Məhkəmə qərarları › İş №2(002)-2123/2024

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-2123/2024

15.07.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-2123/2024 15.07.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məcidli Aysel Əli qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə Cavabdeh2 nümayəndəsi X4 iştirakları ilə, İddiaçı Azərbaycan Respublikası Qaçqınların və X12 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamentinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı Qaradağ rayonu ərazisində məcburi köçkünlər üçün salınmış Ümüd qəsəbəsi bina 4-də yerləşən 65 nömrəli 1 otaqlı mənzildən onların və əşyalarının çıxarılması və mənzilin boşaldılaraq təhvil verilməsi tələbinə dair iddiası üzrə mülki işə Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Qaçqınların və X12 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamentinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı Qaradağ rayonu ərazisində məcburi köçkünlər üçün salınmış Ümüd qəsəbəsi bina 4-də yerləşən 65 nömrəli 1 otaqlı mənzildən cavabdehlər Cavabdeh1, Cavabdeh2 və onlara məxsus əşyaların çıxarılması və mənzilin boşaldılaraq Azərbaycan Respublikası Qaçqınların və X12 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinə təhvil verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 fevral tarixli 65 nömrəli qərarı ilə “Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi QAYDASİ” təsdiq edilmişdir. Bu Qayda məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi qaydasını müəyyən edir. Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri qismində məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə qəbul edilmiş AzərbaycanRespublikası Prezidentinin fərmanlarına, sərəncamlarına və dövlət proqramlarına əsasən tikilərək, həmçinin dövlət vəsaiti hesabına məcburi köçkünlərin müvəqqəti yaşaması üçün alınaraq xüsusi təyinatlı mənzil fonduna daxil edilmiş yaşayış sahələri istifadə edilir.Həmin yaşayış sahələrinin verilməsi Azərbaycan Respublikası QaçqınlarınvəMəcburiKöçkünlərinişləri üzrə Dövlət Komitəsinin (bundan sonra - Komitə) qərarı ilə həyata keçirilir. Komitə Nazirlər Kabinetinin 65 saylı Qərarı ilə təsdiq olunmuş Qaydalara əsaslanaraq buna daha çox ehtiyacı olan, ağır, qəzalı şəraitdə məskunlaşmış məcburi köçkünlərə yaşayış sahələrinin müvəqqəti verilməsini həyata keçirir. Əlavə olaraq bildirirki,Komitə məcburi köçkünlərin müvəqqəti istifadəsinə verilmiş qəsəbələrdəki yaşayış sahələrinin təyinatı üzrə istifadə edilməsinə xüsusi diqqət yetirməklə, daim nəzarətdə saxlayır.Son dövrlərdə aparılmış araşdırmalar nəticəsində müəyyən edilmişdir ki, bəzi məcburi köçkünlərə verilmiş mənzillərdə müqavilədə adı keçməyənşəxslər qeyri qanuni yolla yaşayır.Belə ki, Azərbaycan Respublikası Qaçqınların və X12 üzrə DövlətKomitəsinin Mənzil İstismar Departamentinin 29 may 2019-cu il tarixli 4/65 nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə əsasən, Cəbrayıl rayonundan məcburi köçkün olan X13 və X1 tələbinə uyğun olaraq Dövlət Proqramı çərçivəsində Qaradağ rayonu ərazisində məcburi köçkünlər üçün inşa edilmiş Ümüd qəsəbəsi 4 nömrəli binada 65 nömrəli 1 otaqlı mənzil ilə təmin edilmişdir. Sonradan 10 fevral 2022-ci il tarixində X13 və 30 mart 2024-cü ildə X8 vəfat etmişlər. Xüsusi təyinatlı müqavilənin şərtlərinə əsasən mənzildə yaşayan şəxs (kirayəçi) vəfat etdiyi təqdirdə mənzilin açarı Mənzil İstismar Departamentinin Qaradağ rayonu üzrə Mənzil Komunal İstismar Sahəsi təqdim edilməli olduğu halda, Mənzil Kommunal istismar sahəsinin rəisi ilə birlikdə aparılan araşdırma zamanı 65 nömrəli mənzildə Cavabdeh1 və Cavabdeh2 qeyri qanuni yaşadığı müəyyən edilmişdir. Sahə rəisi tərəfindən 65 nömrəli mənzilin Cavabdeh1 və Cavabdeh2 tərəfindən zəbt edilməsi və mənzildə qeyri qanuni yaşamaları müəyyən edildiyindən, həmin mənzilin boşaldılıb təhvil verilməsi barədə onlara dəfələrlə xəbərdarlıqlar edilmiş, lakin cavabdeh şəxs mənzilin təhvil verilməsindən imtina etmişlər. Cavabdeh1 məcburi köçkün kimi 08 avqust 2008-ci il tarixli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi əsasında Biləsuvar rayonu, 11 saylı qəsəbədə 156 nömrəli evlə təmin edilmişdir, (bu barədə kirayə müqaviləsinin surəti və arayış əlavə edilir) Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 100.3-cü maddəsinə əsasən kirayəçi və onunla birgə yaşayan ailə üzvləri tərəfindən xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi üzrə vəzifələr yerinə yetirilmədikdə, habelə bu Məcəllənin 82ci maddəsində nəzərdə tutulmuş digər hallarda xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi kirayəyə verənin tələbi ilə məhkəmə qaydasında ləğv edilə bilər. İddiaçının nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun olaraq izahat verdi, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi.Əlavə etdi ki, Bakı şəhəri, Qaradağ rayon, Ümid qəsəbəsi, bina 4, mənzil 65-dəki ev Rəfiqə və Samsun adlı şəxslərə kirayə müqaviləsi əsasında müvəqqəti yaşamaları üçün verilmiş, sonra o şəxslər vəfat etmişdir. Qanuni formada o ev bizə qaytarılmalı olsa da, cavabdehlər o evi qanunsuz zəbt etmiş, bu haqda cavabdehlərə bildirilsə də evdən çıxmamışlar. Onlar da məcbur qalıb məhkəməyə müraciət etmişdilər. Ev Rəfiqə, Samsuna şəhid ailəsi olduğu üçün yox, məcburi köçkün olduğu üçün verilmişdir.Hazırda cavabdehlərdən Nicat hətta Biləsuvarda evlə təmin də olunub. Həmçinin, cavabdehin nümayəndəsinin etirazında qeyd olunur ki, evin əvvəlki kirayəçıləri- Rəfiqə və Samsun adlı şəxslər cavabdeh Arazın nənə və babası olmaqla yaxın ailə üzvləri sayılır və cavabdeh Arazda onlarla birgə yaşamışdır. Etirazla bağlı qeyd etdi ki, müqavilə üzrə kirayəçilərin yaxın ailə üzvləri-qohumlarının həmin mənzildə yaşamağına o halda müqavilədə nəzərdə tutlan ailə üzvlərinin azı biri sağ olsun və həmin mənzildə yaşamış olsun. Hazırki halda müqavilə üzrə kirayəçi və onun yeganə ailə üzvi sayılan həyat yoldaşı vəfat etmişdir. Arazı isə könüllü gəlib həmin evdə yaşayıb, onun övladlığa götürülməsi olmayıb. Cavabdeh2 nümayəndəsi (atası) X9 məhkəmə iclasında izahatında qeyd etdi ki, iddia qəbul etmir, etirazını da təqdim etmişdir. Hazırda oğlu Nicat üçün Biləsuvarda ev verilsə də, Arazın 26 yaşı var və evi yoxdur. Həmçinin Araz Bakıda işləyir, rayona getsə işsiz qalacaq. Eyni zamanda etirazında qeyd etdiyi kimi, Araz kirayəçilər Samsun və Rəfiqənin nəvələridir və hələ ata-ananasının sağlığından Araz nənə babası ilə yaşayırdı. Sadəcə olaraq onlar uşağı qəyyumları təyin edilməmişdir. Digər Cavabdeh1 məhkəmənin yeri və vaxtı barədə məlumat verisə də o məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə tərəflərin izahatlarını, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. İş materiallarına əlavə edilmiş 29 may 2019-cu il tarixli “4/65” nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin surətindən görünür ki, Azərbaycan Respublikası Qaçqınların və X12 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamenti ilə kirayəçi X14 arasında kirayə müqaviləsi bağlanmış və Qaradağ rayonunda məcburi köçkünlər üçün salınmış Ümid qəsəbəsi, bina 4-də yerləşən 65 nömrəli 1 otaqlı mənzil X10 (ailə üzvi kimi X8 göstərilmişdir.) kirayəyə verilmişdir. İş materiallarına əlavə edilmiş Qaradağ rayon Mənzil İstismar Departamentinin Ümid qəsəbəsi Mənzil İstismar Sahəsinin xx.xx.2024-cü il tarixli aktlarından görünür ki, Ümid qəsəbəsi, bina 4-də yerləşən 65 nömrəli mənzildə yaşayan Cəbrayıl rayonundan olan məcburi köçkün, şəhid atası X13 10 fevral 2022-ci il tarixdə vəfat etmişdir. Lakin həmin mənzilə verilmiş kirayə müqaviləsi mərhumun öz adından çıxarılmamış və ikinci qeydiyyatda olan həyat yoldaşı X2 adına keçirilməmişdir.Eyni zamanda X8 xx.xx.2024-cü il tarixdə vəfat etmişdir. O, yaşadığı mənzildə tək qeydiyytda qalmışdır. Lakin onun oğul nəvələri nənəsinə məxsus mənzili qeyri-qanuni olaraq zəbt etmişdilər. Cavabdeh1 və Hüseynli X11 rayonunda Dövlət Qaçqınkkomun məcburi köçkünlər üçün nəzərdə tutlmuş qəsəbəsində mənzillə təmin edilməklə,hal-hazırda orda qeydiyyatdadırlar.Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, onlar həmin mənzili tərk etməmişdilər. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Qaçqınların və X12 üzrə Dövlət Komitəsi Qaradağ rayon Mənzil Kommunal İstismar Sahəsinin xx.xx.2024-cü il tarixli xidməti-məlumatına əsasən, Ümid qəsəbəsi, bina 4-də yerləşən 65 nömrəli mənzildə yaşayan Cəbrayıl rayonundan olan məcburi köçkün, şəhid atası X13 10 fevral 2022-ci il tarixdə vəfat etmişdir. Lakin həmin mənzilə verilmiş kirayə müqaviləsi mərhumun öz adından çıxarılmamış və ikinci qeydiyyatda olan həyat yoldaşı X2 adına keçirilməmişdir.Eyni zamanda X8 xx.xx.2024-cü il tarixdə vəfat etmişdir. O, yaşadığı mənzildə tək qeydiyytda qalmışdır. Lakin onun oğul nəvələri nənəsinə məxsus mənzili qeyri-qanuni olaraq zəbt etmişdilər. Cavabdeh1 və Hüseynli X11 rayonunda Dövlət Qaçqınkkomun məcburi köçkünlər üçün nəzərdə tutlmuş qəsəbəsində mənzillə təmin edilməklə,hal-hazırda orda qeydiyyatdadırlar.Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, onlar həmin mənzili tərk etməmişdilər İş materiallarına əlavə edilmiş AZ-İİ seriyalı 398738 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X8 xx.xx.2024-cü il tarixdə vəfat etmişdir. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2024-cü il tarixdə 193 nömrəli akt ilə qeyd edlmişdir. İş materiallarında olan BŞT və TTYS 20 saylı bölməsinin ölüm haqqında xəbərdarlıq vərəqəsindən görünür ki, X14 xx.xx.2022 -ci il tarixində həkim gələnə qədər ölmüşdür. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Qaçqınların və X12 üzrə Dövlət Komitəsi Biləsuvar rayon Mənzil Kommunal İstismar Sahəsinin xx.xx.2024-cü il tarixli 902 nömrəli arayışdan görünür ki, Cəbrayıl rayonun sakini olan Hüseynli X7 rayonunda salınmış 11 saylı qəsəbənin 156 saylı mənzilində qeydiyyatdadır. X3 məhkəmə iclasında ifadəsində qeyd etdi ki, evin kiraçıləri ilə eyni kənddən olmudular. Onun özü 1-ci binada, Samsun və Rəfiqə isə 4-cü binada yaşayırdı. Araz nənəsinin sağlığında da onlarlarla həmin evdə yaşayırdı. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Qaçqınların və X12 üzrə Dövlət Komitəsi ilə X14 arasında xx.xx.2019-cu il tarixli xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqaviləsi bağlanılmış və həmin müqvailəyə əsasən Qaradağ rayonunda məcburi köçkünlər üçün salınmış Ümid qəsəbəsinin bina 4-də yerləşən 65 nömrəli 1 otaqlı mənzil yaşayış sahəsi cavabdehin (ailə üzvi kimi həyat yoldaşı- X8 göstərilmişdir) yaşaması üçün onun istifadəsinə və sahibliyinə verilmişdir. X14 və onun həyat yoldaşı X8 vəfat etmişdir. Həmin mənzildə cavabdehlər –əvvəlki kirayəçinin nəvələri -Cavabdeh1, Cavabdeh2 heç bir qanuni və müqavilə əsası olmadan yaşayırlar. İddiaçı həmin mənzilin cavabdehlər tərəfindən qeyri qanuni zəbt edilməsini və istifadə edilməsini əsas göstərərək, onların əşyaları ilə birlikdə mənzildən çıxarılmasını və mənzili boşaldılaraq iddiaçıya təhvil veürilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 96-cı maddəsinə əsasən məcburi köçkünlərin və qaçqın statusuna malik olan şəxslərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri - qanunla müəyyən edilmiş qaydada müvafiq olaraq məcburi köçkün hesab edilən və qaçqın statusuna malik olan vətəndaşların yaşaması üçün nəzərdə tutulur. Həmin Məcəllənin 98.1-ci maddəsinə əsasən ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsi üçün əvəzsiz istifadə müqavilələri əsasında verilən yaşayış sahələri istisna olmaqla, xüsusi təyinatlı yaşayış sahələri onların mülkiyyətçilərinin (mülkiyyətçilərin adından çıxış edən səlahiyyətli dövlət orqanı və ya bələdiyyələrin) və ya onların səlahiyyətli şəxslərinin qərarları ilə xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqavilələri əsasında verilir. Həmin Məcəllənin 98.2-ci maddəsinə əsaəsn xüsusi təyinatlı yaşayış sahələri bu Məcəllədə müəyyən edilmiş əsaslarla müvafiq yaşayış məntəqəsində yaşayış sahəsi ilə təmin olunmayan vətəndaşlara verilir. Həmin Məcəllənin 99.1-ci maddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə görə bir tərəf xüsusi təyinatlı yaşayış sahəsinin mülkiyyətçisi (mülkiyyətçinin adından çıxış edən səlahiyyətli dövlət və ya bələdiyyə orqanı) və ya onun səlahiyyətli şəxsi (kirayəyə verən) həmin yaşayış sahəsini haqqı ödənilməklə müvəqqəti yaşamaq üçün digər tərəfə - vətəndaşın (kirayəçinin) sahibliyinə və istifadəsinə verir. Həmin Məcəllənin 99.2-ci maddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi həmin sahənin verilməsi haqqında qərar əsasında bağlanılır. Həmin Məcəllənin 99.3-cü maddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsində müqavilənin predmeti, xüsusi təyinatlı yaşayış sahəsindən istifadə üzrə tərəflərin hüquq və vəzifələri müəyyən edilir. Həmin Məcəllənin 99.4-cü maddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahəsinin kirayəçisi kirayəyə götürülmüş yaşayış sahəsini dəyişdirə, habelə digər şəxslərin istifadəsinə verə bilməz. Həmin Məcəllənin 99.6-ci maddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsində kirayəçinin ailə üzvləri göstərilir. Həmin Məcəllənin 82.5-ci maddəsinə əsasən sosial kirayə müqaviləsinə yaşayış sahəsinin itirilməsi (sökülməsi), yaşayış sahəsində tənha yaşayan kirayəçinin vəfatı ilə bağlı xitam verilir. Həmin Məcəllənin 100.3-cü maddəsinə kirayəçi və onunla birgə yaşayan ailə üzvləri tərəfindən xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi üzrə vəzifələr yerinə yetirilmədikdə, habelə bu Məcəllənin 82-ci maddəsində nəzərdə tutulmuş digər hallarda xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi kirayəyə verənin tələbi ilə məhkəmə qaydasında ləğv edilə bilər. Həmin Məcəllinin 82.3-cü maddəsinə kirayəçi və onun ailə üzvləri başqa yaşayış yerinə köçdükdə, yaşayış sahəsinin sosial kirayə müqaviləsi həmin şəxslərin köçdükləri gündən ləğv edilmiş hesab edilir. Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydasının 3.2-ci maddəsinə əsasən, məcburi köçkünlər müvəqqəti istifadəsinə verilmiş yaşayış sahələrindən onlarla bağlanılmış kirayə müqaviləsində göstərilən şərtlərə uyğun olaraq istifadə etməlidirlər. Bu şərtlərə əməl edilməməsi bu Qaydanın 3.3-3.7-ci bəndlərinə əsasən kirayə müqaviləsinin pozulmasına səbəb olur. Həmin Qaydanın 3.3-cü maddəsinə əsasn məcburi köçkünlərin onların müvəqqəti istifadəsinə verilmiş yaşayış sahəsini satmaq, bağışlamaq, başqasının istifadəsinə vermək, kirayəyə vermək, özbaşına dəyişmək, ipoteka qoymaqla və digər vasitələrlə evləri özgəninkiləşdirmək və başqasını həmin evə köçürmək hüququ yoxdur. Həmin Qaydanın 3.4-cü madəəsinə əsasən məcburi köçkünlər onların müvəqqəti istifadəsinə verilmiş yaşayış sahəsinə qayğı ilə yanaşmalı, həmin evdən yalnız yaşayış məqsədi ilə istifadə etməli, layihədə nəzərdə tutulmayan heç bir tikinti işlərinə yol verməməli və ümumi birgəyaşayış qaydalarına əməl etməlidirlər. Həmin Qaydanın 3.5-cü maddəsinə əsasən məcburi köçkünlər onların müvəqqəti istifadəsinə verilmiş yaşayış sahəsindən kommersiya məqsədləri, habelə qanunvericiliklə qadağan olunan hərəkətlər və ya fəaliyyətlər məqsədi ilə istifadə edə bilməzlər. Həmin Qaydanın 3.6-cı maddəsinə əsasən məcburi köçkün ailəsinə müvəqqəti istifadə məqsədi ilə verilmiş yaşayış sahəsi onların xüsusi mülkiyyəti olmadığından, həmin evlər qanun və ya vəsiyyətnamə üzrə miras kimi başqa şəxslərə (vərəsələrə), həmçinin himayəyə və ya qəyyumluğa götürülmüş şəxsin istifadəsinə verilə bilməz. Həmin Qaydanın 3.7-cü maddəsinə məcburi köçkün ailəsi müvəqqəti istifadəyə verilmiş yaşayış sahəsində faktiki yaşamırsa, yaxud mənzili başqasına verərsə, Komitənin müvafiq qurumu tərəfindən mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq ev boşaldılaraq Komitənin rəhbərliyi ilə razılaşdırmaqla, daha çox ehtiyacı olan digər məcburi köçkün ailəsinə müvəqqəti istifadəyə verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir Məhkəmə hesab edir ki, məhkəmə qeyd olunan halları nəzərə alaraq, mənzil qanunveriicliyinin normalarını rəhbər tutaraq, iddia tələbi əsaslı olmaqla, təmin edilməlidir. Belə ki, mənzil qanunveriliciliyinin normalarından və xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqaviləsindən görünür ki, ayrılmış yaşayış sahəsini kirayəçi və onun müqavilədə göstərilmiş ailə üzvləri tərəfindən istifadə edilə bilər. İş materiallarında olan müqavilədən də görünür ki, kirayəçi X6 ailə üzvü kimi yalnız həyat yoldaşı X8 göstərilmişdir, hal-hazırda isə onların hər ikisi vəfat etmişdir. Bu səbəbdən xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə Mənzil Məcəlləsinin 82.5-ci maddəsinə əsasən kirayəçilərinin vəfatı ilə xitam verilmiş hesab olunduğundan hal-hazırda cavabdehlərin həmin mənzildə yaşaması və istifadə etməsi qanunsuz və əsasızdır. Ona görə də məhkəmə qeyd olunan halları nəzərə alaraq, hesab edir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Qaradağ rayonu ərazisində məcburi köçkünlər üçün salınmış Ümid qəsəbəsi bina 4-də yerləşən 65 nömrəli 1 otaqlı mənzildən çıxarılmalıdırlar. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.(MPM, maddə 14.2, 77.1 və 88 maddələri). Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlar məcmuəsinə hüquqi qiymət verərək, habelə mənzil qanunvericiliyinin tələblərini əsas götürərək, belə qənaətə gəlir ki, iddia əsaslı olduğundan təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Bakı şəhəri Qaradağ rayonu ərazisində məcburi köçkünlər üçün salınmış Ümid qəsəbəsi, bina 4-də yerləşən 65 nömrəli 1 otaqlı mənzilindən onlara məxsus əşyaları ilə birlikdə çıxarılmalı və mənzil boşaldılaraq iddiaçı Azərbaycan Respublikası Qaçqınların və X12 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamentinə təhvil verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Bakı şəhəri Qaradağ rayonu ərazisində məcburi köçkünlər üçün salınmış Ümid qəsəbəsi, bina 4-də yerləşən 65 nömrəli 1 otaqlı mənzilindən əşyaları ilə birlikdə çıxarılsın. Bakı şəhəri Qaradağ rayonu ərazisində məcburi köçkünlər üçün salınmış Ümid qəsəbəsi, bina 4-də yerləşən 65 nömrəli 1 otaqlı mənzil cavabdehlər tərəfindən boşaldılaraq iddiaçı Azərbaycan Respublikası Qaçqınların və X12 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamentinə təhvil verilsin. Qətnamədən, qətnamənin tərəflərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə elektron kabinet vasitəsilə apelyasiya şikayəti verilə bilər. Hakim: Qamət Əbilov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar