Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-210/2024 13.03.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həşimova Günay Rövşən qızının sədrliyi, Məcidli Aysel Əli qızının katibliyi, İddiaçı Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı mənzilə köçürülmə tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təsviri hissə: İddiaçı Cavabdeh qarşı mənzilə köçürülmə tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Qaradağ rayonu, Qobu-3 qəsəbəsindəki 33 saylı binanın 37-ci mənzilinə köçürülməyi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsasəlandırmışdır ki, bildirir ki, o, Cavabdeh ilə 1998-cı il tarixdə nikah qeyd etdirməklə evlənmişdır. Həmin nikahdan 28 sentyabr 2000-ci il təvəllüdlü Həmid adlı oğlu və 18 yanvar 2005-cı il təvəllüdlü Nərgiz adlı qızı vardır.O, məcburi köçkündür, birgə nikah dövründə AZMİU-nin 5 saylı yataqxanasının 211-ci otağında yaşamışlar, həmin otaq məcburi köçkün kimi onlara verilmişdir. Hər iki övladı orada dünyaya gəlmişdir. 2020-ci ilin əvvəllərində Bakı şəhəri, Qaradağ rayonu, Qobu-3 qəsəbəsindəki 33 saylı binanın 37-ci mənzilinə köçürülmüşdülər. Hazırda cavabdeh uşaqları ilə birlikdə həmin mənzildə yaşayır.Hazırda münasibətləri pozulmuşdur, nikahı Yasamal rayon Məhkəməsinin 31 avqust 2023-cü il tarixli qətnaməsi ilə pozulmuşdur. Onu cavabdeh zorakılıqla məskunlaşdıqları yaşayış sahəsindən çıxarmışlar, hazırda qohumlarının yanında yaşayır. Dəfələrlə məskunlaşdığı mənzilə qayıtmaq istəsə də, cavabdeh onu mənzilə buraxmamışdır. Ona görə də məhkəməyə müraciət etmişdir. Proses iştirakçılarının çıxışları: Məhkəmə baxışı zamanı İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmunun uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etmiş və əlavə olaraq bildirdi ki, mübahisəli evə dair müqavilə onun adınadır. Həmin evlər ailəli məcburi köçkünlərə dövlət tərəfindən verilir. Cavabdeh isə hazırda araralarındakı münasibətlərinin pozulmasından istifadə edərək onu evə buraxmır. Onun özü isə qohum-əqrəbalarında qalır başqa yaşayış yeri yoxdur. Məhkmədən iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Maraqlı şəxs Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamentinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh və maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında izahat verərək bildirdi ki, iddia tələbinə etiraz edir, iddiaçının həmin evə köçürülməsi cavabdehlə arasında mübahisələrin dərinləşməsinə səbəb olacaq. Əsaslandırma hissəsi: Məhkəmə tərəflərin izahatları dinləyib, iş materiallarında olan sənədləri tədqiq edərək belə qənaətə gəlir ki, iddia tələbi əsaslı hesab olunaraq təmin edilməlidir. Məhkəmə iclasında təqdiqi edilən hallar və faktlar: Belə ki, iş materiallarında olan xx.xx.2020-ci il tarixli 33/37 saylı xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin surətindən görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Qobu-3 qəsəbəsindəki 33 saylı binanın 3 otaqlı 37-ci mənzili yaşayış sahəsi kirayəyə verən Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamenti tərəfindən müvəqqəti yaşamaq üçün kirayəçi İddiaçı sahibliyinə və istifadəsinə verilmiş, ailə üzvləri kimi həyat yoldaşı- Cavabdeh, oğlu X2 və qızı X1 qeyd olunmuşdur. Həmin Müqavilənin 2.5-ci bəndinə əsasən, kirayəçinin ailə üzvləri bu müqavilə üzrə kirayəçi ilə bərabər hüquq və vəzifələrə malikdirlər. İş materiallarında olan AA seriyalı 157368 saylı məcburi köçkün vəsiqəsindən görünür ki, İddiaçı Füzuli rayonundan məcburi köçkündür. Tətbiq olunan hüquq normaları: Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə əsasən, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 2.1-ci maddəsinə əsasən, mənzil hüquqlarını həyata keçirərkən və mənzil münasibətlərindən irəli gələn vəzifələrini yerinə yetirərkən fiziki və hüquqi şəxslər digərlərinin hüquqlarını, azadlıqlarını və qanuni mənafelərini pozmamalıdırlar. Həmin Məcəllənin 99.1-ci maddəsinə əsasən, xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə görə bir tərəf xüsusi təyinatlı yaşayış sahəsinin mülkiyyətçisi (mülkiyyətçinin adından çıxış edən səlahiyyətli dövlət və ya bələdiyyə orqanı) və ya onun səlahiyyətli şəxsi (kirayəyə verən) həmin yaşayış sahəsini haqqı ödənilməklə müvəqqəti yaşamaq üçün digər tərəfə - vətəndaşın (kirayəçinin) sahibliyinə və istifadəsinə verir. Həmin Məcəllənin 99.6-cı maddəsinə əsasən, xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsində kirayəçinin ailə üzvləri göstərilir. Həmin Məcəllənin 99.5-ci maddəsinə əsasən, kirayə müqaviləsi əsasında xüsusi təyinatlı yaşayış sahəsindən istifadəyə dair bu Məcəllənin 64-cü, 66.3-cü, 66.4-cü və 68-ci maddələrində nəzərdə tutulmuş qaydalar tətbiq edilir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən, sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri kirayəçi ilə bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 68.4-cü maddəsinə əsasən, vətəndaş sosial kirayə müqaviləsi ilə yaşayış sahəsinin kirayəçisinin ailə üzvləri tərkibindən çıxıb, lakin qanuni əsaslarla həmin yaşayış sahəsində yaşayışını davam etdirdikdə o, kirayəçi və onun ailə üzvlərinə məxsus olan eyni hüquqlara malikdir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkmənin mövqeyi: Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək müəyyən edir ki, xx.xx.2020-ci il tarixli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə əsasən Bakı şəhəri, Qaradağ rayonu, Qobu-3 qəsəbəsindəki 33 saylı binanın 3 otaqlı 37-ci mənzili müvəqqəti yaşamaq üçün Füzuli rayonundan məcburi köçkün olan kirayəçi B İddiaçı sahibliyinə və istifadəsinə verilmiş, müqavilədə kirayəçinin ailə üzvlərinin həyat yoldaşı- Cavabdeh,oğlu-X2 və qızı-X1 olduğu, həmçinin müqavilənin 2.5-ci bəndinə əsasən kirayəçinin ailə üzvlərinin həmin müqavilə üzrə kirayəçi ilə bərabər hüquq və vəzifələrə malik olduğu qeyd olunmuşdur. Hazırda iddiaçı qeyd olunan müqaviləyə əsasən həmin mənzilə köçürülməsini tələb edir, cavabdeh isə iddianı qəbul etməyərək, iddianın təmin edilməsiniə etiraz etmişdir. Məhkəmə iclasında müəyyən edilən hallara tətbiq edilməli hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçının mübahisəli yaşayış sahəsində sosial kirayə müqaviləsinə əsasən istifadə hüququ olduğundan, iddia təmin edilməlidir. Beləliklə, mülki iş üzrə sübutlara və sadalanan hüquq normalarına əsasən məhkəmə müəyyən edir ki, iddia əsaslı olduğundan təmin edilməli, İddiaçı Bakı şəhəri, Qaradağ rayonu, Qobu Park- 3 qəsəbəsi, 33 saylı binanın 37-ci mənzilinə köçürülməlidirlər. Nəticə hissəsi: Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 216-220-ci, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. İddiaçı Bakı şəhəri, Qaradağ rayonu, Qobu Park-3 qəsəbəsi, 33 saylı binanın 37-ci mənzilinə köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim : Günay Həşimova
Məhkəmə qərarları › İş №2(002)-210/2024
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-210/2024
13.03.2024 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver