Məhkəmə qərarları › İş №2(002)-2204/2020

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-2204/2020

20.11.2020 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-2204/2020 20.11.2020 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Fuad Ələsgər oğlunun sədrliyi, Əsədov Cavid Həbib oğlunun katibliyi, İddiaçı1 və Cavabdeh1 iştirakı ilə, iddiaçılar İddiaçı1, İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı mənzilə köçürülmə tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı mənzilə köçürülmə tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, iddiaçıların dörd övladı (xx.xx.2005-ci il təvəllüdlü X3, xx.xx.2006-cı il təvəllüdlü X6, xx.xx.2010cü il təvəllüdlü X7, xx.xx.2011-ci il təvəllüdlü X4) ilə birlikdə Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, 1-ci massiv, 118 saylı evə köçürülmələri barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı iddiaçı, eyni zamanda digər İddiaçı2 etibarnamə üzrə nümayəndəsi İddiaçı1 izahat verərək bildirdi ki, cavabdehlər ər-arvad olmaqla onun yaxın qohumları (qardaşı və onun həyat yoldaşıdır). Mübahisə predmeti olan Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, 1-ci massiv, ev 118 onun ata evidir. Həmin evə dair atasının adına texniki pasport verilmiş, lakin çıxarış alınmamışdır, atası 2017-ci ildə vəfat etmişdir. Özü həmin evdə anadan olub böyümüş, uzun müddət ailəsi ilə birgə orada yaşamışdır. Ailəsi özü, həyat yoldaşı və biri əlil olan dörd uşaqdan ibarətdir. Həm özü, həm də uşaqları həmin evdə qeydiyyatdadırlar. Cavabdehlər 2013-cü ildən onlara həmin evdə yaşamağa imkan vermirlər. Məcburiyyət qarşısında qalaraq böyük ailə tərkibi ilə müxtəlif ünvanlarda kirayəçi kimi yaşayır. Yaşayış yeri üzrə qeydiyyat haqqında arayışda göstərilən şəxslərdən Cavabdeh1 başqa heç kəs orada yaşamır və onların evə köçürülməsi ilə bağlı mübahisə yaratmır. Birlikdə həmin evdə yaşadıqları dövrdə cavabdehlər beş otaqlı evdə yaşamış, onun ailəsi isə ayrıca damda yaşamışdır. O, dəfələrlə qeydiyyatda olduğu evə köçmək istəsə də, cavabdehlər buna maneə yaratmış, nə onu, nə də ailə üzvlərini evə buraxmamışlar. Onun ailəsinin, o cümlədən biri əlil olan azyaşlı uşaqlarının həmin evdən başqa yaşayış yeri yoxdur, bu səbəbdən mübahisəli evə köçmək istəyirlər, cavabdehlərin buna maneçilik törətməsi onların hüquqlarının və mənafelərinin pozulmasına gətirib çıxarır. Ona görə də iddia ərizəsi ilə məhkəməyə müraciət edilmişdir və hazırda iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə baxışı zamanı Cavabdeh1 iddia tələbinə etiraz edərək izahatında bildirdi ki, İddiaçı1 onun doğma qardaşıdır. Ev həqiqətən atasına məxsus olmuş, həmin evə dair atasının adına texniki pasport verilmiş, lakin çıxarış alınmamışdır, atası 2017-ci ildə vəfat etmişdir. Texniki pasportun əsli iddiaçıda olduğundan, evi tam sənədləşdirə bilməmişlər. Hazırda evdə özü, digər cavabdeh olan həyat yoldaşı və uşaqları yaşayır. Gülağa və onun biri əlil olan dörd uşağı həmin evdə yaşayış yeri üzrə qeydiyyatdadırlar. Gülağa da onun kimi uşaqlıqdan həmin evdə yaşamış, lakin təxminən 15 il əvvəl ayrıca ev tikərək orada bir müddət yaşamış, sonradan onu satıb 2013cü ildə evə qayıdaraq ailəsi birgə onlarla birlikdə yaşamışdır. Evin beş otaqdan ibarət hissəsində özü və ailəsi olmuş, Gülağa isə ayrıca damda yaşamışdır. Lakin bir neçə il birlikdə yaşadıqdan sonra Gülağanın daimi dava-dalaş salması və yola gedə bilməməsi səbəbindən Gülağa öz ailəsi ilə birlikdə evdən çıxmışdır. Yalnız 1-2 ay əvvəl Gülağa evə qayitmaq istədiyini bildirmiş, lakin o, buna qəti etiraz etmişdir. O, Gülağaya qardaş kimi qəsəbədə ayrıca ev tikməsinə və yaşayış yeri ilə təmin olunmasına kömək edəcəyini təklif etmiş, lakin Gülağa onunla razılaşmamışdır. Gülağa ilə yola gedə bilmədiklərinə görə iddia tələbinə etiraz edir və hazırda iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Digər cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericiliklə müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinin tələblərinə istinad edərək, mülki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri tədqiq edərək belə qənaətə gəlir ki, iddia tələbi əsaslı hesab olunaraq təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş ******* nömrəli, xx.xx.2020-ci il tarixli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, İddiaçı1 Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, 1-ci massiv, 118 saylı evdə qeydiyyatdadır. Həmin mənzildə həmçinin onun uşaqları X3, X6, X7, X4, habelə Cavabdeh1 və digər şəxslər qeydiyyatdadırlar. İş materiallarında olan Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, 1-ci massiv, 118 saylı evə dair 1991-ci il tarixli texniki pasportun surətindən görünür ki, evin sahibi X1r. İş materiallarında olan AZ-İ seriyalı, 778351 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı2 ilə İddiaçı1 xx.xx.2012-ci il tarixdə rəsmi nikah qeydiyyatından keçərək ailə qurmuşlar və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında Qaradağ rayon Qeydiyyat şöbəsində 643 nömrəsi ilə qeydiyyat aparılmışdır. İş materiallarında olan AZ-İİ seriyalı, 912968 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 xx xxxxxx 2005-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Mahmudzadə Xəyalənin atası İddiaçı1, anası İddiaçı2dır. İş materiallarında olan AZ-İİ seriyalı, 912969 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx xxxxxx 2006-cı il tarixdə Bakı şəhərində anadan olmuşdur. Mahmudzadə Xəyalın atası İddiaçı1, anası İddiaçı2dır. İş materiallarında olan AZ-İİ seriyalı, 912970 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx xxxxxx 2010-cu il tarixdə Bakı şəhərində anadan olmuşdur. Mahmudzadə Muradın atası İddiaçı1, anası İddiaçı2dır. İş materiallarında olan AZ-İİ seriyalı, 912971 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx xxxxxx 2011-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Mahmudzadə Məryəmin atası İddiaçı1, anası İddiaçı2dır. İş materiallarında olan V-JQ seriyalı, 457610 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı1 xx xxxx 1978-ci il tarixdə Qobustan qəsəbəsində anadan olmuşdur. İddiaçı1 atası X1r. İş materiallarında olan 307968 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh1 xx xxx 1981-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Cavabdeh1 atası X1r. İş materiallarında olan AZ-İ seriyalı, 999315 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X2 ilə Cavabdeh1 xx.xx.2014-cü il tarixdə rəsmi nikah qeydiyyatından keçərək ailə qurmuşlar və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında Qaradağ rayon Qeydiyyat şöbəsində 971 nömrəsi ilə qeydiyyat aparılmışdır İş materiallarında olan AZ-İİ seriyalı, 124390 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx xxxxxx 2017-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir. Bu barədə Bakı şəhəri Qaradağ rayon Qeydiyyat şöbəsində ölüm haqqında akt qeydləri kitabında qeydiyyat aparılmışdır. Beləliklə, məhkəmə iclasında iş üzrə sübutlara, o cümlədən tərəflərin izahatlarına və iş materiallarında olan yazılı sübutlara əsasən müəyyən edildi ki, mübahisəli evin hüquqmüəyyənedici sənədi olmasa da, həmin ev tərəflərin atasının və özlərinin faktiki yaşayış yeri olmuş, iddiaçı öz uşaqları ilə birgə mübahisəli evdə yaşayış yeri üzrə qeydiyyata alınmışdır. Həmçinin cavabdeh tərəf həmin evdə yaşayış yeri üzrə qeydiyyatdadır və evlə bağlı hər hansı hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Məhkəmə iclasında həmçinin müəyyən edildi ki, iddiaçı tərəfin başqa yaşayış yeri olmadığından, cavabdeh tərəfin iddiaya etirazı əsaslı hesab oluna bilməz. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsaslı hesab olunaraq təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə əsasən, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 27.1-ci maddəsinə əsasən, fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Həmin Məcəllənin 11.1-ci maddəsinə əsasən, mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). Tərəflər arasında mübahisəli evdə yaşayışla bağlı hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 53-cü maddəsinə əsasən, icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 54-cü maddəsinə əsasən, icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun V.Q.Teryoxinin şikayəti ilə əlaqədar xx.xx.2010-cu il tarixli Qərarına əsasən, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə zəruri şərt həmin əşyaya mülkiyyət hüququnun tam həcmdə əldə edilməsi, xüsusilə də şəxsin onun barəsində sərəncam vermək hüququnun yaranması baxımından mühüm əhəmiyyət kəsb edir. Lakin daşınmaz əmlak kimi torpaq sahəsinə mülkiyyət hüququnun yaranmasının və dövlət tərəfindən müdafiə olunmasının dövlət qeydiyyatı ilə əlaqələndirilməsi, belə əmlakı qanunvericiliyə müvafiq olaraq əldə etmiş şəxslərin mülkiyyət hüququnun tərkib hissəsi olan sahiblik və istifadə hüquqlarına malik olmasını istisna etmir. Sahiblik və istifadə hüquqlarını həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanının mövcud olması əmlak sahibinin hüquqlarının da mülkiyyətçinin hüquqları ilə bərabər həddə müdafiə olunması zərurətini doğurur. Belə ki, Mülki Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Əks yanaşma mülkiyyət hüquqlarının müdafiəsi ilə bağlı konstitusiya prinsiplərinin, mülki qanunvericiliyin bir sıra prinsip və müddəalarının, eləcə də Azərbaycan Respublikasının beynəlxalq müqavilələrə əsasən üzərinə götürdüyü öhdəliklərin pozulmasına gətirib çıxara bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Önəryıldız Türkiyəyə qarşı iş üzrə xx xxxxxx 2004cü il tarixli qərarında göstərmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin 1-ci hissəsində «mülkiyyət» anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: məsələ bütövlükdə nəzərdən keçirilən işin halları ilə həmin maddə əsasında müdafiə olunan əhəmiyyətli mənafelər üzərində titulun ərizəçiyə təqdim edilib-edilməməsinin müəyyənləşdirilməsindən ibarətdir. Müvafiq olaraq, bu müddəanın məqsədləri üçün fiziki mallarla yanaşı, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da «əmlak hüquqları» və beləliklə, «mülkiyyət» kimi qiymətləndirilə bilər. «Mülkiyyət» anlayışı «mövcud mülkiyyətlə» məhdudlaşmır və ərizəçinin maraqlarını, o cümlədən mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinin əldə olunmasına ən azı əsaslı və «qanuni gözləntiyə» malik olduğuna dair tələblərini də əhatə edə bilər (§ 124). “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 2-ci maddəsinə əsasən isə, şəxsin yaşayış yeri dedikdə, tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının Qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri və digər bu kimi yaşayış yerləri başa düşülür. Beləliklə, mülki iş üzrə sübutlara və sadalanan hüquq normalarına əsasən məhkəmə müəyyən edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 216-220-ci, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia təmin edilsin. İddiaçılar İddiaçı1 və İddiaçı2 azyaşlı uşaqları xx.xx.2005-ci il təvəllüdlü X3, xx.xx.2006-cı il təvəllüdlü X6, xx.xx.2010-cü il təvəllüdlü X7, xx.xx.2011-ci il təvəllüdlü X4 ilə birlikdə Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, 1-ci massiv, 118 saylı evə köçürülsünlər. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : Fuad Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar