Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-2261/2020 02.11.2020 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Fuad Ələsgər oğlunun sədrliyi, Əsədov Cavid Həbib oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mənzilə istifadə hüquqlarına xitam verilməsi tələbi barədə iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mənzilə istifadə hüquqlarına xitam verilməsi tələbi barədə iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh1 və Cavabdeh2 iddiaçıya məxsus Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 4-cü massiv, 85 saylı evdən istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı izahat verərək bildirdi ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 4-cü massiv, 85 saylı ev xx.xx.2006-cı il tarixdə daşınmaz əmlakın dövlət reyestrindən onun adına qeydiyyatdan keçməklə mülkiyyətindədir. Cavabdehlər onun uzaq qohumları olmaqla işə düzəlmək üçün müvəqqəti olaraq onun evinə qeydiyyata düşmüş, lakin heç vaxt ona məxsus evdə yaşamamışlar. Hazırda cavabdehlərin əvəzinə artıq məbləğdə kommunal xidmət haqları ödəyir, buna görə də maddi vəziyyəti çətinləşir, eyni zamanda mülkiyyətçi kimi hüquqları məhdudlaşır. Bu səbəbdən məcburiyyət qarşısında qalaraq iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Hazırda o, məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş edir. Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə qanunamüvafiq qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, lakin ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, iddianı qəbul edir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Digər Cavabdeh1 faktiki olduğu yer məlum olmadığından və onun məlum olan sonuncu yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanının məhkəmə bildirişini aldığını təsdiq edən qeyd yazılmış məhkəmə bildirişi məhkəməyə daxil olduğundan, məhkəmə Azərbaycan Respublikasının MPM-nin 147-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə, iddiaçının izahatını dinləyib, iş materiallarında olan sənədləri tədqiq edərək belə qənaətə gəlir ki, iddia tələbi aşağıdakı əsaslara görə əsaslı hesab edilərək təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş MH seriyalı, ******* nömrəli çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 4-cü massiv, 85 saylı ev İddiaçı xüsusi mülkiyyətindədir və bu barədə 17 nömrəli reyestr kitabının 1734 nömrəli vərəqində xx.xx.2006cı il tarixdə qeydiyyat aparılmışdır. İş materiallarında olan Qaradağ rayonu İcra Hakimiyyəti Başçısının Lökbatan qəsəbəsi üzrə nümayəndəliyi tərəfindən İddiaçı verilmiş 10 saylı, xx.xx.2020-ci il tarixli Forma-2 arayışından görünür ki, İddiaçı Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 4-cü massiv, 85 saylı evdə qeydiyyatdadır. Həmin mənzildə İddiaçı özü, X3, X2, Cavabdeh1 və Cavabdeh2 qeydiyyatdadırlar. İş materiallarında olan qonşular X4, X6, X1 tərəfindən imzalanmış və Qaradağ RİHB-nın Lökbatan qəsəbəsi İƏD üzrə nümayəndəliyi tərəfindən təsdiq edilmiş aktdan görünür ki, həqiqətən Cavabdeh1 və Cavabdeh2 Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 4-cü massiv, 85 saylı evdə qeydiyyatda olmalarına baxmayaraq yaşamırlar. İş materiallarında olan Cavabdeh2 tərəfindən Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə ünvanlanmış xx.xx.2020-ci il tarixli ərizənin surətindən görünür ki, Cavabdeh2 iddianı qəbul edir və qeydiyyatdan çıxmağa razıdır. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyaya Əlavə 1 saylı Protokolun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz əmlakından məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ -subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Məhkəmə, iş üzrə sübutlara əsasən müəyyən edir ki, cavabdehlər hazırda iddiaçının evində formal olaraq qeydiyyatdadırlar, faktiki olaraq orada yaşamırlar. Cavabdehlər evdə formal olaraq qeydiyyatda qaldıqlarından, iddiaçı onların əvəzinə kommunal xidmətlərə görə xərc çəkir, həmçinin mülkiyyətçi kimi hüquqları məhdudlaşdırılır. Məhkəmə iclasında həmçinin müəyyən edildi ki, cavabdehlərin daşınmaz əmlakın dövlət reyestrində hər hansı hüquqları qeydə alınmadığından, habelə onlar mülkiyyətçi olan iddiaçının ailə üzvləri olmadığından və onunla birgə yaşamadığından, onların hüquqi vəziyyəti Mülki Məcəllənin 228.1 və 228.5-ci maddələrində nəzərdə tutulmuş qanuni şərtlərə uyğun deyildir və cavabdehlərin mənzilin yaşayış sahəsindən istifadə hüquqları hazırda mövcud olmadığından, iddia tələbi əsaslı hesab edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.1-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.5-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Digər tərəfdən, cavabdehlərin iddiaçıya məxsus evdə qeydiyyatda qalmaları “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun tələblərinə ziddir. Belə ki, həmin Qanunun 5-ci maddəsinə əsasən, yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət etməlidir. Ona görə də cavabdehlərin həmin evin yaşayış sahəsindən istifadə hüquqlarına xitam verilməli və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinə əsasən cavabdehlər həmin evdən qeydiyyatdan çıxarılmalıdır. Beləliklə, məhkəmə iş üzrə sübutlara məcmu halında hüquqi qiymət verərək və sadalanan hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh1 və Cavabdeh2 İddiaçı məxsus Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 4-cü massiv, 85 saylı evdən istifadə hüquqlarına xitam verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : Fuad Hüseynov
Məhkəmə qərarları › İş №2(002)-2261/2020
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-2261/2020
02.11.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver