Məhkəmə qərarları › İş №2(002)-2106/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-2106/2021

22.07.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Nikahın etibarsız sayılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-2106/2021 22.07.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı nikahın etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhərində Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə aralarında bağlanmış 20 mart 1990-cı il tarixli nikahın etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə 20 mart 1990-ci il tarixdə nikaha girmişlər. Lakin nikahları olsa da, onların ər-arvad münasibərləri olmamış və ailə qurmamışlar. Belə ki, cavabdeh qeyri-rəsmi əri ilə birlikdə yaşamış, o, cavabdehin adına olan mənzilə qeydiyyata düşmək üçün onunla nikaha girmişdir. Onların məqsədi ailə qurmaq olmamışdır. Həmin vaxtdan da cavabdeh qeyri-rəsmi yaşadığı əri ilə birlikdə Azərbaycandan daimi olaraq köçüb getmişdir. Hal-hazırda da onların heç bir münasibətləri yoxdur. Cavabdehlə birgə nikahda olsalar da onun cavabdehlə ailə qurmaq niyyəti olmamışdır. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edib, onun təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185-ci maddəsini rəhbər tutaraq işə Cavabdehnın iştirakı olmadan baxılmasını mümkün sayir. Məhkəmə iclasında şahid qismində dindirilən X1 ifadəsində göstərdi ki, İddiaçı ilə Cavabdeh arasında rəsmi olaraq nikah bağlanılsa da, onların ər-arvad münasibərləri olmamış, təsərrüfatı birgə idarə etməmişlər, iddiaçı cavabdehin adına olan mənzilə qeydiyyata düşmək üçün onunla nikaha girmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X2 ifadəsində göstərdi ki, İddiaçı ilə Cavabdeh arasında nikah rəsmi olaraq qeydə alınsa da, ər-arvad münasibərləri olmamış, birgə yaşamamışlar, iddiaçı cavabdehin adına olan mənzilə qeydiyyata düşmək üçün onunla nikaha girmişdir. Məhkəmə İddiaçı izahatını və şahid ifadələrini dinləyib, təqdim edilmiş sübutları tədqiq edərək hesab edir ki, iddia aşağıdakılara görə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Abşeron rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 05/Q-750/69 saylı arayışdan görünür ki, İddiaçı ilə Cavabdeh 20 mart 1990-cı il tarixdə nikahlarını bağlamışlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 25.1-ci maddəsinin tələbinə əsasən “nikah, bu Məcəllənin 10-12-ci maddələrində və 13.3-cü maddəsində müəyyən edilmiş şərtlər pozulduqda, eləcə də tərəflərdən birinin və ya hər ikisinin ailə qurmaq niyyəti olmadıqda bağlanan nikah (saxta nikah), etibarsız sayılır.” Həmin Məcəllənin 25.2-ci maddəsinə əsasən “nikah məhkəmə qaydası ilə etibarsız sayıla bilər.” Qeyd edilən maddi hüquq normalarının müzakirə olunan mülki mübahisənin həllinə tətbiqi nəticəsində müəyyən edilir ki, iddiaçı, cavabdeh ilə bağlanmış nikahın etibarsız hesab edilməsini tələb etməkdə haqlıdır. Çünki, nikaha daxil olsalar da ər-arvadın hər ikisinin ailə qurmaq niyyəti olmamışdır. Belə olan halda, onların nikahları saxta nikah sayılır. Beləliklə, iddiaçı, cavabdehlə ər-arvad münasibətlərində olmadığını sübuta yetirə bildiyi üçün hesab edilməlidir ki, nikah məhkəmə qaydası ilə etibarsız sayıla bilər. Məhkəmə hesab edir ki, İddiaçı ilə Cavabdeh arasında Abşeron rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş, 05/Q-750/69 saylı arayış ilə qeyd edilmiş nikah bağlanıldığı gündən etibarsız hesab edilməlidir. Dövlət rüsumunun tutulması ilə bağlı tələb olmadığından, iddia ərizəsinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş 20 manat dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir. Qeyd olunanalara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: İddia təmin edilsin. İddiaçı İddiaçı ilə Cavabdeh arasında Abşeron rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş, 05/Q-750/69 saylı arayış ilə qeyd edilmiş nikah bağlanıldığı gündən etibarsız hesab edilsin. İddia ərizəsinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş 20 manat dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mulki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Kamran Əsədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar