Məhkəmə qərarları › İş №2(002)-2320/2020

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-2320/2020

25.11.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-2320/2020 25.11.2020 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Fuad Ələsgər oğlunun sədrliyi, Əsədov Cavid Həbib oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mənzilə istifadə hüquqlarına xitam verilməsi tələbi barədə iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı mənzilə istifadə hüquqlarına xitam verilməsi tələbi barədə iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh azyaşlı uşaqları 2012-ci il təvəllüdlü X2 və 2014-cü il təvəllüdlü X6 ilə birlikdə iddiaçıya məxsus olan Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Komsomol küçəsi, 7 saylı evin 5 saylı mənzilinə istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı izahat verərək bildirdi ki, Cavabdeh onun keçmiş gəlinidir. Cavabdeh 1994-cü ildə faktiki nikaha daxil olaraq oğlu X3 ilə ailə qurmuşdur. Oğlu ilə rəsmi nikahları olmamışdır. Onların faktiki nikahlarından 1994-cü il təvəllüdlü Simuzər adlı bir uşaqları doğulmuşdur. Hazırda həmin qız həddi-buluğa çatmaqla onun yanında yaşayır. Cavabdeh isə 2001-ci ildə ona məxsus mənzilə qeydiyyata alınmış, lakin 1-2 ay sonra uşağı da onun yanında qoyaraq çıxıb getmiş və ona məxsus mənzillə heç bir əlaqəsi qalmamışdır. Sonradan cavabdeh başqa şəxslə ailə həyatı qurmuşdur, lakin hələ də ona məxsus evdə qeydiyyatda qalmaqdadır. Hətta ikinci nikahdan olan uşaqlarını da əsassız olaraq onun mənzilinə qeydiyyata saldırmışdır. 2001-ci ildən cavabdehin ona məxsus mənzillə heç bir əlaqəsi yoxdur və daimi olaraq həmin mənzildən köçüb getməklə ailə quraraq başqa ünvanda yaşayır. Cavabdehin ona məxsus mənzildə formal olaraq qeydiyyatda qalması onun üçün bir sıra problemlər yaradır. Belə ki, bu hal onun mənzil üzərində sahiblik, sərəncam və istifadə hüquqlarının pozulmasına səbəb olur, həmçinin əlavə kommunal xərclər ödəmək məcburiyyətində qalır ki, bu da onun maddi vəziyyətini çətinləşdirir. Bu səbəbdən məcburiyyət qarşısında qalaraq iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Hazırda o, məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş edir. Cavabdehin faktiki olduğu yer məlum olmadığından və onun məlum olan sonuncu yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanının məhkəmə bildirişini aldığını təsdiq edən qeyd yazılmış məhkəmə bildirişi məhkəməyə daxil olduğundan, məhkəmə Azərbaycan Respublikasının MPM-nin 147-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X5 ifadə verərək bildirdi ki, o, iddiaçının qonşusudur, cavabdeh iddiaçının mənzilinə 2001-ci ildə gəlmiş və 1-2 ay sonra uşağı da qoyub getmişdir. Həmin vaxtdan həmin mənzilə gəlməmişdir. Sonradan öyrənmişdir ki, mənzildən gedəndən sonra cavabdeh iki dəfə ərə getmişdir, hazırda cavabdehin harada yaşadığını bilmir. Məhkəmə, izahatı və şahidin ifadəsini dinləyib, iş materiallarında olan sənədləri tədqiq edərək belə qənaətə gəlir ki, iddia tələbi aşağıdakı əsaslara görə əsaslı hesab edilərək təmin olunmalıdır. Belə ki, iş materiallarında olan 109 saylı MKİS-in əməkdaşı Rəcəbova Məstifə, Sahil qəsəbəsi, Komsomol küçəsinin sakinləri Əsədova Arifə, Mirzəquliyeva Əsniyət, Musayeva Natella, Məmmədova Tamara tərəfindən imzalanmış və Sahil qəsəbəsi 109 saylı MKİS tərəfindən təsdiq edilmiş xx.xx.2020-ci il tarixli aktdan görünür ki, həqiqətən Sahil qəsəbəsi, Nail Tuxvatulin (Komsomol) küçəsi, 7 saylı evin 5 saylı mənzilində qeydiyyatda olan Cavabdeh bu ünvana gəlin gəlmiş və bir il ailəli olduqdan sonra boşanaraq 2001-ci ildən həmin ünvanda yaşamır. İş materiallarında olan Qaradağ rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi 109 saylı Mənzil- Kommunal İstismar Sahəsi tərəfindən verilmiş 917 saylı Forma-2 arayışından görünür ki, İddiaçı Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Komsomol küçəsi, 7 saylı evin 5 saylı mənzilində yaşayır. Həmin mənzildə İddiaçı, İddiaçı Ədalət qızı, Cavabdeh, X2 və X6 və digər şəxslər qeydiyyatdadırlar. İş materiallarında olan Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş MH seriyalı, 017179 saylı qeydiyyat vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Komsomol küçəsi, ev 7, 5 saylı mənzil İddiaçı adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir və bu barədə reyestr kitabında 30/95945 nömrəsi ilə xx.xx.1996-cı il tarixdə qeydiyyat aparılmışdır. Beləliklə, məhkəmə mülki iş üzrə sübutlara əsasən müəyyən edir ki, hazırda cavabdeh iddiaçının mülkiyyətində olan mənzildə formal olaraq qeydiyyatdadır, faktiki olaraq orada yaşamır və yaşayış hüququnu başqa ünvanda təmin etmişdir, cavabdehin formal olaraq mənzildə qeydiyyatda qalması iddiaçının mülkiyyətçi kimi hüquqlarını məhdudlaşdırır, ona görə də iddia tələbi əsaslı hesab olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyaya Əlavə 1 saylı Protokolun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz əmlakından məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququsubyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 228.1-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.5-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1, 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1, 30.2-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2014-cü il tarixli Qərarında qeyd olunur ki, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ yoxdursa, onda həmin şəxsin yaşayış sahəsi mülkiyyətçisinin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də olmaz. Mülki işin hallarından göründüyü kimi, cavabdehin daşınmaz əmlakın dövlət reyestrində hər hansı hüququ qeydə alınmadığından, habelə o, mülkiyyətçi olan iddiaçının ailə üzvü olmamaqla onunla birgə yaşamadığından, onun hüquqi vəziyyəti Mülki Məcəllənin 228.1 və 228.5-ci maddələrində nəzərdə tutulmuş qanuni şərtlərə uyğun deyildir. Bundan əlavə, tərəflər arasında mübahisəli hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 87-ci maddəsinə əsasən, icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. Digər tərəfdən, cavabdehin iddiaçıya məxsus mənzildə qeydiyyatda qalması “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun tələblərinə də ziddir. Belə ki, həmin Qanunun 5-ci maddəsinə əsasən, yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət etməlidir. Ona görə də cavabdehin həmin mənzilin yaşayış sahəsindən istifadə hüququna xitam verilməli və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinə əsasən cavabdeh həmin mənzildən qeydiyyatdan çıxarılmalıdır. Beləliklə, məhkəmə mülki iş üzrə sübutlara məcmu halında hüquqi qiymət verərək və sadalanan hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh, onun azyaşlı uşaqları 2012-ci il təvəllüdlü X1 və 2014-cü il təvəllüdlü X4 iddiaçıya məxsus olan Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Komsomol küçəsi, 7 saylı evin 5 saylı mənzilinə istifadə hüquqlarına xitam verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : Fuad Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar