Məhkəmə qərarları › İş №2(002)-2092/2020

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-2092/2020

26.10.2020 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-2092/2020 26.10.2020 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həşimova Günay Rövşən qızının sədrliyi, Məhkəmə iclasının katibi Muxtarov Nurlan Nurəddin oğlunun katibliyi, İddiaçı, Cavabdehlər Cavabdeh1, Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 Fehruz qızına, Cavabdeh4 Fehruz oğluna və Cavabdeh5 qarşı mənzildən çıxarılma tələbinə dair iddiası üzrə mülki işə Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 Fehruz qızına, Cavabdeh4 Fehruz oğluna və Cavabdeh5 qarşı mənzildən çıxarılma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, B.Niftəliyev küçəsi, ev 45, mənzil 31 ünvanından yerləşən tam mülkiyyət hüququ ilə ona məxsus mənzildən cavabdehlərin ailə üzvləri ilə birlikdə çıxarılması, həmin mənzilin cavabdehlərə və onların ailə üvzlərinə məxsus əşyalardan boşaldılaraq ona təhvil verilməsi, xx.xx.1996-cı il tarixindən mənzil ona təhvil verilən günədək hər ay üçün 300 manat məbləğində əldən çıxmış faydanın müştərək qaydada cavabdehlərdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ünvan 1 mənzil 31 ünvanı xx xxxxxx 1993-cü il tarixli 272 saylı orderlə ona və ailə üzvlərinə verilmişdir. Həmin mənzil Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş RX seriyalı ******* nömrəli Çıxarışla qeydiyyata alınmışdır. Həmin mənzili Ağdam rayonundan məcburi köçkünlər olan cavabdehlər tərəfindən 1996-cı ildən zəbt edilərək yaşayırlar. Onlar qanuni əsaslarla onlara verilmiş mənzildən istifadə edə bilmirlər. Cavabdehlər tərəfindən onun mülkiyyətində olan mənzili zəbt etmələri nəticəsində həmin əmlakdan istədiyi kimi istifadə etməklə gəlir götürmək imkanından məhrum olmuşdur. Orta hesabla mənzili ən azından bir aylıq icarə haqqı 300 manat olmaqla icarəyə verə bilərdi. Cavabdehlərin öz başınalığı nəticəsində həmin məbləğ əldən çıxmış fayda hesab edilməlidir. Qanunvericiliyin müvafiq maddələrinə əsasən iddia təmin edilməlidir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasında iddianı qəbul etmədiyini bildirdilər. İddianın rədd edilməsini xahiş etdilər. Əlavə olaraq qeyd etdilər ki, 1993-cü ildən orada yaşayırlar. Ev veriləcəyi təqdirdə həmin mənzildən çıxmağa razıdırlar. Pul hissəsində iddianı qəbul etmirlər. Digər cavabdehlər Cavabdeh3 Fehruz qızına, Cavabdeh4 Fehruz oğluna və Cavabdeh5 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh3 Fehruz qızının, Cavabdeh4 Fehruz oğlunun və Cavabdeh5 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfat Departamenti Qaradağ rayon Mənzil-Kommunal Təsərrüfat Birliyi 152 saylı Mənzil-Kommunal İstismar sahəsi tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli arayışının surətindən görünür ki, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, B.Niftəliyev küçəsi, ev 45, mənzil 31 İddiaçı adınadır, həmin mənzili 1996-cı ildən Ağdam rayonundan gəlmiş məcburi köçkünlər- Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 Fehruz qızı, Cavabdeh4 Fehruz oğlu, Cavabdeh5, X1 və İbrahimli Nicat ELçin oğlu zəbt ediblər, həmin mənzilə qeydiyyatları yoxdur. İş materiallarında əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş RX seriyalı ******* nömrəli Çıxarışın lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, ünvan 1 31 saylı mənzil İddiaçı adına qeydiyyata alınmışdır. Məhkəmə hesab edir ki, iddiaçıların mübahisəli mənzil üzərindəki hüquqları mülkiyyət hüquqlarının müdafiəsi kontekstindən qorunmalıdır. Azərbaycan Respublikasının Konstitusiyasının 33-cü maddəsinə əsasən hər kəsin mənzil toxunulmazlığı hüququ vardır. Qanunla müəyyən edilmiş hallar və ya məhkəmə qərarı istisna olmaqla mənzildə yaşayanların iradəsi ziddinə heç kəs mənzilə daxil ola bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəllənin 152-ci maddəsinə əsasən mülkiyyət hüququsubyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən də, “hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.” Mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Məhkəmə həmin Qərarla bir daha şərh edilən 1 saylı Protokolun 1-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, hazırkı iş üzrə iddiaçının da tələbi mülkiyyət hüququnun müdafiəsinə yönəldiyindən tərəflər arasındakı münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Məhkəmə baxışında tədqiq olunmuş sübutlar əsasında müəyyən olunmuşdur ki, iddiaçı mübahisə predmeti olan mənzilin mülkiyyətçisidir. Həmçinin, məhkəmədə tədqiq olunmuş sübutlar əsasında müəyyən olunmuşdur ki, cavabdehlər məcburi köçkün qismində müvafiq mənzildə məskunlaşmışlar. Cavabdehlərin həmin mənzildə məskunlaşmaları isə onun qanunla qorunan mülkiyyət hüquqlarının pozulması ilə nəticələnmişdir. Buna görə də, cavabdeh və ailə üzvləri həmin mənzildən çıxarılmalıdırlar. «Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında» Azərbaycan Respublikasının xx xxx 1999-cu il tarixli Qanununun 5-ci maddəsinə əsasən məcburi köçkünlərin məskunlaşdırılması müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. Məcburi köçkünlərin müstəqil olaraq müvəqqəti məskunlaşmasına o halda yol verilə bilər ki, bu digər şəxslərin hüquqlarını və qanuni maraqlarını pozmasın. Belə hallar mövcud olduqda müvafiq icra hakimiyyəti orqanları məcburi köçkünlərin həmin yaşayış məntəqəsi daxilində başqa yaşayış sahəsinə köçürülməsini təmin etməlidirlər. Bu Qanunun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx xxxx 1999-cu il tarixli 149 saylı Fərmanına əsasən «Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi və yerli icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində həyata keçirirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli 200 saylı qərarı ilə təsdiq edilmiş «Məcburi köçkünlərin başqa yaşayış sahəsinə köçürülməsi Qaydası»-nın 4-cü bəndinə əsasən müvəqqəti məskunlaşmış məcburi köçkünlər digər şəxslərin mənzil hüququnu pozduqda, onlar həmin yaşayış məntəqəsi ərazisində zəruri tələblərə cavab verən başqa yaşayış sahəsi ilə təmin olunurlar. «Qayda»nın 5-ci bəndinə əsasən məcburi köçkün ailələrinin başqa yaşayış sahəsinə köçürülməsi Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi ilə razılaşdırılır. Həmin normalar tələb edir ki, məcburi köçkünlər özlərinə müstəqil surətdə yaşayış yeri taparkən digər şəxslərin mənzil hüquqlarını pozarlarsa, dövlət hakimiyyəti orqanları onları başqa yaşayış yerlərinə köçürməlidirlər («Akimova Azərbaycana qarşı» işi üzrə X2 Məhkəməsinin (Birinci Bölmə) 2007-ci il 27 sentyabr tarixli qərarı). Məhkəmə qeyd edilənləri nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilərək, ona məxsus mənzildən cavabdehlərin ailə üzvləri ilə birlikdə çıxarılması hissəsində təmin edilməli, iddia tələbi xx.xx.1996-cı il tarixindən mənzil ona təhvil verilən günədək hər ay üçün 300 manat məbləğində əldən çıxmış faydanın müştərək qaydada cavabdehlərdən tutularaq ona ödənilməsi hissəsində sübuta yetirilmədiyindən təmin edilməməlidir. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür. Məhkəmə işə baxarkən və sübutlara qiymət verərkən nəzərə almışdır ki, mülki prosessual qanunvericilikdə birbaşa göstərilməsə də, prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Belə ki, MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.Məhkəmə özü sübutları toplamamalı, tərəflərə çəkişmə prosesində iştirak etmək və onlar tərəfindən sübutların təqdim edilməsi üçün şərait yaratmalı, tərəflər istinad etdikləri halları özləri sübut etməli, məhkəmə isə təqdim edilmiş faktlar (hallar) əsasında müəyyən hüquqi nəticəyə gəlməlidir. Məhkəmə işin hallarına Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Məhkəmə qeyd edir ki, iddiaçı cavabdehlərdən xx.xx.1996-cı il tarixindən mənzil ona təhvil verilən günədək hər ay 300 manat əldən çıxmış faydanı tələb etsə də, bu barədə müvafiq sübutları məhkəməyə təqdim etməmişdir. Bu səbəbdən həmin hissədə iddia təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 Fehruz qızı, Cavabdeh4 Fehruz oğlu və Cavabdeh5 ailə üzvləri ilə birlikdə ünvan 1 31 saylı mənzilindən çıxarılmalı, mənzil boşaldılmalı və İddiaçı həmin mənzilə köçürülməlidir. İddia qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikası MülkiProsessualMəcəlləsinin 119.1-ci maddəsinə əsasən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu iddiaçılara aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MülkiProsessualMəcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 Fehruz qızı, Cavabdeh4 Fehruz oğlu və Cavabdeh5 ailə üzvləri ilə birlikdə ünvan 1 31 saylı mənzilindən çıxarılsın. Həmin mənzil boşaldılaraq, İddiaçı Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, B.Niftəliyev küçəsi, 45 saylı evin, 31 saylı mənzilinə köçürülsün. İddia qalan hissədə rədd edilsin. Ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günay Həşimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar