Məhkəmə qərarları › İş №2(002)-2386/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-2386/2021

01.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - Digər icarə müqavilələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-2386/2021 01.09.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Fuad Ələsgər oğlunun sədrliyi, Mirzəliyev Amil Rəfayıl oğlunun katibliyi, İddiaçı MMC-nin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 3622 (üç min altı yüz iyirmi iki) manat əsas məbləğ, 200 manat dəbbə pulu və 30 manat dövlət rüsumunun tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı MMC-nin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X2 izahat verərək bildirdi ki, İddiaçı MMC ilə Cavabdeh arasında avtonəqliyyat vasitəsinin icarə müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən cavabdehə nəqliyyat vasitəsi icarəyə verilmişdir. İcarə müqaviləsinin təminatı kimi iddiaçı təşkilat ilə cavabdeh arasında müqavilə bağlanarkən Kia Cerato markalı, **-FP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi yol vərəqəsinə əsasən 29.04.2021-ci il tarixdən 09.05.2021-ci il tarixədək icarəyə verilmişdir. Cavabdeh 29.04.2021-ci il tarixdə həmin nəqliyyat vasitəsi ilə qəza törətmiş və iddiaçı təşkilata külli miqdarda zərər vurmuşdur. Cavabdehə həmin avtomobilin kasko sığortalı olduğunu və hər hansı bir sığorta hadisəsi baş verdiyi zaman sığortanın qaynar xəttinə bu barədə məlumat verilməsinin vacib olduğunu dəfələrlə yazılı və şifahi şəkildə bildirmələrinə baxmayaraq, cavabdeh məsələyə məsuliyyətsiz yanaşmış və heç nə olmamış kimi yoluna davam etmişdir. Bundan əlavə, tərəflər arasında bağlanmış icarə müqaviləsinin 3.10-cu bəndinin şərtlərini pozaraq avtonəqliyyat vasitəsini tanımadığı bir servisə aparmış və orada ustaya avtomobili təmir üçün vermiş, bu hadisədən bir neçə gün keçdikdən sonra şirkətə bu barədə məlumat vermiş, lakin hansı servisdə olduğunu söyləməmişdir. Şirkət əməkdaşları avtomobilə quraşdırılmış GPS izləmə vasitəsi ilə avtomobilin yerini təyin etmiş, cavabdeh tərəfindən icarə müqaviləsinin 8.4-cü bəndinin pozularaq idarə etmənin başqa şəxsə ötürüldüyü aşkar edilmişdir. Bundan əlavə, avtomobilin uzun müddət təmirdə olmasına baxmayaraq avtomobildə heç bir işin görülmədiyinin şahidi olmuşlar. Şirkət əməkdaşları tərəfindən avtomobil evakuator vasitəsi ilə oradan götürülmüş ünvan 1 ünvanında yerləşən Universal servisə aparılmışdır. Cavabdeh servisə dəvət edilmiş, avtomobilə dəymiş zərərin 1000 manat məbləğində olduğunu təsdiqləmiş, yazılı şəkildə də etiraf etmişdir. Tərəflər arasında bağlanmış müqavilənin 3.3-cü bəndinə əsasən cavabdeh tərəfindən 50 manat depozit ödənilmiş, hazırda avtomobilə zərər dəydiyindən 950 manat depozit borcu qalmışdır. Bundan əlavə, həmin müqavilənin 3.9-cu bəndinə əsasən, qəza baş verən zaman 1000 manat depozit azadolma məbləği kimi icarəçi tərəfindən icarəyə verənə ödənildikdən sonra avtonəqliyyat vasitəsinin qəza baş verdiyi vaxtdan təmirdən çıxdığı vaxtadək olan günlərin sayı avtonəqliyyat vasitəsinin bir günlük icarə haqqının 70 faizi dəyərində hesablanaraq icarəçi tərəfindən icarədara ödənilməlidir. Avtomobil 12 gün ərzində servisdə qaldığından (günü 80 manatdan icarəyə verildiyindən 70%-i 56 manat edir, 56x12=672) 672 manat pul, əlavə olaraq 1000 manat dəymiş zərər və müqavilənin 8.4-cü bəndinə əsasən idarə etməni başqa şəxsə ötürdüyünə görə 1000 manat cərimə olmaqla, cavabdehin ümumilikdə 3622 manat borcu yaranmışdır. Qəza törədilən zaman cavabdeh sözügedən məbləği tezliklə iddiaçı təşkilata ödəyəcəyinə dair söz versə də, həmin məbləği qaytarmaq üçün heç bir cəhd göstərməmişdir. Cavabdehə edilmiş xəbərdarlıqlar heç bir nəticə verməmiş, iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hazırda o, məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş edir. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri barədə qanunvericiliklə müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclaslarına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının MPM-nin 135.7, 185.5-ci maddələrinə əsasən, mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sənədləri tədqiq edərək belə qənaətə gəlir ki, iddia tələbi aşağıdakı əsaslara görə qismən əsaslı hesab edilərək qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 29.04.2021ci il tarixli Avtonəqliyyat vasitəsinin icarə müqaviləsindən görünür ki, İddiaçı MMC (icarəyə verən) mülkiyyət hüququ ilə ona məxsus olan 2013-cü il buraxılışlı, **-FP-*** dövlət nömrə nişanlı, KİA CERATO minik markalı avtomaşını Cavabdeh (icarədar) müvəqqəti istifadəsinə vermişdir, icarə haqqı hər sutka üçün 80 manat müəyyən edilmişdir. Həmin müqavilənin 3.2-ci bəndinə əsasən, tərəflər razılaşırlar ki, icarəçinin bu müqavilədən irəli gələn öhdəliklərinin təminatı kimi 1000 AZN-ə qədər məbləğdə depozit müəyyən edilir. Alınan depozitin məbləği Təhvil təslim aktında qeyd olunmalıdır. Həmin müqavilənin 3.3-cü bəndinə əsasən, icarəçi tərəfindən (icarəyə verənin tələbinə əsasən) depozit məbləğinin müəyyən ödənişi müqavilə imzalandığı anda, qalan məbləğin ödənişi isə sığorta hadisəsinin baş verdiyi, hüquqpozmalara yol verdiyi və ya avtonəqliyyat vasitəsindən təyinatına uyğun istifadə etmədiyi istənilən hallarda dərhal həyata keçirilir. Həmin müqavilənin 3.9-cu bəndinə əsasən, qəza baş verən zaman müqavilənin 3.2-ci bəndində göstərilən 1000 manat depozit azadolma məbləği kimi icarəçi tərəfindən icarəyə verənə ödənildikdən sonra avtonəqliyyat vasitəsinin qəza baş verdiyi vaxtdan təmirdən çıxdığı vaxtadək olan günlərin sayı avtonəqliyyat vasitəsinin bir günlük icarə haqqının 70 faizi dəyərində hesablanaraq icarəçi tərəfindən ödənilməlidir. Həmin müqavilənin 8.4-cü bəndinə əsasən, idarəetməni digər şəxsə ötürmək üçün 1000 manat cərimə ödənilir. Həmin Müqavilənin son səhifəsində Cavabdeh **-FP-*** dövlət qeydiyyat nişanlı, KİA SERATO markalı minik avtomobili ilə 29.04.2021-ci il tarixdə Saray Postu tərəfdə yüngül qəza törətdiyini və İddiaçı MMC-nə 1000 manat məbləğində borclu olduğunu qeyd etmiş və öz imzası ilə təsdiq etmişdir. İş materiallarında olan Təhvil-Təslim aktı 1-dən görünür ki, icarəçi Cavabdeh 50 manat məbləğində depozit ödəmişdir. İş materiallarında olan Təhvil-Təslim aktı 2-dən görünür ki, 2013-cü il buraxılışlı, **-FP-*** dövlət nömrə nişanlı KİA CERATO minik markalı avtomobil icarəçi Cavabdeh təhvil verilmişdir. İş materiallarında olan İddiaçı MMC tərəfindən verilmiş 29.04.2021-i il tarixli yol vərəqəsindən görünür ki, **-FP-*** dövlət nömrə nişanlı KİA CERATO minik markalı avtomobilin 25.05.2021-ci il tarixədək Cavabdeh tərəfindən Azərbaycan Respublikasının ərazisində idarə olunması üçün etibarnamə verilmişdir. İş materiallarında olan 18.05.2021-ci il tarixli aktdan görünür ki, **-FP-*** dövlət nömrə nişanlı KİA CERATO minik markalı avtomobil 29.04.2021-ci il tarixdən 11.04.2021-ci il tarixədək təmirxanada olmuşdur. İş materiallarında olan Nəqliyyat Vasitəsinin (minik avtomobili) dəyərləndirilməsi barədə hesabatdan və 03.05.2021-ci il tarixli qüsur aktından görünür ki, İddiaçı MMC-nə məxsus olan KİA CERATO minik markalı avtomobilə dəymiş zərər 1000 manat məbləğində müəyyən edilmişdir. İş materiallarında olan İddiaçı MMC tərəfindən tərtib edilmiş 25.08.2021-ci il tarixli aktdan görünür ki, 29.04.2021-ci il tarixli müqaviləyə əsasən Cavabdeh verilmiş KİA CERATO minik markalı, **-FB-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsini Cavabdeh təhvil verməmişdir. Beləliklə, mülki iş üzrə sübutlara əsasən məhkəmə iclasında müəyyən edildi ki, tərəflər arasında 29.04.2021-ci il tarixdə avtonəqliyyat vasitəsinin icarə müqaviləsi bağlanmış və KİA CERATO minik markalı, **-FB-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin icarə şərtləri müəyyən edilmişdir. Lakin cavabdeh həmin tarixdə qeyd olunan avtonəqliyyat vasitəsi ilə qəza törədərək bu barədə iddiaçıya və sığorta təşkilatına məlumat verməmiş, avtomobili təmir məqsədilə başqa şəxsin sahibliyinə verərək müqavilə şərtlərini pozmuşdur. Qeyd olunan halları, müqavilə şərtlərini və mülki qanunvericiliyin normalarını rəhbər tutaraq məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, müqavilənin 3.2-ci bəndi və dəymiş ziyan məbləği nəzərə alınmaqla qalıq depozit məbləği olan 950 manat, müqavilənin 3.9-cu bəndinə əsasən 12 günlük təmir müddəti üçün 672 manat, müqavilənin 8.4-cü bəndinə əsasən 1000 manat olmaqla, cəmi 2622 manat pulun cavabdehdən tutulması qət edilməlidir. Buna baxmayaraq, 1000 manat depozitin öhdəliyin təminatı kimi verildiyi və ziyanın da 1000 manat təşkil etdiyi nəzərə alınaraq əlavə olaraq ziyana görə 1000 manat pulun və müqavilədə aydın şəkildə tənzimlənmədiyinə görə 200 manat dəbbə pulunun tələb edilməsi əsassız hesab edilməli, iddia həmin hissədə təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcələnin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 700.1-ci maddəsinə əsasən, icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən, zərərin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Məhkəmə iddianın dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, dövlət rüsumu ilə bağlı tələb də ödənilmiş tələblərin məbləğinə münasib olaraq qismən təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə mülki iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək və sadalanan hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 2622 (iki min altı yüz iyirmi iki) manat məbləğində pul vəsaiti və 21 (iyirmi bir) manat dövlət rüsumu tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : Fuad Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar