Məhkəmə qərarları › İş №2(002)-214/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-214/2025

08.01.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Ləyaqətsiz vərəsə hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-214/2025 08.01.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Fərzəliyeva Günay Abdukərim qızının katibliyi, İddiaçı, Cavabdeh1 iştirakları, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı «cavabdehlərin ləyaqətsiz vərəsə hesab edilməsi» tələbinə dair iddiası üzrə mülki işə Qaradağ Rayon Məhkəməsinin binasında qapalı məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «cavabdehlərin ləyaqətsiz vərəsə hesab edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.1992-ci ildə doğulmuş qızı Cavabdeh2 və xx.xx.1994-cü ildə doğulmuş oğlu Cavabdeh1 ləyaqətsiz vərəsə hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Cavabdeh3 ilə 19 noyabr 1991-ci il tarixdə rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuşdur. Birgə nikahdan xx.xx.1992-ci ildə Solmaz və xx.xx.1994-cü ildə Amid adlı iki uşaqları doğulmuşdur. Ailə daxili münasibətləri həmişə normal olmuş və heç bir narazılıq olmamışdır. Cavabdeh3 ilə birlikə uşaqları böyüdüb boya başa çatdırmışdılar. O, əvvələr müxtəlif təşkilatlarda işləmiş, 1992-ci ildən Çernobil AES-də qəzanın ləğvi ilə əlaqədar ikinçi qrup əlildir. Cavabdeh olan uşaqlarla birlikdə yaşadığı müddət ərzində onları maddi baxımdan kifayət qədər təmin etmişdir. Uşaqların tərbiyəsinə, onlara qayğı göstərməsinə və sağlam ruhda böyüməsinə xidmət göstərmişdir.Hazırda da 06.9 Mədənin dəqiqləşdirilməmiş lokalozasiyalı bədxassəli yeni törəməli İİİ mərhələ mədə xərçəngindən əziyyət çəkir. Yuxarıda qeyd etdiyi uşaqlarının hamısının valideyn olaraq əvvəllər ona qarşı münasibətləri yaxşı olmuş və narazılıqlar olmamışdır. Qızı iki il olar ki, ailə qurmuş və köçüb ər evinə getmişdir. Həmin vaxtdan da ondan xəbəri belə yoxdur. Oğlu da evdən çıxıb getmiş və hər ikisi ona baxmaq istəmirlər. Arvadı da çıxıb getmiş, hazırda nikahın pozulması üçün məhkəmədə iddia qaldırmışdır. O, ağır xəstə olmaqla ona baxıb yardım etmək lazım olduğu halda uşaqları onun yanına gəlmir, ona baxmırlar. O,tək yaşamaqla ona qonşular baxırlar. Doğma uşaqları olduğuna baxmayaraq valideyn övlad münasibətlərini ən kobud şəkildə pozurlar. Oğlunun ona baxmaması barədə polis idarəsinin 102 xidmətinə də müraciət etmişdir. Lakin heç bir müsbət nəticə əldə edilməmiş və cavabdehlər qanunsuz hərəkətlərini davam etdirməkdədir.Mən xəstə və kimsəsiz olduğuma görə evdə sosial xidmətlərin göstərilməsi ilə əlaqədar 1 saylı DOST Mərkəzinə də müraciət etmişdir. 1 saylı Bakı DOST Mərkəzindən ona rəsmi olaraq cavab vermişdilər ki, onun ailəsi və övladları var, onlar ona baxmalıdırlar, yalnız sosial xidmətə ehtiyacı olan tənha şəxslərə yardım edilir. Onunla qeydiyyatda olan şəxslər olsa da onlar ona heç bir yardım etmirlər o, xəstə olmaqla tənhadır. Yardıma ehtiyacı olduğu halda onun uşaqları olduğuna görə dövlət belə yardım etmir. Göründüyü kimi həmin övladların olmasının ona heç bir xeyri yoxdur. Odur ki, valideyn olaraq ona qarşı qanunvericilik qaydasında nəzərdə tutlmuş vəzifələrini yerinə yetirmədiyinə görə ləyaqətsiz vərəsə kimi tanınması məqsədilə Sizə müraciət edir.Hazırda 61 yaşı vardır. Bu yaşda ona baxıb quluğunda duran bir övlad lazımdır. Onu xəstə vəziyyətdə qoyub, ölümünü gözləyən, habelə gündəlik yaşayış normalarını pozan və ömrümü qısaldan övladı vərəsə kimi qoymaq özünə qarşı ədalətsizlikdir. Cavabdehlər gözləyirlər ki, o, ölüm gəlib evə sahiblik etsinlər. Lakin onun tək, xəstə halında olmağı onları maraqlandırmır. İddiaçı məhkəməyə vəsatət verərək arvadı Cavabdeh3 da əlavə cavabdeh kimi cəlb edilməsini xahiş etmişdir. Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-3589/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı ilə mülki iş üzrə Cavabdeh3 əlavə cavabdeh kimi cəlb edilməsi qərara alınmışdır. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etdi. Cavabdeh1 məhkəmə iclasında verdiyi izahatında iddianı qəbul etməyərək iddianın rədd olunmasını xahiş etdi. Bildirdi ki, 31 ildir ki, həmin evdə yaşamışdır və iddiaçıya da baxmışdılar. Lakin iddiaçı həmişə evdə dava dalaş salırdı. Bu səbəbdən son bir neçə ildir ki, evdən çıxmışdır. Necə olur ki, iddiaçı üçün həm arvadı, həm uşaqları olmaqla hamsı pis olsun. Demək iddiaçı özü düzgün davranmağı bacarmır, boş-boşuna hamı ilə dalaşır. O həmçinin bildirdi ki, anası-digər cavabdeh ilə birlikdə yaşayır, anasınında məhkəmə iclasından xəbəri var, lakin xəstə olduğu üçün məhkəmə iclasında iştirak etməmişdir. Cavabeh Cavabdeh2 xx.xx.2024-cü il tarixli məhkəmə iclasında izahatında qeyd etmişdir ki, iddianı qəbul etmir . O ailə qurub ata evindən köçmüşdür. Atası onunla qalmır. O rayonda yaşayır. Atasına həmişə baxmışdır. Cavabehlər Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehlər məhkəmə iclasına gəlməmiş və gəlmələrinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişlər. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş üzrə tərəflərin izahatlarını dinləyərək və təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia rədd olunmalıdır. İş materiallarında əlavə olunmuş Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin çıxarışından görünür ki, ünvan 2( yeni qaydalarla: Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 33-cü Lökbatan küçəsi, 14 M9, M2) tam mülkiyyət hüququ üzrə İddiaçı adına xx.xx.2024-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində ********** nömrəli qeydiyyata alınmaqla mülkiyyətindədir. Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-2629/2019 saylı xx.xx.2019-cu il tarixli qərarından görünür ki,Cavabdeh1 və azyaşlı uşağı xx.xx.2017-ci il təvəllüdlü X1 İddiaçı istifadəsində olan Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, S.Orucov küçəsi, ev 15B, 26 saylı mənzilə olan istifadə hüquqlarına xitam verilməsi qət edilmişdir. İş materiallarında əlavə olunmuş nikah haqqında şəhadətnamədən görünür ki, İddiaçı ilə X4 arasında nikah xx.xx.1991-ci il tarixdə 557 saylı akt ilə bağlanmışdır. İş materiallarında əlavə olunmuş ambulator kartdan çıxarışdan görünür ki, İddiaçı mədə xərçəngi diaqnozu qoyulmuşdur. İş materiallarında əlavə olunmuş şəxsiyyət vəsiqəsindən görünür ki, Cavabdeh1 ünvan 1 ünvanında qeydiyyatındadır. İş materiallarında əlavə olunmuş şəxsiyyət vəsiqəsindən görünür ki, Cavabdeh3 ünvan 2 ünvanında qeydiyyatındadır. İş materiallarında əlavə olunmuş şəxsiyyət vəsiqəsindən görünür ki, Nəcizadə X3 rayonu, Dağüzü kəndi ünvanında qeydiyyatındadır. İş materiallarında əlavə olunmuş sosial arayışdan görünür ki, İddiaçı Çernobıl AES-də qəza nəticəsində ikinci qrup əlildir. Beləliklə məhkəmə tərəfindən müəyyən edildi ki, iddiaçı onkoloji xəstədir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 onun övladları, Cavabdeh3 isə arvadıdır. Cavabdeh2 ailə quraraq Yardımlı rayonunda yaşayır, Cavabdeh1 barəsində isə məhkəmə qətnaməsi ilə iddiaçı mənzildən istifadə hüququna xitam verilmiş və digər cavabdeh anası Cavabdeh3 ilə birlikdə kirayədə yaşayır. Məhkəmə qeyd edir ki, iddia tələbi ləyaqətsiz vərəsə hesab edilməsi barədədir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1137-ci maddəsinə əsasən miras qoyanın son iradəsini həyata keçirməsinə qəsdən maneə törətmiş və bununla da özünün və ya özünə yaxın şəxslərin vərəsəliyə çağırılmasına və ya miras paylarının artırılmasına kömək göstərmiş, yaxud vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş şəxs (ləyaqətsiz vərəsə) nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsə ola bilməz, bu şərtlə ki, həmin hallar məhkəmə tərəfindən təsdiq edilsin. 1138-ci maddəsinə əsasən valideynlik hüquqlarından məhrum edilmiş və mirasın açıldığı günədək bu hüquqları bərpa edilməmiş valideynlər uşaqlarının qanun üzrə vərəsələri ola bilməzlər. Miras qoyanın saxlanması üzrə öhdələrinə qoyulmuş vəzifələrdən qəti surətdə boyun qaçıran şəxslər də qanun üzrə vərəsə ola bilməzlər, bir şərtlə ki, bu hal məhkəmə tərəfindən təsdiq edilsin. 1139-cu maddəsinə əsasən ləyaqətsiz vərəsənin vərəsəlik hüququndan məhrum edilməsinə əsas verən hal ləyaqətsiz vərəsənin vərəsəlik hüququndan məhrum edilməsindən müəyyən əmlak nəticələri əldə edən şəxsin iddiası üzrə məhkəmə tərəfindən müəyyənləşdirilməlidir. 1193-cü maddəsinə əsasən vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1203.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13 dekabr 2011-ci il tarixli qərarında qeyd edilmişdir ki, vərəsəlik hüququndan məhrumetməyə səbəb olan hallar Mülki Məcəllənin 1137-ci maddəsində öz əksini tapmışdır. Həmin maddəyə əsasən miras qoyanın son iradəsini həyata keçirməsinə qəsdən maneə törətmiş və bununla da özünün və ya özünə yaxın şəxslərin vərəsəliyə çağırılmasına və ya miras paylarının artırılmasına kömək göstərmiş, yaxud vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş şəxs (ləyaqətsiz vərəsə) nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsə ola bilməz, bu şərtlə ki, həmin hallar məhkəmə tərəfindən təsdiq edilsin. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13 dekabr 2011-ci il tarixli qərarında qeyd edilmişdir ki, “Qanunverici şəxsin ləyaqətsiz vərəsə elan edilərək vərəsəlik hüququndan və məcburi pay almaq hüququndan məhrum edilməsi barədə məhkəməyə müraciət etmək hüququ olan subyektlərin dairəsini Mülki Məcəllənin 1139-cu maddəsi ilə konkret müəyyənləşdirmişdir. Belə ki, Mülki Məcəllənin bu maddəsinə müvafiq olaraq ləyaqətsiz vərəsənin vərəsəlik hüququndan məhrum edilməsinə əsas verən hal ləyaqətsiz vərəsənin vərəsəlik hüququndan məhrum edilməsindən müəyyən əmlak nəticələri əldə edən şəxsin iddiası üzrə məhkəmə tərəfindən müəyyən edilir. Mülki Məcəllənin 1203.2-ci maddəsinə əsasən isə məcburi pay almaq hüququndan məhrumetməni miras qoyan hələ öz sağlığında məhkəməyə müraciət etmək yolu ilə həyata keçirə bilər.” Göründüyü kimi, hazırkı işin hallarında cavabdehlərin hərəkətlərində ləyaqətsiz vərəsə hesab olunması üçün əsaslar yoxdur. Bundan başqa MM-nin1139-cu maddəsinə əsasən ləyaqətsiz vərəsənin vərəsəlik hüququndan məhrum edilməsinə əsas verən hal ləyaqətsiz vərəsənin vərəsəlik hüququndan məhrum edilməsindən müəyyən əmlak nəticələri əldə edən şəxsin iddiası üzrə məhkəmə tərəfindən müəyyənləşdirilməlidir. Bu halları nəzərə alan məhkəmə hesab edir ki, iddia rədd olunmalıdır. Məhkəmə işin hallarına Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına qarşı" 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, novensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probatio” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdehlər tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “X6” Azərbaycan Respublikası Qanunun 9.1.20-ci maddəsinə əsasən məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Hazırda iddiaçı Çernobıl AES-də qəzası nəticəsində ikinci qrup əlil olduğundan dövlət rüsumunu ödəməkdən azad olduğu halda və iddia rədd olunduğundan dövlət rüsumu cavabdehlərdən tutula bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı «cavabdehlərin ləyaqətsiz vərəsə hesab edilməsi» barədə iddia tələbi təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar