Məhkəmə qərarları › İş №2(002)-2269/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-2269/2025

10.09.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-2269/2025 10.09.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdeh2 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Salyan rayon Mənzil-İstismar Hissəsinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh5 və Cavabdeh4 qarşı «orderin etibarsız hesab edilməsi və mənzildən çıxarılma» tələblərinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Salyan rayon Mənzil-İstismar Hissəsi Cavabdeh1 qarşı «mənzildən çıxarılma» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 Ələt Hərbi Şəhərciyində yerləşən, ümumi sahəsi 25 m2 olan 2 otaqlı 178 nömrəli Fin tipli evdən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan, iddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Salyan rayon Mənzil-İstismar Hissəsi Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh5, Cavabdeh4 və Cavabdeh3 Ələt Hərbi Şəhərciyində yerləşən, ümumi sahəsi 25 m2 olan 2 otaqlı 178 nömrəli Fin tipli evdən çıxarılmaları barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra, iddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Salyan rayon Mənzil-İstismar Hissəsi Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, Salyan rayon Mənzil-İstismar Hissəsi tərəfindən Cavabdeh1 verilmiş xx.xx.2006-cı il tarixli 276 nömrəli orderin etibarsız hesab edilməsi və cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh5, Cavabdeh4 və Cavabdeh3 Ələt Hərbi Şəhərciyində yerləşən, ümumi sahəsi 25 m2 olan 2 otaqlı 178 nömrəli Fin tipli evdən məcburi qaydada çıxarılmaları barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh3 xx.xx.2007-ci il təvəllüdlü olmaqla yetkinlik yaşına çatmadığından, atası (cavabdeh) Cavabdeh2 onun qanuni nümayəndəsi kimi mülki işə cəlb edilmişdir. İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Salyan rayon Mənzil-İstismar Hissəsi iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Qaradağ rayonu Ələt qəsəbəsində yerləşən hərbi şəhərcik onların balansındadır. Burada yerləşən bütün mənzillər xidmətidir, hərbçi ailələrinin yaşaması üçün nəzərdə tutulmuşdur. xx.xx.2006-cı il tarixdə Cavabdeh1 Ələt hərbi şəhərciyində yerləşən ümumi sahəsi 25 m2 olan 2 otaqlı 178 nömrəli Fin tipli xidməti yaşayış evi verilmişdir. Daha sonra Cavabdeh1 Bakı şəhəri Suraxanı rayonunda yerləşən Hövsan yaşayış kompleksində 5 nömrəli binanın 139 nömrəli mənzili ilə təmin olunmasına baxmayaraq o, xx.xx.2006-cı il tarixdə Ələt hərbi şəhərciyində verilmiş ümumi sahəsi 25 m2 olan 2 otaqlı 178 nömrəli Fin tipli xidməti yaşayış evini Salyan rayon mənzil istismar hissəsinə təhvil verməmişdir. O, hal-hazırda həmin mənzildə yaşamır. Mənzili başqalarının qanunsuz istifadəsinə vermişdir. Cavabdeh1 xidməti mənzili təhvil verməsi barədə dəfələrlə xəbərdarlıq olunmuş, lakin o, tələblərə əməl etməmişdir. İddiaçının nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh2 məhkəmə iclasında iddia tələbini qəbul etmədi, iddianın əsassız olduğunu bildirdi və məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, digər cavabdehlər məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə digər cavabdehlərin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə qeyd edir ki, mübahisəli mənzil Cavabdeh1 Azərbaycan Respublikasının 1982-ci il 8 iyul tarixli Mənzil Məcəlləsinin qüvvədə olduğu müddətdə (xx.xx.2006-cı il tarixdə) verilmiş, bu mənzildən istifadə 2009-cu il 30 iyun tarixdə qəbul edilmiş yeni Mənzil Məcəlləsinin qüvvədə olduğu müddətdə davam etmişdir. Buna görə də, iddiaya hər iki Məcəllənin müddəalarına əsasən hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikasının 1982-ci il 8 iyul tarixi Mənzil Məcəlləsinin 100-cü maddəsinə görə xidməti yaşayış sahəsi əmək münasibətlərinin xarakterinə görə iş yerində və ya onun yaxınlığında yaşamalı olan vətəndaşların köçməsi üçündür. Yaşayış sahəsi xidməti yaşayış sahəsi sırasına rayon, şəhər, şəhərdə rayon xalq deputatları Soveti icraiyyə komitəsinin qərarı ilə daxil edilir. Xidməti yaşayış sahəsi kimi, bir qayda olaraq, ayrıca mənzil ayrılır. Həmin Məcəllənin 104-cü maddəsinə görə müəssisə, idarə, təşkilat ilə əmək münasibətlərini kəsmiş fəhlələr və qulluqçular, habelə kolxoz üzvlüyündən xaric edilmiş və ya kolxozdan öz arzusu ilə çıxmış vətəndaşlar onlarla bir yerdə yaşayan bütün şəxslərlə birlikdə digər yaşayış sahəsi verilmədən xidməti yaşayış sahəsindən çıxarılmalıdırlar. Qüvvədə olan Azərbaycan Respubikasının 2009-cu il 30 iyun tarixi Mənzil Məcəlləsinin 92-ci maddəsinə görə xidməti yaşayış sahələri əmək münasibətlərinin xarakterinə görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi hallarda və qaydada dövlət orqanına və bələdiyyələrə seçilmə və ya vəzifəyə təyin edilmə, dövlət qulluğunda qulluqkeçmə, hüquq-mühafizə və hərbi orqanlarda xidmətkeçmə, habelə dövlət müəssisələrində əmək fəaliyyəti ilə əlaqədar və qanunvericiliklə müəyyən edilmiş digər kateqoriyalardan olan şəxslərə verilir. Həmin Məcəllənin 98.1-ci maddəsinə görə ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsi üçün əvəzsiz istifadə müqavilələri əsasında verilən yaşayış sahələri istisna olmaqla, xüsusi təyinatlı yaşayış sahələri onların mülkiyyətçilərinin (mülkiyyətçilərin adından çıxış edən səlahiyyətli dövlət orqanı və ya bələdiyyələrin) və ya onların səlahiyyətli şəxslərinin qərarları ilə xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqavilələri əsasında verilir. Həmin Məcəllənin 99.3-cü maddəsinə görə xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsində müqavilənin predmeti, xüsusi təyinatlı yaşayış sahəsindən istifadə üzrə tərəflərin hüquq və vəzifələri müəyyən edilir. Həmin Məcəllənin 99.4-cü maddəsinə görə xüsusi təyinatlı yaşayış sahəsinin kirayəçisi kirayəyə götürülmüş yaşayış sahəsini dəyişdirə, habelə digər şəxslərin istifadəsinə verə bilməz. Həmin Məcəllənin 100.1-ci maddəsinə görə xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi tərəflərin razılaşması ilə istənilən vaxt ləğv edilə bilər. Həmin Məcəllənin 100.3-cü maddəsinə görə kirayəçi və onunla birgə yaşayan ailə üzvləri tərəfindən xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi üzrə vəzifələr yerinə yetirilmədikdə, habelə bu Məcəllənin 82-ci maddəsində nəzərdə tutulmuş digər hallarda xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi kirayəyə verənin tələbi ilə məhkəmə qaydasında ləğv edilə bilər. Həmin Məcəllənin 102.1-ci maddəsinə görə xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqavilələri ləğv edildikdə və ya onlara xitam verildikdə, vətəndaşlar həmin müqavilələr əsasında kirayəyə götürdükləri yaşayış sahələrini boşaltmalıdır. Həmin yaşayış sahələrini boşaltmaqdan imtina edildikdə, bu Məcəllənin 101.2-ci və 102.2-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, vətəndaşlar başqa yaşayış sahəsi verilmədən məhkəmə qaydasında yaşayış sahəsindən çıxarılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 6 may tarixli, 86 nömrəli qərarı ilə təsdiq dilmiş “Xidməti yaşayış sahələrinin verilməsi halları və Qaydası”nın 3.2ci bəndinə görə kirayə müqaviləsi əsasında xidməti yaşayış sahəsindən istifadəyə dair Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 64-cü, 66.3-cü, 66.4-cü və 68-ci maddələrində nəzərdə tutulmuş qaydalar tətbiq edilir. Qüvvədə olan Mənzil Məcəlləsinin 66.3.6-cü maddəsinə görə kirayəçi sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsindən istifadə etməyə hüquq verən əsasların və halların dəyişməsi barədə müqavilə ilə nəzərdə tutulmuş müddətdə kirayə verəni məlumatlandırmaq vəzifəsi daşıyır. Məhkəmədə müəyyən olundu ki, xx.xx.2006-cı il tarixdə Cavabdeh1 hərbi şəhərcikdə yerləşən ümumi sahəsi 25 m2 olan 2 otaqlı 178 nömrəli Fin tipli xidməti yaşayış evi verilmişdir. Bundan sonra o, Bakı şəhəri Suraxanı rayonunda yerləşən Hövsan yaşayış kompleksində 5 nömrəli binanın 139 nömrəli mənzili ilə təmin olunmuşdur. Buna baxmayaraq o, bu barədə Salyan rayon mənzil istismar hissəsinə məlumat verməmiş və ona xx.xx.2006-cı il tarixdə Ələt hərbi şəhərciyində verilmiş ümumi sahəsi 25 m2 olan 2 otaqlı 178 nömrəli Fin tipli xidməti yaşayış evini Salyan rayon mənzil istismar hissəsinə təhvil verməmişdir. Məhkəmə hesab edir kı, yuxarıda göstərilən hal Ələt hərbi şəhərciyində ümumi sahəsi 25 m2 olan 2 otaqlı 178 nömrəli Fin tipli xidməti mübahisəli evə dair Cavabdeh1 order verilən zaman qüvvədə olmuş 1982-ci il 8 iyul tarixli Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 49-cu maddəsinə əsasən həmin orderin etibarsız hesab edilməsi üçün əsas sayılır. Həmin maddəyə görə mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacları haqqında vətəndaşların həqiqi vəziyyətə uyğun gəlməyən məlumat təqdim etdikləri, orderdə göstərilmiş yaşayış sahəsi üçün başqa vətəndaşların və ya təşkilatların hüquqlarının pozulduğu, yaşayış sahəsi verilməsi məsələsinin həllində vəzifəli şəxslərin hüquqa uyğun olmayan hərəkətlər etdikləri hallarda, habelə yaşayış sahəsi verilməsi qaydasının və şərtlərinin pozulduğu başqa hallarda yaşayış sahəsi orderi məhkəmə qaydasında etibarsız hesab oluna bilər. Məhkəmə xidməti mənzil sahəsinin verilməsi şərtlərinin, yəni Cavabdeh1 sonralar Bakı şəhəri Suraxanı rayonunda yerləşən Hövsan yaşayış kompleksində 5 nömrəli binanın 139 nömrəli mənzili ilə təmin olunması, onun, bu barədə Salyan rayon mənzil istismar hissəsinə məlumat verməməsi və ona xx.xx.2006-cı il tarixdə Ələt hərbi şəhərciyində verilmiş ümumi sahəsi 25 m2 olan 2 otaqlı 178 nömrəli Fin tipli xidməti yaşayış evini Salyan rayon mənzil istismar hissəsinə təhvil verməməsi mübahisəli mənzilə dair order verildikdə mənzillə təmin edilməsinin normativ-standart şərtlərindən biri olmuşdur. Cavabdeh1 bu şərtə əməl etməmişdir. Müəyyən edildiyi kimi, Cavabdeh1 yaşayış sahəsi ilə təmin olunmasına baxmayaraq, xidməti evi boşaltmır, bununla qanunvericiliyin tələblərini pozmaqla yanaşı, xidməti mənzilə ehtiyacı olan hərbçilərin mənafeyinə xələl gətirir. Yuxarıda şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Salyan rayon Mənzil-İstismar Hissəsinin iddia tələbləri qanuni və əsaslı olduğu üçün təmin edilməli, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Salyan rayon Mənzil-İstismar Hissəsi tərəfindən Cavabdeh1 verilmiş xx.xx.2006-cı il tarixli 276 nömrəli order etibarsız hesab edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh5 və Cavabdeh4 yetkinlik yaşına çatmamış ailə üzvləri Cavabdeh3 ilə birlikdə Ələt Hərbi Şəhərciyində yerləşən, ümumi sahəsi 25 m2 olan 2 otaqlı 178 nömrəli Fin tipli evdən çıxarılmalı, həmin ev Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Salyan rayon Mənzil- İstismar Hissəsinə təhvil verilməlidir. İddiaçı «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.14-cü maddəsinə əsasən dövlət rüsumu ödəməkdən azaddır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Salyan rayon Mənzil-İstismar Hissəsi tərəfindən Cavabdeh1 verilmiş xx.xx.2006-cı il tarixli, 276 nömrəli order etibarsız hesab edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh5 və Cavabdeh4 yetkinlik yaşına çatmamış ailə üzvləri Cavabdeh3 ilə birlikdə Ələt Hərbi Şəhərciyində yerləşən, ümumi sahəsi 25 m2 olan 2 otaqlı 178 nömrəli Fin tipli evdən çıxarılsınlar. Həmin ev Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Salyan rayon Mənzil- İstismar Hissəsinə təhvil verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Kamran Əsədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar