Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-2377/2021 23.08.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Gülnar İnqilab qızının sədrliyi, X19 qızının katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı3 vəkil və nümayəndəsi Vəkil iştirakı ilə , İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı «miras əmlakın bölünməsi» tələbinə dair iddiası üzrə mülki işə Qaradağ rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı «miras əmlakın bölünməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X6 miras qalmış Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Dostluq küçəsi, ev 3, 2 saylı mənzil üzərində İddiaçı1 2/8 hissədə, İddiaçı2 2/8 hissədə; İddiaçı3 1/8 hissədə, Cavabdeh Nikoloyevnanın 1/8 hissədə, X12 1/8 hissədə, X4 1/8 hissədə pay hüququ müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçılar iddia ərizəsini onunla əsaslandırmışdır ki, ənələri X13 babaları X5 nikaha daxil olaraq ailə qurmuşlar. Onların birgə nikahın aşağıdakı uşaqları doğulmuşdur. X14 (12.05.1961-ci il təvəllüdlü), X15 (03.10.1967-ci il təvəllüdlü), X14 X18 ilə nikaha daxil olaraq ailə qurmuşlar.Onların birgə nikahından aşağıdakı uşaqları doğulmuşdur, İddiaçı1 (29.06.1986-cı il təvəllüdlü), İddiaçı2 Oleqovna (xx.xx.1990-cı il təvəllüdlü), X16 Vasilyeviç 08.05.1996-cı il tarixdə ölmüşdür. Nənələri X13 27.03.2003-cü ildə tarixdə ölmüşdür. X14 17.09.2012-ci ildə tarixdə ölmüşdür. Onun aşağıdakı vərəsələri qalmışdır: qızı İddiaçı1 (29.06.1986-cı il təvəllüdlü),oğlu İddiaçı2 Oleqovna (xx.xx.1990-cı il təvəllüdlü),X15 26.01.2020-ci ildə tarixdə ölmüşdür. Onun aşağıdakı vərəsələri qalmışdır: qızı İddiaçı3 (04.09.1997-ci il təvəllüdlü),həyat yoldaşı Cavabdeh Nikoloyevna (25.09.1976-cı il təvəllüdlü), oğlu X12 (12.12.2010-cu il təvəllüdlü), oğlu X10 (12.10.2017-ci il təvəllüdlü). Nənələri X6 miras qismində Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Dostluq küçəsi, ev 3, 2 saylı mənzil qalmışdır. Sözügedən miras tərəfimizdən faktiki olaraq qəbul edilmişdir. Belə ki, nənələrinin sağlığından olduğu kimi, onun ölümündən sonra da onlar ondan miras qalmış evə getmişlər. Nənələri rəhmətə gedəndən sonra onlar ona məxsus geyimləri və bəzi qızıl-zinət əşyasını istifadə üçün götürmüşlər. Eyni zamanda nənələrindən qalan evdə müvəqqəti yaşamaqla ondan istifadə etmişlər. Hazırda da nənələrindən qalan qızıl-zinət əşyasını istifadə edirlər. Nənələri X13 öləndən sonra notariat orqanında vərəsəlik işi açılmamış və onlar mirası faktiki qəbul etdikləri üçün buna ehtiyac duymamışlar. Hazırda bununla bağlı zərurət yaranmışdır. Belə ki, miras əmlakın bölüşdürülməsi ilə bağlı vərəsələr arasında fikir ayrılığı yaranmışdır. Bu səbəbdən də onlar 8 saylı Notariat Kontoruna müraciət etmişlər. Lakin notariat orqanı onlara imtina məktubu verərək məhkəməyə müraciət etməyi tövsiyyə etmişdir. Məhkəməyə müraciət üçün müəyyən sənədlərin əsli və surəti bizdə olmadığı üçün həmin sənədlərin toplanması ilə bağlı müvafiq qaydada rəsmi qrurumlara rəsmi müraciətlər etmişlər, lakin Bakı şəhəri Qaradağ Rayon Qeydiyyat Şöbəsi və digər qrumlar bu sənədləri bizə təqdim etməkdən imtina etmişlər. Bu sənədlərin əsillərinin bir hissəsi cavabdehin istifadəsindədir və onların məhkəməyə cavabdeh vasitəsilə təqdim olunması daha rahatdır. Mülki Məcəllənin 1159.1-ci, 1243.1-ci və 1243.2-ci maddələrinin tələblərinə uyğun olaraq X6 miras qalmış Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Dostluq küçəsi, ev 3, 2 saylı mənzil üzərində vərəsələrin aşağıdakı qaydada pay hüququ tanınmalıdır. İddiaçı1 - 2/8 hissədə; İddiaçı2 Oleqovna - 2/8 hissədə; İddiaçı3 - 1/8 hissədə; Cavabdeh Nikoloyevna - 1/8 hissədə; X12 -1/8 hissədə; X10 - 1/8 hissədə; Qeyd olunan halların nəzərə alınaraq, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçıların vəkil və nümayəndəsi məhkəmə iclasında iddia ərizəsinin məzmununa dəlillərinə uyğun izahat verərək, iddia tələbini müdafiə edərək, mübahisə predmeti olan yaşayış sahəsinin iddiaçıların nənəsinə məxsus olduğunu, onun 2003-cü il tarixdə vəfat etdiyini, o vəfat edərkən, ərinin sağ olmadığını (1996-cı il tarixdə), iki oğlu olduğunu, onların isə həmin vaxtda sağ olduğunu, oğlanlarından biri Oleq 2012-ci il tarixdə vəfat etmişdir, o biri oğlu isə 2020-ci il tarixdə vəfat etmişdir, iddiaçılar evin sahibi olan nənənin nəvələridir, cavabdeh isə nənənin oğlu olan İqorun həyat yoldaşıdır, həmin evdən iddiaçılar istifadə etmişlər, miras əmlakın bölfüsü ilə bağlı mübahisə yaranmışdır, ona görə də məhkəməyə mürcaiət etməli olduqlarını qeyd edərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı və cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş və gəlməməsinin işinin olması ilə əlaqədar olması barədə məhkəməyə məlumat vermişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçıların vəkil və nümayəndəsinin izahatlarını, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. İş matereilalarında olan Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət xidmətinin 11.02.2021-ci il tarixli məktubunun surətindən görünür ki, Bakı şəhəri Qaradağ rayonu, Sahil qəsəbəsi, Dostluq küçəsi, ev 3, 2 saylı mənzil X11 məxsus olmaqla hazırda onun adındadır. İş materiallarında olan 8 saylı Notariat Ofisinin 1759 saylı 14 iyul 2021-cu il tarixli məktubunun məzmunundan yadın olur ki, İddiaçı1 tərəfindən 27.03.2003-cü il tarixdə vəfat etmiş X7 ölümündən sonra miras qalmış əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsinə dair müraciət daxil olmuş, lakin qanunvericilikdə nəzərdə tutulmuş müddət ötürüldüyünə, miras əmlakı faktiki idarə etməyi barədə sənəd təqdim etmədiyinə , miras əmlakın hüquqmüəyyənedici sənədini verilə bilinmədyinə görə ona vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi mümkün olmamış, bununla bağlı məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. İş materiallarında olan 45 saylı Notariat Ofisinin 28.01.2021-ci il tarixli məktubunun surətindən görünür ki, 27.03.2003-cü il tarixdə vəfat etmiş X17 ilə bağlı Elektron Notariat İnformasiya Sistemində vərəsəlik işinə dair məlumat aşkar edilməmişdir. İş materiallarında olan 8 saylı Notariat Ofisinin 128 saylı 28 yanvar 2021-ci il tarixli məktubunun məzmunundan yadın olur ki, X17 ilə bağlı Elektron Notariat İnformasiya Sistemində vərəsəlik işinə dair məlumat aşkar edilməmişdir. İş materiallarına əlavə olunmuş AZ № 109038 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X17 27 mart 2003-cü il tarixində ölmüşdür. İş materiallarına əlavə olunmuş AZ-İİ № 168710 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X15 oğlu 26 sentyabr 2020-ci il tarixində ölmüşdür. İş materiallarına əlavə olunmuş AZ-İ № 557270 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X14 oğlu 17 sentyabr 2012-ci il tarixində ölmüşdür. İş materiallarından görünür ki, X14 12.05.1961-ci il tarixdə anadan olmuş, atası X1. İş materiallarından görünür ki, İddiaçı1 29.06.1986-cı il tarixdə anadan olmuş, atası X8. İş materiallarından görünür ki, İddiaçı3 04.09.1997-ci il tarixdə anadan olmuş, atası X9. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1145 və 1146-cı maddələrinə görə miras fıziki şəxsin ölümü və ya məhkəmə tərəfındən ölmüş elan edilməsi ilə açılır. Miras qoyanın öldüyü gün və ya fıziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin Məcəllənin 1157-ci maddəsinə əsasən əgər bir neçə vərəsə vardırsa, miras vərəsələr arasında bölüşdürülənədək vahid əmlak şəklində bütün vərəsələrə mənsubdur. Bu əmlakdan sonuncu xəstəliyi zamanı miras qoyana qulluq və onun müalicəsi, dəfn, mirasın mühafizəsi və idarə edilməsi, əmək haqqı verilməsi və vəsiyyətin icrası üçün lazımi xərclər ödənilə bilər. Bu tələblər mirasın dəyərindən, həm də bütün başqa tələblərə, o cümlədən ipoteka və digər girovla təmin edilmiş tələblərə nisbətən üstün qaydada ödənilməlidir. Həmin Məcəllənin 1159.1.1-ci maddəsinə görə ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı birinci növbədə bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1159.1.3-cü maddəsinə əsasən bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. Həmin Məcəllənin 1159.1.4-cü maddəsinə əsasən sonuncuların nəvələri, nəticələri və uşaqları, əgər onların valideynləri mirasın qəbulundan imtina etmişlərsə, vərəsə ola bilməzlər. Həmin Məcəllənin 1160-ci maddəsinə əsasən əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. Həminj Məcəllənin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcəllənin 1274-cü maddəsinə əsasən miras onu qəbul edən vərəsələrin razılaşması üzrə onlardan hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülür. “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 oktyabr 2020-ci il tarixli Qərarında qeyd edilmişdir ki, mirasın qəbulu şəxsin iradəsi ilə bağlı olan hüquqi hərəkət olmaqla, vərəsə tərəfindən miras əmlakın əldə edilməsinə razılığın ifadə edilməsidir. Vərəsənin mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verməsi mirasın qəbul edilməsinin formal üsuludur. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut edilməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır.Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun (Konstitusiya Məhkəməsi Plenumunun G.Qəhrəmanovanın şikayəti üzrə 2014-cü il 18 iyul tarixli Qərarı). Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, mübahisə predmeti olan ünvan 1 ünvanında yerləşən yaşayış sahəsi xüsusi mülkiyyət hüququ əsasında X11 məxsusdur və hazırda da onun adınadır. Akimova Vera 27.03.2003-ci il tarixdə vəfat etmiş və onun adına vərəsəlik işi açılmamışdır. İddiaçılar mübahisə predemti olan müvafiq miras əmlakın xüsusi mülkiyyət hüququ əsasında onun nənəsinə məxsus olduğunu, həmin evdən müvəqəqti istifadə etməsi halını əsas götürərək, miras əmlakın bölüşdürülməsi tələbini irəli sürmüş və iddia tələbinin əsası kimi qeyd olunan hallara istianad etmişdir. Həmçinin, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçılar miras qoyanın nəvəsi olmaqla, miras qoyanın oğulları qismində çıxış edən iddiaçılardan İddiaçı2 və İddiaçı1 atası Akimov Oleq 17.09.2012ci il tarixdə vəfat etmiş, digər İddiaçı3 atası Akimov İqor 26.01.2020-ci il tarixdə vəfat etmiş, miras qoyan isə 27.03.2003-cü ildə vəfat etmişdir. Deməli mirasın açıldığı vaxt miras qoyanın oğlulları(iddiaçıların atası) sağ olmuşdur. Bundan əlavə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, hazırki mülki iş üzrə miras qoyan qismində çıxış edən X7 adına vərəslik işi açılmamışdır. Deməli, indiki halda miras qoyanın vərəsələrinin dairəsi müəyyən edilməmişdir. Həmçinin, iddiaçı tərəfindən də həmin hala dair heç bir sənəd məhkəməyə təqdim edilməmişdir. Halbuki, mülki qanunvericiliyin tələbinə əsasən miras əmlak onu qəbul edən vərəsələr arasında bölüşdürülür. İndiki halda isə iddiaçıların və cavabdehin miras qoyanın vərəsəsi olması halının müəyyən edilməsi mümkün olmamışdır. Digər tərəfdən mülki qnaunvericiliyin tələbinə əsasən nəvə o halda vərəsə hesab edilir ki, miras qoyanın öldüyü məqamda miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. İndiki halda isə iddiaçıların ataları miras qoyanın öldüyü məqamda sağ olduğundan, iddiaçıların nəvə qismində nənənin vərəsəsi hesab edilməsi halı da mümkün deyildir. Başqa sözlə iddiaçıların nəvə kimi nənəsi Akimova Veranın vərəsəsi hesab edilmir. Bu halda, məhkəmə hesab edir ki, hazırki mülki iş üzrə hər bir halda iddiaçıların mirasq oyanın vərəsəsi olması halı müəyyən edilmədiyindən, mülki qanunvericiliyin tələbinə əsasən isə miras əmlak miras qoyanın miras qəbul edən vərəsələri arasında bölüşdürülməsi mümkün olduğundan, iddiaçıların belə bir iddia tələbi irəli sürülməsinə dair subyektiv hüququna malik olmamışdır. Ona görə də məhkəmə qeyd edilən halları əsas götürərək, hesab edir ki, iddiaçıların miras əmlakın paya uyğun bölünməsi tələbinə dair iddia ərizəsi əsassız olmaqla, təmin edilməməlidir. Məhkəmə bununla bağlı onu qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu mənada qeyd olunmalıdır ki, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmamaqdadır. Həmçinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edibetməməsi məsələləri araşdırılmalıdır. Qeyd olunan məsələ ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008- ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarında da oxşar hüquqi mövqe nümayiş etdirilməklə aşağıdakılar qeyd edilmişdir: “Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimləmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ”. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Konstitusiya məhkəməsi Plenumunun Qərarında qeyd edilmişdir ki,s übutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyi-nəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Konstitusiya Məhkəməsinin Plenumu da əvvəlki qərarlarında dəfələrlə qeyd etmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərar). Bununla bağlı, «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Kovnensiya araşdırmalarında sübutlar qiymətləndirilərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) Prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənanətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§68) Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Beləliklə, məhkəmə iş materiallarını araşdıraraq, toplanmış digər sübutlar məcmuəsinə hüquqi qiymət verərək, hesab edir ki, İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı «miras əmlakın bölünməsi” tələbinə dair iddiası əsassız olduğundan rədd edilməli, ödənilmiş 10 manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı «miras əmlakın bölünməsi” tələbinə dair iddiası əsassız olduğundan təmin edilməsin. Ödənilmiş 10 manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Əhmədova
Məhkəmə qərarları › İş №2(002)-2377/2021
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-2377/2021
23.08.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver