Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-2432/2021 11.08.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi «vətəndaşlıq vəziyyəti aktları qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxs qismində qeyd edib, «doğum faktının müəyyən edilməsi» tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, onun 19 mart 1977-ci il tarixdə Bakı şəhərində doğulması barədə hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan, Ərizəçi Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, onun vətəndaşlıq vəziyyəti aktlarında xx xxxx 1974cü il tarixli doğum qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi və bu qeydiyyatın 19 mart 1977-ci il tarixdə qeyd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, 19 mart 1977-ci il tarixdə Bakının Buzovna qəsəbəsində ev şəraitində doğulmuşdur. X3, anası isə X2r. Ailələrində ondan başqa 1972-ci ildə doğulmuş bacısı X4 da var. Amma bacısı hazırda evlidir. O isə subaydır. Hələ uşaq vaxtlarından o, hiss edirdi ki, yaşıdlarından xarici görünüş cəhətdən fərqlidir. Sanki o, yaşıdlarından kiçik görünürdü. Amma buna məhəl qoymurdu. Həddibüluğa çatandan sonra təsadüfən valideynlərindən eşitmişdir ki, adına olan doğum haqqında şəhadətnamə və həmin şəhadətnamədə qeyd olunan təvəllüd əslində onun deyil. Həmin şəhadətnamə xx xxxx 1974-cü il tarixdə doğulmuş bacısı Ərizəçi məxsus olmuşdur. O, xx xxxx 1974-cü il tarixdə doğulmuş, lakin doğulduqdan 3 ay sonra vəfat etmişdir. Bu səbəbdən, 1974-cü ildə götürülmüş doğum haqqında şəhadətnamə isə evlərində o doğulana kimi saxlanılıbmış. O, 19 mart 1977-ci il tarixdə doğulandan sonra ölmüş bacısının adını ona qoymuşlar. Adına ayrıca doğum haqqında şəhadətnamə götürmədən bacısının doğum haqqında şəhadətnaməsindəki bütün məlumatları onun öz məlumatı kimi qələmə vermişlər. O vaxtdan həmin sənəd onun sənədi kimi hər yerdə təqdim etmişlər. Bunun da ailə daxili səbəbləri varmış. O vaxtdan o, bacısının adı və təvəllüdü ilə yaşamışdır. O, bu fakt barəsində digər qohumlarından da eşitmişdir. Beləliklə, o, faktiki olaraq 19 mart 1977-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. Bu faktı valideynləri və qohumları da təsdiq edə bilərlər. Təbii ki, onun 19 mart 1977-ci il tarixdə doğulması faktı rəsmi olaraq heç bir orqanda qeydiyyatdan keçməyib. Amma həmin faktı şahidlər vasitəsi ilə sübut edə bilər. O, bu faktı özü haqqında əsl həqiqəti öyrənmək üçün tanıtdırmaq istəyir. Ərizəçi məhkəmə iclasında ərizəsini müdafiə edərək, ərizəyə oxşar, eyni məzmunlu izahat verdi və məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, şahid X6 məhkəmə iclasında ifadə verərək bildirdi ki, həqiqətən onların Sədaqətdən öncə, xx xxxx 1974-cü il tarixdə qızları olmuşdur. Həmin övladlarına Sədaqət adı vermişlər. Çox təəssüf ki, Sədaqət çox az yaşamış, 3 aylığında vəfat etmişdir. Sədaqəti babasının qəbrinin aşağı hissəsində dəfn etmişlər. 19 mart 1977-ci il tarixdə daha bir qız övladları olmuşdur. Cahillikdənmi, yaxud o vaxtlar Bakıda, Bakı ətrafı kəndlərdə və rayonlarda xalq arasında olan baxışlara görə, yeni doğulan qız uşağına doğum haqqında şəhadətnamə almamışlar. Yeni doğulan qız övladlarına da Sədaqət adı vermişlər. 19 mart 1977-ci il təvəllüdlü Sədaqət üçün bağça, məktəb, səhiyyə və digər orqanlara həmişə mərhum qızlarının doğum haqqında şəhadətnaməsini təqdim etmişlər. Hazırkı vəziyyətin alınmasında mənəvi məsuliyyəti qızı Sədaqət deyil, onlar daşıyırlar. Sədaqət bacısının adını daşımaqdan narahatçılıq çəkmir, sadəcə olaraq yaşı düzgün getmir deyə çox məyusdur. Ərizəçinin atası kimi məhkəmədən xahiş edir ki, iş üzrə yekun məhkəmə aktı çıxarılarkən qeyd etdikləri nəzərə alınsın və qızının vəziyyətinə anlayışla yanaşılsın. X7 məhkəmə iclasında ifadə verərək bildirdi ki, ərizəçi Sədaqətgil onların qonşularıdır. Qonşularını yaxşı tanıyır, münasibətləri çox yaxşıdır. Bir birinin ailələrində baş verən xoş və kədərli hadisələrdən xəbərdardırlar. Bir birilərinə həmişə mənəvi dəstək olmuşlar. Ərizəçinin atası Rəşidin ərizəçidən öncə qız övladı doğulmuşdu. Heyf ki, həmin qız uşağı vaxtsız-günsüz, cəmi 3 aylığında vəfat etdi. Həmin uşağın adı Sədaqət idi. Sədaqət vəfat edərkən, Rəşidgilin ailəsi çox kədərlənmişdilər. Övlad dərdi pis dərddi. Qonşular Rəşidgilə mənəvi dəstək olmağa çalışırdılar. Amma təskinlik bir yerə qədər, övlad yanğısı isə həmişə övladını itirən valideynlərlədir. Sədaqət babasının ayağı altında dəfn edilib. Qonşu kimi yas mərasimlərində iştirak etmişdir. Bundan bir neçə il sonra Rəşid gilin ailəsində yenə qız uşağı doğulmuşdur. Həmin uşağa da Sədaqət adı vermişlər. Bilir ki, Rəşidgil yeni doğulmuş uşağa sənəd almamışlar. Yeni uşaq vəfat etmiş uşağın doğum haqqında şəhadətnaməsi ilə tanınıb. Ərizəçi Sədaqət doğum haqqında şəhadətnamədə göstərilən vaxtda deyil, bundan bir neçə il sonra doğulub. Bu məsələləri yaxın qohumlar da təsdiq edə bilər. İş materiallarına əlavə olunmuş 26 mart 1974-cü il tarixdə verilmiş İİ-JQ seriyalı, 441400 saylı doğum haqqında şəhadətnamənin surətindəki qeydlərə görə Ərizəçi xx xxxx 1974-cü il tarixdə Bakı şəhəri Əzizbəyov rayonu Buzovna qəsəbəsində doğulmuşdur, X3, anası X1r. İş materiallarına əlavə olunmuş AZE seriyalı, ******** saylı şəxsiyyət vəsiqəsinin surətindəki qeydlərə görə, ərizəçiyə yuxarıda qeyd olunan doğum haqqında şəhadətnamə əsasında Azərbaycan Respublikasının vətəndaşının şəxsiyyət vəsiqəsi verilmiş, ərizəçinin doğum təvəllüdü xx.xx.1974-cü il, doğum yeri Bakı şəhəri kimi qeyd olunmuşdur. İş materiallarına əlavə olunmuş Binəqədi rayon Qeydiyyat şöbəsinin 08 iyun 2021ci il tarixli məktubundan görünür ki, Ərizəçi qeydiyyat şöbəsinə ünvanladığı, doğum haqqında şəhadətnamədə doğum tarixinin 19.03.1977-ci ilə düzəliş edilməsinə dair ərizəsinə baxılmışdır. Bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001ci il tarixli, 52 saylı qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəaları»nın birinci bəndinə əsasən kifayət qədər əsas olmadığı üçün ərizənin təmin edilməsi mümkün deyil. Bununla bağlı aidiyyatı üzrə məhkəməyə müraciət etməsi tövsiyə olunur. Azərbaycan Respublikası MPM-in 339.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları hüquq haqqında mübahisə olmadıqda, edilmiş qeydə düzəliş və ya dəyişikliklər etməkdən imtina etdikdə hakim vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında işlərə baxır. Azərbaycan Respublikası MPM-in 340-cı maddəsinə əsasən ərizədə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında qeydlərin düzgün olmamasının nədən ibarət olması, nə vaxt və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan hansı orqanın edilmiş qeydi düzəltməkdən imtina etməsi göstərilməlidir. İşin yuxarıda qeyd edilən faktiki hallarından göründüyü kimi, bu səpkili mülki işlərə (xüsusi icraat qaydasında) məhkəmə təcrübəsində nadir hallarda rast gəlinir. Azərbaycanın rayonlarında, istərsə də paytaxtda və paytaxətrafı kəndlərdə ötən əsrin sonlarına kimi tez-tez rast gəlinən bir neçə davranış qaydası mövcud olmuşdur. Təəssüf ki, indi də, bəzən bu cür hallara yol verilir. Ötən əsrdə geniş yayılmış davranış qaydalarından biri ailədə uşaqlar vəfat etdikdə, onların adının sonrakı uşağa verilməsi, vəfat edən uşağın sənədlərindən digər uşağın özü də bunu istəmədən istifadə etməsi idi. Digər geniş yayılmış davranış ailədə uşaq vəfat etdikdə, yaxud uşaq ölu doğulduqda, növbəti dəfə doğulan uşağa Azərbaycanın İslam inanclı kəsimi üçün xas olmayan adların (Andrey, İvan, Ruslan, Aleksandr və s.) adların qoyulması idi. Batil inanclara görə, bu cür davranışla ailələr uşaqlarını ölümdən bir növ qorumuş olurdular. Bu, reallığa heç bir aidiyyatı olmayan, cahiliyyə dövrü davranışları olmaqla, insanların sonrakı taleyinə – rəsmi sənədlərlə və digər məsələlərlə bağlı məqamlara çox mənfi təsir göstərir. Hazırkı iş üzrə ərizəçinin özündən və qeydiyyat orqanından asılı olmayaraq düşdüyü vəziyyət bunun bariz nümunəsidir. Ərizəçinin valideynləri öz dövründə səbəbi nə olursa olsun, düzgün davranış nümayiş etdirməyərək, ərizəçiyə doğum haqqında şəhadətnamə almamış, vətəndaşlıq vəziyyəti aktlarının düzgün aparılması üçün valideyn və vətəndaş olaraq üzərlərinə düşən vəzifələri, öhdəlikləri yerinə yetirməmişlər. Ərizəçinin valideynləri həm övladları – hazırkı iş üzrə ərizəçinin, həm Dövlətin, həm də Cəmiyyətin qarşısında qeyri-düzgün davranış sərgiləmişlər ki, bunun nəticəsində ərizəçi hazırkı iş üzrə ərizə ilə məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Məhkəmə ərizəçinin düşdüyü vəziyyətə anlayışla yanaşır. Bu, ərizəçinin şahid qismində dindirilən atasının xahişi ilə bağlı olmayıb, məhkəmə hakimiyyətinin özüözlüyündə təbii olan xüsusiyyətindən irəli gəlir. Məhkəmə hesab edir ki, hazırkı iş üzrə ərizədə qeyd edilən halların çox spesifik olmasına baxmayaraq, ərizə tələbi Azərbaycan Respublikası MPM-in 339-cu maddəsi tətbiq edilməklə həll edilməlidir. Mülki Prosessual Qanunvericilikdə digər bənzər prosessual hüquq norması mövcud deyil. Ərizə tələbi isə bu cür oxşar normanın mövcud olmaması səbəbindən rədd edilə bilməz. Dövlət, o cümlədən məhkəmə hakimiyyəti hər bir vətəndaşın Ölkə ərazisində komfort (rahat) şəraitdə yaşamasına, hüquqlarının həyata keçirilməsində, vətənrdaşlıq vəziyyəti ilə bağlı sənədlərdə olan uyğunsuzluq və s. halların aradan qaldırılmasında öz səlahiyyətləri daxilində yardımçı olmalıdır. Azərbaycan Respublikası sivil Dövlət olmaqla, mümkün qədər təkmil Ölkədaxili qanunvericilik bazasına malikdir, o cümlədən hüquqi müstəvidə mümkün bütün məsələlərin həlli imkanını daha da təkmilləşdirmək, günün tələblərinə uyğunlaşmaq üçün Dövlətin mənafeyi ilə üst-üstə düşən Beynəlxalq Konvensiyalara qoşulmuşdur. Azərbaycan məhkəmələri, istərsə də, Avropa İnsan Hüquqları Məhkəməsi səlahiyyətləri çərçivəsində işlərə baxarkən, ən çox diqqət yetirilən məqamlar İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi ilə bağlıdır. Göründüyü kimi, ərizə tələbində qeyd edilən faktı təsdiq edən sənədləri digər qaydada əldə etmək mümkün olmadığından, ərizəçi həmin faktı başqa qaydada müəyyən edə bilmir. Azərbaycan Respublikası MPM-in 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə iclasında izahat, şahid ifadələri, təqdim olunmuş sənədlərlə təsdiq olundu ki, Ərizəçi 19 mart 1977-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, 19 mart 1977-ci il tarixdə Bakı şəhərində doğulmuş Ərizəçi vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) doğum təvəllüdü barədə «xx xxxx 1974-cü il» qeydinin düzgün olmaması müəyyən edilməlidir. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 19 mart 1977-ci il tarixdə Bakı şəhərində doğulmuş Ərizəçi vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) doğum təvəllüdü barədə «xx xxxx 1974cü il» qeydinin düzgün olmaması müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Kamran Əsədov
Məhkəmə qərarları › İş №2(002)-2432/2021
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-2432/2021
11.08.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver