Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-2408/2022 27.10.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, Salmanova Könül Xasay qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi «hüquqi əhəmiyyətli doğumun qeyd edilməsi faktının müəyyən edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi 6 saylı Bakı «ASAN xidmət» mərkəzi Qeydiyyat şöbəsini maraqlı şəxs qismində qeyd etməklə, «hüquqi əhəmiyyətli doğumun qeyd edilməsi faktının müəyyən edilməsi» tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, onun xx.xx.1967-ci il tarixdə Ermənistan SSR Sisian rayonu Ağdü kəndində doğumunun qeyd edilməsi faktının müəyyən edilməsi, doğum haqqında akt qeydində soyad qrafasında Baxışova, ad qrafasında Dilşad, ata adı qrafasında Əli qızı, doğum tarixi xx.xx.1967-ci il, doğulduğu yer Ermənistan SSR Sisian rayonu Ağdü kəndi, ata qrafasında X4, ana qrafasında X1, milliyyətinin Azərbaycanlı kimi qeyd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, xx.xx.1967-ci il tarixdə Ermənistan SSR Sisian rayonu Ağdü kəndində doğulmuşdur. Həmin vaxt ona Ermənistan SSR-in qeydiyyat şöbəsi tərəfindən doğum haqqında şəhadətnamə verilmişdir. O, həmin şəhadətnaməni naməlum şəraitdə itirmişdir. Onun doğum haqqında şəhadətnaməsinin olmaması problemlər yaradır. Belə ki, onun adına hər hansı bir sənədləşmə işi aparılarkən doğum haqqında şəhadətnaməsi tələb olunur. Lakin doğum haqqında şəhadətnamə itdiyi üçün o, şəhadətnaməni tələb edilən yerə təqdim edə bilmir. Belə olduğu təqdirdə doğum haqqında şəhadətnaməyə ehtiyac vardır. O, xx.xx.1988-ci il tarixdə X2 ilə rəsmi nikaha daxil olmuşdur və bu barədə nikahın bağlanması haqqında şəhadətnamə ona təqdim edilmişdir. Bundan başqa, rəsmi nikahdan dünyaya gələn övladlarının doğum haqqında şəhadətnamələrinin ana qrafasında adı olduğu kimi «Ərizəçi» şəklində öz əksini tapmışdır. Uzun illər öncəyədək o, SSRİ pasportu ilə bir sıra sənədləşdirmə işləri apardığı üçün ona doğum haqqında şəhadətnaməyə ehtiyac olmamışdır. Lakin hal-hazırda prosessual hüquqlarını həyata keçirmək istədiyi zaman doğum haqqında şəhadətnaməsi ondan tələb edilir. Belə olduğu təqdirdə, ona məxsus doğum haqqında şəhadətnamənin verilməsi üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 6 saylı Bakı «ASAN xidmət» mərkəzi Qeydiyyat şöbəsinə müraciət olunsa da, xx.xx.2022ci il tarixli xx/xx-1306 saylı cavab məktubuna əsasən doğum haqqında şəhadətnaməni tapmaq mümkün olmamış və sənədlər təqdim edilmədiyi üçün aidiyyatı üzrə məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Göründüyü kimi, ona məxsus doğum haqqında şəhadətnamənin əsli olmadığından qeydiyyat şöbəsi tərəfindən doğum akt qeydinin bərpası mümkün deyil. Ərizəçi məhkəmə iclasında ərizəni müdafiə edərək, ərizənin məzmununa uyğun izahat verdi və məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs 6 saylı Bakı «ASAN xidmət» mərkəzi Qeydiyyat şöbəsinin baş məsləhətçisi məhkəməyə məktub ünvanlayaraq ərizəyə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmiş, nümayəndənin məhkəmə iclasına gələ bilməməsinin üzürlü səbəbi kimi iş həcminin çox olmasını göstərmişdir. Məhkəmə qeyd olunan məktubu nəzərə alaraq mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, şahidlər X9 və X7 hər biri ayrı-ayrılıqda məhkəmə iclasında ifadə verərək bildirdilər ki, Ərizəçi həqiqətən Qərbi Azərbaycanda doğulmuşdur. Onlar məlum hadisələrlə bağlı Qərbi Azərbaycandan deportasiya olunmuşlar. Bir çox Qərbi Azərbaycanlılar evlərindən tələskən çıxarkən sənədləri o vaxtkı Ermənistan SSR-də qalmış, bəzilərinin sənədləri yol gələrkən itirilmiş, bəzi sənədlər isə burada məskunlaşdıqları vaxt, ya sonradan itirilmişdir. Qərbi Azərbaycanlıların əksəriyyəti sənədlərlə bağlı əziyyət çəkirlər. Çünki, akt qeydləri Qərbi Azərbaycanda aparılıb, həmin qeydlər ya saxlanılmayıb, saxlanıbsa da, Ermənistan SSR-in arxvilərində saxlanılıb. Azərbaycan Respublikasının müvafiq qurumlarının həmin arxivlərə giriş və məlumat almaq imkanı yoxdur. İş materiallarına əlavə olunmuş sənədlər toplusundan görünür ki, Ərizəçi xx.xx.1967-ci il tarixdə Ermənistan SSR Sisian rayonu Ağdü kəndində doğulmuşdur. X3 (X5), anası X6 olan ərizəçinin adına doğum haqqında akt qeydi Ermənistan SSR Sisian rayonunun səlahiyyətli orqanı tərəfindən icra edilmiş, ona doğum haqqında şəhadətnamə təqdim olunmuş, illər sonra həmin doğum haqqında şəhadətnaməyə əsasən ərizəçiyə pasport verilmişdir. 1988-ci ildə baş vermiş olaylar, yəni azərbaycanlıların doğma dədəbaba yurdlarından (Qərbi Azərbaycan) deportasiyası zamanı ərizəçi də digər həmin vəziyyətdə olan şəxslərin bir çoxu kimi doğum haqqında şəhadətnaməsini itirmişdir. Azərbaycana pənah gətirən ərizəçiyə SSRİ pasportuna əsasən müxtəlif sənədlər, o cümlədən şəxsiyyət vəsiqəsi təqdim olunmuşdur. 6 saylı Bakı «ASAN xidmət» mərkəzi Qeydiyyat şöbəsinin 20 iyul 2022-ci il tarixli xx/xx-1333 saylı məktubundan görünür ki, Ərizəçi doğum haqqında şəhadətnamənin verilməsinin mümkün olmaması bildirilmiş, məhkəməyə müraciət etməsi tövsiyə olunmuş və qanunvericiliyin tələbləri izah edilmişdir. Azərbaycan Respublikası MPM-in 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-in 307.2, 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təstiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-in 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edildi ki, X3 (X5), anası X6 olan Ərizəçi xx.xx.1967-ci il tarixdə Ermənistan SSR Sisian rayonu Ağdü kəndində doğulmuş və doğum səlahiyyətli orqan tərəfindən qeydə alınaraq, ona doğum haqqında şəhadətnamə verilmişdir. Göründüyü kimi ərizəçi doğumun qeyd edilməsinə dair hüquqi əhəmiyyəti olan faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilmədiyindən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ödnilmiş 100 manat dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307, 307.2, 307.2.3, 311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. X3 (X5), anası X6 olan Ərizəçi xx.xx.1967-ci il tarixdə Ermənistan SSR Sisian rayonu Ağdü kəndində doğumunun qeyd edilmə faktı müəyyən edilsin. Ödnilmiş 100 manat dövlət rüsumu ərizəçinin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kamran Əsədov
Məhkəmə qərarları › İş №2(002)-2408/2022
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-2408/2022
27.10.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver