Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-2462/2020 17.11.2020 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həşimova Günay Rövşən qızının sədrliyi, Məhkəmə iclasının katibi Muxtarov Nurlan Nurəddin oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh5 qarşı mənzilə istifadə hüquqlarının itirilmiş hesab edilməsi tələbinə dair iddiası üzrə mülki işə Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh5 qarşı mənzilə istifadə hüquqlarının itirilmiş hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin ona məxsus Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, E.Quliyev küçəsi 50a saylı evin 49 saylı mənzilinə istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, E.Quliyev küçəsi 50a saylı evin 49 saylı mənzilini alğı-satqı və ipoteka müqaviləsi əsasinda D.S.Qədirquliyevadan almışdır. Həmin ünvandakı mənzil xüsusi mülkiyyətindədir. Cavabdehlər həmin mənzildə yaşamasalar da, formal olaraq qeydiyyatda qalmışlar. Cavabdehlərin həmin mənzildə qeydiyyatda qalması onun üçün bir sıra problemlər yaradır. Belə ki, onun mənzil üzərində sahiblik, sərəncam və istifadə hüquqlarının pozulmasına səbəb olur, həmçinin əlavə mənzil və kommunal xərcləri ödəmək məcburiyyətində qalır. Qanunvericiliyin müvafiq maddələrinə əsasən iddia təmin edilməlidir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Azərbaycan Respublikası MPM-in 147-ci maddəsinə əsasən cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh5 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş RX seriyalı ******* nömrəli Çıxarışın lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, E.Quliyev küçəsi 50a saylı evin 49 saylı mənzili İddiaçı adına qeydiyyata alınmışdır. İş materiallarında əlavə olunmuş və məhkəmə iclasında tədqiq Azərbaycan Respublikası DİN Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, E.Quliyev küçəsi 50a saylı evin 49 saylı mənzilində İddiaçı və Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh5 qeydiyyatdadırlar. İş materiallarında əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş Bakı şəhəri 29 saylı notariat kontorunda xx xxxx 2018-ci il tarixdə bağlanmış alğı-satqı və ipoteka müqaviləsinin lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, X1 Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, E.Quliyev küçəsi 50a saylı evin 49 saylı mənzilini İddiaçı satmışdır. Həmin müqavilənin 2.2.4-cü bəndinə əsasən müqavilə notarial qaydada təsdiq olunduğu tarixdən 30 (otuz) gün müddətində ipoteka predmetindən qeydiyyatda olan şəxslərlə birlikdə qeydiyyatdan çıxarmağı öz öhdəsinə götürmüşdür. İşin məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən olunan mübahisəsiz hallarından görünür ki, mübahisəli mənzil hazırda iddiaçının mülkiyyətindədir. Cavabdehlər hazırda iddiaçının mülkiyyətində olan evdə qeydiyyatdadır və həmin evdə yaşamırlar. Məhkəmə hesab edir ki, cavabdehlərin iddiaçının xüsusi mülkiyyətində olan mənzildə qeydiyyatda olmaqla, həmin mənzildə yaşamamaları işin mübahisəsiz halıdır və iddia təmin edilərək cavabdehlərin mübahisəli mənzilə istifadə hüquqları itirilmiş hesab edilməli, iddia təmin edilməlidir. Məhkəmə qeyd edir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 2-ci hissəsinə əsasən, Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Qeyd olunan maddənin məzmunundan da görünür ki, mənzilə qeydiyyata alınmaq, həmin yaşayış sahəsinə hər-hansı bir hüquq, o cümlədən istifadə hüququ yaratmır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinə əsasən mülkiyyət hüququsubyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən də, “hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.” Mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Məhkəmə hesab edir ki, iş materiallarında olan sənədlər cavabdehin qeyd olunan mənzilə qeydiyyatının formal xarakter daşıdığını sübut edir. İşin məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilmiş hallarından görünür ki, iddiaçı müqavilənin predmeti olan mənzilə qanunla müəyyən edilmiş qaydada mülkiyyət hüququ əldə etmişdir. Cavabdeh mənzildə yaşamadığı üçün həmin mənzilə istifadə hüququnu itirmiş və o, həmin mənzildə formal olaraq qeydiyyatda qalmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, cavabdehlərin Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, E.Quliyev küçəsi 50a saylı evin 49 saylı mənzilindən istifadə hüquqları itirilmiş hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən ödənilmiş 10 manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh5 Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Emin Quliyev küçəsi 50a saylı evin 49 saylı mənzilindən istifadə hüquqları itirilmiş hesab edilsin. Qətnamə cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh5 Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Emin Quliyev küçəsi 50a saylı evin 49 saylı mənzilindən qeydiyyatdan çıxarılmaları üçün əsasdır. Ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günay Həşimova
Məhkəmə qərarları › İş №2(002)-2462/2020
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-2462/2020
17.11.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver