Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-2282/2021 12.08.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, Ərizəçinin nümayəndəsi Nümayəndə iştirakı ilə, Ərizəçi «qohumluq və miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Bakı şəhəri Qaradağ rayon Qeydiyyat şöbəsini və Bakı şəhəri 8 saylı Notariat Ofisini maraqlı şəxs qismində qeyd edib, «qohumluq və miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi» tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, «X7» ilə «X5»nın onun anası olması və övladı olaraq ünvan 1, mənzil 1-in miras kimi onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanda yerləşən 1 saylı mənzil rəhmətlik anası X4 mülkiyyətində olmuşdur. Sağlığında hər hansı vəsiyyətnamə verməmişdir. Rəhmətə getdikdən sonra qızı kimi vərəsəlik qaydasında miras əmlak olan mənzili qəbul etmiş və əmlaka faktiki yiyələnmişdir. Mənzilə öz qızını oğulları ilə birlikdə qeydiyyata aldırmışdır. Mənzili vərəsəlik qaydasında rəsmiləşdirmək məqsədi ilə 8 saylı Notariat Kontoruna müraciət etdikdə, notarius qohumluq əlaqəsini təsdiq edən sənədlər təqdim etmədiyi və əmlakı faktiki qəbul etmə barədə sənədlər təqdim etmədiyini əsas gətirərək vərəsəlik şəhadətnaməsi verməkdən imtina etmişdir. Halbuki, ona anadan olandan sonra həmin vaxt atasının soyadına uyğun «Kanavalova» soyadı verilmiş, anası X7 isə atası rəhmətə gedəndən sonra ərə getməklə ərinin soyadına uyğun olaraq «Kolesnikova» soyadını qəbul etmişdir. Onun doğumu barədə şəhadətnamədə anasının adı, soyadı və ata adı X7 kimi qeyd edilmişdir. O da ərə getməklə «Pavlova» soyadı qəbul etmişdir və qeydiyyatda olan qızı da həmin vaxt anadan olmaqla, Pavlova soyadını qəbul etmişdir. Lakin daha sonra yenidən ərə getməklə Smirnova soyadını qəbul etmişdir. Qeyd edilənlər əldə olan müəyyən sənədlərlə təsdiq olunsa da, digər sənədləri, məsələn nikaha aid sənədləri notariat orqanına təqdim edə bilmədiyindən, vərəsəlik şəhadətnaməsi almaq imkanından məhrum olmuşdur. Ərizəçinin nümayəndəsi Nümayəndə məhkəmə iclasında ərizəni müdafiə etdi, ərizənin məzmununa uyğun izahat verdi və məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Maraqlı şəxslər Bakı şəhəri Qaradağ rayon Qeydiyyat şöbəsinə və Bakı şəhəri 8 saylı Notariat Ofisinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlmat verilməsinə baxmayaraq, maraqlı şəxslərin nümayəndələri məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxslərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin nümayəndəsinin izahatını, şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə aşağıdakılara görə təmin edilməlidir. Belə ki, şahid X2 ifadə verərək bildirdi ki, ərizəçinin qonşusudur. Ərizəçigilin ailəsini yaxından tanıyır. Ərizəçi anası Marfa xanımla qonşuluqda yaşayırdılar. Marfa xanım vəfat edənə qədər Qalina anası ilə birgə yaşayırdı. Marfa xanım vəfat edəndən sonra, Qalina xanım anasına yas verdi, anasını dəfn etdirdi. Qonşular yas mərasimində iştirak ediblər. Qalina Marfanın qızıdır, bunu qonşuların hamısı bilir. Qalina Marfa xanımın yasından sonra da həmin mənzildə qalır. Marfadan miras qalan mənzili faktiki olaraq Qalina xanım qəbul edib. Mənzilin qeydinə qalır, kommunal xərcləri ödəyir. Qalina xanımın qızı və nəvələri də həmin mənzildə yaşayırlar. X1 ifadə verərək bildirdi ki, o, Qalina xanımgilin qonşusudur. Qonşu kimi birbirilərini, bir-birilərinin ailələrini tanıyırlar. Qalina xanım anası Marfa xanımla yaşayırdı. Marfa xanım vəfat edəndən sonra da, Qalina anasından qalan miras əmlakı qəbul edərək, orada yaşayır. Marfanın yasını Qalina verib. Qonşular yasda iştirak ediblər. Marfa əvvəllər iki dəfə ərdə olub, hər dəfə də ərinin soyadına keçib. Ona görə də, Marfa xanımı həm Kolesnikova, həm Konovalova kimi tanımışlar. Qalina Marfanın qızıdır. Qalinanın Marfa xanımın qızı olmasını bütün qonşular bilir. İş materiallarına əlavə olunmuş sənədlər toplusundan görünür ki, Ərizəçi 21 avqust 1937-ci il tarixdə doğulmuşdur. Doğularkən soyadı Konovalova olmuşdur. X10 Leontyeviç (05 sentyabr 1942-ci ildə X9 zamanı həlak olub), anası X8 (02 sentyabr 1997-ci il tarixdə Bakı şəhərində kəskin ürək-damar çatmamazlığından vəfat edib) olmuşdur. Ərizəçi öncələr Pavlov soyadlı şəxslə rəsmi nikaha daxil olaraq, ərinin soyadını – Pavlova soyadını qəbul etmişdir. Qalina Pavlovna ikinci dəfə Smirnov soyadlı şəxslə rəsmi nikaha daxil olmuş, ərinin soyadını – Smirnova soyadını götürmüşdür. Ərizəçinin anası X8 da ərinin ölümündən sonra digər şəxslə rəsmi nikaha daxil olaraq, ərinin soyadına uyğun – Kolesnikova soyadı qəbul etmişdir. İş materiallarına əlavə olunmuş Bakı şəhəri 8 saylı Notariat Ofisinin 12 oktyabr 2020-ci il tarixli, 1549 saylı məktubundan göründüyü kimi, Ərizəçi 02.09.1997-ci il tarixdə vəfat etmiş X4 ölümündən sonra miras qalmış əmlakla bağlı 21.08.2020-ci il tarixdə Bakı şəhəri 8 saylı notariat ofisinə etdiyi müraciətə cavab olaraq bildirilmişdir ki, 103/2020 saylı vərəsəlik işi açılmışdır. Lakin qohumluq əlaqəsini təsdiq edən sənədlər və əmlakı faktiki qəbul etməsi barədə sənədlər təqdim etmədiyinə görə, həmçinin qanunvericilikdə nəzərdə tutulan müddəti ötürdüyündən müvafiq məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. İş materiallarına əlavə olunmuş Bakı şəhəri Tİ və MHQİ tərəfindən verilmiş 12 yanvar 1999-cu il tarixli, MH seriyalı 184942 saylı qeydiyyat vəsiqəsindən görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 28 May küçəsi, dalan 1, ünvanda yerləşən 8 saylı evin 1 saylı mənzili xüsusi mülkiyyət kimi X4 adına hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə 08 saylı reyestr kitabının 1272-ci səhifəsində müvafiq qeyd yazısı aparılmışdır. İş materiallarına əlavə olunmuş arayışlardan görünür ki, Ərizəçi qeydiyyatsız şəkildə anasından miras qalmış Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 28 May küçəsi, dalan 1 ünvanda yerləşən 8 saylı evin 1 saylı mənzilində yaşayır. Həmin mənzildə həmçinin ərizəçinin qızı Nümayəndə və sonuncunun iki oğlu qeydiyyatdadırlar. İş materiallarına əlavə olunmuş 16 oktyabr 2020-ci il tarixdə tərtib edilmiş aktdan görünür ki, ərizəçi 1980-ci ildən həmin anasından miras qalmış mənzildə yaşayır. Ərizəçinin qızı öz övladları ilə birlikdə həmin mənzildə qeydiyyatdadır. Azərbaycan Respublikası MPM-in 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Həmin Məcəllənin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.1 və 307.2.9-cu maddələrinə əsasən məhkəmə şəxslərin qohumluq münasibətlərinin; mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyətli olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Beləliklə, iş materialları ilə tam sübuta yetirildi ki, Marfa Danilovna (birinci nikahda olarkən Konovalova, ikinci nikahda olarkən Kolesnikova) Ərizəçi anası olmaqla, Marfa Danilovnadan miras qalmış ünvan 1 ünvanda yerləşən 1 saylı mənzil onun qızı Ərizəçi tərəfindən qəbul edilmişdir. Ərizəçi yuxarıda qeyd olunan faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilmir və bu səbəbdən hazırkı iş üzrə ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, Marfa Danilovnanın (birinci nikahda olarkən Konovalova, ikinci nikahda olarkən Kolesnikova) Ərizəçi anası olmaqla, Marfa Danilovnadan miras qalmış ünvan 1 ünvanda yerləşən 1 saylı mənzilin onun qızı Ərizəçi tərəfindən qəbul edilməsinə dair hüquqi əhəmiyyəti olan faktlar müəyyən edilməlidir. Ödənilmiş 10 manat dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Marfa Danilovnanın (birinci nikahda olarkən Konovalova, ikinci nikahda olarkən Kolesnikova) Ərizəçi anası olmaqla, Marfa Danilovnadan miras qalmış ünvan 2 ünvanda yerləşən 1 saylı mənzilin onun qızı Ərizəçi tərəfindən qəbul edilməsinə dair hüquqi əhəmiyyəti olan faktlar müəyyən edilsin. Hazırkı məhkəmə qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Ödənilmiş 10 manat dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: KAMRAN ƏSƏDOV
Məhkəmə qərarları › İş №2(002)-2282/2021
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-2282/2021
12.08.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı - Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver