təvəllüdlü X8 ilə birlikdə Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, Dəmiryolçu küçəsində yerləşən 1 saylı fərdi yaşayış evinə köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : Fuad Hüseynov
Məhkəmə qərarları › İş №2(002)-2033/2020
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-2033/2020
02.10.2020 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver