Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-2129/2021 10.11.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Fuad Ələsgər oğlunun sədrliyi, Mirzəliyev Amil Rəfayıl oğlunun katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit borcunun tutulması, tutmanın ipoteka qoyulmuş əmlaka yönəldilməsi və açıq hərracdan satılması tələbi barədə iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı kredit borcunun tutulması, tutmanın ipoteka qoyulmuş əmlaka yönəldilməsi və açıq hərracdan satılması tələbi barədə iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 36049,96 manat əsas, 2039,23 manat faiz, cəmi 38089,25 manat pulun, iddia ərizəsinə görə ödənilmiş 30,40 manat dövlət rüsumunun və bildirişin DƏDRX-də qeydiyyatı ilə bağlı 30,40 manat ödənişin tutulması, ipoteka predmeti olan, Cavabdeh məxsus ünvan 1 ünvanında yerləşən mənzilin ilkin satış qiymətinin müəyyən edilməsi, tutmanın Sumqayıt şəhəri, 10-cu mikrorayonda yerləşən 48 saylı evin 32 saylı mənzilinə yönəldilməsi, ipoteka predmetinin açıq hərrac vasitəsilə satılması və bankın kredit tələbinin satılmış əmlakın hesabına ödənilməsi, ünvan 1 ünvanında yerləşən mənzilə tutma yönəldikdə və o, satıldıqda ipoteka qoyan Cavabdeh və digər şəxslər 1 (bir) ay ərzində həmin evi tərk etmədikləri halda onların məcburi qaydada çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X3 izahatında bildirdi ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Mərkəz filialı ilə Cavabdeh arasında bağlanmış 29.01.2018-ci il tarixli 02/18 saylı kredit müqaviləsinə əsasən mənzilin alınması üçün illik 8% dərəcəsi ilə 300 ay müddətinə 37500 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı olaraq tam mülkiyyət hüququ üzrə Cavabdeh məxsus ünvan 1 ünvanında yerləşən mənzil ipoteka qoyulmuş və bununla bağlı tərəflər arasında 31.01.2018-ci il tarixli alqı-satqı və ipoteka müqaviləsi bağlanmışdır. İpoteka ƏMDK yanında DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsinin 50 nömrəli reyestr kitabının 57 nömrəli vərəqində (reyestr nömrəsi **********09-05101-093007 saylı, qeydiyyat nömrəsi **********) 02.04.2018-ci il tarixdə qeydiyyata alınmışdır. 29.01.2018-ci il tarixli, 02/18 saylı kredit müqaviləsinin şərtlərinə əsasən, Cavabdeh 36049,96 manat əsas, 2039,23 manat faiz, cəmi 38089,25 manat borcu ödənilməmiş qalmışdır. Göründüyü kimi cavabdeh 29.01.2018-ci il tarixli, 02/18 saylı kredit müqaviləsinin şərtlərini əhəmiyyətli dərəcədə pozmuş və vurduğu zərər nəticəsində İddiaçı Açıq Səhmdar Cəmiyyətini müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan məhrum etmişdir. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı səy göstərsə də, cavabdeh öz öhdəliyini bu günədək yerinə yetirməmişdir. Hazırda kredit müqaviləsinə əsasən 13.10.2021-ci il tarixə İddiaçı ASC-yə olan borc 38089,25 manat təşkil edir ki, bu borcun cavabdeh tərəfindən ödənilməsi təmin edilməlidir. Odur ki, məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericiliklə müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının MPM-nin 135.7, 185.5-ci maddələrinin tələblərinə istinad edərək, mülki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sübutları tədqiq edərək belə qənaətə gəlir ki, aşağıdakı əsaslara görə iddia tələbi qismən əsaslı hesab olunaraq qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 29.01.2018-ci il tarixli 02/18 saylı kredit müqaviləsinə və ödəniş cədvəlinə əsasən iddiaçı təşkilat tərəfindən Cavabdeh illik 8 faizlə 300 ay müddətinə 37500 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan 31.01.2018-ci il tarixli alqı-satqı və ipoteka müqaviləsindən görünür ki, həmin müqavilə əsasında Cavabdeh məxsus Sumqayıt şəhəri, 10-cu mikrorayonda yerləşən 48 saylı evin 32 saylı mənzili kredit müqaviləsi üzrə cavabdehin öhdəliklərinin icrasının təminatı olaraq iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan 13.10.2021-ci il tarixli maliyyə arayışından və hesabdan çıxarışdan görünür ki, Cavabdeh kredit üzrə İddiaçı ASC-yə 36049,96 manat məbləğində əsas borc, 2039,29 manat məbləğində faiz borcu olmaqla, cəmi 38089,25 manat məbləğində borcu vardır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin İddiaçı ASC-nə ünvanladığı 29.04.2021-ci il tarixli məktubdan görünür ki, Cavabdeh məxsus Sumqayıt şəhəri, 10cu mikrorayon, ev 48, 32 saylı mənzilə dair tutmanın yönəldilməsi haqqında bildiriş qeydə alınmışdır. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli çıxarışın surətindən görünür ki, Sumqayıt şəhəri, 10-cu mikrorayon, ev 48, 32 saylı mənzil Cavabdeh xüsusi mülkiyyətindədir və bu barədə 50 nömrəli reyestr kitabının 57 nömrəli vərəqində 16.02.2018-ci il tarixdə qeydiyyat aparılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların X2 Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı, ******* saylı çıxarışın surətindən görünür ki, Sumqayıt şəhəri, 10-cu mikrorayon, ev 48, 32 saylı mənzil Cavabdeh xüsusi mülkiyyətindədir və İddiaçı ASC-nin xeyrinə yüklü edilmişdir, bu barədə 50 nömrəli reyestr kitabının 57 nömrəli vərəqində ********** nömrəsi ilə 02.04.2018-ci il tarixində qeydiyyat aparılmışdır. İş materiallarında olan “Yeni Dövr” Qiymətləndirmə Mərkəzinin YDN106 nömrəli, 24.09.2021-ci il tarixli ekspert rəyindən görünür ki, Sumqayıt şəhəri, 10-cu mikrorayon, ev 48 ünvanında yerləşən 32 nömrəli mənzilin qiymətləndirmə tarixinə likvid dəyəri 40000 manat müəyyən edilmişdir. Məhkəmə iş üzrə sübutlara məcmu halında hüquqi qiymət verərək müəyyən edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehdir Sadalanan hüquq normalarının tələblərinə əsasən məhkəmə müəyyən edir ki, Cavabdeh iddiaçı təşkilatdan aldığı kredit üzrə əsas və faiz borcu məbləğlərini iddiaçıya qaytarmalı olmasına dair öhdəliklərin daşıyıcısı olmuş, lakin o, müqavilə öhdəliklərini icra etməyərək, iddiaçı təşkilat qarşısında həmin pul öhdəliyini yerinə yetirməmişdir. Buna görə də əsas və faiz borcunun tutulması ilə bağlı iddia tələbləri tam əsaslıdır. Məhkəmə, tutmanın ipoteka predmeti olan mənzilə yönəldilməsi, həmin mənzilin açıq hərracda satılması, mənzil satıldıqdan bir ay sonra ipoteka qoyanın və digər şəxslərin çıxarılması və mənzilin boşaldılması ilə bağlı iddia tələblərini araşdıraraq müəyyən edir ki, həmin tələblər ilkin satış qiyməti kimi ekspert rəyi ilə müəyyən edilmiş məbləğ əsas götürülərək Cavabdeh münasibətdə təmin edilməlidir. Lakin digər şəxslərin dairəsi dəqiq göstərilmədiyindən və cavabdehlər sırasında qeyd olunmadığından, həmin şəxslərə münasibətdə iddia təmin edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 317.1-ci maddəsinə əsasən, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunun 33-cü maddəsinə əsasən, borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin Qanunun 34.1-ci maddəsinə əsasən, əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anıdır. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 39.1-ci maddəsinə əsasən, ipoteka saxlayan ipoteka müqaviləsi üzrə tələbinin ödənilməsi üçün iddia ilə məhkəməyə müraciət edə bilər. Həmin Qanunun 39.3-cü maddəsinə əsasən, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. Həmin Qanunun 59.3-cü maddəsinə əsasən, ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o, satıldıqda, ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən gec bir ay ərzində tərk etməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya və Mülki Kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair 06.08.2020-ci il tarixli Qərardadına əsasən, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir. Məhkəmə, eyni zamanda iddianın dövlət rüsumlarının və bank xidməti haqlarının cavabdehdən tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, həmin tələb təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək və sadalanan hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 216-220-ci, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 36049,96 manat əsas borc, 2039,29 manat faiz borcu olmaqla, cəmi 38089,25 manat (otuz səkkiz min səksən doqquz manat iyirmi beş qəpik) məbləğində borc pul vəsaiti, iddia ərizəsi üçün ödənilmiş 30 manat dövlət rüsumu və 0,40 manat bank xidməti, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 30 manat dövlət rüsumu və 0,40 manat bank xidməti haqqı tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Tutma Cavabdeh məxsus, Sumqayıt şəhəri, 10-cu mikrorayonda yerləşən 48 saylı evin 32 saylı mənzilinə yönəldilsin, həmin mənzil ilkin satış (likvid) qiyməti 40000 manat müəyyən edilməklə açıq hərracda satılsın və tutulmalı məbləğ həmin mənzilin açıq hərracda satışından əldə olunacaq vəsait hesabına İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Sumqayıt şəhəri, 10-cu mikrorayonda yerləşən 48 saylı evin 32 saylı mənzilinə tutma yönəldikdən və o, satıldıqdan 1 (bir) ay sonra Cavabdeh həmin mənzildən çıxarılsın. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : Fuad Hüseynov
Məhkəmə qərarları › İş №2(002)-2129/2021
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-2129/2021
10.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver