Məhkəmə qərarları › İş №2(002)-224/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-224/2021

26.01.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-224/2021 26.01.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həşimova Günay Rövşən qızının sədrliyi, Məhkəmə iclasının katibi Muxtarov Nurlan Nurəddin oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsinə istifadə hüququ tanınmaqla köçürülmə” tələbinə dair iddiaları üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, istifadə hüququ tanınmaqla köçürülmək istədiyi ünvan 1 mənzil 40 saylı ünvanda cavabdeh eyni zamanda atası Cavabdeh xüsusi mülkiyyətindədir. O və anası X1 cavabdehin mülkiyyətində olan qeyd etdiyi mənzildə pasport qeydiyyatındadırlar. Valideynləri onu bir neçə dəfə məcbur ediblər ki, heç vaxt görmədiyi kişiyə ərə versinlər. O isə hər dəfə valideynlərinin məcburetmə fikri ilə razılaşmayaraq öz haqlı etirazını bildirmişdir. Belə vəziyyətdə cavabdeh (atası) onu pasport qeydiyyatında olmaqla uzun illər yaşadığı ünvan 1 mənzil 40 ünvanına onu xx.xx.2019-cu il tarixindən etibarən buraxmayıb. O məcburiyyət qarşısında qalıb ünvan 2 ünvanda kirayədə qalır. Ailə üzvi kimi uzun müddət yaşadığı, qeydiyyatda olduğu və atasının mülkiyyətində olan yaşayış evinə istifadə hüququ tanınmalı və həmin evə köçürülməlidir. AR MPM, MM və Mənzil Məcəlləsinin müvafiq maddələrinə əsasən iddia təmin edilməlidir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə hazırlıq iclasında ərizə təqdim edərək bildirmişdir ki, iddianı tam qəbul edir. İşə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan və həmçinin, cavabdeh iddianı etiraf etdiyindən iddia təmin edilməlidir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş AR DİN-in BPQMİ-nin MAPS şöbəsinin 07.10 2020-ci il tarixli arayışından görünür ki, İddiaçı Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, ev 3D, 40 saylı mənzildə qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş “AZEMİS” elektron məhkəmə çıxarışının surətindən görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, ev 3D, 40 saylı mənzil Cavabdeh xüsusi mülkiyyətindədir. İşin məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilən mübahisəsiz hallarından görünür ki, hazırda həmin mənzildə cavabdeh yaşayır, qeyd edilən mənzil cavabdehin xüsusi mülkiyyətindədir. İddiaçı cavabdehin qızıdır. O, xx.xx.2019-cu il tarixinədək müddətində həmin evdə cavabdehlə birlikdə yaşamış, sonradan aralarında mübahisələr olduğu üçün evdən çıxmışdır. Hazırda iddiaçı mübahisəli mənzilə köçürülməyini tələb edir, cavabdeh iddia tələbini qəbul edir. Bunu öz ərizəsi ilə təsdiq edir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakı qanunvericilik normalarını qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddia tələbinin predmeti “evə köçürülmə” barədə tələb olduğu üçün ilk öncə iddiaçının həmin mənzilə istifadə hüququnun olub-olmaması araşdırılmalıdır. AR Mənzil Məcəlləsinin 30-cu maddəsinə əsasən mülkiyyətçiyə məxsus yaşayış sahəsində onunla birlikdə yaşayan şəxslərin hüquq və vəzifələri müəyyən edilmişdir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər; 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar; 30.3-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri həmin yaşayış sahəsinin istifadəsindən irəli gələn öhdəliklər üzrə mülkiyyətçi ilə birgə məsuliyyət daşıyırlar; Məhkəmə mübahisə ilə bağlı ilk növbədə onu qeyd edir ki, şəxsin başqasının mülkiyyətində olan mənzilə istifadə hüququnun tanınması və mənzilə köçürülməsinin qanunvericilikdə iki halı nəzərdə tutulmuşdur: 1) Şəxsin, mənzilin mülkiyyətçisinin ailə üzvü olması; 2) Daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış istifadə hüquqları olan digər şəxs kimi. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsində isə qanunvericilik ailə üzvlərinin dairəsini müəyyən etmiş və bura - əri, arvadı, valideynləri, uşaqları aid etmişdir. Mülki Məcəllənin 228-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə imkanını təmin edən əmlak hüququ yalnız notariat qaydasında təsdiq olunan müqavilə əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla yarandığına və istənilən şəxsdən bu hüququn pozulmasının aradan qaldırılmasını tələb etmək səlahiyyətini təmin etdiyinə görə, bu hüquq mahiyyətcə məhdud əşya hüququdur. Bundan fərqli olaraq, yaşayış sahəsi mülkiyyətçisinin hüquqlarının məhdudlaşdırılmasının digər əsaslarından biri kimi Mənzil Məcəlləsinin 30.1 və 30.2ci maddələrində göstərilən ailə münasibətləri əşya hüquqlarına aid edilə bilməz. Belə ki, Mənzil Məcəlləsinin 30-cu maddəsində göstərilən şəxslərin yaşayış sahəsindən istifadə edə bilmələrinə hüquqi əsas yaşayış sahəsinin mülkiyyətçisi ilə bağlanan müqavilələr və onlara əsasən həyata keçirilən mülki hüquqi əməliyyatlar sayəsində əldə edilən hüquqlar deyil, məhz yaşayış sahəsinin mülkiyyətçisi ilə olan ailə münasibətləri sayəsində yaranan hüququn həyata keçirilməsidir. Mənzil Məcəlləsinin 30.2-ci maddəsində yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvünün “yaşayış sahəsindən istifadə etmək hüququ” ifadəsi ilə yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətləri əsasında yaranmış, yəni ailə hüququ sahəsinə aid olan hüququn (haqqın) həyata keçirilməsi şəkli (forması) nəzərdə tutulmuşdur. Bu hüquq, ailə qanunvericiliyinin ailənin möhkəmləndirilməsi və etibarlı ailə münasibətlərinin təmin edilməsi ilə bağlı ümumi məqsədindən irəli gələn hüquq olmaqla, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinin hüquqlarının sosial təminatı kimi çıxış edir. Bu hüququn yaranması ailə münasibətlərinin mövcudluğu ilə şərtləndiyindən, xüsusi hüquq sahəsinə aid edildiyinə baxmayaraq, onun cəmiyyətin normal mövcudluğu üçün vacib olan ailə, valideyn və uşaq institutlarını qoruyan publik hüquq komponentləri də mövcuddur. Yuxarıda sadalananlar nəzərə alındıqda, Mənzil Məcəlləsinin 30-cu maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvünün istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimlənir. Buna görə də həmin hüququn yaranması və həyata keçirilməsi üçün notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması zərurəti yoxdur. Ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15-ci Fəsillərinin müvafiq müddəaları). Buna uyğun olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxildir. Bunun davamı olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ yoxdursa, onda həmin şəxsin Mənzil Məcəlləsinin 30.2ci maddəsi əsasında yaşayış sahəsi mülkiyyətçisinin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də olmaz. Qeyd edilən qanunvericilik aktlarının müddalarına əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdehin ailə üzvü (qızı) olduğundan ona münasibətdə Mənzil Məcəlləsinin 30-cu maddəsi, tətbiq edilməlidir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, 3D saylı evin, 40 saylı mənzilinə istifadə hüququ tanınmaqla köçürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Məhkəmə hesab edir ki, iş üzrə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.5-ci maddəsində göstərilən hallar – iddianın etirafının qanuna zidd olması və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozması kimi hallar müəyyən edilmədiyindən cavabdehin iddianın etirafı ərizəsi məhkəmə tərəfindən qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.4-cü maddəsinin tələbinə görə, cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, İddiaçı Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, 3D saylı evin, 40 saylı mənzilindən istifadə hüququ tanınmalı, İddiaçı Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, 3D saylı evin, 40 saylı mənzilinə istifadə hüququ tanınmaqla köçürülməlidir. İş üzrə ödənilmiş 20 (iyirmi) manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. İddiaçı Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, 3D saylı evin, 40 saylı mənzilindən istifadə hüququ tanınsın. İddiaçı Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, 3D saylı evin, 40 saylı mənzilinə köçürülsün. İş üzrə ödənilmiş 20 (iyirmi) manat məbləğində dövlət rüsumu Cavabdeh aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günay Həşimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar