Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-2370/2020 16.11.2020 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Fuad Ələsgər oğlunun sədrliyi, Həsənzadə Zöhrə Ədalət qızının katibliyi, İddiaçı və cavabdehlər Cavabdeh1, Cavabdeh2 Taryel oğlunun iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 Taryel oğluna, Cavabdeh3 Taryel oğluna, Cavabdeh4 Taryel oğluna qarşı evdən istifadə hüquqlarına xitam verilməsi tələbi barədə iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 Taryel oğluna, Cavabdeh3 Taryel oğluna, Cavabdeh4 Taryel oğluna qarşı evdən istifadə hüquqlarına xitam verilməsi tələbi barədə iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 Taryel oğlunun, Cavabdeh3 Taryel oğlunun, Cavabdeh4 Taryel oğlunun iddiaçıya məxsus Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, H.Aslanov küçəsi, 20 saylı evdən istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı izahat verərək bildirdi ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, H.Aslanov küçəsi, 20 saylı ev anası tərəfindən ona bağışlanmışdır, daha sonra anası xx.xx.2012-ci il tarixdə vəfat etmişdir. Həmin evə dair öz adına çıxarış almış və ev onun şəxsi mülkiyyətində olmuşdur. Cavabdehlər olan bacısı və bacısı uşaqları sözügedən ünvanda qeydiyyatda qalmışlar. İddiaçı öz mülkiyyətində olan torpaq sahəsindən 2,5 sotu və üzərində tikdirdiyi 6 otaqlı, 152,4 kv.m. sahəsi olan B tikilisini onlara bağışlamışdır. Cavabdehlərə verdiyi evin ünvanı ünvan 1C-dir, həmin ünvana Cavabdeh1 adına xx.xx.2019-cu il tarixli çıxarış verilmişdir. Beləliklə, cavabdehlər onun mülkiyyətində olan evdən qeydiyyatdan çıxıb yeni ünvana qeydiyyata düşməli idilər. Lakin cavabdehlər qeydiyyatdan çıxmamaqla ona məxsus evdə qeydiyyatda qalmaqdadırlar. Həmçinin cavabdehlərdən Cavabdeh2 Taryel oğlu və Cavabdeh3 Taryel oğlu evli olmaqla ayrı-ayrı ünvanlarda yaşayırlar, qeyd olunan ünvanda yalnız bacısı Zöhrə və oğlu İmran yaşayır. Hazırda cavabdehlər onun bağışladığı torpaq sahəsini və evi satdıqlarını bildirərək, qeydiyyatdan çıxmaq üçün əlavə kompensasiya tələb edirlər. Hesab edir ki, dəyəri 100 mindən artıq olan əmlakı onlara əvəzsiz bağışladığı halda, ondan əlavə kompensasiyanın tələb edilməsi tam əsassızdır. Cavabdehlərin bu hərəkətləri və ona məxsus evdə qeydiyyatda qalmaları onun mülkiyyətçi kimi hüquqlarını məhdudlaşdırır. Ona görə də məcburiyyət qarşısında qalaraq iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Hazırda o, məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş edir. Məhkəmə baxışı zamanı Cavabdeh1 izahat verərək bildirdi ki, iddiaçı onun bacısı, digər cavabdehlər isə öz övladlarıdır. Hazırda cavabdehlər iddia tələbinə etiraz edir. Belə ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, H.Aslanov küçəsi, 20 saylı ev onun mərhum anasının adına olmuş, anası vəfat etməmişdən əvvəl onların razılığı ilə həmin ev bacısı İddiaçı Cəmşüd qızının adına keçmişdir. Hesab edir ki, bunun nəticəsində özünə qarşı haqsızlıq olmuş, lakin vaxtında bu məsələni mübahisələndirməmişdir. Belə ki, həmin evdə doğulmuşdur və qeydiyyatdadır, hazırda həmin ünvanda sığınacaq kimi insa edilmiş bir otaqda yaşayır, kommunal xidmətləri özü ödəyir. Həmin ev iddiaçının adına qeydiyyatdan keçsə də, faktiki olaraq iddiaçı başqa ünvanda yaşayır. Hazırda iki oğlu – Fərhad və Kamran ailəlidir, yaşayış sahəsi bir otaq olduğuna görə müvəqqəti olaraq başqa ünvanlarda kirayədə yaşayırlar. İmran isə hal-hazırda onun yanında yaşayır. İddiaçının ona bağışladığı əmlaka gəldikdə, iddiaçı mülkiyyətində olan 15 sot torpaq sahəsindən ona cəmi 2 sot torpaq sahəsi vermiş, həmin torpaq sahəsində öz vəsaiti hesabına ev tikdirmiş, iddiaçı yalnız evin damının tikintisinə maddi yardım etmişdir, tikilən evi isə bu ilin sentyabr ayında 60 min manata satmışdır, bu səbəbdən həmin evə qeydiyyata düşə bilməmişlər. Hazırda qeydiyyata düşmək üçün başqa yaşayış yerləri olmadığına görə, habelə 60 min manatı aralarında üç yerə böləndə yaşayış sahəsi əldə etmək üçün kifayət etmədiyinə görə, onların istifadə hüququna iddiaçı tərəfindən əlavə kompensasiya verilməsi yolu ilə xitam verilməsini xahiş edirlər, iddia tələbi ilə yalnız əlavə kompensasiya ödənilməsi şərtilə razıdırlar. Ona görə də hazırki iddia tələbinin təmin edilməməsini xahiş edir. Məhkəmə baxışı zamanı digər Cavabdeh2 Taryel oğlu Cavabdeh1 izahatına uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, özü ailəsi ilə birgə Xətai rayonunda yaşayır, qardaşı Kamran ailəsi ilə birgə 9-cu mikrorayonda yaşayır, anası və qardaşı İmran isə həmin evdə yaşayır. O, iddiaçı olan xalasından bağışladığı əmlakın anası və qardaşı İmran üçün kompensasiya kimi nəzərə alınmasını, lakin özünə və Kamrana ev tikmək üçün əlavə yer verməsini, ya da pul ödəməsini xahiş etmişdir, belə ki, 60 min manatı aralarında üç yerə böləndə yaşayış sahəsi əldə etmək üçün kifayət etmir, lakin xalası razı olmamışdır. Ona görə də cavabdehlər onların istifadə hüququna iddiaçı tərəfindən əlavə kompensasiya verilməsi yolu ilə xitam verilməsini xahiş edirlər, iddia tələbi ilə yalnız kompensasiya ödənilməsi şərtilə razıdırlar. Qeyd olunanlara əsasən, hazırki iddia tələbinin təmin edilməməsini xahiş edir. Digər cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericiliklə müəyyən edilmiş qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. Məhkəmə, Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinin tələblərinə istinad edərək, mülki işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə, izahatları dinləyib, iş materiallarında olan sənədləri tədqiq edərək belə qənaətə gəlir ki, iddia tələbi aşağıdakı əsaslara görə əsaslı hesab edilərək təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı, ******* saylı çıxarışın surətindən görünür ki, ünvan 1 (daşınmaz əmlakın ümumi sahəsi 208,2 kv.m., torpaq sahəsi 0,14605 ha) İddiaçı xüsusi mülkiyyətindədir və bu barədə 201a nömrəli reyestr kitabının 18548 nömrəli vərəqində ********** nömrəsi ilə xx.xx.2018-ci il tarixində qeydiyyat aparılmışdır. İş materiallarında olan Bakı şəhəri 8 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiqlənmiş xx.xx.2019-cu il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin surətindən görünür ki, İddiaçı özünə məxsus ünvan 1 ünvanında 0,0248 ha torpaq sahəsini və ümumi sahəsi 152,4 kv.m. olan 6 otaqlı B tikilisini Cavabdeh1 bağışlamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 1 (daşınmaz əmlakın ümumi sahəsi 55,8 kv.m., torpaq sahəsi 0,12125 ha) İddiaçı xüsusi mülkiyyətindədir və bu barədə 505 nömrəli reyestr kitabının 47461 nömrəli vərəqində ********** nömrəsi ilə xx.xx.2019-cu il tarixində qeydiyyat aparılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 1C (daşınmaz əmlakın ümumi sahəsi 152,4 kv.m., torpaq sahəsi 0,0248 ha) Cavabdeh1 xüsusi mülkiyyətindədir və bu barədə 502 nömrəli reyestr kitabının 47209 nömrəli vərəqində ********** nömrəsi ilə xx.xx.2019-cu il tarixində qeydiyyat aparılmışdır. İş materiallarında olan AN-İ seriyalı, ******* saylı, xx.xx.2020-ci il tarixli Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsinin surətindən görünür ki, Cavabdeh1 ünvan 1C ünvanında yerləşən ümumi sahəsi 152,4 kv.m. olan fərdi yaşayış evini 54 min manata, 0,0248 ha torpaq sahəsini 6 min manata X1. İş materiallarında olan Qaradağ rayon İcra Hakimiyyəti Başçısının Lökbatan qəsəbəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 11 saylı, xx.xx.2020-ci il tarixli Forma-2 arayışından görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, H.Aslanov küçəsi, 20 saylı ev İddiaçı məxsusdur. Həmin evdə Cavabdeh1, Cavabdeh2 Taryel oğlu, Cavabdeh3 Taryel oğlu, Cavabdeh4 Taryel oğlu qeydiyyatdadırlar. Beləliklə, mülki iş üzrə sübutlara əsasən məhkəmə iclasında müəyyən edildi ki, iddiaçı Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, H.Aslanov küçəsi, 20 saylı evin mülkiyyətçisi, cavabdehlər isə həmin evdə yaşayış yeri üzrə qeydiyyatda olan bacısı və bacısı uşaqlarıdır. İddiaçı özünə məxsus həmin əmlakın müəyyən hissəsini (0,0248 ha torpaq sahəsini və ümumi sahəsi 152,4 kv.m. olan 6 otaqlı B tikilisini) xx.xx.2019-cu il tarixdə cavabdeh bacısına bağışladığını, həmin cavabdehin adına çıxarış alındığını, bununla da cavabdehlərin öz yaşayışlarını təmin etmək imkanına malik olduqlarını qeyd edərək, cavabdehlərin ona məxsus evdən istifadə hüquqlarına xitam verilməsini tələb edir. Cavabdeh tərəf isə bağışlanan əmlakın xx.xx.2020-ci il tarixdə 60 min manata satıldığını, həmin məbləğin cavabdehlərin yaşayışını təmin etmək üçün kifayət etmədiyini, başqa yaşayış yerlərinin olmadığını, istifadə hüquqlarına xitam verilməsinə yalnız əlavə kompensasiya verilməklə razı olduqlarını qeyd edərək, iddia tələbinə etiraz edir. Məhkəmə tərəflərin dəlillərini mülki iş üzrə sübutlara və aşağıda sadalanan hüquq normalarına əsasən tədqiq edərək, müəyyən edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyaya Əlavə 1 saylı Protokolun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz əmlakından məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ -subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 228.1-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.5-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1, 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1, 30.2ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2014-cü il tarixli Qərarında qeyd olunur ki, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ yoxdursa, onda həmin şəxsin yaşayış sahəsi mülkiyyətçisinin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də olmaz. Mülki işin hallarından göründüyü kimi, cavabdehlərin daşınmaz əmlakın dövlət reyestrində hər hansı hüquqları qeydə alınmadığından, habelə onlar mülkiyyətçi olan iddiaçının ailə üzvləri olmamaqla onunla birgə yaşamadığından, onların hüquqi vəziyyəti Mülki Məcəllənin 228.1 və 228.5-ci maddələrində nəzərdə tutulmuş qanuni şərtlərə uyğun deyildir. Bundan əlavə, cavabdehlərin etirazının əsası olan kompensasiya barədə dəlil də tamamilə əsassızdır. Belə ki, iddiaçı bir il əvvəl özünə məxsus həmin daşınmaz əmlakdan 0,0248 ha torpaq sahəsini və ümumi sahəsi 152,4 kv.m. olan 6 otaqlı B tikilisini cavabdeh tərəfə bağışlamışdır (tikililər baxımından 208,2 kv.m. sahənin 152,4 kv.m. hissəsi cavabdehə bağışlanmış, son çıxarışa əsasən iddiaçının özünə 55,8 kv.m. qalmışdır). Cavabdeh tərəf həmin daşınmaz əmlakı bu ilin sentyabr ayında 60 min manata satmaqla mülkiyyətçinin hesabına davamlı sürətdə və müəyyən müddət daxilində oxşar şəraitdə yaşamaq imkanı əldə etdiyindən, onun əlavə kompensasiya barədə dəlili də əsassız hesab olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2007-ci il tarixli Qərarına əsasən, kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Digər tərəfdən, izahatlara əsasən bəzi cavabdehlərin iddiaçıya məxsus evdə faktiki yaşamadan qeydiyyatda qalmaları “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun tələblərinə də ziddir. Belə ki, həmin Qanunun 5-ci maddəsinə əsasən, yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət etməlidir. Ona görə də cavabdehlərin iddiaçıya məxsus evin yaşayış sahəsindən istifadə hüquqlarına xitam verilməli və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinə əsasən cavabdehlər həmin evdən qeydiyyatdan çıxarılmalıdır. Beləliklə, məhkəmə mülki iş üzrə sübutlara məcmu halında hüquqi qiymət verərək və sadalanan hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 Taryel oğlunun, Cavabdeh3 Taryel oğlunun, Cavabdeh4 Taryel oğlunun İddiaçı məxsus Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, H.Aslanov küçəsi, 20 saylı evdən istifadə hüquqlarına xitam verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : Fuad Hüseynov
Məhkəmə qərarları › İş №2(002)-2370/2020
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-2370/2020
16.11.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver