Məhkəmə qərarları › İş №2(037)-530/2025

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-530/2025

28.08.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı - Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-530/2025 28.08.2025 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Məhərəmov Şəfayət Bağı oğlunun katibliyi ilə Ərizəçi iştirakı ilə Ərizəçi İsmayıllı rayon Notariat Ofisini maraqlı şəxs qismində cəlb etdiyi qohumluq münasibətlərinin və mirasın qəbul edilməsi faktlarının müəyyən olunması ərizəsinə dair mülki işə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi (bundan sonra ərizəçi) ərizə ilə müraciət edərək X6 onun nənəsi olması, 27 fevral 2002-ci il tarixdə İsmayıllı rayon Aşıqbayram kəndində vəfat etmiş X1 miras qalmış İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 15 yanvar 1998-ci il tarixli 37 nömrəli qərarı ilə verilmiş JN-084F Kod 40718028 nömrali “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməyə əsasən İsmayıllı rayonu Aşıqbayramlı kəndi ünvanında yerləşən 0,19 hektar həyətyanı torpaq sahəsindən və həmin torpaq sahəsində yerləşən 1989-cu ilin iyun ayında 433 invertar nömrəsi ilə qeydə alınmış “Fərdi yaşayış fonduna aid yaşayış evinin texniki pasportu”na əsasən İsmayıllı rayonu Aşıqbayramlı kəndi ünvanında yerləşən 1920ci ildə inşa edilmiş tikinti altı sahəsi 215,4 kv.metr, ümumi yaşayış sahəsi 79,6 kv.metr olan 2 otaqlı fərdi yaşayış evindən ibarət miras əmlakın tam şəkildə onun tərəfindən qəbul edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçinin İsmayıllı rayon Aşıqbayramlı kəndində yaşamış X3nın nikahından tək övladı olmuş Həmidova (Mikayılova) Əminə Salam qızı doğulmuşdur. X3 27 fevral 2002-ci ildə, anası Həmidova (Mikayılova) Əminə Salam qızı isə 01 dekabr 2009-cu ildə vəfat etmişdir. Valideynlərinin ondan başqa Siyafət, 28 fevral 1952-ci il tarixdə Nazim, 02 may 1953-cü il tarixdə Hamid və 06 mart 1955-ci il tarixdə Humay adlı övladları doğulmuşdur. Qardaşı SiyƏrizəçi 18 mart 2004-cü il tarixdə vəfat etmişdir. Nənəsi Gülnar vəfat etdiyi günə qədər ərizəç ilə bir ailədə yaşamışdır. X1 İsmayıllı rayonun Aşıqbayramlı kəndində 0,19 hektar həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən bir mərtəbəli kürsülü fərdi yaşayış evi miras qalmışdır. Nənəsinin dəfn və hüzur mərasimlərinin xərcini digər nəvələri ilə birlikdə ərizəçi çəkmiş, qəbir daşını düzəltdirmişlər. Nənəsindən miras qalan əmlakları ərizəçi faktiki qəbul edərək sahiblik və istifadə edərək idarə edir. Torpaq vergisini ödəyir. X6 nənəsi olması faktını ailə üzvləri, yaxın qohumları və həmyerliləri də təsdiq edə bilərlər . X6 birinci və ikinci növbəli vərəsələri yoxdur. Miras əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün İsmayıllı rayon Notariat Ofisinə müraciət etmiş, lakin qohumluqlarını təsdiq edən sənəd olmadığından müraciəti təmin olunmamış, məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. X32 ilə qohumluq münasibətlərində olmasını təsdiq edən 01 dekabr 2009-cu il tarixdə vəfat etmiş mərhum anası Həmidova (Mikayılova) Əminə Salam qızının doğum haqqında şəhadətnaməsi olmadığından Gülnar Mikayılovanın vərəsəsi kimi ondan qalan miras əmlakı adına rəsmiləşdirə bilmir. İsmayıllı rayon İcra Hakimiyyəti Başçısının Aşıqbayramlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlik tərəfindən verilmiş 17 may 2011-ci il tarixli arayışda X14 X6 tək qız övladı olduğu, 30 avqust 2024-cü il tarixli 126 saylı arayışda isə X14 X23, X24, X20, X15 və Ərizəçi adlı övladları olduğu göstərilmişdir. Nənəsindən miras qalmış 0,19 hektar həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən bir mərtəbəli kürsülü fərdi yaşayış evindən ibarət əmlakların tam şəkildə onun tərəfindən qəbul edilməsi faktının müəyyən olunması başqa qaydada mümkün deyildir. Ona görə də X6 onun nənəsi olması, 27 fevral 2002-ci il tarixdə İsmayıllı rayon Aşıqbayram kəndində vəfat etmiş X1 miras qalmış İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 15 yanvar 1998-ci il tarixli 37 nömrəli qərarı ilə verilmiş JN-084F Kod 40718028 nömrali “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməyə əsasən İsmayıllı rayonu Aşıqbayramlı kəndi ünvanında yerləşən 0,19 hektar həyətyanı torpaq sahəsindən və həmin torpaq sahəsində yerləşən 1989-cu ilin iyun ayında 433 invertar nömrəsi ilə qeydə alınmış “Fərdi yaşayış fonduna aid yaşayış evinin texniki pasportu”na əsasən İsmayıllı rayonu Aşıqbayramlı kəndi ünvanında yerləşən 1920-ci ildə inşa edilmiş tikinti altı sahəsi 215,4 kv.metr, ümumi yaşayış sahəsi 79,6 kv.metr olan 2 otaqlı fərdi yaşayış evindən ibarət miras əmlakın tam şəkildə onun tərəfindən qəbul edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini müdafiə edərək əlavə olaraq göstərdi ki, nənəsinin bütün dəfn və hüzur mərasimlərinin xərcini çəkmişdir. Qəbir daşını düzəltdirmişdir. Evin və torpaq sahəsinin kommunal xərclərini və vergilərini ödəmişdir. Digər vərəsələr miras əmlakları qəbul etməmiş və miras əmlaklarla bağlı tələbləri yoxdur. Qeyd etdiklərini də nəzərə alaraq ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş edir. Maraqlı tərəf İsmayıllı rayon Notariat Ofisinə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq nümayəndə gəlməmişdir. Məhkəmə işə maraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan baxılmasını qərara almışdır. X7 ifadə verərək göstərdi ki, ərizəçi onun qardaşıdır. X3 vəfat etdiyi günədək ərizəçi ilə birlikdə yaşamışdır. Nənəsinin dəfn və hüzur mərasimlərinin xərclərini ərizəçi çəkmişdir. Ərizəçi nənəsindən miras qalmış əmlakları tam şəkildə qəbul edərək istifadə edir. Kommunal xərclərini, vergilərini ödəyir. Miras əmlaklarla bağlı aralarında mübahisə yoxdur. X8 ifadə verərək göstərdi ki, ərizəçi onun qardaşıdır. Onlar valideynləri ilə birlikdə Gülnar Mikayılovaya məxsus evdə yaşamışlar. O və digər qardaşları və bacısı ailə quraraq həmin evdən köçmüş, ərizəçi olan qardaşı Afət isə anası və nənəsi ilə birlikdə həmin evdə yaşamışlar. Nənəsinin dəfn və hüzur mərasimlərinin, qəbir daşının xərclərini ərizəçi çəkmişdir. Nənələrinin vəfatından sonra evin kommunal xərclərini, torpaq vergilərini ərizəçi ödəmişdir. Miras əmlaklara dair heç bir iddiası yoxdur. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: - AZE seriyalı 03525980 nömrəli şəxsiyyət vəsiqəsinin və İsmayıllı rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 17 may 2011-ci il tarixli arayışın surətlərindən görünür ki, X23 28 fevral 1952-ci il tarixdə İsmayıllı rayonu Aşıqbayram kəndində anadan olmuş, ata adı ananın dediyinə görə Qurban qeyd olunmuş, anası isə X16r. - İsmayıllı rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 17 may 2011-ci il tarixli arayışdan və AZE seriyalı 03663884 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X24 02 may 1953-cü il tarixdə İsmayıllı rayon Aşıqbayram kəndində anadan olmuş, İsmayıllı rayonun Aşıqbayramlı kəndində yaşayır. X5r, ata adı isə ananın dediyinə görə Qurban qeyd olunmuşdur. -AA seiyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X20 06 mart 1955-ci il tarixdə anadan olmuşdur. -ИЖ seiyalı 314008 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X20 06 mart 1955-ci il tarixdə İsmayıllı rayon Aşıqbayram kəndində anadan olmuş, atası X37 və X5r. - İsmayıllı rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş arayışdan və AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən surətindən görünür ki, Ərizəçi xx xxxxxx 1957-ci il tarixdə İsmayıllı rayon Aşıqbayram kəndində anadan olmuş, İsmayıllı rayonun Aşıqbayramlı kəndində yaşayır. X5r, ata adı qeyd olunmamışdır. -İsmayıllı rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 16 aprel 2024-cü il tarixli arayışın surətindən görünür ki, X31 ilə X17 arasında 01 avqust 1957-ci il tarixdə rəsmi nikah bağlanılmış, kişiyə Həmidov, qadına Həmidova soyadı verilmişdir. -AZ seriyalı 141437 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X12 27 fevral 2002-ci il tarixdə vəfat etmişdir. -AZ-İ seriyalı 068281 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X15 18 mart 2004-cü il tarixdə vəfat etmişdir. -AZ-İ seriyalı 362184 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X25 01 dekabr 2009-cu il tarixdə vəfat etmişdir. -İsmayıllı rayon İHB-nın Aşıqbayramlı İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 17 may 2011-ci il tarixli 210 nömrəli arayışın surətindən görünür ki, X6 X25 adında tək bir qızı olmuşdur. -İsmayıllı rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 18 may 2011-ci il tarixli arayışdan görünür ki, Aşıqbayram KİN və İsmayıllı rayon Qeydiyyat Şöbəsinin arxivində 1935-1940-cı illər üzrə doğum akt qeydiyyatı üzrə yoxlama aparılmışdır. Doğum haqqında akt qeydiyyatı kitabları 1935-ci ildən saxlanılmır. -İsmayıllı rayon İHB-nın Aşıqbayramlı İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 05 avqust 2024-cü il tarixli 131 nömrəli arayışın surətindən görünür ki, 27 fevral 2002-ci il tarixdə vəfat etmiş İsmayıllı rayon Aşıqbayramlı kənd İƏD üzrə nümayəndəliyin Aşıqbayramlı kəndində yaşamış X12 vəfat edərkən gəlini-X25, nəvəsi-X23, nəvəsi X24, nəvəsi X20, nəvəsi X29 adlı vərəsələri qalmışdır. -İsmayıllı rayon İHB-nın Aşıqbayramlı İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 30 avqust 2024-cü il tarixli 126 nömrəli arayışın surətindən görünür ki, 01 dekabr 2004-cü il tarixdə vəfat etmiş İsmayıllı rayon Aşıqbayramlı kənd İƏD üzrə nümayəndəliyin Aşıqbayramlı kəndində yaşamış X25 vəfat edərkən aşağıdakı vərəsələri qalmışdır. X21 oğlu, oğlu-X24, qızı-X20, oğlu-X29. -İsmayıllı rayon Dövlət Arxivi tərəfindən verilmiş 27 dekabr 2024-cü il tarixli 3-48- 23RA/2-G/16-192/2024 nömrəli arxiv arayışının surətindən görünür ki, İsmayıllı rayon Qeydiyyat Şöbəsinin 170 nömrəli Arxiv fondunda saxlanan 1930-1936-cı illərin doğum aktlarının bərpası kitablarında Həmidova (Mikayılova) Əminə Salam qızının 1936-cı ildə doğum aktı aşkar edilmədi. - İsmayıllı rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 12 mart 2025-ci il tarixli 3-16- 5/8-15-120/2025 nömrəli arayışdan görünür ki, X9 doğum haqqında akt qeydi 1935-1949cu illər İsmayıllı rayon Kürdmaşı kənd icra nümayəndəliyi üzrə və 1949-1954-cü illər bərpa akt qeydləri üzrə, habelə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemi üzrə yoxlanılmış və doğum haqqında akt qeydi aşkar olunmamışdır. - Ağsu rayonlararası Texniki İnventarlaşdırma bürosu tərəfindən verilmiş qeydiyyat vəsiqəsinin surətindən görünür ki, İsmayıllı rayonun Aşıqbayram kəndində iki otaqlı sahəsi 27,6 kv.m olan fərdi yaşayış evi 433 inventar nömrəsi ilə X6 adına qeydə alınmışdır. -Fərdi yaşayış fonduna aid yaşayış evinin texniki pasportun surətindən görünür ki, 1989-cu ilin iyun ayında İsmayıllı rayonun Aşıqbayramlı kəndində 0,19 ha həyətyanı torpaq sahəsi üzərində 1920-ci ildə inşa edilmiş tikinti altı sahəsi 215,4 kv.metr, ümumi yaşayış sahəsi 79,6 kv.metr olan 2 otaqlı fərdi yaşayış evi barədə X6 adına müvafiq sənəd hazırlanmışdır. -JN-084F Kod 40718028 olan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin surətindən görünür ki, İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 15 yanvar 1998-ci il tarixli 37 nömrəli qərarı ilə İsmayıllı rayon Aşıqbayramlı kəndi ərazisində X6 mülkiyyətinə 0,19 hektar həyətyanı torpaq sahəsi verilmişdir. -İsmayıllı rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 30 aprel 2025-ci il tarixli 3-16- 5/8-13-182/2025 nömrəli məktubdan görünür ki, X6 bacı və qardaşları, onların övladları haqqında “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və heç bir məlumat aşkar edilməmişdir. - İsmayıllı rayon İHB-nın Aşıqbayramlı İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 29 may 2025-ci il tarixli 5-544/2-17/2025 nömrəli məktubdan görünür ki, 27 fevral 2002-ci il tarixdə vəfat etmiş X2 rayon Aşıqbayramlı kəndində X11 və nəvəsilə birgə yaşamışdır. X11 01 dekabr 2009-cu ildə, nəvəsi X15 18 mart 2004-cü il tarixdə vəfat etmişlər. Hal hazırda yaşayan nəvələri X30, X20, X24 və Ərizəçi vardır. -İsmayıllı rayon Notariat Ofisi tərəfindən verilmiş 11 iyun 2025-ci il tarixli 405 nömrəli məktubdan görünür ki, ərizəçi 27 fevral 2002-ci il tarixdə vəfat etmiş X4 miras qalmış əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi üçün müraciət etmiş, qanunvericilikdə nəzərdə tutulmuş mirasın qəbulu üçün müəyyən edilmiş müddəti ötürdüyündən və mirasın faktiki qəbul olunması barədə sübutlar, qohumluq əlaqələrini təsdiq edən sənədlər təqdim olunmadığından müraciəti təmin olunmamış, məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. -Notarial qaydada təsdiq olunmuş 19 iyul 2025-ci il tarixli ərizədən görünür ki, X18 X1 miras qalan əmlakları qəbul etməmiş, həmin əmlaklara dair heç bir iddia tələbi yoxdur. -Notarial qaydada təsdiq olunmuş 19 iyul 2025-ci il tarixli ərizədən görünür ki, X10 X1 miras qalan əmlakları qəbul etməmiş, həmin əmlaklara dair heç bir iddia tələbi yoxdur. -Notarial qaydada təsdiq olunmuş 19 iyul 2025-ci il tarixli ərizədən görünür ki, X19 X1 miras qalan əmlakları qəbul etməmiş, həmin əmlaklara dair heç bir iddia tələbi yoxdur. -Notarial qaydada təsdiq olunmuş 19 iyul 2025-ci il tarixli ərizədən görünür ki, X20 X1 miras qalan əmlaklara dair istənilən əsaslarla ona çatası vərəsəlik payına dair hüquqlarını rəsmiləşdirmək istəmir və onu vərəsələr sırasına daxil etmədən vərəsəliyin rəsmiləşdirilməsinə etirazı yoxdur. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin olunmalıdır. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, ərizəçi xx xxxxxx 1957-ci il tarixdə İsmayıllı rayonun Aşıqbayram kəndində anadan olmuş, X5r. Ərizəçi doğularkən valideynlərinin rəsmi nikahları olmamışdır. Valideynlərinin birgə nikahlarıdan ərizəçinin üç qardaşı və bir bacısı doğulmuşdur. Ərizəçinin valideynləri nikahlarını 01 avqust 1957-ci il tarixdə rəsmiləşdirmişlər. Ərizəçinin anası X14 doğum haqqında şəhadətnaməsi tapılmamışdır. Ərizəçi valideynləri və ailə üzvləri ilə birlikdə X12 ilə bir evdə yaşamışlar. Ərizəçini qardaşları və bacısı ailə quraraq həmin evdən köçmüşlər. Ərizəçi isə valideynləri birlikdə Gülnar Mikayılovaya məxsus evdə yaşamışlar. X12 27 fevral 2002-ci il tarixdə, X15 18 mart 2004-cü il tarixdə, X25 isə 01 dekabr 2009-cu il tarixdə vəfat etmişlər. X4 İsmayıllı rayon Aşıqbayram kəndində 0,19 hektar həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən iki otaqlı fərdi yaşayış evi miras qalmışdır. Ərizəçi öz ailəsi ilə birlikdə Gülnar Mikayılovaya məxsus evdə yaşayır. X6 vəfatından sonra nəvələri - X23, X24, X20, X15 və Ərizəçi onun vərəsələridir. Gülnar Mikayılovanın dəfn və hüzur mərasiminin, həmçinin mərhumun qəbir daşının xərclərini ərizəçi çəkmişdir. X4 qalan 0,19 ha həyətyanı torpaq sahəsini və torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqdan ibarət yaşayış evini Ərizəçi miras əmlak kimi qəbul edərək idarə, sahiblik və istifadə etmiş, kommunal xərclərini və vergi borcunu ödəmişdir. Miras qoyan X4 miras qalan torpaq sahəsi və torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evini ərizəçi miras əmlak kimi faktiki olaraq qəbul edərək istifadə və idarə etməsinə baxmayaraq torpaq sahəsinə dair mülkiyyət sənədi almaq üçün müraciət etmiş, lakin ərizəçinin anasının doğum haqqında şəhadətnaməsi tapılmadığından və bununla da ərizəçinin miras qoyan Gülnar Mikayılova ilə qohumluq əlaqələri təsdiq olunmadığından müraciəti təmin edilməmiş, məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Ərizəçi X6 onun nənəsi olması, Gülnar Mikayılovadan miras qalmış 0,19 ha həyətyanı torpaq sahəsi və torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqdan ibarət yaşayış evinin tam şəkildə onun tərəfindən qəbul edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında şahid qismində ifadə verən miras qoyanın vərəsələri və eyni zamanda məhkəməyə ərizə təqdim etmiş digər vərəsələr X4 miras qalan əmlakları qəbul etmədiklərini, həmin əmlakları ərizəçinin faktiki olaraq qəbul etdiyini və həmin miras əmlaklara dair heç bir tələblərinin olmadığını bildirirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişdirilməsi, xitam verilməsinin asılı olduğu faktları (o cümlədən şəxslərin qohumluq münasibətlərinin olması faktını - maddə 307.2.1) müəyyən edir. Həmin Məcəllənin 307.2.9-cu maddəsinə əsasən məhkəmə mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 03 saylı qərarının 2-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.1-ci maddəsi qohumluq münasibətləri faktının, yalnız belə münasibətlər hüquqi nəticələrə səbəb olacağı təqdirdə (məsələn: həmin faktın təsdiq edilməsi ərizəçiyə mirasdan pay almaq üçün; ailə başçısının itirməyə görə pensiya və ya sosial müavinət almaq hüququnu rəsmiləşdirmək üçün və sair) müəyyən edilməsini nəzərdə tutur. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, qohumluq münasibətlərində olma faktının müəyyən edilməsi haqqında işlərə dair məhkəmənin qətnaməsində ərizəçinin müvafiq şəxslə qohumluğunun dərəcəsi göstərilməlidir. Əgər ikinci və sonrakı növbə vərəsələrlə qohumluq münasibətlərinin müəyyən edilməsi xahiş olunursa, onda qətnamədə əvvəlki növbə vərəsələrin olmaması da öz əksini tapmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qimən etibarsız sayılır. Həmin Məcəllənin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrinin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1151.2-ci maddəsinə əsasən mirasa ümumi mükiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Həmin Məcəllənin 1157-ci maddəsinə əsasən əgər bir neçə vərəsə vardırsa, miras vərəsələr arasında bölüşdürülənədək vahid əmlak şəklində bütün vərəsələrə mənsubdur. Həmin Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu birinci növbədə vərəsələr hesab edilirlər. Həmin Məcəllənin 1159.2-ci maddəsinə əsasən ölənin bacıları və qardaşları qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu ikinci növbədə vərəsələr hesab edilirlər. Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası miras payını bərabər olaraq miras alırlar. Həmin Məcəllənin 1159.3-cü maddəsinə əsasən üçüncü növbədə - həm ana tərəfdən, həm də ata tərəfdən nənə və baba, nənənin anası və atası, babanın anası və atası. Nənənin anası və atası, babanın anası və atası o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt nənə və baba sağ olmasın. Həmin Məcəllənin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 10-cu bəndinə əsasən məhkəməyə Azərbaycan Respublikası MPM-nin 307.2.9-cu maddəsində mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsinə dair ərizə notariat orqanı vərəsəlik şəhadətnaməsi verməkdən imtina etdiyi halda (məsələn: mirasın qəbulu müddətinin ötürülməsinə, mirasın faktiki qəbulunu təsdiq edən sübutların olmamasına görə və sair) verilə bilər. Mirasın qəbul edilməsi faktına əsasən vərəsəlik şəhadətnaməsinin verilməsi üçün şərt vərəsənin faktiki olaraq miras əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə başlamasını və bununla da mirası qəbul etməsini şəksiz nümayiş etdirdiyini təsdiq edən sübutların mövcud olmasıdır. Həmin sübutların dairəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 99-cu bəndinin beşinci hissəsində, vərəsəliyin (mirasın) açıldığı yerin müəyyən edilməsinə dair sənədlərin dairəsi isə həmin Təlimatın 102-ci bəndinin 3-cü hissəsində təsbit edilmişdir. Mirasın vərəsə tərəfindən faktiki qəbul olunması birbaşa, mötəbər sübutlarla təsdiq olunursa, lakin notarius vərəsəlik şəhadətnaməsi verməkdən imtina edibsə, belə olan halda şəxs məhkəməyə mirasın qəbulu faktının müəyyən olunması üçün ərizə deyil, notariusun imtina qərarından qanunla müəyyən edilmiş qaydada şikayət verməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın 99-cu bəndinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir.Vərəsə mirasın açıldığı gündən altı ay ərzində mirasın açıldığı yer üzrə notariusa mirası qəbul etdiyi barədə yazılı formada notariat qaydasında təsdiq edilmiş ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktiki başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başlamağa sübut aşağıdakılar ola bilər: vərəsənin miras açıldıqdan sonra mirasın qəbulu üçün müəyyən edilmiş müddətdə mirasın tərkibinə daxil olan yaşayış sahəsində yaşaması (qeydiyyatda olması, yaxud faktiki yaşaması) barədə müvafiq sənəd; mirasın tərkibinə daxil olan hər hansı əmlaka sahiblik etməsinə dair, eləcə də miras açıldıqdan sonra daşınmaz əmlak üçün vergilərin və ya kommunal xidmətlər üçün haqların vərəsə tərəfindən ödənildiyi barədə müvafiq sənəd; mirasın qəbulu üçün müəyyən edilmiş müddətdə miras əmlakın icarə və kirayə verilməsi üzrə haqların alınmasını təsdiq edən sənəd; mirasın qəbul edilməsi faktının müəyyən olunması haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin surəti; miras qoyanın əmlakını vərəsənin idarə etməyə başlaması faktını təsdiq edən digər sənədlər. Qanun normalarının məzmunundan göründüyü kimi mülki qanunvericilikdə mirasın qəbul edilməsinin iki üsulu müəyyənləşdirilir: formal üsul və qeyri-formal üsul. Formal üsul mirasın hüquqi cəhətdən qəbul edilməsi, qeyri-formal üsul isə mirasın faktiki cəhətdən qəbul edilməsidir. Mirasın qəbul edilməsinin formal üsulu dedikdə, vərəsənin notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verməsi başa düşülür. Vərəsə ərizəni yazılı formada verməlidir. Mirası qəbul etmək barədə ərizə nümayəndə vasitəsilə də verilə bilər. Bu halda nümayəndənin vərəsəlik işinin aparılması barədə notariat qaydada təsdiqlənmiş etibarnamə olmalıdır. Mirasın qəbul edilməsinin qeyri-formal üsuluna əsasən, vərəsənin konkret hərəkətləri və rəftarı onun mirası qəbul etmək niyyətini açıq-aşkar təsdiqləyir və sübut edir. Bu hərəkətlərin məzmunundan belə bir nəticə çıxarmaq mümkündür ki, vərəsə mirası qəbul etmək məqsədi güdür. Faktiki sahiblik etmə üsuluna əsasən, vərəsə ölən şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur, üzərində fiziki ağalıq edir. Bu hərəkətlərlə vərəsənin mirası qəbul etmək niyyəti açıq aşkar görünür və bəlli olur. Bu üsula həmçinin, başqa mənzildə yaşayan vərəsənin miras əmlak barədə qayğı göstərməsi, əmlakın verilməsi və ya qorunması barədə xahişlə müraciət olunması kimi hərəkətlər də daxildir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsinin bəzi müddəalarının həmin Məcəllənin 1165-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 28 iyul 2022-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsinin mənasına görə, yalnız qanunla müəyyən edilmiş vərəsəliyin növbəliyinə daxil olan və miras qoyana münasibətdə müvafiq qohumluq dərəcəsi üzrə şəxslər vərəsə qismində çıxış edə bilər. İşin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, Gülnar Mikayılovanın digər birinci növbə vərəsələri qalmamışdır. İsmayıllı rayonun Aşıqbayramlı kəndində ondan miras qalan 0,19 hektar həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evini ərizəçi faktiki olaraq qəbul edib idarə və istifadə etsə də müvafiq sənədlər olmadığından adına çıxarış ala bilməmişdir. Ötən müddət ərzində miras əmlakla bağlı digər vərəsələrin müraciətlərinin olmaması, vərəsəlik işinin açılmaması hazırkı iş üzrə ərizəçinin miras əmlakları qəbul etməsinin əsası kimi qəbul edilə bilər. Eyni zamanda yerli adət və ənənələrə uyğun olaraq mirasın onu faktiki qəbul edərək istifadə edən şəxsə məxsus olması kimi qəbul edildiyi nəzərə alınmalı, həmçinin qanunun normalarına görə vərəsə miras əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır və vərəsə mirasa sahiblik etməyə faktiki başladıqda mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmiş hesab olunur. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, ərizəçi qanun üzrə birinci növbə vərəsə kimi miras qalmış əmlakları faktiki qəbul etdiyini şəksiz nümayiş etdirsədə, miras qoyanla qohumluq münasibətlərini təsdiq edən sənədləri başqa qaydada əldə edə bilmədiyindən, yaxud həmin sənədlərin bərpası mümkün olmadığından 27 fevral 2002-ci il tarixdə vəfat etmiş X6 onun nənəsi olması, ondan miras qalmış İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 15 yanvar 1998-ci il tarixli 37 nömrəli qərarı ilə verilmiş JN-084F Kod 40718028 nömrali “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməyə əsasən İsmayıllı rayonu Aşıqbayramlı kəndi ünvanında yerləşən 0,19 hektar həyətyanı torpaq sahəsindən və həmin torpaq sahəsində yerləşən 1989-cu ilin iyun ayında 433 invertar nömrəsi ilə qeydə alınmış “Fərdi yaşayış fonduna aid yaşayış evinin texniki pasportu”na əsasən İsmayıllı rayonu Aşıqbayramlı kəndi ünvanında yerləşən 1920ci ildə inşa edilmiş tikinti altı sahəsi 215,4 kv.metr, ümumi yaşayış sahəsi 79,6 kv.metr olan 2 otaqlı fərdi yaşayış evindən ibarət miras əmlakın tam şəkildə ərizəçi tərəfindən qəbul edilməsi faktları ərizəçinin izahatı, şahidlərin ifadələri və iş materialları ilə təsdiq olunduğundan ərizənin təmin olunması barədə qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Dövlət rüsumu barədə tələb olmadığından mülki iş üzrə ödənilmiş 100 manat dövlət rüsumu məbləği ərizəçinin özünə aid edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227, 307-308-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi : Ərizə təmin edilsin. X6 Ərizəçi nənəsi olması faktı müəyyən edilsin. 27 fevral 2002-ci il tarixdə İsmayıllı rayon Aşıqbayram kəndində vəfat etmiş X1 miras qalmış İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 15 yanvar 1998-ci il tarixli 37 nömrəli qərarı ilə verilmiş JN-084F Kod 40718028 nömrali “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməyə əsasən İsmayıllı rayonu Aşıqbayramlı kəndi ünvanında yerləşən 0,19 hektar həyətyanı torpaq sahəsindən və həmin torpaq sahəsində yerləşən 1989-cu ilin iyun ayında 433 invertar nömrəsi ilə qeydə alınmış “Fərdi yaşayış fonduna aid yaşayış evinin texniki pasportu”na əsasən İsmayıllı rayonu Aşıqbayramlı kəndi ünvanında yerləşən 1920ci ildə inşa edilmiş tikinti altı sahəsi 215,4 kv.metr, ümumi yaşayış sahəsi 79,6 kv.metr olan 2 otaqlı fərdi yaşayış evindən ibarət miras əmlakın tam şəkildə Ərizəçi tərəfindən qəbul edilməsi faktı müəyyən edilsin. Ödənilmiş 100 manat dövlət rüsumu ərizəçinin özünə aid edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən elektron qaydada İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar