Məhkəmə qərarları › İş №2(002)-2304/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-2304/2021

19.08.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-2304/2021 19.08.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Fuad Ələsgər oğlunun sədrliyi, Mirzəliyev Amil Rəfayıl oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mənzilə istifadə hüququnun itirilməsi tələbi barədə iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı mənzilə istifadə hüququnun itirilməsi tələbi barədə iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh yetkinlik yaşına çatmayan uşaqları 2009-cu il təvəllüdlü X4 və 2011-ci il təvəllüdlü X5 ilə birlikdə iddiaçıya məxsus Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 2-ci Bünyadzadə küçəsi, ev 10, 3 saylı mənzilə istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı izahat verərək bildirdi ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 2-ci Bünyadzadə küçəsi, ev 10, 3 saylı mənzil daşınmaz əmlakın dövlət reyestrində onun adına qeydiyyatdan keçmişdir. Cavabdeh onun uzaq qohumu olmaqla Bakı şəhərində işə düzəlmək üçün mərhum həyat yoldaşı tərəfindən mənzilə qeydiyyata alınmışdır. Cavabdeh mənzildə formal qeydiyyatda olsa da, faktiki olaraq bir gün belə həmin mənzildə yaşamamışdır. Cavabdehin hazırda ona məxsus mənzildə qeydiyyatda qalması onun üçün bir sıra problemlər yaradır. Belə ki, cavabdehin əvəzinə əlavə kommunal xərclər ödəmək məcburiyyətində qalır. Həmçinin bu hal onun mənzil üzərində mülkiyyət hüquqlarının pozulmasına səbəb olur. Ona görə də iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Hazırda o, məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş edir. Cavabdehin faktiki olduğu yer məlum olmadığından və onun məlum olan sonuncu yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanının məhkəmə bildirişini aldığını təsdiq edən qeyd yazılmış məhkəmə bildirişi məhkəməyə daxil olduğundan, habelə cavabdehə sms-bildiriş göndərildiyindən, məhkəmə Azərbaycan Respublikasının MPM-nin 147-ci, 135.7-ci, 185.5-ci maddələrinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə, izahatı dinləyib, iş materiallarında olan sənədləri tədqiq edərək belə qənaətə gəlir ki, iddia tələbi aşağıdakı əsaslara görə əsaslı hesab edilərək təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Bünyadzadə-2 döngəsi, ev 10, 3 saylı mənzil İddiaçı xüsusi mülkiyyətindədir və bu barədə 08.05.2020-ci il tarixdə qeydiyyat aparılmışdır. İş materiallarında olan Qaradağ rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi 150 saylı Mənzil- Kommunal İstismar Sahəsi tərəfindən verilmiş 857 saylı Forma-2 arayışından görünür ki, İddiaçı Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 2-ci Bünyadzadə küçəsi, ev 10, 3 saylı mənzildə qeydiyyatdadır. Həmin mənzildə İddiaçı, Cavabdeh, X4 və X5 qeydiyyatdadırlar. İş materiallarında olan Qaradağ rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi 150 saylı Mənzil- Kommunal İstismar Sahəsi tərəfindən verilmiş 857 saylı, 09.07.2021-ci il tarixli arayışdan görünür ki, İddiaçı Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 2-ci Bünyadzadə küçəsi, ev 10, 3 saylı mənzildə qeydiyyatdadır. Həmin mənzildə Cavabdeh, X4 və X5 qeydiyyata düşəndən yaşamamışlar. İş materiallarında olan X1, X2 və X6 tərəfindən tərtib edilmiş və 150 saylı MKİS tərəfindən təsdiq edilmiş aktdan görünür ki, İddiaçı məxsus Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Bünyadzadə-2 döngəsi, ev 10, 3 saylı mənzildə Cavabdeh, 2009-cu il təvəllüdlü X4 və 2011-ci il təvəllüdlü X5 qeydiyyatda olsalar da orada yaşamamışlar, onları tanımırlar. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyaya Əlavə 1 saylı Protokolun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz əmlakından məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Məhkəmə, iş üzrə sübutlara əsasən müəyyən edir ki, cavabdeh hazırda iddiaçının mənzilində formal olaraq qeydiyyatdadır, faktiki olaraq orada yaşamır. Cavabdeh mənzildə formal olaraq qeydiyyatda qaldığından iddiaçı onun əvəzinə kommunal xidmətlərə görə xərc çəkir, həmçinin mülkiyyətçi kimi hüquqları məhdudlaşdırılır. Məhkəmə iclasında həmçinin müəyyən edildi ki, cavabdehin daşınmaz əmlakın dövlət reyestrində hər hansı hüququ qeydə alınmadığından, habelə o, mülkiyyətçi olan iddiaçının ailə üzvü olmadığından və onunla birgə yaşamadığından, onun hüquqi vəziyyəti Mülki Məcəllənin 228.1 və 228.5-ci maddələrində nəzərdə tutulmuş qanuni şərtlərə uyğun deyildir və cavabdehin mənzilin yaşayış sahəsindən istifadə hüququ hazırda mövcud olmadığından, iddia tələbi əsaslı hesab edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.1-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.5-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Digər tərəfdən, cavabdehin iddiaçıya məxsus mənzildə qeydiyyatda qalması “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun tələblərinə ziddir. Belə ki, həmin Qanunun 5-ci maddəsinə əsasən, yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət etməlidir. Beləliklə, məhkəmə mülki iş üzrə sübutlara məcmu halında hüquqi qiymət verərək və sadalanan hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh yetkinlik yaşına çatmayan uşaqları 2009-cu il təvəllüdlü X4 və 2011-ci il təvəllüdlü X5 ilə birlikdə İddiaçı məxsus Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Bünyadzadə-2 döngəsi, ev 10, 3 saylı mənzilə istifadə hüquqları itirilmiş hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : Fuad Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar