Məhkəmə qərarları › İş №2(002)-2394/2022

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-2394/2022

15.12.2022 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-2394/2022 15.12.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, Salmanova Könül Xasay qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «mənzilə köçürülmə» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «mənzilə köçürülmə» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun övladları ilə birlikdə Bakı şəhəri Qaradağ rayonu Ələt qəsəbəsi Şıxlar bağ massivində yerləşən bağda inşa etdikləri evlərinə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 2007-ci il tarixdə rəsmi olaraq nikaha daxil olub evlənmişdir. Ailə qurduqdan sonra Bakı şəhəri Qaradağ rayonu Ələt qəsəbəsi Şıxlar bağ massivində olan bağ evini tikib və təmir edib həmin ünvana gəlin gəlmişdir və özünə məxsus cehiz əşyalarını da bu ünvana gətirmişdir. Birgə nikahdan olan övladları da bu ünvanda doğulmuş və onunla birlikdə yaşamışlar. Cavabdehlə bir müddət yaşadıqdan sonra öz maddi vəsaiti hesabına mənzili tam təmir edib, həmin evdə yaşamaqda davam etmişdir. Lakin cavabdeh narkotik maddə aludəçisi olması, onu dəfələrlə döyüb incitməsi nəticəsində müvəqqəti olaraq evdən çıxmalı olmuşdur. Sonradan evə gəlmək istədikdə cavabdeh evin açarını dəyişib, onun və uşaqlarının evə köçməsinə imkan vermir. Onun bu evdə yaşadığını və əmlakının orada olmasını qonşuları tərəfindən tərtib olunmuş akt da təsdiq edir. Bundan əlavə ərazi bələdiyyəsinin verdiyi arayışdan da görünür ki, o, bu evdə yaşamışdır. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh saxlanıldığı Bakı İstintaq Təcridxanasının rəhbərliyi vasitəsi ilə məhkəməyə ərizə göndərərək, həbsdən çıxanadək iş üzrə məhkəmə baxışının qeyri-müəyyən vaxta təxirə salınmasını xahiş etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, şahid X15 ifadəsində bildirdi ki, o, İradəgilin qonşusudur, həmin ərazidə yaşayır. Evi iddiaçı inşa etdirmişdir, tikinti işlərini Çingiz usta görmüşdür. X2 ifadəsində bildirdi ki, daş ustasıdır. İddiaçı ona pul ödəmiş, o da qarşığında ev inşa etmişdir. İddiaçıgillə qonşudurlar. 61 saylı ərazidə yaşayırlar. Tikinti işlərini o yerinə yetirmiş, görülən işə görə zəhmət haqqını iddiaçı İradə xanım vermişdir. X3 ifadəsində bildirdi ki, müəllimədir. İddiaçı ilə qonşudur. 61 saylı ərazidə, eyni məhəllədə yaşayırlar. İddiaçı hazırda anasıgildə yaşayır. Mübahisə gedən ev yarı tikili olmuşdur. İradənin əri həbsdə olub. İradə həmin evdə yaşamışdır. Qayınınası iddiaçının həmin evdə yaşamasına ənəl olurdu. İş materiallarına əlavə olunmuş nikah, doğum və nikahın pozulması haqqında şəhadətnamələrin surətlərindən görünür ki, tərəflər 26 may 2007-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar. Nikahları Qaradağ rayon VVADQ şöbəsində 429 saylı akt qeydi ilə bağlanmışdır. Birgə nikahlarından doğulmuş xx.xx.2009-cu il təvəllüdlü X12 və xx.xx.2017-ci il təvəllüdlü İddiaçıadlı iki uşaqları var. Tərəflərin nikahları məhkəmə qətnaməsinə (Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi) əsasən pozulmuş, bu barədə 23 sentyabr 2021-ci il tarixdə 232 saylı akt qeydi aparılmışdır. X1, X5 və X9 tərəfindən tərtib olunmuş aktda qeyd olunmuşdur ki, həqiqətən qonşuları X4 Rəşid Camal oğlu ilə 2007-ci ildə ailə həyatı qurmuşlar. Evlilik dövründə Ələt qəsəbəsi, Şıxlar bağ massivində fərdi yaşayış evi tikmişlər. İddiaçı həyat yoldaşı ilə həmin evdə 2010-cu ildən 2021-ci ilədək birlikdə yaşamışdır. Aktın doğruluğunu imzaları ilə təsdiq etmişlər. Qaradağ rayonu Ələt bələdiyyəsinin 03 noyabr 2021-ci il tarixli arayışdan görünür ki, İddiaçı Bakı şəhəri Qaradağ rayonu Ələt qəsəbəsi Şıxlar bağ massivində 2010-2021-ci il ərzində ailəsi ilə birlikdə yaşamışlar. Yaşadıqları fərdi yaşayış evinin sənədi olmadığı üçün, evin ünvanının göstərilməsi mümkün olmamışdır. İş materiallarına əlavə olunmuş digər sənədlərdən görünür ki, mübahisə edilən özbaşına tikilidə istifadə olunan elektrik enerjisi və s. ilə əlaqədar akt və digər sənədlər İddiaçı adına tərtib olunmuşdur. İşin faktiki hallarından göründüyü kimi, mübahisə edilən tikili hazırki vəziyyətinə görə özbaşına tikilidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsinin tələbinə görə tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Sadalanan maddələrin mənasına görə, özbaşına tikinti aparmış şəxs həmin tikili üzərində mülkiyyət hüququ əldə etməsə də, yəni onun tikinti üzərində sərəncam vermək – onu satmaq, bağışlamaq, icarəyə vermək və digər əqdlər bağlamaq ixtiyarları olmasa da, onun həmin tikilinin faydalı xüsusiyyətlərindən bəhərlənmək, orada yaşamaq kimi və sair qanunla qadağan olunmayan hüquqları vardır. Məhkəmə hesab edir ki, mübahisəli evin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaması iddiaçının azyaşlı uşaqları ilə birlikdə həmin evə köçürülməməsi üçün əsas sayıla bilməz. Çünki, həmin evin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaması, evin faktiki mövcud olmaması, eləcə də evin sahibinin onun üzərində qanunla qadağan edilməyən hüquqlarını həyata keçirməsinə mane olan hal kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası MPM-in 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. «R.Ağalarovun şikayəti üzrə» Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və Qanunlarına uyğunluğunun yoxlanılmasına dair 26 sentyabr 2007-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin Plenumu yekun hüquqi mövqeyini belə ifadə etmişdir ki, ümumi yurisdiksiyalı məhkəmələr tərəfindən mənzil qanunvericiliyində normanın mövcud olmamasına görə iddianın rədd olunması və konkret mübahisənin həllindən faktiki imtina edilməsi yolverilməzdir. Mənzil qanunvericiliyində müəyyən münasibətlərin tənzimlənməməsi öz əlamətlərinə görə mülki hüququn predmetinə aid mülki münasibətlərin mövcudluğu və mülki qanunvericilikdə oxşar münasibətləri tənzimləyən normanın olması bütövlükdə dövlətin iradəsinin ifadəsindən çıxış edərək boşluğun tamamlanması məqsədilə qanunun analogiyasının tətbiqi üçün əsas götürülə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 11.1-ci maddəsinə əsasən, mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə əgər bu, onların mahiyyətinə zidd deyildirsə oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). Məhkəmə hesab edir ki, cavabdehin mübahisəli ev barəsində «gözlənti» hüququna malik olması halında belə bu, iddiaçının Mənzil Məcəlləsinin 68-ci maddəsi ilə təminat verilən hüquqlardan məhrum edilməsi üçün əsas olmamalıdır. Belə ki, mübahisəli evin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaması ilə əlaqədar olaraq mübahisəli hüquq münasibətini tənzimləyən normaların olmaması həmin münasibətlərə oxşar münasibətləri tənzimləyən qanunvericilik normalarının tətbiqini, yəni qanunun analogiyasını istisna etmir. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsinə görə, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Maddənin mənasına görə, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun dayanmalıdır. Bir qayda olaraq evə və digər bu kimi yerlərə köçürülmə barədə iddialara baxılarkən ilk növbədə üç hal aydınlaşdırılmalıdır: birincisi, şəxs köçmək istədiyi yerdə yaşayıbmı; ikincisi, şəxs yaşadığı yerdən məhrum edilibmi; üçüncüsü, məhrum edilmə qanunidirmi. Hazırki işdə, birinci və ikinci hallar mövcuddur, yəni iddaçı köçmək istədiyi evdə yaşayıb və yaşadığı evdən cavabdehin qanunsuz hərəkətləri nəticəsində məhrum edilib. İşin faktiki hallarından görünür ki, iddiaçı mübahisəli yaşayış sahəsindən iradəsinə zidd olaraq çıxarılmışdır. O, əvvəllər ailə üzvləri ilə yaşadığı və əşyalarının olduğu tikiliyə köçmək, övladı ilə orada yaşamaq istəyir. Onun yaşadığı tikilidən məhrum edilməsi halının aradan qaldırılması, hüquqlarının müdafiə olunması üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Ödəniş qəbzindən görünür ki, iddia ərizəsi ilə məhkəməyə müraciət olunması üçün 100 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, İddiaçı övladı xx.xx.2009-cu il təvəllüdlü X12 və xx.xx.2017-ci il təvəllüdlü X10 ilə birlikdə Cavabdeh ilə yaşadığı Bakı şəhəri Qaradağ rayonu Ələt qəsəbəsi Şıxlar bağ massivində yerləşən tikiliyə köçürülməlidir. Ödənilmiş 100 manat dövlət rüsumu tələb edilmədiyindən iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı övladı xx.xx.2009-cu il təvəllüdlü X12 və xx.xx.2017-ci il təvəllüdlü X10 ilə birlikdə Cavabdeh ilə yaşadığı Bakı şəhəri Qaradağ rayonu Ələt qəsəbəsi Şıxlar bağ massivində yerləşən tikiliyə köçürülsün. Ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Kamran Əsədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar