Məhkəmə qərarları › İş №2(002)-243/2024

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-243/2024

25.01.2024 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-243/2024 25.01.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Fuad Ələsgər oğlunun sədrliyi, Bağırova Mehriban Yaşar qızının katibliyi, İddiaçı və cavabdeh, eyni zamanda digər Cavabdeh1 etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mənzilə istifadə hüququnun tanınması tələbi barədə ilk iddiası, Cavabdeh2 İddiaçı qarşı mənzildən çıxarılma və mənzilə köçürülmə tələbləri barədə qarşılıqlı iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mənzilə köçürülmə və mənzilə istifadə hüququnun tanınması tələbləri barədə iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, onun azyaşlı uşağı xx.xx.2017-ci il təvəllüdlü X1 ilə birlikdə ünvan 1, 37 saylı mənzilə istifadə hüquqlarının tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh2 İddiaçı qarşı mənzildən çıxarılma tələbi barədə qarşılıqlı iddia ərizəsi, daha sonra qarşılıqlı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ona məxsus ünvan 1, 37 saylı mənzildən İddiaçı əşyaları ilə birlikdə çıxarılması, mənzilin boşaldılması və onun həmin yaşayış sahəsinə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı idda ərizəsinə uyğun izahat verərək bildirdi ki, o, Cavabdeh1 ilə xx.xx.2016-cı il tarixində rəsmi nikaha daxil olmuşdur. Birgə nikahdan xx.xx.2017-ci ildə övladları X1 anadan olmuşdur. Onlar ailə qurduqdan sonra Qaradağ rayonu, Sahil qəsəbəsi, V.Ələkbərov küçəsi, ev 1A, mənzil 37-yə gəlin gəlmişdir, 2016-2018-ci illər ərzində qaynatasının razılığı ilə həmin mənzildə yaşayış yeri üzrə qeydiyyatda olmuşdur. 2018-ci ildə həyat yoldaşının təkidi ilə kirayə pulu almaq və ev növbəsinə yazılmaq məqsədilə formal olaraq Puta qəsəbəsində Hərbi Hissəyə qeydiyyata düşmüşlər. Lakin 2016-cı ildən indiyə kimi qeyd olunan mübahisəli mənzildə yaşayırlar. Orderlə 1 (bir) otaqlı olan həmin mənzil qaynatası Cavabdeh2 adına verilmişdir. Əlavə olaraq 2 (iki) otaq sonradan artırılmışdır. O, həmin mənzilə köçəndə mənzil təmirsiz idi. Həyat yoldaşı Cavabdeh1 hərbçidir, onun pulu ilə evin dəhlizi, hamam otağı və mətbəxi təmir olunmuşdur. O isə evdə işləyən usatalara və fəhlələrə yemək bişirir, evi silib təmizləyirdi. Onlar orderlə 1 (bir) otaqlı olan və sonradan artırılan mənzildə birgə yaşamışlar. Əvvəldən olan və sonradan aldığı əşyalar bütün otaqlarda vardır. Son dövrdə Cavabdeh1 onunla yola getmir, onu tez-tez döyür, evdən qovmağa çalışır, həyatında başqa bir qadın var. O, döyülməsi ilə bağlı polis orqanlarına şikayət etmişdir. Həyat yoldaşının fikri odur ki, onu mənzildən çıxarıb həyatında olan qadını oraya gətirsin. Lakin mübahisəli mənzil onun və övladının yeganə yaşayış yeridir. Nikah dövründə mənzildə aparılan təmir işləri onların ümumi vəsaiti ilə aparılmışdır. 2016-cı ildən fasiləsiz olaraq həmin mənzildə yaşayır, cavabdehlərin razılığı ilə qeydiyyatda olmuşdur, ona görə də həmin mənzilə istifadə hüquqlarının tanınmasını tələb edir. Eyni zamanda cavabdehin qarşılıqlı iddia ərizəsinə münasibətdə bildirmək istəyir ki, Cavabdeh2 mənzilə köçürülməsinə hər hansı etirazı yoxdur, lakin özünün mənzildən çıxarılmasına qəti etiraz edir. Çünki onun azyaşlı uşağı ilə həmin mənzildən başqa yaşayış yeri yoxdur. Belə ki, valideynlərinin razılığı olmadan, cavabdehə qoşulub qaçaraq evlənmişdir, öz valideynləri ilə münasibətləri gərgin olmuşdur, iş yeri və qazancı da yoxdur. Bundan əlavə, Cavabdeh2 qarşılıqlı iddiasında onları dəfələrlə polisə əsassız şikayət etdiyini bildirsə də, hadisə belə olmamışdır. O, yalnız həyat yoldaşı Cavabdeh1 tərəfindən şiddətə məruz qaldığına görə polisə müraciət etmişdir. Eyni zamanda, məhkəməyə şahid qismində dəvət etmək istədiyi şəxslər cavabdehlər tərəfindən təzyiqə məruz qaldığından məhkəmə iclasında iştirak edə bilmirlər. Bu səbəbdən hazırda başqa bir şəxsi şahid qismində məhkəməyə təqdim etməyə məcbur olmuşdur. Qeyd olunanlara əsasən, ilk iddianın tam, qarşılıqlı iddianın qismən təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə baxışı zamanı cavabdeh, eyni zamanda digər Cavabdeh1 etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Cavabdeh2 izahat verərək bildirdi ki, iddiaçı onun gəlini, digər Cavabdeh1 isə onun oğludur. Hazırda ilk iddia tələbinə etiraz edir və qarşılıqlı iddia tələbini müdafiə edir. Belə ki, iddiaçı onun oğlu ilə 2016-cı ildə ailə qurduqdan sonra əvvəlcə başqa evə, qısa müddət sonra isə ona məxsus mənzilə gəlin gəlmişdir. Həqiqətən onun razılığı ilə mənzilə qeydiyyata alınmışdır, sonradan qeydiyyatdan çıxması barədə onun məlumatı olmamışdır. Lakin son dövrdə iddiaçı onun öz mənzilinə gəlib rahat yaşamasına imkan vermir. Oğlu Cavabdeh1 hərbçidir, çox vaxt mübahisəli mənzildə yaşamır. İddiaçı ilə münasibətləri isə olduqca gərgindir. Çünki iddiaçı özünü apara bilməmiş, həmişə ailəyə qarşı hörmətsizlik etmiş, dəfələrlə əsassız olaraq onları polisə vermişdir. Qeyd olunan mənzil vaxtilə ona işlədiyi Bakı Sement Təmir İdarəsi tərəfindən ayrılmış, həmin vaxtdan orada yaşamışdır. Oğlu Kamran həmin mənzildə doğulmuşdur. Daha sonra mənzillə bağlı sənədləşmə işlərini tamamlamaq üçün Qaradağ rayon İcra Hakimiyyəti tərəfindən onun adına 004576 nömrəli xx.xx.2009-cu il tarixli order verilmişdir. 2023-cü ilin noyabr ayında orderə əsasən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət edərək mənzilin öz adına rəsmiləşdirilərək çıxarışın verilməsini xahiş etmişdir, lakin indiyə kimi çıxarış verilməmişdir. Orderdən göründüyü kimi mənzil 1 (bir) otaqlıdır, sonradan iç-içə iki otaq əlavə edilmişdir. 2016-cı ildə oğlunun xatirinə Səkinəni mübahisəli mənzilə qeydiyyata saldırmışdır, Səkinənin hazırda başqa yerdə qeydiyyatda olması ona sonradan məlum olmuşdur. Mənzilin təmirini, kommunal xidmətlərə görə ödənişləri özü etmişdir. Hazırda qanunsuz olaraq mənzilindən məhrum olunmuşdur. İddiaçının ona qarşı irəli sürdüyü tələbin hər hansı hüquqi əsası yoxdur, İddiaçı oğlu ilə olan nikah münasibətləri gələcəkdə pozulacağından Səkinə onun ailə üzvü hesab edilməməlidir. Qeyd olunanlara əsasən, ilk iddianın rədd edilməsini, qarşılıqlı iddianın təmin edilməsini xahiş edir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X3 ifadə verərək bildirdi ki, o, İddiaçı xalası oğludur. İddiaçı 2016-cı ildə Cavabdeh1 qoşulub qaçmışdır, həmin vaxtdan Sahil qəsəbəsində yaşayır. İddiaçı anası ilə münasibətləri gərgindir, qoşulub getdiyinə görə anası onu qəbul etmir, atası rəhmətə getmişdir. İddiaçı yeganə yaşayış yeri hazırda yaşadığı mənzildir. Məhkəmə, izahatları və şahid ifadəsini dinləyib, iş materiallarında olan sənədləri tədqiq edərək belə qənaətə gəlir ki, aşağıdakı əsaslara görə ilk iddia təmin edilməli, qarşılıqlı iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan AZ-İİ seriyalı, 082568 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh1 ilə X2 xx.xx.2016-cı il tarixdə rəsmi nikah qeydiyyatından keçərək ailə qurmuş və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında Qaradağ rayon Qeydiyyat şöbəsində 24 nömrəsi ilə qeydiyyat aparılmışdır. Nikah bağlandıqdan sonra arvada “Hüseynzadə” soyadı verilmişdir. İş materiallarında olan AZ-İİİ seriyalı, 921869 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X1 xx.xx.2017-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Onun atası Cavabdeh1, anası İddiaçıdır. İş materiallarında olan Qaradağ rayonu Sahil Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, X1 ünvan 1, 37 saylı mənzildə qeydiyyatsız yaşayır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş ******* nömrəli, xx.xx.2023-cü il tarixli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, Cavabdeh2 ünvan 1, 37 saylı mənzildə qeydiyyatdadır. Həmin mənzildə ondan başqa Cavabdeh1 və digər şəxslər qeydiyyatdadırlar. İş materiallarında olan AZE seriyalı ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı Puta qəsəbəsi Hərbi Hissədə qeydiyyata alınmış, şəxsiyyət vəsiqəsi xx.xx.2018-ci il tarixdə verilmişdir. İş materiallarında olan 004576 saylı xx.xx.2009-cu il tarixli orderin surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən, 18 kv.m. sahəsi olan 1 otaqlı 37 saylı mənzil Cavabdeh2 verilmişdir, ailə tərkibi onun özü, Quliyeva Z.H., Cavabdeh1, İddiaçıM. olmaqla dörd nəfərdən ibarətdir. Orderin verilməsi üçün əsas Qaradağ rayon İcra Hakimiyyətinin xx.xx.2009-cu il tarixli 212 nömrəli sərəncamı olmuşdur. Beləliklə, məhkəmə iclasında mülki iş üzrə sübutlara əsasən müəyyən edildi ki, mübahisəli mənzil 004576 saylı xx.xx.2009-cu il tarixli orderə əsasən Cavabdeh2 və ailə üzvlərinə verilmiş, iddiaçı 2016-cı ildə Cavabdeh1 ilə rəsmi nikaha daxil olaraq həmin mənzilə köçmüşdür və indiyə kimi azyaşlı övladı ilə həmin mənzildə yaşamaqdadır. Tərəflərin izahatlarına əsasən, 2016-cı ildə iddiaçı cavabdeh kirayəçi tərəfindən həmin mənzilə yaşayış yeri üzrə qeydiyyata alınmış, 2018-ci ildə formal olaraq Hərbi Hissəyə qeydiyyata düşsə də, indiyə kimi fasiləsiz olaraq qeyd olunan mənzildə yaşamaqdadır. İzahatlara və şahid ifadəsinə əsasən, iddiaçının azyaşlı övladı ilə başqa yaşayış yeri və başqa yerdə yaşamağa imkanı yoxdur. Bundan əlavə, tərəflərin izahatlarına əsasən mübahisəli yaşayış sahəsi faktiki olaraq order üzrə bir otaqlı mənzildən və sonradan ona özbaşına şəkildə əlavə edilmiş iki otaqdan ibarətdir. Qeyd olunanlara əsasən məhkəmə, tərəflər arasında hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarını rəhbər tutaraq hesab edir ki, sosial kirayə müqaviləsi üzrə kirayəçi tərəfindən mənzilə köçürülmüş iddiaçının azyaşlı övladı ilə birgə mənzilə istifadə hüququnun tanınması barədə ilk iddia, eyni zamanda kirayəçi cavabdehin həmin mənzilə köçürülməsi hissəsində qarşılıqlı iddia əsaslı hesab olunmalı, iddiaçının mənzildən çıxarılması və mənzilin boşaldılması hissəsində isə qarşılıqlı iddia əsassız hesab olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə əsasən, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 2.1-ci maddəsinə əsasən, mənzil hüquqlarını həyata keçirərkən və mənzil münasibətlərindən irəli gələn vəzifələrini yerinə yetirərkən fiziki və hüquqi şəxslər digərlərinin hüquqlarını, azadlıqlarını və qanuni mənafelərini pozmamalıdırlar. Həmin Məcəllənin 60.1-ci maddəsinə əsasən, sosial kirayə müqaviləsi ilə verilən yaşayış sahəsindən bu Məcəlləyə və sosial kirayə müqaviləsinə əsasən istifadə edilir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən, sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvlərinə kirayəçi ilə birgə yaşayan əri (arvadı), habelə onun uşaqları və valideynləri aiddir. Digər qohumlar, əməк qabiliyyəti olmayan himayədə olanlar o halda sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilir ki, onlar kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüşlər və onunla birgə təsərrüfat aparırlar. Müstəsna hallarda digər şəxslər məhkəmə qaydasında sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən, sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri kirayəçi ilə bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 68.4-cü maddəsinə əsasən, vətəndaş sosial kirayə müqaviləsi ilə yaşayış sahəsinin kirayəçisinin ailə üzvləri tərkibindən çıxıb, lakin qanuni əsaslarla həmin yaşayış sahəsində yaşayışını davam etdirdikdə o, kirayəçi və onun ailə üzvlərinə məxsus olan eyni hüquqlara malikdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 27.1-ci maddəsinə əsasən, fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Həmin Məcəllənin 27.2-ci maddəsinə əsasən, on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır. Beləliklə, mülki iş üzrə sübutlara və sadalanan hüquq normalarına əsasən məhkəmə müəyyən edir ki, ilk iddia təmin edilməli, qarşılıqlı iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 216-220-ci, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlk iddia təmin edilsin. İddiaçı azyaşlı uşağı xx.xx.2017-ci il təvəllüdlü X1 ilə birlikdə ünvan 1, 37 saylı mənzilə istifadə hüquqları tanınsın Qarşılıqlı iddia qismən təmin edilsin. Cavabdeh2 ünvan 1, 37 saylı mənzilə köçürülsün. Qarşılıqlı iddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar