Məhkəmə qərarları › İş №2(002)-2338/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-2338/2021

16.08.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-2338/2021 16.08.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Fuad Ələsgər oğlunun sədrliyi, Salmanova Könül Xasay qızının katibliyi, İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X2, cavabdehlər Cavabdeh1, Cavabdeh4 və Cavabdeh6 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 qarşı mənzilə istifadə hüquqlarının itirilmiş hesab edilməsi tələbi barədə iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 qarşı iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 yetkinlik yaşına çatmayan uşaqları 2012-ci il təvəllüdlü X6 ilə birlikdə iddiaçıya məxsus Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, Salyan yolu, 25 saylı evin 29 saylı mənzilinə istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X3 izahat verərək bildirdi ki, iddiaçı onun qızıdır, Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, Salyan yolu, 25 saylı evin 29 saylı mənzili 2006-cı ildən daşınmaz əmlakın dövlət reyestrində iddiaçının adına qeydiyyatdan keçmişdir və xüsusi mülkiyyətindədir. Cavabdehlərdən Ağabala iddiaçının bibisi oğlu, Könül əmisi arvadı, Türkan əmisi qızı, Yasəmən bibisi, Yadigar əmisi, Bafadar əmisi oğlu, Gülnar əmisi qızıdır. Cavabdehlər iddiaçıya məxsus mənzildə formal olaraq qeydiyyatda olsalar da, iyirmi beş ildən artıqdır ki, faktiki olaraq həmin mənzildə yaşamırlar, hər biri özünə məxsus ayrı evdə yaşayır. Cavabdehlərin iddiaçıya məxsus mənzildə formal olaraq qeydiyyatda qalması iddiaçı üçün bir sıra problemlər yaradır. Belə ki, bu hal iddiaçının mənzil üzərində sahiblik, sərəncam və istifadə hüquqlarının pozulmasına səbəb olur, həmçinin iddiaçı əlavə kommunal xərclər ödəmək məcburiyyətində qalır ki, bu da onun maddi vəziyyətini çətinləşdirir. Bu səbəbdən məcburiyyət qarşısında qalaraq iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Hazırda o, məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş edir. Məhkəmə baxışı zamanı Cavabdeh1 ərizə ilə məhkəməyə müraciət edərək bildirdi ki, o, həqiqətən başqa ünvanda yaşayır, ona görə də Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, Salyan yolu, 25 saylı evin 29 saylı mənzilindən qeydiyyatdan çıxarılması üçün istifadə hüququnun itirilmiş hesab edilməsinə razıdır. Hazırda iddianı qəbul edir. Məhkəmə baxışı zamanı Cavabdeh4 ərizə ilə məhkəməyə müraciət edərək bildirdi ki, o, həqiqətən başqa ünvanda yaşayır, ona görə də Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, Salyan yolu, 25 saylı evin 29 saylı mənzilindən qeydiyyatdan çıxarılması üçün istifadə hüququnun itirilmiş hesab edilməsinə razıdır. Hazırda iddianı qəbul edir. Məhkəmə baxışı zamanı cavabdeh, eyni zamanda cavabdehlər Cavabdeh3 və Cavabdeh7 etibarnamə üzrə nümayəndəsi Cavabdeh6 izahat verərək bildirdi ki, həqiqətən iddiaçıya məxsus mənzildə yaşamırlar. Belə ki, özü və ailə üzvləri olan digər cavabdehlər atası Cavabdeh5, anası Cavabdeh2 təqribən iyirmi beş il əvvəl fərdi yaşayış evləri tikildikdən sonra həmin mənzildən köçüb getmişlər, hazırda özü, ata-anası fərdi yaşayış evində yaşayır, bacıları isə ailə qurduqdan sonra biri Sahil, digəri Qobustan qəsəbəsində yaşayır. Onların iddiaçıya məxsus mənzillə bağlı hər hansı tələbləri yoxdur. Lakin yaşadıqları evin hüquqmüəyyənedici sənədi olmadığına görə qeydiyyata düşə bilmirlər, bu səbəbdən iddiaçıya məxsus mənzildə hələlik qeydiyyatda qalmaq istəyirlər. Ona görə də ailə üzvlərinin adından iddia tələbinə etiraz edir. Digər cavabdehlərin faktiki olduğu yer məlum olmadığından və onların məlum olan sonuncu yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanının məhkəmə bildirişini aldığını təsdiq edən arayış məhkəməyə daxil olduğundan, məhkəmə Azərbaycan Respublikasının MPM-nin 147-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə, izahatları dinləyib, iş materiallarında olan sənədləri tədqiq edərək belə qənaətə gəlir ki, iddia tələbi aşağıdakı əsaslara görə əsaslı hesab edilərək təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş MH seriyalı, ******* nömrəli çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, Salyan yolu küçəsində istifadədə olan 0,0626 ha torpaq sahəsində yerləşən 25 nömrəli, 5 mərtəbəli binada 58,9 kv.m ümumi, 44 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 29 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə İddiaçı xüsusi mülkiyyətindədir və bu barədə 173 nömrəli reyestr kitabının 18294 nömrəli vərəqində 04.10.2006-cı il tarixdə qeydiyyat aparılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş ******* nömrəli, 15.07.2021-ci il tarixli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, İddiaçı Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, Salyan yolu, ev 25, 29 saylı mənzildə qeydiyyatdadır. Həmin mənzildə ondan başqa Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, X6 və digər şəxslər qeydiyyatdadırlar. İş materiallarında olan X7, X5 və Yüzbaşov Maqsud Həsən oğlu tərəfindən tərtib edilmiş aktdan görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, Salyan yolu, 25 saylı evin 29 saylı mənzilində İddiaçı, X3 və X1 başqa heç kəs yaşamır. İş materiallarında olan Qaradağ rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi 129 saylı Mənzil- Kommunal İstismar Sahəsi tərəfindən verilmiş 06.08.2021-ci il tarixli 422 saylı arayışdan görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, Salyan yolu, 25 saylı evin 29 saylı mənzilində çox adamın qeydiyyatda olmasına baxmayaraq həmin ünvanda yalnız İddiaçı, X3 və X4 yaşayır. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyaya Əlavə 1 saylı Protokolun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz əmlakından məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ -subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Məhkəmə, izahatları dinləyib, mülki iş üzrə sübutlara əsasən müəyyən edir ki, cavabdehlər hazırda iddiaçının mülkiyyətində olan mənzildə formal olaraq qeydiyyatdadırlar, faktiki olaraq orada yaşamırlar. Məhkəmə iclasında həmçinin müəyyən edildi ki, cavabdehlərin daşınmaz əmlakın dövlət reyestrində hər hansı hüquqları qeydə alınmadığından, habelə onlar mülkiyyətçi olan iddiaçının ailə üzvləri olmadığından və onunla birgə yaşamadığından, onların hüquqi vəziyyəti Mülki Məcəllənin 228.1 və 228.5-ci maddələrində nəzərdə tutulmuş qanuni şərtlərə uyğun deyildir və cavabdehlərin mənzilin yaşayış sahəsindən istifadə hüquqları hazırda mövcud olmadığından, iddia tələbi əsaslı hesab edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.1-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.5-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Digər tərəfdən, cavabdehlərin iddiaçıya məxsus mənzildə qeydiyyatda qalmaları “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun tələblərinə ziddir. Belə ki, həmin Qanunun 5-ci maddəsinə əsasən, yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 (on) gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət etməlidir. Ona görə də cavabdehlərin həmin mənzilin yaşayış sahəsindən istifadə hüquqları itirilmiş hesab edilməsli və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinə əsasən cavabdehlər həmin mənzildən qeydiyyatdan çıxarılmalıdır. Beləliklə, məhkəmə mülki iş üzrə sübutlara məcmu halında hüquqi qiymət verərək və sadalanan hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 yetkinlik yaşına çatmayan 2012-ci il təvəllüdlü X6 ilə birlikdə İddiaçı məxsus Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, Salyan yolu, ev 25, 29 saylı mənzilə istifadə hüquqları itirilmiş hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : Fuad Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar