Məhkəmə qərarları › İş №2(002)-2256/2020

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-2256/2020

19.10.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-2256/2020 19.10.2020 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Fuad Ələsgər oğlunun sədrliyi, Əsədov Cavid Həbib oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 Vyaçeslavovnaya və Cavabdeh2 Semyonovnaya qarşı mənzilə istifadə hüquqlarına xitam verilməsi tələbi barədə iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 Vyaçeslavovnaya və Cavabdeh2 Semyonovnaya qarşı mənzilə istifadə hüquqlarına xitam verilməsi tələbi barədə iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlərin ona məxsus Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Bünyadzadə küçəsi, 10 saylı evin 35 saylı mənzilinə olan istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X7 izahat verərək bildirdi ki, iddiaçı onun həyat yoldaşıdır. Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Bünyadzadə küçəsi, 10 saylı evin 35 saylı mənzili mülkiyyət hüququ əsasında iddiaçıya məxsusdur və həmin mənzil daşınmaz əmlakın dövlət reyestrində iddiaçının adına xüsusi mülkiyyət kimi qeydiyyata alınmışdır. Cavabdehlər əvvəllər eyni binanın qonşu mənzilində yaşamış və 2006-cı ildə özlərinə məxsus mənzili satmışlar. Həmin vaxt cavabdehlər müvəqqəti qeydiyyata düşmək üçün iddiaçıdan xahiş etmiş və iddiaçı onların xahişini qəbul etmişdir. Cavabdehlər formal olaraq qeydiyyata alınmış, heç vaxt mənzildə yaşamamış və bir müddət sonra daimi yaşamaq üçün İsrailə köçmüşlər. Cavabdehlərin iddiaçıya məxsus mənzillə heç bir əlaqələri yoxdur. Cavabdehlərin iddiaçıya məxsus mənzildə formal olaraq qeydiyyatda qalmaları onun üçün bir sıra problemlər yaradır. Belə ki, bu hal onun mənzil üzərində sahiblik, sərəncam və istifadə hüquqlarının pozulmasına səbəb olur, həmçinin əlavə kommunal xərclər ödəmək məcburiyyətində qalır ki, bu da onun maddi vəziyyətini çətinləşdirir. Bu səbəbdən iddiaçı məcburiyyət qarşısında qalaraq iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Hazırda o, məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş edir. Cavabdehərin faktiki olduğu yer məlum olmadığından və onların məlum olan sonuncu yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanının məhkəmə bildirişini aldığını təsdiq edən qeyd yazılmış məhkəmə bildirişi məhkəməyə daxil olduğundan, məhkəmə Azərbaycan Respublikasının MPM-nin 147-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə, izahatı dinləyib, iş materiallarında olan sənədləri tədqiq edərək belə qənaətə gəlir ki, iddia tələbi aşağıdakı əsaslara görə əsaslı hesab edilərək təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı, ******* saylı çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, D.Bünyadzadə küçəsi, 10 saylı evin 35 saylı mənzili İddiaçı xüsusi mülkiyyətindədir və bu barədə 2368 nömrəli reyestr kitabının 220546 nömrəli vərəqində ********** nömrəsi ilə xx.xx.2015-ci il tarixində qeydiyyat aparılmışdır. İş materiallarında olan Qaradağ rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi 150 saylı Mənzil-Kommunal İstismar Sahəsi tərəfindən İddiaçı verilmiş 946 saylı Forma-2 arayışından görünür ki, İddiaçı Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Bünyadzadə küçəsi, 10 saylı evin 35 saylı mənzilində yaşayır. Həmin mənzildə İddiaçı özü, X7, X4, X5, Cavabdeh1, Cavabdeh3 Vyaçeslavovna və Cavabdeh2 Semyonovna qeydiyyatdadırlar. İş materiallarında olan qonşular X6, X2, X1 tərəfindən imzalanmış xx.xx.2020-ci il tarixli aktdan görünür ki, Cavabdeh1, Cavabdeh3 Vyaçeslavovna və Cavabdeh2 Semyonovna Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Bünyadzadə küçəsi, 10 saylı evin 35 saylı mənzilində qeydiyyatda olsalar da, həmin mənzildə heç vaxt yaşamıyıblar və hal-hazırda yaşamırlar. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyaya Əlavə 1 saylı Protokolun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz əmlakından məhrum edilə bilməz. Məhkəmə, iş üzrə sübutlara əsasən müəyyən edir ki, cavabdehlər hazırda iddiaçının mənzilində formal olaraq qeydiyyatdadırlar, faktiki olaraq orada yaşamırlar. Cavabdehlər mənzildə formal olaraq qeydiyyatda qaldığından, iddiaçı onların əvəzinə kommunal xidmətlərə görə xərc çəkir, bu da onun maddi vəziyyətini çətinləşdirir, eyni zamanda mülkiyyətçi kimi hüquqlarını məhdudlaşdırır. Digər tərəfdən, cavabdehlərin mənzildə formal olaraq qeydiyyatda qalması “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun tələblərinə də ziddir. Belə ki, həmin Qanunun 5-ci maddəsinə əsasən, yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 (on) gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət etməlidir. Ona görə də cavabdehlərin həmin mənzilin yaşayış sahəsindən istifadə hüququ itirilmiş hesab olunmalı və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinə əsasən cavabdehlər həmin mənzildən qeydiyyatdan çıxarılmalıdır. Beləliklə, məhkəmə iş üzrə sübutlara məcmu halında hüquqi qiymət verərək və sadalanan hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh3 Vyaçeslavovnanın və Cavabdeh2 Semyonovnanın İddiaçı məxsus Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, D.Bünyadzadə küçəsi, 10 saylı evin 35 saylı mənzilinə olan istifadə hüquqlarına xitam verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : Fuad Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar