Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-210/2021 04.02.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Gülnar İnqilab qızının sədrliyi, X9 katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «mənzilə olan istifadə hüquqlarının itirilməsi» tələbinə dair iddiası üzrə mülki işə Qaradağ rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «mənzilə olan istifadə hüquqlarının itirilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Bakı şəhəri. Qızıl Daş qəsəbəsi, ev 38,43 saylı mənzilə olan istifadə hüquqlarına xilanı verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri. Qızıl Daş qəsəbəsi, ev 38,43 saylı mənzil sahəsi 50,51 kv.metr olmaqla 2 otaqdan ibarətdir. Mənzil AR DƏDRX HDQHDƏDR tərəfindən verilmiş ********** saylı xx xxxxx 2020-ci il tarixli saylı çıxarışa əsasən onun şəxsi mülkiyyətindədir. O bu mənzildə 2008-cı ildən pasport qeydiyyatındadır və həmin vaxtdan da ailəsi ilə orda yaşayır. Cavabdeh onun bacısının həyat yoldaşıdır. 1995-ci ildə bacısı ondan xahiş etdi ki, həyat yoldaşı Cavabdeh müvəqqəti mənzilinə qeydiyyata götürsün. Belə ki, cavabdehin qeydiyyatı Xanlar rayonuna idi və Bakı şəhərində işə düzələ bilmirdi. o da insanlıq edib onu mənzilinə formal olaraq qeydiyyata salmışdır. Lakin cavabdeh həmin mənzildə bir gün də olsun yaşamayıb. Mənzildə o ailə üzvləri ilə birlikdə yaşayır. Cavabdehin mənzildə formal olaraq qeydiyyatda qalması ucbatından o cavabdehin yerinə artıq kommunal xidmət xərcləri ödəyir. Özü heç yerdə işləmir. Bu səbəbdən artıq kommunal xərcləri ödəmək onlar üçün çətinlik yaradır. Eyni zamanda cavabdehin qeydiyyatda olması mənzil üzərində onun mülkiyyət hüquqlarının həyata keçirilməsinə maneçilik törədir və nəticədə onların hüquqları pozulur. Cavabdehə məxsus əmlak mənzildə yoxdur. Cavabdehin uzun müddət mənzildə yaşamamasını qonşular da təsdiq edə bilər. Qeyd olunan halların nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia əriəzisnin məzmununa uyğun izahat verərək, cavabdehin onun bacısının əri olduğunu,1998-ci ilə kimi orada yaşadığını, həmin nikahdan bir övladları da olduğunu, mənzil əvvəlcə order olmuş, sonra şəhadətnamə almışlar, cavabdeh bacısı ilə evləndiyi vaxt 1993-cü ildə həmin evə qeydiyyata saldırmışlar, ev atalarının evi olub, 1998-ci ildən cavabdeh Rusiyada yaşayır hazırdadda orada yaşayır, bacısından ayrılıbdır, bu halların nəzərə alınaraq, məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmişlər, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə iclaısnda şahid qismində dindirilmiş X14 öz ifadəsində bildirmişdir ki, iddiaçı ilə 30 ildir qonşudur, cavabdeh iddiaçının bacsının əridir, 20 ilə yaxındır ki onu görmür, 1998-ci ildən orada yaşamır. Məhkəmə iclaısnda şahid qismində dindirilmiş X7 öz ifadəsində bildirmişdir ki, iddiaçı onun qardaşı, cavabdeh əridir, cavabdeh 1997-ci ildən oradan çıxıb getmişdir, 1993-cü ildən orada qeydiyyatdadır. iş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Qızıl Daş qəsəbəsi, ev 38, 43 saylı mənzili xüsusi mülkiyyət kimi İddiaçı məxsus olmaqla, bu hüquq daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2020-ci il tarixdə qeydiyyata alınmışdır. İş materiallarına əlavə olunmuş 3 saylı Bakı ASAN Xidmət Mərkəzi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, ******* nömrəli arayışdan görünür ki, İddiaçı həqiqətən Bakı şəhəri, Qaradağ rayonu, Qızıl Daş qəsəbəsi, ev 38, 43/44 saylı mənzildə yaşayır və mənzilin mülkiyyətçisidir. Həmin mənzildə qeydiyyatda olan şəxslər Cavabdeh, X3, X5, X4 və X2r. İş materiallarına əlavə olunmuş Qaradağ rayon Mənzil-Kommunal Təsərrüfat Birliyinin 126 saylı Mənzil- Kommunal İstismar Sahəsi tərəfindən verilmiş arayışdan görünür ki, Cavabdeh Bakı şəhəri, Qaradağ rayonu, Qızıl Daş qəsəbəsi, ev 38, 43/44 saylı mənzildə qeydiyyatda olsa da, faktiki olaraq orda yaşamır və harada yaşaması haqqında məlumat yoxdur. Göründüyü kimi tərəflər arasında mövcud mübahisənin predmeti qismində mənzilə olan istifadə hüququna xitam verilməsi ilə bağlı hüquq münasibətləri təşkil edir. Məhkəmə ilk növbədə onu qeyd etməyi zəruri hesab edir ki,cavabdeh mübahisə predmeti olan yaşayış sahəsində 1993-cü ildə qeydiyyatda olduğundan, tərəflər arasında mübahisəli hüquq münasibətləri 2000-ci ilədək yarandığından, həmin mübahisəli hüquq münasibətləri 2009-cu il oktyabr 1-dək qüvvədə olan Mənzil Məcəlləsinin normaları əsasında həll eidlməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci və Mənzil Məcəlləsinin 123-cü maddələrinin şərh edilməsinə dair” xx xxxx 2001-cü il tarixli Qərarına əsasən 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin İ və İİ bəndlərinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azaldıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən «hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz». “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 17-ci maddəsinə əsasən, hər bir insan təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşınalıqla məhrum edilməməlidir. X13 Məhkəməsi “Sporroq və Lonnrotun İsveçrəyə qarşı” məhkəmə işində belə bir hüquqi mövqe müəyyən etmişdir ki, Konversiyanın 1 saylı Protokolunun 1-ci maddəsi özündə 1) mülkiyyətçinin öz mülkiyyətindən maneəsiz istifadə prinsipi, 2) mülkiyyətindən məhrumetmənin yolverilməzliyi, 3) mülkiyyətdən istifadəyə nəzarəti itirmənin qadağan edilməsi imkanlarını ehtiva edir. «F.Ə.Hüseynov və A.Ə.Qasımovun şikayətləri ilə əlaqədar məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstiutsiyasının və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2004-cü il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu şikayətlərlə bağlı qeyd edir ki, mülkiyyət hüququnun tam həcmdə müdafiəsi hüquqi dövlətə xas olan ali dəyərlərdən biri kimi qiymətləndirilir. Azərbaycan Respublikası Konstiutsiyası bu hüququ təsbit etməklə onun effektiv vasitələrlə təmin olunmasına zəmanət verir. Məhz buna görə də mülkiyyət hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında göstərilmişdir. Bu hüquqi mövqelərə əsaslanaraq qeyd olunmalıdır ki, yaşayış sahəsinə mülkiyyət hüququnun qanunverici tərəfindən tənzimlənməsi yaşayış sahəsinin mülkiyyətçisinin ailə üzvləri də daxil olmaqla müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir. Bu konstitusiya məqsədinə çatmaq üçün belə tənzimləmə həm də məhkəmələr tərəfindən konkret işin faktiki hallarının müəyyənləşdirilməsi və araşdırılması, bu halların əsasında yaranan və ya yarana biləcək müxtəlif halların nəzərə alınması və nəticə etibarilə konstitusiya hüquq və azadlıqlarının əsassız və həddən artıq məhdudlaşdırılmaması məqsədilə differensasiyalaşdırılmış (fərqli) yanaşmanın tətbiq edilməsini mümkün etməlidir. Bundan əlavə, müvafiq hüquq münasibətlərinin iştirakçılarının maraqlarının ədalətli və ağlabatan tarazlaşdırılması qüvvədə olan hüquqi tənzimetmə sisteminin əsasında, bütün hüquq sahələrinin normaları nəzərə alınmaqla həyata keçirilməlidir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” x xxxxxxx 2013-cü il tarixli Qərarı). Köhnə Mənzil Məcəlləsinin 123-cü maddəsinə əsasən yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ;ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddibüluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Həmin Məcəllənin 53-cü maddəsinə əsasən icarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 54-cü maddəsinə əsasən icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. Həmin Məcəllənin 60-cı maddəsinə əsasən icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. Həmin Məcəllənin 87-ci maddəsinə əsasən icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında xx xxxx 1999-cu il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə uzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. Mənzil qanunvericiliyinə əsasən tərəflər arasında yaranmış bu mübahisələr məhkəmə tərəfindən baxılarkən yaşayış sahəsində uzun müddətdə yaşamamağının səbəbləri araşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, mübahisə predmeti olan mənzil xüsusi mülkiyyət hüququ əsasında iddiaçıya məxsus olmaqla, bu hüquq xx.xx.2020-ci il tarixdən onun adına dövlət qeydiyyatına alınmışdır. Həmçinin, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, mübahisə predmeti olan mənzil xx.xx.1989-cu il tarixli Qaradağ Rayonu Xalq Deputatlar Soveti İcraiyyə Komitəsinin Qərarı ilə X1 ailə üzvləri ilə birlikdə yaşamaq üçün verilmişdir. Eyni zamanda həmin orderin və ona əlavə edilmiş Forma 2 saylı arayışın məzmunundan aydın olur ki, cavabdehin adı həmin orderdə qeyd olunmamış və daimi qeydiyyatda olan şəxslərin siyahısında adı qeyd olunmamışdır. Həmçinin, iddiaçının məhkəmə iclaısnda veridyi izahatından aydın olur ki, cavabdeh onun bacısının əri olmaqla, həmin mənzildə 1998-ci ilə kimi yaşamış 1993-cü ildə qeydiiyata düşmüş, 1998-ci ildən indiyə kimi isə Rusiyada yaşayır. Bu halda, məhkəmə ilk növbədə onu qeyd etməyi zəruri hesab edir ki, 2009-cu il tarixədək qüvvədə olan mənzil qanunvericiliyinin tələbinə əsasən, cavabdeh iddiaçının bacısının əri olmaqla, onun ailə üzvi hesab edilmir, lakin iddiaçıya məxsus mənzildə ailə üzvi kimi köçüb yaşadığından, onun həmin mənzilə dair istifadə hüququ yaranmışdır. Həmçinin, mənzil qanunvericiliyinin təhlilindən aydın olur ki, mülkiyyətçinin ailə üzvlərinin yaşayış sahəsindən müvəqqəti başqa yerə getdikdə onun həmin yaşayış sahəsindən istifadə hüququ 6 ay müddətində saxlanılır, habelə daimi başqa yaşayış sahəsinə köçdükdə onun köçdüyü gündən müqavilə pozulmuş hesab edilir. Hazırki iş üzrə məhkəmə araşdırması zamanı iddiaçının izahatı, şahid ifadələri və digər mötəbər sübutlar əsasında müəyyən edilmişdir ki, cavabdeh 1998-ci il tarixdən mübahisə predmeti olan mənzili daimi tərk edərək, xarici ölkəyə getmiş, həmin vaxtdan indiyədək həmin mənzildə yaşamamışdır. Həmçinin, məhkəmə iclasında şahid qismində dindirilmiş cavabdehin həyat yoldaşının ifadəsindən aydın olur ki, cavabdeh 1997-ci-ci il tarixdən mənzili tərk etmiş, xarici ölkəyə daimi olaraq köçmüş olduğu müəyyən edilmişdir. Həmçinin, məhkəmə araşdırması zamanı cavabdehin mübahisə predmeti olan mənzili məcburiyyətdən tərk etməsinə, habelə onun həmin mənzili tərk etməsinə əsas verən hər hansı məcburi halın olması aşkar eidlməmişdir. Göründüyü kimi, cavabdehin mübahisə predemti olan mənzildən istifadə hüququnu həyata keçirməməsinə səbəb onun həmin yaşayış sahəsini daimi tərk etməsi, başqa yerdə özünün yaşayış yerinin olması halı ilə bağlı olmaqla, hə hansı məcburi halla əlaqədar olamamışdır. Qeyd olunan hallar, habelə cavabdehin mübahisə predmeti olan mənzili daimi olaraq könüllü şəkildə tərk etməsi və başqa yaşayış yerində yaşaması halı məhkəmə araşdırması zamanı tədqiq edilmiş şahid ifadəsi və digər sübutlar əsasında öz təsdiqini tapmışdır. Ona görə də məhkəmə hesab edir ki, bu halda, cavabdehin mübahisə predmeti olan mənzildə qeydiyyatda qalması halı iddiaçının qanunla qorunan mülkiyyət hüquqlarını məhdudlaşdırdığından, iddiaçının mülkiyyətçi qismində öz hüquqlarının həyata keçirilməsinə maneçilik törətdiyindən, iddiaçının iddia tələbi əsaslı olmaqla, təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Həmin Məcəllənin 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, Cavabdeh İddiaçı məxsus olan Bakı şəhəri, Qaradağ rayonu, Qızıl Daş qəsəbəsi, ev 38, 43 saylı mənzilinə dair istifadə hüquqlarına xitam verilməli, ödənilmiş 10 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh İddiaçı məxsus olan Bakı şəhəri, Qaradağ rayonu, Qızıl Daş qəsəbəsi, ev 38, 43 saylı mənzilinə dair istifadə hüququna xitam verilsin. Ödənilmiş 10 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilsin. Qətnamədən, qətnamənin tərəfə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Gülnar Əhmədova
Məhkəmə qərarları › İş №2(002)-210/2021
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-210/2021
04.02.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver