Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(002)-2181/2024 06.06.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlu, Ərizəçi Maraqlı şəxsa qarşı qohumluq faktının müəyyən edilməsi barədə ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib, MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxsna qarşı qohumluq faktının müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəni və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, ərizəsi məhkəmə tərəfindən icraata götürülərək baxıla bilməz və ərizə ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Həmçinin həmin Məcəllənin 152.1 və 152.1.6-cı maddələrinə əsasən müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli qərarının 1.6-cı bəndində qeyd edilmişdir ki, məhkəmələrə izah edilir ki, ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməli və həmin sübutlar ərizəyə əlavə edilməlidir (Azərbaycan Respublikası MPM-nin 310.1-ci maddəsi). Belə məlumatlar ərizədə olmadıqda, eləcə də ərizəyə belə sübutlar əlavə edilmədikdə, yaxud ərizəçi məhkəmə tərəfindən müəyyən edilən müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda, həmçinin faktın müəyyən olunması məqsədini göstərməkdən imtina etdikdə, məhkəmə, ərizəni və ona əlavə edilmiş sənədləri Azərbaycan Respublikası MPMnin 152.1.1-ci maddəsinin tələbinə əsasən geri qaytarılmalı, məhkəmə baxışı mərhələsində olduqda isə həmin Məcəllənin 259.0.12-ci maddəsinin tələbinə əsasən ərizəni baxılmamış saxlamalıdır. Həmin Qərarın 2.-ci bəndinə əsasən məhkəmələrə tövsiyə olunur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.1-ci maddəsi qohumluq münasibətləri faktının, yalnız belə münasibətlər hüquqi nəticələrə səbəb olacağı təqdirdə (məsələn: həmin faktın təsdiq edilməsi ərizəçiyə mirasdan pay almaq üçün; ailə başçısının itirməyə görə pensiya və ya sosial müavinət almaq hüququnu rəsmiləşdirmək üçün və sair) müəyyən edilməsini nəzərdə tutur. Qohumluq münasibətində olma faktının başqa məqsədlər, məsələn yaşayış sahəsinə hüququ təsdiq etmək üçün müəyyən edilməsi yolverilməzdir. Yaşayış sahəsinə hüquqların tanınması əsasları Mənzil Məcəlləsi ilə tənzimlənir. Həmin Qərarın 2.1-ci maddəsinə əsasən məhkəmələr nəzərə almalıdırlar ki, qohumluq münasibətində olma faktının müəyyən edilməsi mirasdan pay almaq məqsədi daşıdıqda Mülki Məcəllənin vərəsələrin dairəsini müəyyən edən normaları, pensiya təminatı və sosial müavinət almaq məqsədi daşıdıqda, pensiya və sosial müavinət haqqında qanunvericilik rəhbər tutulmalıdır. Beləliklə, ilk növbədə, məhkəmə qeyd edir ki, ərizəçi ərizəsinə hazırda özünün faktiki ünvanı barədə sənəd(arayış) əlavə etməmişdir. Bununla da, iddia ərizəsinin məhkəmə aidiyyatını müəyyən etmək qeyri mümkün olmuşdur. Həmçinin ərizədən məlum olur ki, ərizəçiyə qohumluq faktının müəyyən edilməsi mirasdan pay almaq məqdəsilə lazımdır. Lakin hazırda ərizəçi ərizəsində həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğunu və habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, mümkünsüzlüyünü qeyd etsə də, ərizəsinə müvafiq olaraq vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanlarına və notariat ofisinə müraciət etməsini (yəni həmin orqanların müvafiq imtinalarına dair sənədlər) təsdiq edən sübutları ərizəyə əlavə edilməmişdir. Həmçinin Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149-cu maddəsində nəzərdə tutulmuş forma və məzmununa əməl etməmişdir. Belə ki, maraqlı şəxs qismində Maraqlı şəxs qeyd etsə də, Qaradağ rayon Qeydiyyat şöbəsini maraqlı şəxs qismində tərəf kimi qeyd etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.2-ci maddəsinə əsasən iddia ərizəsində iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) göstərilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Ərizəçi qohumluq faktının müəyyən edilməsi tələbinə dair ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etməyə mane olmur. Həmin Məcəllənin 114.1 və 114.1.3-cü maddələrinə əsasən ödənilmiş dövlət rüsumu bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa qaytarılır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35, 36, 152, 263-264, 266-267-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Ərizəçi qohumluq faktının müəyyən edilməsinə dair ərizəsi, ona əlavə olunmuş sənədlər və ödənilmiş 100(yüz) manat dövlət rüsumu geri qaytarılsın. Nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada aidiyyatı məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Qamət Əbilov
Məhkəmə qərarları › İş №2(002)-2181/2024
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №2(002)-2181/2024
06.06.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver